Məhkəmə qərarları › İş №2-1(103)-1572/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1572/2021

29.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1572/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X3 Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X1rşı “ona 52 yaşdan yəni 05.12.2016-cı il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X15 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı X3, Cavabdehin nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X1rşı “ona 52 yaşdan, yəni 05.12.2016-cı il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-615/2021 saylı 15 mart 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 29 sentyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı X6 xx.xx.1964-cü il təvəllüdlüdür. AZ-İİ seriyalı 061879 saylı 18 aprel 2008-ci il tarixli dogum haqqında şəhadətnamədən görünür ki, iddiaçının oğlu X11 01.10.1983-cu il tarixdə Qubadlı şəhərində doğulmuşdur. Azərbaycan Respubilkasının ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondu Sabunçu rayon şöbəsinin TSE-0 seriyalı 280716 saylı arayışından görünür ki, X11 müddətsiz uşaqlıqdan 1-ci qrup əlildir. Azərbaycan Respubilkasının ƏƏSMN 3 nömrəli zona TSEK-in (Sabunçu) **********2 saylı 23.05.2019- cu il tarixli arayışından görünür ki, müddətsiz uşaqlıqdan 1-ci qrup əlil olan X10 19.05.1999-cu ildən 1-ci qrup əlilliyinə görə 250 manat sosial müavinət verilir. 86 saylı MKİS-nin 67 saylı 04.02.2020-ci il tarixli arayışına əsasən Əbdül Xuduyev anasının himayəsindədir. 86 saylı MKİS tərəfindən təsdiq edilmiş və iddiaçının qonşuları tərəfindən imzalanmış 11.02.2020-ci il tarixli aktın məzmunundan görünür ki, Əbdül Xuduyev uşaqlıqdan İ qrup əlildir, daim anasının köməyinə ehtiyacı var və onun himayəsindədir. İddiaçının oğluna məxsus- 1-ci qrup əlilliyi ilə bağlı müavinət alması barədə Sosial Ödənişlərin Alt Sistemindən çıxarılmış və məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, X8 qəyyumu İddiaçı oglunun əlilliyinə görə müavinət verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 13.10.2016-cı il tarixli arayışına əsasən “Evlərdə zəhmət” kombinatının arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Azərbaycan Respublikası Dövlət X14 760 saylı 15.10.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı 15.02.1993-01.12.2004-cü illərdə işlədiyi Bakı Xalq Tələbatı X20 X2 (sonradan adı dəyişdirilərək “X22” ASC) arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “X22” Açiq Səhmdar Cəmiyyətinin 18/KŞ saylı 09.11.2016-cı il tarixli arayışından görünür ki, iddiaçı həqiqətən də 15.02.1993-cü il tarixdən 01.12.2004-cü il tarixədək Bakı Xalq Tələbatı X20 X2 3 saylı sexində 5-ci dərəcə ilə dəri xammalı biçicisi peşəsində işləmiş, 13.09.1997-ci il tarixdə 832 saylı sərəncama əsasən XTMİE X2 adı dəyişdirilərək “X22” Açıq Səhmdar Cəmiyyəti olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarına əsasən 2 saylı siyahının 26-cı bölməsinin 26.7 bəndi ilə (səh.151, sət.50) X4 işlədiyi dəri xammalı biçicisi peşəsi güzəştli şərtlərlə yaşa görə təqaüdə çıxma hüququnu verir. Arayış əmrlər kitabı və T-2 şəxsi vərəqəsi əsasında yazılmışdır. Azərbaycan Respublikası “X22” Açiq Səhmdar Cəmiyyətinin 18-kş saylı 03 dekabr 2020-ci il tarixli məktubla göndərilmiş sənədlərdən görünür ki, İddiaçı 15.02.1993-cü il (əmr 19 KŞ, 15.02.1993-cü il ) tarixdən 01.12.2004-cü il (əmr 10 KŞ, 01.12.2004-cü il) tarixədək Bakı Xalq Tələbatı X20 X2 3 saylı sexində 5-ci dərəcə ilə dəri xammalı biçicisi peşəsində işləmişdir. İddiaçı ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, iddiaçıya ünvanlanmış **********8 saylı 05.07.2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1- ci maddəsinə əsasən axırıncı ış yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlərdə çalışdıqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası huququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlərdə incəsənətin xüsusi sahələri əmək şəraiti xüsusilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunan siyahı üzrə müəyyən olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2-ci bəndinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiya hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Əmək fəaliyyəti barədə sənədlər üzrlü səbəbdən təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Qeyd olunanlar nəzərə alınaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. Həmin imtina məktubundan narazı qalan iddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X1rşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “01.10.1983-cü il təvəllüdlü İ qrup uşaqlıqdan əlil oğluna qulluq etdiyi dövrün ümumi iş stajı nəzərə alınmaqla, ona 52 yaşdan, yəni 05.12.2016-cı il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1964-cü ildə Qubadlı şəhərində doğulmuş, 11.06.1984-cü ildən 15.02.1993-cü ilə qədər «Evlərdə Zəhmət» Kombinatında toxucu, 15.02.1993-cü ildən 01.12.2004-cü ilə qədər «X22» ASC-də dəri xammalı biçicisi vəzifəsində işləmiş, 01.10.1983-cü il təvəllüdlü oğlu X11 uşaqlıqdan İ qrup əlildir. Ona verilmiş əlillik haqqında arayışda da qeyd olunduğu kimi, oğlunun daimi kənar şəxsin köməyinə ehtiyacı vardır. Oğlunun səhhətinin ağırlaşması səbəbindən o, 01.12.2004-cü ildən əmək fəaliyyətini dayandırmış və ona evdə qulluq etməyə başlamışdır. Əmək pensiyası qanunvericiliyinə əsasən 1 qrup əlil olan oğluna qulluq dövrü də ümumi iş stajına daxil olunmalıdır. 04.01.2006-cı il tarixə qədər qüvvədə olan əmək pensiyası qanunvericiliyinə əsasən qadınlar AR Nazirlər Kabinetinin təsdiq etdiyi 2 №-li Siyahı üzrə 52 yaşdan pensiyaya çıxmaq hüququna malikdirlər. Bu əsasdan 01.01.2006-cı il tarixə qədər 25 il ümumi və 12 il 6 ay zərərli iş stajını tamamladığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ mövcuddur. Belə ki, 01.01.2006-cı il tarixə qədər uşağa qulluq dövrü də daxil olmaqla onun 21 il 6 ay 20 gün ümumi iş stajı, 11 il 9 ay 16 gün zərərli iş stajını tamamlamışdır. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş. lakin sonuncu tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən onun pensiya hüququ pozulmuşdur. Cavabdehin etirazı: İş üzrə cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, iddiaçının cavabdeh orqana müraciətinə 05.07.2019-cu il tarixdə cavab verilmiş, lakin o iddia müddətini ötürməklə 7 ay sonra hazırki tələblə məhkəməyə müraciət etmişdr. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-615/2021 saylı 15 mart 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, iddiaçı X4 01.10.1983-cü il təvəllüdlü 1 qrup uşaqlıqdan əlil oğluna qulluğa görə ümumi iş stajı kimi nəzərə alınmaqla 52 yaşı tamam olduğu tarixdən, yəni 05.12.2016-cı ildən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti və ona əlavənin dəlilləri: Apellyasiya şikayəti və ona əlavə iddiaya dair etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə tərəfindən iddia təmin edilərkən iddiaçının məhz əlil olan oğluna qulluq etməsi ilə əlaqədar işləməməsi barədə hər hansı sübuta istinad edilməmişdir. İddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş ümumi iş stajı 20 ildən azdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi və vəkili X12 apellyasiya şikayəti və ona əlavəni müdafiə edərək və onların məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı X6 apellyasiya şikayəti və ona əlavənin dəlillərinə etiraz edərək izahatında bildirmişdir ki, 1-ci qrup əlil oğlu doğulandan evdəkilər ona kömək etdiyi üçün 2004-cü ilə qədər əmək fəaliyyəti ilə də məşğul olmuş, lakin sonradan oğlunun vəziyyəti ağırlaşdığı üçün 2004-cü ildə əmək fəaliyyətini dayandırmış və o vaxtdan hazıradək oğluna qulluq edir. Hesab edir ki, həmin dövr onun ümumi stajına daxil edilməlidir. Buna görə də iddiaçı cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 05.07.2019-cu il tarixlidir. İddiaçı isə iddia ilə məhkəməyə 04.02.2020-ci il tarixdə müraciət etmişdir. Cavabdehin “iddia müddətinin ötürülməsi” ilə bağlı dəlilinə münasibətdə Kollegiya aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İPM-nin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hazırki işdə cavabdehin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınmasını təsdiq edən sübutlar mövcud deyildir. Bununla yanaşı, həmin imtina məktubunun sonunda inzibati akt olaraq onun məhkəmə qaydasında mübahisələndirilməsi ilə bağlı prosessual müdafiə vasitələrindən istifadə qaydası və müddəti də izah olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3-cü maddəsinin tələbinə görə bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Bununla bağlı imtina məktubunun 05.07.2019-cu il tarixli olub, onun poçta hansı tarixdə təqdim olunmasını və ümumiyyətlə həmin aktın iddiaçı tərəfindən nə vaxt alınmasını təsdiq edən sübutların cavabdeh tərəfindən təqdim edilməli olduğu halda, təqdim edilmədiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, bu sübutetmə vəzifəsi yetirilmədiyi üçün iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi barədə qənaətə gəlmək mümkün deyildir. Buna görə də məhkəmə kollegiyası iddiaçı tərəfindən iddia müddətinin ötürülməsini təsdiq edən birbaşa sübutların işdə mövcud olmadığını nəzərə alaraq iddianın mümkün sayılması nəticəsinə gəlir. İşin mahiyyətinə gəldikdə isə, iddiaçının tələbi 01.10.1983-cü il təvəllüdlü 1 qrup uşaqlıqdan əlil oğluna qulluğa görə ümumi staj kimi nəzərə alınmaqla 52 yaşının tamam olduğu tarixdən, yəni 05.12.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 08.10.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. İddiaçı onun 01.01.2006-cı il tarixə qədər 20 ildən artıq ümumi, 10 il xüsusi stajının tamam olmasına istinad edərək onun güzəştli şərtlərlə 52 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü məsələsi yoxlanılmalıdır. Belə olan halda Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq edilməli olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «b» bəndinə əsasən iddiaçının 01.01.2006-cı il tarixə qədər 20 ildən az olmayan ümumi, 10 ildən az olmayan xüsusi stajının mövcud olub-olmaması yoxlanılmalıdır. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə arxiv arayışlarını, uşağının 1-ci qrup əlil olması və onun himayəsində olması, ona qulluq etməsi ilə bağlı akt və arayışları təqdim etmişdir. Eyni zamanda iddiaçı əmək kitabçasını itirdiyi üçün onda kserosurətinin qaldığını bildirmişdir. Odur ki, məhkəmə kollegiyası iddiaçının əmək kitabçasının kserosurət olduğunu nəzərə alaraq onu mötəbər sübut kimi qiymətləndirmədiyi üçün ümumi və xüsusi stajla bağlı məsələləri əmək kitabçasının kserosurətindəki məlumatlar üzrə araşdırmamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydaları “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Adı çəkilən Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Odur ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən müəssisənin (arxiv) arayışları nəzərə alına bilər. İş materiallarında olan Azərbaycan Respublikası “X22” Açiq Səhmdar Cəmiyyətinin 18/KŞ saylı 09.11.2016-cı il tarixli və 18-kş saylı 03 dekabr 2020-ci il tarixli arayışlarından görünür ki, iddiaçı həqiqətən də 15.02.1993-cü il tarixdən (əmr 19 KŞ, 15.02.1993-cü il ) 01.12.2004-cü il tarixədək (əmr 10 KŞ, 01.12.2004-cü il) Bakı Xalq Tələbatı X20 X2 3 saylı sexində 5-ci dərəcə ilə dəri xammalı biçicisi peşəsində işləmiş və işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarına əsasən 2 saylı siyahının 26-cı bölməsinin 26.7 bəndi ilə ona güzəştli şərtlərlə yaşa görə təqaüdə çıxma hüququnu verir. Həmin arayış əmrlər kitabı və T-2 şəxsi vərəqəsi əsasında yazılmışdır. İş üzrə birinci instansiya məhkəməsi iddiaçının 15.02.1993-cü ildən 01.12.2004-cü ilədək (11 il 9 ay 16 gün) Bakı Xalq Tələbatı X20 X2 3 saylı sexində işlədiyi 5-ci dərəcə ilə dəri xammalı biçicisi peşəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 No-li Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 No-li siyahısında XX. Bölmədə (Yüngül sənaye) 7-ci yarımbölməsində (dəri və xəz istehsalatları, dəri-xəz xammalının ilkin emalı) 2210800a-17742 dəri xammalını biçənlər peşəsinə uyğunlaşdıraraq həmin dövrü həm güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün iddiaçının xüsusi stajı kimi, həm də onun ümumi stajı kimi nəzərə almışdır. Bundan əlavə birinci instansiya məhkəməsi iddiaçının 01.10.1983-cü il təvəllüdlü oğlu X7 uşaqlıqdan əlil olmasını və anasının ona qulluq etməsini nəzərə alaraq, “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsinə əsaslanaraq iddiaçının oğluna qulluq etdiyi dövrü onun ümumi stajına daxil etməklə 01.01.2006-cı il tarixə onun 21 il 6 ay 20 gün ümumi stajının olduğu qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.4 müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti; Həmin Qanunun 25-ci maddəsinə əsasən sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; ... 3.2.5. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə); 3.9. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Həmin Qaydaların 10 nömrəli Əlavəsinə əsasən bu AKT, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonunun müvafiq şöbəsinin müdiri və pensiya təyinatı sektorunun müdiri tərəfindən möhürlə təsdiq edilir. İddiaçının iddia ərizəsinin məzmununda və izahatında göstərdiyi “oğlunun səhhətinin ağırlaşdığını görüb onun 01.12.2004-cü ildən əmək fəaliyyətini dayandırdığı və oğluna qulluq etdiyi dövrün ümumi stajına daxil edilməli olması” barədə dəlilinə münasibətdə Kollegiya nəzərə alır ki, iddiaçının oğluna qulluq etdiyi dövr iddia ərizəsində göstərdiyi- əmək fəaliyyətini 01.12.2004-cü il tarixdən dayandırdığı müddətdən sonrakı dövrü əhatə edir ki, bu da 01.12.2004-cü ildən 01.01.2006-cı il tarixədək 1 il 1 ay təşkil edir. 01.12.2004-cü ilədək olan dövr üzrə isə qeyd olunmalıdır ki, iddiaçı izahatında 01.10.1983-cü il təvəllüdlü oğlunu evdəkilərin köməyi ilə saxladığını, ona görə də əmək fəaliyyəti ilə məşğul olduğunu, yəni 15.02.1993-cü ildən 01.12.2004-cü ilədək adı çəkilən müəssisədə işlədiyini bildirir. Göründüyü kimi, iddiaçının 01.10.1983-cü il təvəllüdlü oğluna 1-ci qrup əlil olması ilə bağlı doğulduğu andan qulluq etməsi faktı həm onun özü tərəfindən bildrilmir, həm də qulluq etmiş olsa belə, nəzərə alınmalıdır ki, iddiaçının oğluna 1-ci qrup əlillik 19.05.1999-cu il tarixdə verilmiş, belə olan halda qulluq dövrünün bir hissəsi iddiaçının 15.02.1993-cü ildən 01.12.2004-cü ilədək adı çəkilən müəssisədə işlədiyi dövrlə üst-üstə düşür. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı tərəfindən təqdim edilmiş İ qrup əlil oğluna qulluq etməsinə dair 11.02.2020-ci il tarixli akt Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi, 7 saylı evin 3 sakini (iddiaçının qonşuları) və 86 saylı MKİS-nin mühasibi tərəfindən tərtib edilmiş, müvafiq olaraq həmin şəxslər tərəfindən imzalanaraq 86 saylı MKİS-nin möhürü ilə təsdiq edilmişdir (səh 36). İş üzrə birinci instansiya məhkəməsi sözügedən aktın yuxarıda adı çəkilən Qaydaların tələbinə uyğun imzalanıb təsdiq edilməməsini nəzərə almamışdır. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamədə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Göründüyü kimi, əmək pensiyaları təyin edilməsi müstəsna olaraq Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətinə aiddir. Yuxarıda istinad edilən Qaydaların 3.9-cu bəndində göstərilir ki, İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Qaydaların və ona 10 nömrəli Əlavənin birgə təhlili onu deməyə əsas verir ki, 3.9-cu bənddə göstərilən qaydada tərtib edilən akt, 10 nömrəli Əlavədə göstərilən AKT-ın tərtib edilməsi üçün əsasdır. Odur ki, 3.9-cu bənddə göstərilən qaydada tərtib edilmiş akt yalnız 10 nömrəli Əlavədə göstərilən qaydada imzalanıb təsdiq edildikdən sonra İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddətinin sığortaolunanın sığorta stajına daxil edilməsi üçün əsas ola bilər. Hazırki işdə iddiaçının təqdim etdiyi akt qanunvericilikdə müəyyən edilmiş qaydada tərtib olunmuş akt sayıla bilməz. Odur ki, iddiaçının 1-ci qrup əlil oğluna qulluq etdiyi dövrün onun ümumi stajına daxil edilməsi qeyri-mümkündür. Buna baxmayaraq işə birinci instansiya qaydasında baxan məhkəmə qeyd olunanları nəzərə almadan iddianın təmin edilməsi qənaətinə gəlmişdir ki, bu da apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilməməsi əsası ilə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas yaradır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-615/2021 saylı 15 mart 2021-ci il tarixli qərarı ləğv edilməli və iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X17 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-615/2021 saylı 15 mart 2021-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar