Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1572/2020 12.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı “pul” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2- 1(112)-344/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2002-xx.xx.2005-ci il tarixləri üçün vəzifə və hərbi rütbəyə görə maaşına ikiqat, xx.xx.2015-xx.xx.2017-ci il tarixləri üçün qatyarım məbləğin hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə həvalə edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1993-xx.xx.2017-ci il tarixlərdə AR Dövlət Təhlükəsizliyi Xidmətində (Prezident yanında Xüsusi İdarədə, Hərbi əkskəşfiyyat xidmətində, Milli Təhlükəsizlik Nazirliyində, Dövlət Təhlükəsizliyi Xidmətində) xidmət etmişdir. xx.xx.2017-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 157ci maddəsinin “b” bəndinə (yaşa görə) əsasən xidmətdən ehtiyata buraxılmış (hərbi rütbəsi-mayor, yuxarı yaş həddi - 48 yaş), xx.xx.2017-ci il tarixdə DTX-nın şəxsi heyətinin siyahısından çıxarılmışdır. Ehtiyata buraxıldığı xx.xx.2017-ci il tarixi də daxil olmaqla, xx.xx.2017-ci il tarixədək xidmət yerində olaraq vəzifəsinin (baş əməliyyat müvəkkili) icrasını davam etdirmiş, məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və məlumat daşıyıcıları ilə işləmişdir. Xidmət müddətində intizam cəzası almamış, intizam cəzası kimi sərəncama çıxarılmamışdır. Nümunəvi xidmətinə görə mükafatlar, qüsursuz xidmətə görə və yubiley medalları ilə təltif olunmuşdur. Xidmətinin təxminən 20 ilini bilavasitə ön müdafiə mövqelərində keçirmişdir. Müharibə və Silahlı Qüvvələr veteranıdır. O, xx.xx.2002xx.xx.2005-ci il tarixlərdə döyüş şəraitində olan DTX İİİ Bİ-nin (Hərbi Əks kəşfiyyat xidmətinin ) N saylı briqada üzrə bölməsində xidmət etməklə hərbi hissənin Tərtər rayonunun Səhləbad kəndində yerləşən divizionuna, xx.xx.2015-xx.xx.2017-ci il tarixlərdə İİİ Bİ İ İdarənin Artilleriya birləşmələri üzrə şöbəsində (Agcəbədi rayonu) xidmət etməklə döyüş mövqeyində yerləşən 922, N saylı hərbi hissələrə əməliyyat xidməti göstərmişdir. Döyüş bölgəsində olduqlarına görə xx.xx.2002-xx.xx.2005-ci il tarixlərdə N saylı hərbi hissənin hərbi qulluqçularına vəzifə və rütbəyə görə maaşa ikiqat (İİİ Bİ N saylı hərbi hissə üzrə bölməsi əməkdaşlarına xx.xx.2002-ci il tarixədək xidməti illər bir gün iki gün hesablanmış, eyni zamanda vəzifə və rütbə maaşına ikiqat əlavə verilmişdir. xx.xx.2002-ci il tarixdə səbəbsiz olaraq DTX-MTN tərəfindən kəsilmişdir), 922, N saylı hərbi hissələrin hərbi qulluqçularına vəzifə və rütbəyə görə maaşa qatyarım məbləğdə ödəniş aparılmışdır. Belə ki, həmin hərbi hissələrin divizzion və bölmələri ön müdafiə mövqelərində yerləşmişlər. Əməliyyat xidməti göstərərək həmin divizion və bölmələrə mütəmadi olaraq getmiş, əməliyyat xidməti göstərmişdir. Həmin tarixlər üçün ona döyüş bölgəsində xidmətinə görə müvafiq olaraq ikiqat və qatyarım vəzifə və rütbə maaşının verilməsi üçün DTX-ya müraciət etmişdir. İddiaçıya “müraciətinizdə qaldırdığınız məsələnin həlli cavabdeh tərəfindən mümkün sayılmır” cavabı verilmişdir. Cavabdan görünür ki, xx.xx.2015-xx.xx.2017-ci il tarixləri üçün xidmət müddətinin bir günü gün yarım kimi hesablanmışdır. Lakin buna görə müvafiq olaraq qatyarım əlavə verilməyib. Əməliyyat xidməti göstərdiyi N və N saylı hərbi hissələrin şəxsi heyətinə, döyüş mövqelərində yerləşdiyi üçün bir gün, gün yarım kimi hesablanmış və o, həmin hərbi hissələrlə birlikdə xidmət apardığı üçün bu güzəşt ona aid edilmişdir. Lakin, DTX-dan fərqli olaraq, N və N saylı hərbi hissələrinin şəxsi heyətinə vəzifə və hərbi rütbəyə qat yarım maaşı hesablanmış, ona isə müvafiq artım verilməmişdir. Döyüş bölgəsində xidmət etdiyi xx.xx.2002-ci ildən xx.xx.2005-ci il tarixədək bir günü üç gün (bir ay üç ay) hesablanmaqla güzəştli şərtlərlə xidmət illərinə aid edilməlidir. Azərbaycan Respublikasının “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” xx.xx.2004-cü il tarixli Qanununun 20.1 maddəsinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularının sosial müdafiəsi “Hərbi qulluqçuların” statusu haqqında, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr tarixli 631 saylı 1992-ci il tarixli qərarının xx xxxx 2005-ci il tarixədək qüvvədə olmuş 2-ci bəndinin a yarımbəndinə əsasən, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq hərbi xidmət qulluqçularına, daxili işlər və ədliyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təmin olunması üçün xidmətin bir ayı üç ay sayılmaqla uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilmişdir. Cavabdeh tərəfindən məhkəmənin dəftərxanası vasitəsilə iddiaya dair etiraz daxil olmuşdur. Etirazda göstərilmişdir ki, İddiaçı 1993-cü ilin may ayından (keçmiş Azərbaycan Respublikası Prezident yanında Xüsusi İdarədə, keçmiş Hərbi Əks-kəşfiyyat Xidmətində (HƏKX) və keçmiş Milli Təhlükəsizlik Nazirliyində (MTN)) 2017-ci ilin oktyabr ayınadək həqiqi hərbi xidmətdə, 05 sentyabr - xx xxxxxxx 2017-ci il tarixlərində DTX-nin sərəncamında olmuş, 2017-ci ilin noyabr ayında isə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “b” bəndinə (“yaşa görə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar”) əsasən DTX-nin ehtiyatına buraxılmışdır. İddiaçı arxiv sənədlərində həqiqi hərbi xidmətdə olduğu 2002 - 2005-ci il tarixlərində (keçmiş MTN-də xx.xx.2004 - xx.xx.2005-ci il tarixlərində vəzifə və hərbi rütbəyə görə maaşların ikiqat məbləğdə ödənilməsi aparılmırdı) vəzifə və hərbi rütbəyə görə maaşların iki-qat məbləğdə ödənilməsi barədə müvafiq əmrlər olmadığından, 2015 - 2017-ci il tarixlərində isə vəzifə və hərbi rütbəyə görə maaşların ikiqat məbləğdə (xidmət gününün bir günü gün yarım hesablanması istisna olmaqla) ödənilməsi barədə əmrlərdə adı qeyd edilmədiyindən həmin ödəniş ona aparılmamışdır. “MTN-in Hərbi əks-kəşfiyyat baş idarəsinin bəzi hərbi qulluqçularına güzəştlərin müəyyən olunması haqqında” keçmiş MTN-in xx xxxxxx 2006-cı il tarixli 049 nömrəli əmri (qüvvədən düşüb) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən və döyüş əməliyyatlarının başlanacağı ana döyüş tapşırıqları almış hərbi hissələrinin əməliyyat təminatını həyata keçirən müvafiq struktur bölmələrin siyahısına əsasən N nömrəli hərbi hissədə xidmət keçən əməkdaşların xidmət müddətinin bir günü iki gün hesablanması nəzərdə tutulmuşdur. Lakin həmin əmrdə hərbi qulluqçulara xx xxxxxx 2006-cı il tarixdən etibarən müəyyən edilmiş əlavə pul ödənişlərinin verilməsi nəzərdə tutulduğu üçün, V. Kərimovun 2002 - 2005-ci illərdə keçmiş HƏKX-də xidmət müddətinin bir günü iki gün kimi hesablanmamışdır. DTX-nin xx xxx 2016-cı il tarixli 0151 nömrəli əmri (hazırda qüvvədədir) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən və döyüş əməliyyatlarının başlanacağı ana döyüş tapşırıqları almış hərbi hissələrinin əməliyyat təminatını həyata keçirən DTX-nin aidiyyəti struktur bölmələrinin siyahısına əsasən xx xxxxxx 2016-cı il tarixdən N və N nömrəli hərbi hissələrdə xidmət keçən əməkdaşların xidmət müddətinin bir günü gün yarım hesablanması nəzərdə tutulmuşdur. Qeyd olunan əmrin 5.1-ci bəndində həmin struktur bölmələrin rəisləri tərəfindən, hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən və döyüş əməliyyatlarında iştirak etməyə hazır olan hərbi hissə və bölmələrin əməliyyat təminatını həyata keçirən əməkdaşların xidmət günləri haqqında təqdim edilən aylıq raportlar əsasında hazırlanmış ümumiləşdirilmiş siyahılarının hər ayın 10-dan gec olmayaraq müvafiq müşayiətedici məktubla kadrlar aparatına təqdim edilməsi müəyyən olunmuşdur. Müşayiətedici məktub əsasında kadrlar aparatı tərəfindən müvafiq əmr layihəsi hazırlanaraq xidmət rəisi tərəfindən təsdiq olunur və bundan sonra hərbi qulluqçulara müəyyən edilmiş əlavə pul ödənişlərinin verilməsi həyata keçirilir. İddiaçı pensiya təyin etmək üçün xidmət illəri hesabı cədvəlinin təhlili zamanı onun xx.xx.2015-xx.xx.2017-ci il tarixlərində DTX-nin müvafiq struktur bölməsində xidmət müddəti xx xxxxxx 2016-cı il tarixindən etibarən bir günü gün yarım kimi hesablanmışdır. Həmin hərbi hissənin adı keçmiş MTN-in qüvvədən düşmüş xx xxxxxx 2006-cı il tarixli 049 nömrəli əmrində göstərilmədiyindən, əsaslı olaraq iddiaçının xx.xx.2015-xx.xx.2016-cı il tarixlərində olan xidmət dövrü güzəştli xidmətə daxil edilməmişdir. İddiaçının “Pensiya təyin etmək üçün xidmət illərinin hesabı” cədvəlinə əsasən onun xidmət etdiyi struktur bölmələr və xidmət müddəti barədə məlumatlar əks olunmuşdur. Göstərilənləri nəzərə alaraq cavabdeh, İddiaçı cavabdeh DTX-yə qarşı “xx.xx.2002 - xx.xx.2005-ci il tarixləri üçün vəzifə və hərbi rütbəyə görə maaşına ikiqat, xx.xx.2015 - xx.xx.2017-ci il tarixləri üçün qat yarım məbləğin hesablanaraq ona ödənilməsi vəzifəsinin DTX-yə həvalə edilməsi” tələbinə dair iddia ərizəsini əsassız hesab edərək, onun təmin olunmaması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-344/2020 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarı ləğv edib və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, məhkəmə, iddia etdiyi xx.xx.2002-xx.xx.2005-ci il tarixlərində döyüş şəraitində xidmətini birbaşa təsdiq edən arayışların tarixləri ilə siyahısının təqdim edilməsi barədə DTX-ya sorğu göndərilməsi barədə vəsatətini təmin etməmişdir. MN N saylı hərbi hissənin 1-ci divizionunun hərbi qulluqçularına yuxarıda qeyd olunan güzəştlər, AR Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 631 N-li qərarına əsasən şamil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 43 saylı fərmanı ilə təsdiq edilmiş “AR MTN haqqında” əsasnaməyə əsasən Nazirliyin hərbi qulluqçuları “hərbi xidmət haqqında” və “hərbi qulluqçuların statusu haqqında” AR Qanunlarına, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə müvafiq olaraq Silahlı Qüvvələrin hərbi qulluqçuları üçün nəzərdə tutulmuş hüquqlardan istifadə edirlər. Nazirliyin hərbi əks-kəşfiyyat orqanlarının hərbi qulluqçularına (yəni mənə) əks-kəşfiyyat təminatını həyata keçirdikləri Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin hərbi qulluqçularının imtiyaz və sair sosial-müdafiə xarakterli təminatları şamil edilir. Məhz bu qanunvericilik aktlarına görə də, MN N saylı hərbi hissənin 1-ci Divizionunda xidmətə başladığı xx.xx.2002-ci il tarixdən ona xidmətinin bir günü iki gün hesablanmış və maaşına ikiqat əmək haqqı verilmişdir. Bakı İnzibati Məhkəməsinin sorğusu əsasında MN Təşkilat-Səfərbərlik İdarəsindən alınmış və iddia işinə əlavə edilmiş 12/1080 saylı xx.xx.2020-ci il tarixli məktubunda göstərilir. MN N saylı hərbi hissəsinin 1-ci divizionunun hərbi qulluqçularına, MN-in müvafıq əmri ilə döyüş şəraitində olan hərbi hissə hesab edilməklə, hərbi qulluqçularının xidmətinin bir günü iki gün kimi hesablanmış, vəzifə və rütbə maaşına ikiqat əlavə maaş verilmişdir. İddia işində olan DTX-nin 23Y20-6786 saylı xx.xx.2019-cu il tarixli məktubu da iddianı sübut edir. Məktubda göstərilir: “DTX rəisinin hal-hazırda qüvvədə olan xx.xx.2016-cı il tarixli əmri ilə MN N və N saylı hərbi hissələrində xidmət edən əməkdaşlarının xx.xx.2016-cı il tarixdən hal-hazıradək bir günü günyarım kimi hesablanmışdır, yəni onun da xidmətinin bir günü gün yarım kimi hesablanmışdır. Həmin əmrin 5.1-ci maddəsinə əsasən, MN N və N saylı hərbi hissələrin tabe olduğu şöbədən, yəni onun xidmət etdiyi Artilleriya Birləşmələri üzrə şöbəsindən (sonradan-İİİ Bİ İ İdarənin 3-cü şöbəsi) hər ay döyüş şəraitində xidmət edən əməkdaşların siyahısı, yəni onun adı da olmaqla, vəzifə və rütbəyə qatyarım əmək haqqının verilməsi üçün, şöbənin F-3 jurnalında qeydiyyatdan keçirilərək məxfi poçtla yuxarı idarəyə göndərilmişdir. Bu raportlar şöbədə hər ay onun tərəfindən yazılmışdır. Həmin raportların məhkəməyə təqdim olunması barədə DTX-ya sorğu göndərilməsi üçün vəsatətləri də əvvəlki vəsatətləri kimi məhkəmə hakimi tərəfindən təmin olunmamışdır. Məhkəmə iddia işini ciddi prosessual pozuntulara yol verməklə aparmışdır. Protokol sənədləri və göndərilən sorğularda iddia tələbi tamamilə səhv: “veteran adının verilməsi” kimi göstərilib. Sənədlərin iddia tələbində olduğu kimi sənədləşdirilməsi və bu istiqamətdə aparılması üçün xx.xx.2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət etsə də müvafiq düzəlişlər aparılmamışdır. Hakim iddiasında qeyd etdiyi müddətlərin güzəştli şərtlərlə hesablanması üçün digər zabitlər barəsində iddiaların təmin olunması ilə qəbul olunmuş məhkəmə qərarlarını belə sübut kimi qəbul etməmişdir. Əksinə qanuni qüvvəyə minmiş həmin qərarların əksinə qərar qəbul etmişdir. Hakimin iddia işinə göstərdiyi yanaşma tərzini və sadaladığı nöqsanları ciddi qanun pozuntusu hesab edərək onun müvafiq cəzalandırılması barədə əlavə xüsusi qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-344/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 23/20-865 saylı məktubundan görünür ki, DTX-nin sabiq əməkdaşı İddiaçı 1993-cü ilin may ayından (keçmiş Azərbaycan Respublikası Prezident yanında Xüsusi İdarədə, keçmiş Hərbi Əks-kəşfiyyat Xidmətində (HƏKX) və keçmiş Milli Təhlükəsizlik Nazirliyində (MTN)) 2017-ci ilin oktyabr ayınadək həqiqi hərbi xidmətdə, 05 sentyabr - xx xxxxxxx 2017-ci il tarixlərində DTX-nin sərəncamında olmuş, 2017-ci ilin noyabr ayında isə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “b” bəndinə (“yaşa görə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar”) əsasən DTX-nin ehtiyatına buraxılmışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 11/21648 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Maliyyə və X2-Səfərbərlik İdarəsinin rəisinə məktub ünvanlamışdır. Həmin məktubdan görsənir ki, “xx.xx.2002 - xx.xx.2005-ci illərdə N saylı hərbi hissənin şəxsi heyətində pul təminatının qatlarla ödənilməsi məsələsinin araşdırılması üçün həmin hərbi hissədə saxlanılan pul paylama cədvəlləri araşdırılaraq N saylı hərbi hissənin (1-ci divizion istisna olmaqla) qeyd edilən dövrdə Müdafiə nazirinin əmri ilə döyüş şəraitində olan hərbi hissə hesab edilmədiyindən, hərbi hissənin şəxsi heyətinə pul təminatı birqat həcmdə ödənilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi X3 Təşkilat-Səfərbərlik İdarəsinin rəisinə ünvanladığı xx.xx.2020-ci il tarixli 9/2-4242 saylı məktubdan görünür ki, N saylı hərbi hissə komandirinin 2015-2017-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. İddiaçı “Pensiya təyin etmək üçün xidmət illəri hesabı” cədvəlindən müəyyən edilir ki, iddiaçı xx.xx.2015 - xx.xx.2017- ci il tarixlərində Dövlət Təhlükəsizlik Xidmətinin İİİ Bİ-nin 3-cü şöbəsində baş əməliyyat müvəkkili olaraq xx.xx.2015-ci il tarixli, 1060 ŞH №li Əmrə əsasən xidmət müddəti xx xxxxxx 2016-cı il tarixindən xx xxxxxx 2017-ci tarixədək bir günü, gün yarım kimi hesablanmışdır. xx.xx.2017-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) əsasən xidmətdən ehtiyata buraxılmışdır. Cavabdeh tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 21/K-3384 saylı imtina məktubunda keçmiş Milli Təhlükəsizlik Nazirliyinin tərkibində həqiqi hərbi xidmətdə olduğunu: xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək müddətdə vəzifə və hərbi rütbəyə görə maaşların ikiqat məbləğdə ödənişi aparılmadığı, həmin dövrdə bununla bağlı hər hansı bir əmrin mövcud olmadığı, həmçinin keçmiş MTN-DTX-də həqiqi hərbi xidmətdə olduğunu, xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək müddətdə vəzifə və hərbi rütbəyə görə maaşların ikiqat məbləğdə ödənilməsi ilə bağlı aidiyyəti əmrlərdə (xidməti müddətinin bir günü gün yarım hesablanması istisna olmaqla) adı keçmədiyi əsas göstərilməklə müraciətin təmin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanan xx xxx 2020-ci il tarixli 12/1091 saylı məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə (1-ci divizion istisna olmaqla) qeyd edilən dövrdə Müdafiə Nazirinin əmri ilə döyüş şəraitində olan hərbi hissə hesab edilmədiyindən, hərbi hissənin şəxsi heyətində pul təminatı birqat həcmdə ödənilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2020-ci il tarixli, 21/664 saylı məktubundan görünür ki, İddiaçı keçmiş MTN-də həqiqi hərbi xidmətdə olduğu xx.xx.2002-ci tarixdən 01,02.2005-ci il tarixədək müddətdə vəzifə və hərbi rütbəyə görə maaşların ikiqat məbləğdə ödənilməsi ilə bağlı aidiyyəti əmrlər olmadığından sözügedən ödəniş ona aparılmadığı, həmçinin iddiaçının DTX-də həqiqi hərbi xidmətdə olduğu xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək müddətdə vəzifə və hərbi rütbəyə görə maaşların ikiqat məbləğdə ödənilməsi ilə bağlı aidiyyəti əmrlərdə (xidmət müddətinin bir günü gün yarım hesablanması istisna olmaqla) adının keçmədiyindən sözügedən ödənişin ona aparılmadığı qeyd edilmişdir. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 nömrəli xx xxxxxx 1992-ci il tarixli Qərarına əsasən döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət günü iki xidmət günü) kimi hesablanması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılırlar. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir. Birinci instansiya məhkəməsi N nömrəli hərbi hissənin (1-ci divizion istisna olmaqla) qeyd edilən dövrdə Müdafiə Nazirinin əmri ilə döyüş şəraitində olan hərbi hissə hesab edilmədiyini nəzərə alaraq və hərbi hissənin şəxsi heyətində pul təminatının birqat həcmdə ödənildiyini nəzərə alaraq iddiaçının ona xx.xx.2002-xx.xx.2005-ci il tarixləri üçün vəzifə və hərbi rütbəyə görə maaşına ikiqat, xx.xx.2015-xx.xx.2017-ci il tarixləri üçün qat yarım məbləğin hesablanaraq ödənilməsinin əsaslı olmadığı qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi tərəfindən araşdırma zamanı iddiaçının ona xx.xx.2002-xx.xx.2005-ci il tarixlərdə N saylı hərbi hissənin hərbi qulluqçularına vəzifə və rütbəyə görə əmək haqqının ikiqat hesablandığı, eyni zamanda vəzifə və rütbə maaşına ikiqat əlavə verildiyi və xx.xx.2002-ci il tarixdən səbəbsiz olaraq kəsildiyini qeyd etsə də, həmin dövrlər üzrə xidmət illərinin qeyd olunan qaydada hesablanmadığı müəyyən edilmişdir. Həmçinin iddiaçıya pensiya təyin etmək üçün xidmət illəri hesabı cədvəlinin təhlili zamanı onun xx.xx.2015-xx.xx.2017-ci il tarixlərində DTX-nin müvafiq struktur bölməsində xidmət müddətinin xx xxxxxx 2016-cı il tarixindən etibarən bir günü gün yarım kimi hesablandığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi həmçinin müəyyən etmişdir ki, N nömrəli hərbi hissənin (1-ci divizion istisna olmaqla) qeyd edilən dövrdə Müdafiə Nazirinin əmri ilə döyüş şəraitində olan hərbi hissə hesab edilməməsi ilə yanaşı, həmçinin iddiaçının xx.xx.2015xx.xx.2017-ci il tarixlərində Dövlət Təhlükəsizlik Xidmətinin müvafiq struktur bölməsində xidmət müddəti xx xxxxxx 2016-cı il tarixindən etibarən bir günü gün yarım kimi hesablandığından, həmin hərbi hissənin adının keçmiş Milli Təhlükəsizlik Nazirliyininin qüvvədən düşmüş xx xxxxxx 2006-cı il tarixli 049 nömrəli əmrində göstərilmədiyindən, əsaslı olaraq iddiaçının xx.xx.2015-xx.xx.2016-cı il tarixlərində olan xidmət dövrü güzəştli xidmətə daxil edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə cavabdehin imtinasının qanuni olması barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-344/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1572/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1572/2020
12.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver