Məhkəmə qərarları › İş №2-1(103)-1570/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1570/2025

14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1570/2025 14.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12960/2024 saylı 19 dekabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 14 may 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. H3 seriyalı ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1980-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək həqiqi hərbi xidmətdə olmuşdur (2 il, 15 gün). KB seriyalı 016311 nömrəli diploma əsasən iddiaçı 1979-1987-ci illərdə Azərbaycan Mühəndis İnşaat Universitetində təhsil almışdır. İddiaçıya məxsus ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasına əsasən o, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək “Azərnəqliyyattikinti” Trestinin 445 nömrəli Tikinti İdarəsində təsərrüfat fəhləsi (7 ay, 23 gün); xx.xx.1982-ci il tarixən xx.xx.1984-cü il tarixədək OTK-481 təsərrüfat fəhləsi (1 il, 11 ay, 22 gün); xx.xx.1984-cü il tarixdən xx.xx.1988-ci il tarixədək betonçu və xx.xx.1988-ci il tarixdən xx.xx.1994-cü il tarixədək tikinti ustası (9 il, 9 ay, 12 gün); xx.xx.1994-cü il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" DŞ-nin 445 №-li Tikinti İdarəsində iş icraçısı vəzifəsində (10 il, 25 gün, xx.xx.2006-cı il tarixədək cəmi 25 il, 1 ay, 21 gün). xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-də mühəndis vəzifəsində (3 il, 10 ay, 7 gün); xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-nin tikinti şöbəsində sahə mühəndisi (11 ay); xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həmin şöbədə sahə rəisi vəzifəsində (1 ay, 23 gün); xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" MMC-nin tikinti icraat şöbəsində sahəsi rəisi vəzifəsində (8 ay 26 gün); xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" QSC texniki şöbədə texniki nəzarət mühəndisi vəzifəsində işləmiş (4 ay 11 gün); xx.xx.2023-cü il tarixdən “X3” MMC Baş Mühəndis vəzifəsində qəbul edilmişdir. "xxxx" ASC-nin 03 fevral 2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1988-ci ildən (əmr №56/1, xx.xx.1988) xx.xx.1994-cü ilədək (əmr №116/Şxx.xx.1994) 445 saylı Üzən Tikinti Quraşdırma Dəstəsində tikinti ustası, xx.xx.1994-cü ildən əmr №145/Ş, xx.xx.1994) xx.xx.2004-cü ilədək (əmr № 45/k, xx.xx.2004) həmin idarədə iş icraçısı vəzifəsində işləmişdir. Tikinti ustası və iş icraçısı vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li Qərarının İİ Siyahı, XXVİİ bölmə, b) yarımbəndinin 2290000b-23419 və 2290000b-24441 kodlarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin, vəzifələrin istehsalatların və göstəricilərin Siyahı”sına daxildir. SSRİ Nəqliyyattikinti Nazirinin xx.xx.1988-ci il tarixli 120-OR saylı əmrinə əsasən “Azərnəqliyyattikinti” tresti "xxxx" Layihə Sənaye Tikinti Birliyi (LSTB) adlandırılmış, Azərbaycan Respublikası Prezidentinin 614 saylı xx.xx.1993-cü il tarixli fərmanına əsasən "xxxx" LSTB-si "xxxx" Dövlət Şirkətinə (DŞ) çevrilmişdir. Azərbaycan Respublikası Prezidentinin 851 saylı xx.xx.1998-ci il tarixli sərəncamı ilə "xxxx" DŞ-ti "xxxx" X8 Cəmiyyətinə çevrilmişdir. İddiaçı cavabdeh inzibati orqana ərizə ünvanlayaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “...Mərkəzi Filiala təqdim etdiyiniz 15 sentyabr 1994-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçanızda və "xxxx" ASC-nin sizə dair 3 fevral 2022-ci il tarixli 02/A nömrəli arayışında xx.xx.1988-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə tikinti ustası və iş icraçısı vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. Adıçəkilən müəssisədəki iş stajınıza aid məlumatların Mərkəzi Filialın mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı, sözügedən müəssisənin arxiv sənədlərinin saxlanılmadığı, eyni zamanda müəssisənin 1.01.2003-cü il tarixindən sonra fəaliyyətdə olmadığı, sizə dair arayışın isə əmək kitabçasına əsasən tərtib olunduğu müəyyən edilib. Bu fakt "xxxx" ASC-nin 5 iyun 2024-cü il tarixli birgə aktı ilə təsdiq edilib. Göstərilən səbəblərdən həmin dövrü iş stajınıza daxil etmək mümkün deyil. Buna görə də sizin ümumi iş stajınız 25 ildən az (8 il 4 ay 8 gün (xx.xx.1980- xx.xx.1982-ci il tarixləri arasındakı dövrlər və 2006-cı il tarixindən sonra 6 il 4 ay)) təşkil edir, güzəştli iş stajınız isə yoxdur. Bundan başqa, fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 8609,42 manat təşkil edir. Qeyd edilənləri nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. Cavabdehin qeyd olunan məktubundan narazı qalan iddiaçı cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərini qeyriqanuni hesab edərək ona 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, əmək kitabçasından da göründüyü kimi, onun xx.xx.1979-cü ildən xx.xx.2004-cü ilədək olan dövrdə ümumi iş stajı 25 ildən bir qədər çoxdur ki, bunun da 12 il 6 aydan çoxunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li Qərarına İİ siyahısında nəzərdə tutulmuş tikinti ustası və iş icraçısı vəzifələrində işləmişdir. Hesab edir ki, bu ona pensiya təyin edilməsinə imtina verməyə səbəb ola bilməz. Çünki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87ci maddəsində aydın şəkildə göstərilir ki, işçinin iş stajını təsdiq edən əsas sənəd onun əmək kitabçasıdır. Onun əmək kitabçasına əsasən isə onun xx.xx.2006-cı ilə qədər olan ümumi iş stajı 25 ildən çoxdur. İdarənin arxiv sənədlərinin saxlanıb-saxlanmamasına isə vətəndaş heç bir məsuliyyət daşımır. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz imtina məktubunun məzmununa uyğun əsaslandırılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12960/2024 saylı 19 dekabr 2024-cü il tarixli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2021-ci il tarixdən hesablanıb ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, Bakı İnzibati Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli 2-1(112)-12960/2024 nömrəli qərarında məhkəmə araşdırma apararaq müəyyən etmişdir ki, İddiaçı güzəştli iş stajı qanunvericiliklə tələb olunan stajdan çoxdur. Belə ki, iddiaçının işlədiyi müəssisə tərəfindən təqdim edilmiş arayışlarda peşələrin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olması göstərilmişdir. Tikinti ustası və iş icraçısı vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21,06.1993-cü il tarixli 320 №li Qərarının İİ Siyahı, XXVİİ bölmə, b) yarımbəndinin 2290000b-23419 və 2290000b-24441 kodlarına uyğun olduğu qeyd olunmuşdur. İddiaçı "xxxx" ASC-nin 03 fevral 2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı 01,07.1988-ci ildən (əmr №56/1, xx.xx.1988) xx.xx.1994-cü ilədək (əmr №116/Ş xx.xx.1994) 445 saylı Üzən Tikinti Quraşdırma Dəstəsində tikinti ustası, 01.11,1994-cü ildən əmr Ne145/Ş, xx.xx.1994) xx.xx.2004-cü ilədək (əmr № 45/k, xx.xx.2004) həmin idarədə iş icraçısı vəzifəsində işləmişdir. Tikinti ustası və iş icraçısı vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li Qərarının İİ Siyahı, XXVİİ bölmə, b) yarımbəndinin 2290000b- 23419 və 2290000b-24441 kodlarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin, vəzifələrin istehsalatların və göstəricilərin Siyahı”sına daxildir. SSRİ Nəqliyyattikinti Nazirinin xx.xx.1988-ci il tarixli 120- QR saylı əmrinə əsasən “Azərnəqliyyattikinti” tresti "xxxx" Layihə Sənaye Tikinti Birliyi (LSTB) adlandırılmış, Azərbaycan Respublikası Prezidentinin 614 saylı xx.xx.1993-cü il tarixli fərmanına əsasən "xxxx" LSTB-si "xxxx" Dövlət Şirkətinə (DŞ) çevrilmişdir. Azərbaycan Respublikası Prezidentinin 851 saylı xx.xx.1998-ci il tarixli sərəncamı ilə "xxxx" DŞ-ti "xxxx" X8 Cəmiyyətinə çevrilmişdir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıgdan sonra qiymətləndirilir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəyə baxılması zamanı qeyd olunan maddi və prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi “Azərnəqliyyatyoltikinti" ASC-nin 3 fevral 2022- ci il tarixli 02/A nömrəli arayışında xx.xx.1988-15.11,2004-cü il tarixləri arasında dövr ərzində həmin müəssisədə tikinti ustası və iş icraçısı vəzifələrində işlədiyi qeyd edilmişdir. Adıçəkilən müəssisədəki iş stajına aid məlumatların Mərkəzi Filialın mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı sözügedən müəssisənin arxiv sənədlərinin saxlanılmadığı, eyni zamanda müəssisənin xx.xx.2003-cü il tarixdən sonra fəaliyyətdə olmadığı, iddiaçıya dair arayışın isə əmək kitabçasına əsasən tərtib olunduğu müəyyən edilmişdir. Bu fakt "xxxx" ASC-nin 5 iyun 2024-cü il tarixli Aktı ilə təsdiq edilmişdir. Bu səbəbdən də iddiaçının ümumi iş stajı 25 ildən az (8 il 4 ay 8 gün (xx.xx.1980- xx.xx.1982-ci il tarixləri arasındakı dövrlər və 2006-cı il tarixdən sonra 6 il 4 ay)) təşkil etmiş, güzəştli iş stajı isə yoxdur. Araşdırma zamanı müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qərarında iddiaçının həmin vəzifədə fəaliyyəti düzgün araşdırılmamışdır. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı tərəfindən aellyasiya şikayəti verilmədiyindən qərar ona münasibətdə qanuni qüvvəsini almışdır. Hazırda qərarın qanuniliyi və əsaslılığı iddia tələbinin təmin olunan hissəsində yoxlanılır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2024-cü il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “cavabdehin hərəkətlərini qeyri-qanuni hesab edərək ona 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi” barədədir. Bununla bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən “ümumi iş stajının 25 ildən az (8 il 4 ay 8 gün (xx.xx.1980- xx.xx.1982-ci il tarixləri arasındakı dövrlər və 2006-cı il tarixindən sonra 6 il 4 ay)) təşkil etməsi və güzəştli iş stajının isə olmaması əsası ilə tələbinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş və onun tələbi təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə hərbi xidmət keçdiyi dövrlər və təhsil aldığı dövr daxil olmaqla xx.xx.2006-cı ilədək ümumilikdə 25 ildən çox əmək stajı olmasına və qanunla müəyyən edilmiş 12 il 6 aydan artıq müddət ərzində o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşələrdə işləməsinə istinad edərək iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun xx.xx.2006-cı il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olmasına əsaslanaraq və onun güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun həqiqətən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü yoxlanılmalıdır. Belə olan halda Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq olunmalı olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «b» bəndinə əsasən iddiaçının xx.xx.2006-cı il tarixə qədər 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajının mövcud olub-olmaması məsələsi yoxlanılmalıdır. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, diplomu, əmək kitabçasını və müvafiq güzəştli arayışı təqdim etmişdir. İddiaçıya məxsus hərbi biletin surətindən görünür ki, o, xx.xx.1980- xx.xx.1982-ci il tarixlərdə Sovet Ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. KB seriyalı 016311 nömrəli diploma əsasən iddiaçı 1979-1987-ci illərdə Azərbaycan Mühəndis İnşaat Universitetində təhsil almışdır. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67- ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçıya məxsus ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasına əsasən o, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək “Azərnəqliyyattikinti” Trestinin 445 nömrəli Tikinti İdarəsində təsərrüfat fəhləsi (7 ay, 23 gün); xx.xx.1982-ci il tarixən xx.xx.1984-cü il tarixədək OTK-481 təsərrüfat fəhləsi (1 il, 11 ay, 22 gün); xx.xx.1984-cü il tarixdən xx.xx.1988-ci il tarixədək betonçu və xx.xx.1988-ci il tarixdən xx.xx.1994-cü il tarixədək tikinti ustası (9 il, 9 ay, 12 gün); xx.xx.1994-cü il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" DŞ-nin 445 №-li Tikinti İdarəsində iş icraçısı (10 il, 25 gün) xx.xx.2006-cı il tarixədək cəmi 25 il, 1 ay, 21 gün. Həmçinin xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-də mühəndis vəzifəsində (3 il, 10 ay, 7 gün); xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-nin tikinti şöbəsində sahə mühəndisi vəzifəsində (11 ay); xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həmin şöbədə sahə rəisi vəzifəsində (1 ay, 23 gün); xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" MMC-nin tikinti icraat şöbəsində sahəsi rəisi vəzifəsində işləmişdir (8 ay 26 gün); xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" QSC texniki şöbədə texniki nəzarət mühəndisi vəzifəsində işləmişdir (4 ay 11 gün); xx.xx.2023-cü il tarixdən “X3” MMC Baş Mühəndis vəzifəsində qəbul edilmişdir. Göründüyü kimi, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun xx.xx.2006-cı il tarixə qanunla tələ olunan iki şərtdən birincisi olan 25 ildən az olmayan ümumi stajı tam olaraq tamamlanmışdır. Bununla yanaşı, Kollegiya iddiaçı güzəştli şərtlərlə ona yaşa görə pensiya təyin edilməsini tələb etdiyi üçün bu tələbin təmin olunması məqsədilə Qanunda nəzərdə tutulan və buna əsas olan bütün şərtlərin ödənilib-ödənilmədiyini də yoxlayır və aşağıdakıların da qeyd olunmasını zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. İş materiallarında olan "xxxx" ASC-nin 03 fevral 2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1988-ci ildən (əmr №56/1, xx.xx.1988) xx.xx.1994-cü ilədək (əmr №116/Şxx.xx.1994) 445 saylı Üzən Tikinti Quraşdırma Dəstəsində tikinti ustası, xx.xx.1994-cü ildən (əmr №145/Ş, xx.xx.1994) xx.xx.2004-cü ilədək (əmr № 45/k, xx.xx.2004) həmin idarədə iş icraçısı vəzifəsində işləmişdir. Tikinti ustası və iş icraçısı vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li Qərarının İİ Siyahı, XXVİİ bölmə, b) yarımbəndinin 2290000b-23419 və 2290000b-24441 kodlarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin, vəzifələrin istehsalatların və göstəricilərin Siyahı”sına daxildir. SSRİ Nəqliyyattikinti Nazirinin xx.xx.1988-ci il tarixli 120- OR saylı əmrinə əsasən “Azərnəqliyyattikinti” tresti "xxxx" Layihə Sənaye Tikinti Birliyi (LSTB) adlandırılmış, Azərbaycan Respublikası Prezidentinin 614 saylı xx.xx.1993-cü il tarixli fərmanına əsasən "xxxx" LSTB-si "xxxx" Dövlət Şirkətinə (DŞ) çevrilmişdir. Azərbaycan Respublikası Prezidentinin 851 saylı xx.xx.1998-ci il tarixli sərəncamı ilə "xxxx" DŞ-ti "xxxx" X8 Cəmiyyətinə çevrilmişdir. Beləliklə, iddiaçının zərərli iş stajının yarandığı müəssisənin verdiyi arayışa əsasən iddiaçının xx.xx.2006-cı il tarixə qanunla tələb olunan 12 il 6 aydan artıq, yəni 16 il, 3 ay, 10 gün güzəştli stajının olması müəyyən edilir. Belə ki, iddiaçının “tikinti ustası” və “iş icraçısı” işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li Qərarının İİ Siyahısı, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin, vəzifələrin istehsalatların və göstəricilərin Siyahı”sı, XXVİİ bölmə, b) yarımbəndinin 2290000b- 23419 və 2290000b-24441 kodlarına uyğundur. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın “iddiaçının xx.xx.1988-xx.xx.2004cü il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də “tikinti ustası” və “iş icraçısı” vəzifələrində işlədiyi dövrü sosial sığorta stajına daxil etməməsinə əsas olaraq adıçəkilən müəssisədəki iş stajına aid məlumatların Mərkəzi Filialın mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı, sözügedən müəssisənin arxiv sənədlərinin saxlanılmaması, eyni zamanda müəssisənin xx.xx.2003-cü il tarixindən sonra fəaliyyətdə olmadığı” dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının əmək kitabçasında həmin dövrlərdə sözügedən müssisədə işlədiyi qeyd olunmuşdur. Müəssisənin arxiv sənədlərinin saxlanılmaması isə iddiaçının məsuliyyət sferasına daxil edilə bilməz. Həmçinin “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 2018-ci il 6 mart tarixli Qanunun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Odur ki, birinci instansiya məhkəməsi “sığortaedənin (hazırkı halda, iddiaçının işlədiyi müəssisənin) 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcu olsaydı belə, həmin borc 2018-ci ilin 1 aprel tarixdə tam məbləğdə silinmiş olurdu” qənaətinə gəlməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün ikinci şərt- 12 il 6 aydan az olmayan xüsusi stajı da tam olaraq tamamlanmışdır. Cavabdeh orqan iddiaçının yuxarıda qeyd olunan ona güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ verən vəzifələrdə işlədiyi dövrün güzəştli iş stajına hesablanmasını istisna edəcək şərtin mövcudluğunu sübuta yetirə bilməmişdir. Halbuki Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün cavabdehin iddia tələbinin təmin olunmasından imtina etməsi əsassız olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə, formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12960/2024 saylı 19 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12960/2024 saylı 19 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X6 Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar