Məhkəmə qərarları › İş №2-1(103)-1572/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1572/2024

04.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1572/2024 04.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6041/2023 nömrəli, 17 noyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən, “Məhsul” bağçılıq-yoldaşlığından ayrılmış faktiki və qanuni istifadəsindəki 410 nömrəli 0,06 ha ölçülü bağ torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının adına qeydiyyatının aparılması öhdəliyinin və həmin 0,06 ha ölçülü torpaq sahəsi ilə bağlı çıxarış və texniki sənədin verilməsi öhdəliyinin cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2000-ci illərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi vəzifəsində işləmişdir. 2007-ci ilin may ayında ərizə ilə o zamankı Kənd Təsərrüfatı nazirinə müraciət edərək həmin Nazirliyin “Məhsul” bağçılıq-yoldaşlığından ona torpaq sahəsi ayrılması xahiş etmişdir. Müraciətinə baxılmış və məsələ müsbət həllini tapmışdır. Belə ki, Nazirlikdə X6 Mənzil-məişət komissiyasının xx.xx.2007-ci il tarixli iclasının qərarı ilə o, “Məhsul” bağçılıq yoldaşlığın üzvlüyünə qəbul edilmiş və ona Türkan bağlarından bağ sahəsi ayrılmışdır. Bununla əlaqədar rəsmi sənəd olaraq ona komissiyanın xx.xx.2007-ci il tarixli 04 N-li iclas protokolundan çıxarış təqdim edilmişdir. Yoldaşlığa üzvlüyü ilə bağlı ona 410 nömrəli bilet də verilmişdir. Müvafiq sənədləşmə əsasında ona “Məhsul” bağçılıq-yoldaşlığına məxsus olub Türkan bağlarında yerləşən torpaq sahəsindən 0,06 ha ölçülü torpaq sahəsi verilmiş və ixtiyarına təqdim edilmişdir. Həmin bağ sahəsinin nömrəsi 410 nömrəli idi və bununla bağlı ona təsdiqli yerləşmə cizgisi də təqdim edilmişdi. O, 2017-ci ildə bağ sahəsinin sənədləşdirilməsi ilə bağlı DƏDRX-nin Bakı Ərazi İdarəsinə ilkin olaraq müraciət etmişdir. O zaman guya 410 nömrəli bağ sahəsinin əldə edilməsinin qanuniliyində şübhələr olması əsası ilə sənədləri hüquq-mühafizə orqanlarına göndərilmişdi. Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırılma aparılmış və müəyyən edilmişdir ki, sənədləri qaydasındadır, heç bir qanun pozuntusu halı mövcud deyildir. İdarənin ona verdiyi arayışda göstərilmişdir ki, “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində X6 Mənzil-məişət komissiyasının xx.xx.2007-ci il tarixli 04 nömrəli iclas protokoluna əsasən İddiaçı “Məhsul” bağçılıq yoldaşlığının Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 600 kv.m. sahəsi olan 410 nömrəli bağ sahəsi ayrılmışdır. 2017-ci ilin mart ayında “Məhsul” bağçılıq yoldaşlığının sədri tərəfindən Mənzil-məişət komissiyasının xx.xx.2007-ci il tarixli 04 nömrəli iclas protokolundan çıxarış verilərkən texniki səhv olaraq protokolun tarixi “04 mart 2007-ci il’' kimi göstərilmiş və çıxarışın verilmə tarixi qeyd edilmişdir. Araşdırma zamanı İddiaçı və qeyrilərinin əməllərində cinayət tərkibi müəyyən edilməmişdir”. Həmin arayışa qoşma olaraq müvafiq sənədlər də ona təqdim edilmişdir. Qoşma sənədlərdən görünür ki, “Məhsul” bağçılıq-yoldaşlıqla və nazirliklə əlaqəsini itirmiş, nizamnamə şərtlərinə əməl etməyən üzvlərin torpaqdan istifadə hüququna Kənd Təsərrüfatı Nazirliyində X6 Mənzilməişət komissiyasının xx.xx.2006-cı il tarixli 01 nömrəli qərarı ilə xitam verilmişdir. Həmin siyahıda qeyd edilən bağ sahələrinin bir hissəsi Nazirliyə müraciət etmiş əməkdaşlara verilmişdir ki, bunlardan biri də o olmuşdur. Beləliklə, surətlərini hazırki ərizəyə əlavə etdiyi sənədlərdən görünür ki, bağ sahəsi əldə etməsi tam qanuni olmuşdur. Bildirmişdir ki, faktiki, hüquqi sahibliyin və qanuni istifadəçiliyi heç vaxt hər hansı fiziki şəxs və ya dövlət orqanı tərəfindən mübahisələndirilməmişdir. Torpaq sahəsi ilə bağlı kiminləsə hər hansı mübahisəsi yoxdur, bağa qarşı hər hansı şəxsin iddiası, tələbi yoxdur, bağ mübahisəsiz qaydada ona məxsusdur. Onun torpaq sahəsi ilə bağlı hüquqlarını təsdiq edən sənədi vardır və torpaq sahəsi də faktiki sahibliyində və istifadəsindədir. Belə bir halda, sözügedən torpaq sahəsi ilə bağlı hüquqları tanınmalı və qeydiyyata alınmalıdır. Göstərdiklərini əsas tutaraq, bir müddət bundan əvvəl - 2022-ci ilin oktyabr ayında hüquqlarının qeydiyyatı üçün yazılı ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Artıq üstündən 1 (bir) aydan çox zaman keçməsinə baxmayaraq, ərizəsi cavablandırılmamışdır. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçı müvafiq iddia tələbi ilə xx.xx.2021-ci tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Məhsul” bağçılıq-yoldaşlığı üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmişdir. Bu səbəbdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır və iddiaçıya xx.xx.2021-ci il tarixli, **********19 nömrəli cavab məktubu ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6041/2023 nömrəli, 17 noyabr 2023-cü il tarixli qərarı ilə (hakim A.Əhədova) İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını düzgün araşdırmamış və sübutları, dəlilləri düzgün qiymətləndirməmiş, qanunvericiliyi düzgün şərh və tətbiq etməmişdir. İlk öncə o qeyd edilməlidir ki, məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamını düzgün şərh etməmiş, ziddiyyətli nəticəyə gəlmiş, normanın aşkar mənasından kənara çıxmışdır. Belə ki, Sərəncamdan göründüyü kimi, Sərəncam Yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər icra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsini nəzərdə tutsa da, mərkəzi icra hakimiyyətlərinin (nazirliklərin, komitələrin və s.) nəzdindəki (yanındakı, tabeliyindəki və s.) bağ təsərrüfatı qurumlarının (təşkilatlarının, yoldaşlıq- təsərrüfatlarının və s.) ləğvini nəzərdə tutmamışdır. Məlumdur ki, qanunvericiliyə görə, Kənd Təsərrüfatı Nazirliyi yerli deyil, mərkəzi icra hakimiyyəti orqanlarından biridir. Bu üzdən, məhkəmənin qənaəti doğru deyildir. İkincisi, Sərəncam, ümumiyyətlə, bağçılıqyoldaşlıq təsərrüfatlarının ləğvini nəzərdə tutmamış, müəyyən etməmiş, ehtiva etməmişdir. Bağçılıq-yoldaşlıq təsərrüfatlarının fəaliyyəti, eləcə də yaradılması və ləğvi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyata alınan Nizamnamə ilə tənzimlənir. Sərəncam hüquqi şəxslərin deyil, dövlət idarələrinin ləğvini nəzərdə tutmuşdur. Üçüncüsü, İddiaçı torpaq sahəsinin ayrılma faktı 210 nəfərlə bağlıdır, sonradan torpaq verilən 8 nəfər həmin 210 nəfərdən 8 nəfərinin üzvlük haqlarını ödəməmələri ilə bağlı üzvlükdən xaric edilmələri və yeni 8 nəfərin üzv qəbul edilməsidir. Burada məsələ, üzvlərin əvəzlənməsi, bölünmənin dəyişdirilməsi məsələsidir, torpaq ayırma deyildir. Torpaq ayırma 210 nəfərlik kollektivə bağ-yoldaşlığı qaydasında Kənd Təsərrüfatı Nazirliyinin Türkan üzümçülük sovxozunun ərazisindən bağ sahəsinin ayrılması ilə həyata keçirilmişdir. Bağçılıq-yoldaşlıq təsərrüfatının Nizamnamə ilə hüququ vardır ki, üzvlük haqlarını ödəməyən, sair Nizamnamə şərtlərini icra etməyən üzvlərin üzvlük məsələsinə baxsın və bunu təsisçi təşkilatla razılaşdıraraq həll etsin. Prosedur da bu qaydaya uyğun aparılmış, ilkin sahiblərin hüquqlarına xitam verilmiş, yeni üzvlər qəbul edilərək, ilkin hüquq sahiblərinə ayrılmış torpaq sahələri yeni üzvlərə verilmişdir. Bu məsələnin, yəni bağçılıq-yoldaşlıq üzvünün əvəzlənməsinin yerli icra hakimiyyəti nəzdindəki ləğv edilmiş bağ təsərrüfatı idarələri ilə heç bir əlaqəsi (bağlılığı) yoxdur. Bağ təsərrüfatı idarələri mövcud olsa da, olmasa da, bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlüklə bağlı hüquq və vəzifələri vardır, bunu indi də davam etdirən bağçılıq-yoldaşlıq təsərrüfatları mövcuddur, fəaliyyət göstərirlər. Burada, Nizamnamə ilə fəaliyyət göstərən "Məhsul" Bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin dəyişdirilməsindən söhbət gedir ki, bu da mərkəzi icra hakimyyəti orqanının müvafiq səlahiyyətli qurumu tərəfindən həyata keçirilmişdir. "Məhsul" bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlüyünə qəbul edilmədə və müvafiq bağ sahəsinin ayrılması barədə bağçılıq üzvünün kitabçasının verilməsində, eləcə də Kənd Təsərrüfatı Nazirliyi nəzdindəki Daimi Mənzil Məişət Komissiyasının 30 may 2007-ci il tarixli bağçılığın iclas protokolunun tərtibində sözügedən Sərəncamın heç bir pozulması halı mövcud deyildir. Sərəncamın 2.2-ci bəndində deyilir ki, "2.2. bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün;". Məhkəmə həmin bəndə əsaslanaraq bildirmişdir ki, "xx.xx.2007-ci il tarixdən və həmin tarixdən sonra mərkəzi icra hakimiyyəti orqanlarının nəzdində bağçılıq yoldaşlıq təsərrüfatları ləğv edildiyindən belə bir təsərrüfatların bağ torpaq sahəsi ayırmaq və ya hər hansı əməkdaşı bağçılıq üzvülüyünə qəbul etmək səlahiyyəti olmamışdır. Dolayısı ilə ləğv edilmiş Məhsul Bağçılıq yoldaşlıq təsərrüfatının (Mənzil Məişət Komissiyasının) xx.xx.2007-ci il tarixdə torpaq ayırmaq səlahiyyəti olmadığı halda hazırkı iddiaçının bağçılıq üzvlüyünə qəbulu barədə qəbul etdiyi qərar, verdiyi üzvlük kitabçası bağ sahəsinə dair qanunla tələb olunan hüquqmüəyyənedici sənəd qismində çıxış etmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinin də birbaşa tələbi hüququn qeydiyyatı üçün məhz 2007-ci il mayın 22-dək bağ təsərrüfatı idarələri tərəfindən verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışın təqdim edilməsi barədədir. Başqa sözlə, ləğv edilmiş “Məhsul” bağçılıq yoldaşlıq təsərrüfatının xx.xx.2007-ci il tarixdə bağ torpaq sahəsi ayırmaq səlahiyyəti olmamışdır." Bu tamamilə yanlış yanaşmadır və məhkəmə bu məsələdə də, yəni “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinin tətbiqində də səhvə yol vermiş, qanunvericiliyi düzgün tətbiq etməmişdir. Əvvəla, yerli icra hakimiyyəti orqanları (eləcə də Bakı ŞİH nəzdindəki) tabeliyində əvəllər mövcud olmuş bağ təsərrüfatı idarələrinin bağçılıq-yoldaşlığın təşkilində heç bir rolları olmamışdır. Əvvəllər bu cür təşkilatlar adətən mərkəzi icra hakimiyyəti orqanlarının nəzdində, yaxud bu orqanların təşkilatçılığı ilə yaradılırdı və əsasən həmin orqanların işçiləri üçün nəzərdə tutulurdu. Bu üzdən onlara aid işdə bağ təsərrüfatı idarələri üzvlük kitabçası verməmiş və ya üzvlərin iclas protokolunun tərtibində, təşkilatın qərar qəbul etmələrində hər hansı iştirakçılığı olmamışdır. Bağ təsərrüfatı idarələri, bir qayda olaraq, icarə müqavilələri bağlayardılar. Sərəncamlar bilavasitə yerli icra hakimiyyəti orqanları tərəfindən verilirdi. Orderlər isə Bağ Tikinti Kooperativləri tərəfindən verilirdi. Bağçılıqyoldaşlıq təsərrüfatları isə üzvlərinin siyahısına müvafiq olaraq üzvlük kitabçası verir və üzvlük haqları yığır, üzvlərin ümumi iclasını keçirir və qərarlarını qəbul edir, iclas protokolları tərtib edir, bu protokollardan çıxarışlar verirdilər. Hazırkı halda da belə olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun qeyd edilən 8.0.7-ci maddəsi bu mətndədir: "8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış". Sonuncu cümlə Qanunun sözügedən maddəsinə 2015-ci ildə əlavə edilmişdir. Məhkəmə bunu nəzərə almalı idi, lakin nəzərə almamışdır. Belə ki, 24 fevral 2015-ci il tarixli 1198-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunun (“Respublika” qəzeti, 20 mart 2015-ci il, № 063, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 3, maddə 255) ilə 8.0.7-ci maddəyə "orderlər" sözündən sonra “kollektiv bağçdıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış” sözləri əlavə edilmişdir. İddiaçı hüququnu 2007-ci ilin may ayında əldə etmişdir. Yəni, hüquq münasibətinin yaranma vaxtı 2007-ci ildir. Həmin zaman, əvvəla, "2007-ci il mayın 22-dək" məhdudiyyəti yox idi. Bu məhdudiyyət, bu tarixlə ("2007-ci il mayın 22-dək") hədləndirmə kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçasına və ya üzvlərin iclasının protokolundan çıxarışlara aid deyildir. Yəni, tarix və zamanlama/zamanla məhdudlaşdırma, hədləndirmə o zaman yox idi. Bu üzdən də 30 may tarixli protokol qanunamüvafiqdir. İkincisi isə, qanunvericilikdə normanın zamana görə qüvvəsi anlayışı vardır. Belə ki, Mülki Məcəllənin 7-ci maddəsinə (Mülki qanunvericiliyin zamana görə qüvvəsi) əsasən, 7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 7.2. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. 7.3. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Məhkəmə, Mülki Məcəllənin 7-ci maddəsini də tətbiq etməli olduğu halda, tətbiq etməmişdir. Həmin norma tətbiq edilsə idi, "2007-ci il mayın 22-dək" tarixi iddiaçıya münasibətdə tətbiq olunmaz və məsələ də qanunamüvafiq qaydada həll olunardı. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etirazını bildirərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. İş materiallarında olan: - “Məhsul” Bağçılıq Yoldaşlığın üzvlük kitabçasından görünür ki, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Komissiyasının 04 nömrəli xx.xx.2007-ci il tarixli qərarına əsasən yoldaşlığın üzvlüyünə qəbul edilib və ona Türkan ərazisində 410 nömrəli 600 kv.m ölçüdə torpaq sahəsi ayrılmışdır. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində X6 mənzil-məişət komissiyasının xx.xx.2007-ci tarixli 04 №li iclas protokolundan Çıxarışdan görünür ki, İddiaçı yoldaşlığın üzvlüyünə qəbul edilməsi və ona Türkan bağlarından bağ sahəsi ayrılması qərara alınmışdır. - İddiaçı 410 nömrəli bağ sahəsinin öz əksini tapdığı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Türkan bağ massivi B sektorunun “Məhsul” Bağçılıq Yoldaşlığın möhürü ilə təsdiqlənmış planından görünür ki, 410 nömrəli bağ sahəsi 409 və 411 nömrəli bağ sahələrinin qonşuluğunda yerləşdir. - xx.xx.2007-ci il tarixli, 4 nömrəli Kənd Təsərrüfatı Nazirliyinin X6 Mənzil-Məişət Komissiyasının iclas protokolundan görünür ki, X6 Mənzil Məişət Komissiyasının xx.xx.2006-cı il tarixli, 01 nömrəli iclasının qərarı ilə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən torpaqdan istifadə hüququna xitam verilmiş üzvlərin “Məhsul” X1 bağ massivində istifadəsiz qalmış sahələri qərara əlavə edilmiş siyahı üzrə Nazirliyin əməkdaşlarına verilmiş və onlar “Məhsul” Bağçılıq Yoldaşlığın üzvlüyünə qəbul edilməsi qərara alınmışdır. -X6 Mənzil-Məişət Komissiyasının xx.xx.2007-ci il tarixli 4 nömrəli iclas protokoluna əlavə edilmiş “Məhsul” bağçılıq yoldaşlığının üzvlüyünə qəbul edilmiş və Türkan bağ massivindən bağ sahəsi ayrılmış 8 nəfərlik siyahıda İddiaçı adı 3-cü sırada qeyd edilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********39 nömrəli məktubunda bildirilmişdir ki, “Məhsul” bağçılıqyoldaşlıq birliyi nəzdində Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən, 0.06 hektar torpaq sahəsi olan 410 nömrəli bağ sahəsinə dair sənəd İdarənin arxivində aşkar edilməmişdir. Sorğunun icrası ilə əlaqədar olaraq arxiv qovluğunda mövcud olan “Məhsul” bağçılıq-yoldaşlıq birliyi üzvlərinin siyahısı təqdim olunmuşdur. Təqdim olunmuş Kənd Təsərrüfatı Nazirliyinin «MƏHSUL» Bağçılıq yoldaşlığının Türkan bağ massivində şəxsi mülkiyyətə çevrilməsi nəzərdə tutulan torpaq istifadəçilərinin siyahılarında, ən sonuncu 210 nəfərlik adlı siyahıda İddiaçı adı qeyd edilməmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********54 nömrəli məktubu ilə göndərilmiş Xəzər rayonu, Türkan bağ massivində yerləşən 410 saylı bağ sahəsinin xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən torpağın ümumi sahəsi hüquqmüəyyənedici sənəd üzrə - 0,06 ha və faktiki – 0,0627 ha-dır (27 kv.m artıqdır). Bağ sahəsinin sərhədləri üç tərəfdən mişar daşı ilə hasarlanıb, bir tərəfdən isə bir hissəsi mişar daşından hasarla, digər hissəsi isə şərtidir (411 saylı bağ tərəfdən). Tikili yoxdur. Təkrar müraciət olduğundan, sorğu vərəqəsi ərizəyə əlavə edilmədi. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ünvanlanaraq işin obyektiv araşdırılması məqsədilə “Məhsul” bağçılıq-yoldaşlıq birliyinə dair sənədlər toplusunu (qovluğunu) məhkəməyə göndərilməsi xahiş edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixdə müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd olunan hallara istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı 2000-ci illərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi vəzifəsində işləmiş, o, Nazirlikdə X6 Mənzil-məişət komissiyasının xx.xx.2007-ci il tarixli iclasının qərarı ilə “Məhsul” bağçılıq yoldaşlığın üzvlüyünə qəbul edilmiş və ona Türkan bağlarından bağ sahəsi ayrılmışdır. Bununla əlaqədar olaraq ona komissiyanın xx.xx.2007-ci il tarixli 04N-li iclas protokolundan çıxarış təqdim edilmiş və Yoldaşlığa üzvlüyü ilə bağlı ona 410 nömrəli üzvlük kitabçası də verilmişdir. Lakin birinci instansiya məhkəməsi “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına istinad edərək, Yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edildiyini və qeyd edilən dövrdə, yəni xx.xx.2007-ci il tarixdə bağ torpaq sahəsi ayırmaq səlahiyyəti olmadığını əsas gətirmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı “Məhsul” bağçılıq yoldaşlığın üzvlüyünə Kənd Təsərrüfatı Nazirliyində X6 Mənzil-məişət komissiyasının xx.xx.2007-ci il tarixli iclasının qərarı ilə qəbul edilmiş və ona müvafiq bağ sahəsi ayrılmışdır. Kənd Təsərrüfatı Nazirliyi isə birinci instansiya məhkəməsinin əsas kimi istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamında nəzərdə tutulmuş yerli icra hakimiyyəti deyil, mərkəzi icra hakimiyyəti orqanıdır. Göründüyü kimi iddiaçıya bağ sahəsi ayrılarkən müvafiq komissiyanın xx.xx.2007-ci il tarixli qərarı qəbul etmək səlahiyyəti olmuşdur. Digər tərəfdən, məhkəmə iddiaçının istinad etdiyi bərabərlik prinsipi ilə razılaşmayaraq, “Məhsul” b/y nəzdində xx.xx.2007-ci il tarixli 04 nömrəli protokolla 8 nəfərin adına bağ sahəsinin ayrıldığı, onlardan yalnız ikisinin həmin vaxt Kənd Təsərrüfatı naziri və nazir müavini olmuş şəxslərə ayrılmış bağ sahələrinə dair sonuncuların adlarına qeydiyyatın aparılması eyni siyahıda olan iddiaçının hüququnun qeydiyyatına əsas vermədiyini qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraatın əsas prinsiplərindən olan bərabərlik prinsipi pozulmuşdur. Belə ki, işin birinci instansiya icraatı zamanı iş materiallarında olan sənədlərdən, həmçinin hazırkı apellyasiya icraatı zamanı təqdim edilmiş çıxarışlardan (həmçinin, həmin çıxarışların verilməsinə əsas olan sənədlərdən) göründüyü kimi iddiaçı ilə eyni vəziyyətdə olan digər şəxslərin mülkiyyət hüququ cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçıya cavabdeh tərəfindən fərqli münasibətin göstərilməsi konstitusion hüquq olan bərabərlik hüququnun da pozulmasına gətirib çıxarmışdır. Buna görə də, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız omaqla yanaşı, həm də ədalətsizdir. X9 Məhkəməsi dəfələrlə qərarlarında qeyd etmişdir ki, istifadə olunmuş vasitələr və qarşıya qoyulmuş məqsəd arasında proporsionallığın olmaması, ərizəçinin məruz qaldığı fərqli davranışın obyektiv və ağlabatan əsaslarının olmaması ayrı-seçkilik hesab olunur (bax Fabris Fransaya qarşı [BP] -16574/08 Qətnamə xx.xx.2013-cü il tarixli qərar [Böyük Palata]; X5rşı (Muñoz Díaz v. Spain), ərizə № 49151/07, xx.xx.2009-cu il tarixli qərar). Odur ki, iddiaçının fərdi situasiyası nəzərə alınmaqla başqa cür yanaşma AHİK-in 8-ci maddəsi ilə birgə götürülmüş Konvensiyanın 14-cü maddəsinin pozuntusu hesab edilə bilər. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi bir çox qərarlarında təkrar edir ki, “yaxşı idarəçilik” prinsipinin xüsusi vacibliyi ondan ibarətdir ki, ictimai maraqlara, xüsusən mülkiyyət hüququ da daxil olmaqla fundamental hüquqlara təsir göstərə biləcək hallarda, hökümət orqanları dərhal, müvafiq və ardıcıl şəkildə hərəkət etməlidirlər. Vistins və Peryepyolkin Latviyaya qarşı (GC), (no. 71243/01, § 120, 25 Oktyabr 2012) işdə Məhkəmə qeyd etdi ki, ərizəçinin torpaq sahəsinin vicdanlı alıcısı olması yerli səviyyədə heç zaman mübahisə edilməmişdir. Ərizəçi adi vətəndaş olmuş və torpaq sahəsinin alqı-satqısı həmin statuslu bütün şəxslərə tətbiq edilən qanunlar əsasında həyata keçirilmişdir, bu səbəbdən onun hər hansı imtiyazdan istifadə etməklə və ya qanunazidd qaydada torpaq sahəsini əldə etməsinə dəlalət edən zəmin yoxdur (bax Albegras və Arlauskas Litvaya qarşı, § 68). Kopecki Slovakiyaya qarşı (GC), (no. 44912/98, §§ 45-47, AİHM 2004-İX, və Pirantiene Litvaya qarşı, § 61) işdə isə Məhkəmə bildirdi ki, ərizəçinin torpaq sahəsinin əldə edilməsi ilə bağlı “qanuni gözləməsi (intizarı)” əsaslı və haqlı olaraq mülkiyyət hüququnun qanuni əsasını təşkil edən və onu daşıyan inzibati orqanlar tərəfindən qəbul edilmiş qərarlara əsaslanır. Bu halda ərizəçi mülkiyyət hüququndan yararlanmağa davam etməklə “qanuni gözləmə”yə malik olur. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi müəyyən etmişdir. Bu baxımdan bağ sahəsinə iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin və mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları kontekstində mübahisəyə baxan məhkəmə kollegiyası hesab edir ki, eyni statusda olan şəxslərə cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-557/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında da qeyd edildiyi kimi eyni Bağçılıq Yoldaşlığına eyni qaydada üzv qəbul edilmiş həmin şəxslərin hüquqları qeydiyyata alındığı və onlara bu barədə müvafiq çıxarışların verildiyi halda, iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunması Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinin tələbinin pozulması kimi qiymətləndirilməlidir. Həmin normaya əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qəbul olunmasının qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Göründüyü kimi birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almamış və əsassız olaraq iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Göründüyü kimi hazırkı tələblə mübahisə predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən və faktiki istifadəsindəki 410 nömrəli 0,06 ha ölçülü bağ torpaq sahəsinin iddiaçıya qanuni əsaslara ayrılması və hazırkı halda cavabdeh inzibati orqan tərəfindən “bərabərlik” prinsipinin pozulması iş materialları ilə öz təsdiqi tapdığından, iddiaçının həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun ona məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı tələbi qanuni və əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6041/2023 nömrəli, 17 noyabr 2023-cü il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6041/2023 nömrəli, 17 noyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən, “Məhsul” bağçılıq-yoldaşlığından ayrılmış 410 nömrəli 0,06 ha ölçülü bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar