Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1573/2020 07.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3337/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə dair inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1988-ci ildən başlayaraq, 1991-ci il oktyabr ayının 9-dək Ağdərə rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə onların Sırxavənd özünümüdafiə dəstəsinin tərkibində iştirak etməsinin təsdiq edilməsi barədə öhdəliyin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun 1988-ci ildən başlayaraq, 1991-ci il oktyabr ayının 9-dək Ağdərə rayonunun özünümüdafiə batalyonunda döyüşməsini nəzərə alaraq ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-3337/2020 saylı qərardadına əsasən ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Dağlıq Qarabağ inzibati ərazi vahidinə daxil olan Ağdərə rayonunun Sırxavənd kəndində yaşamış və 1988-ci ildən başlayan erməni hücumlarından insanları müdafiə etmək üçün təşkil edilən xalq özünümüdafiə dəstələrində quldurlara qarşı döyüşlərdə iştirak etmişdir. 1991-ci il oktyabr ayının 9-dək Ağdərə rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə o, Sırxavənd özünümüdafiə dəstəsinin tərkibində olaraq sonadək vuruşmuş, Kiçan, Dovşanlı, Çıldıran və Qazançı kəndlərində gedən ən ağır döyüşlərdə iştirak etmişdir. Dövlət tərəfindən müharibədə iştirak etmiş şəxslərin fədakarlığı, vətənə xidməti qiymətləndirilərək onlara “Müharibə veteranı” adı verilir. Lakin Azərbaycan Respublikası Müdafə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2019cu il tarixli, 9/219675 saylı məktubunda bildirilir ki, N saylı hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafə Nazirliyi Mərkəzi Arxivinə daxil olmadığından araşdırma aparılması mümkün deyildir. O, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinə müraciət edərək 1991-ci il oktyabr ayının 9-dək Ağdərə rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə Sırxavənd özünümüdafiə dəstəsinin tərkibində döyüşlərdə iştirak etməsi barədə sənədləri və müvafiq Sırxavənd özünümüdafiə dəstəsinin tərkibində döyüşlərdə iştirakını təsdiq edilməsini xahiş etmişdir. Onun ərizəsində göstərilən xüsusatlar cavabdeh tərəfindən araşdırılmış və ona cavab məktubu göndərilərək döyüşlərdə iştirak etməsini təsdiq edən sənəd tapılmadığı göstərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3337/2020 saylı, xx xxxx 2020-ci tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair iddiası rədd edilmişdir. Qərardan iddiaçı apellyasiya şikayəti verib birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddia tələbinin təmin edilməsini xahiş etmiş və apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarıdəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki halları ondan ibarətdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş Ə/3496 saylı, xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və bildirilmişdir ki, rayon icra hakimiyyətləri tərəfindən Xidmətin Aparatına təqdim edilmiş “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci ilin fevralın 1-dən 1994-cü ilin mayın 12dək erməni millətçi dəstələrinə qarşı aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin tərkibində iştirak etmiş şəxslərin siyahısı”nda adı keçmir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 9/2-19675 saylı məktubdan görünür ki, iddiaçının ərizəsinə cavab olaraq bildirilmişdir ki, N saylı hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığından barəsində araşdırma aparılması mümkün olmamışdır. Birinci instansiya məhkəməsi iddia tələbini rədd etmişdir və qərarını onunla əsaslandırmışdır ki, iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi barədə sübutlar mövcud deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşır və bununla bağlı aşağıdakı maddi və prosessual hüquq normalarını qeyd edir: «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3-cü abzasında göstərilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»yə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüşəməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara– müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında «Müharibə veteranı» adı verilir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən müharibə veteranı adının və müvafiq veteran vəsiqəsinin şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və digər orqanlar tərəfindən verilməsi nəzərdə tutulmuşdur. Lakin iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi barədə iş materiallarında hər hansı sübut olmadığından iddiaçının cavabdehdən müharibə veteranı adının və vəsiqəsinin verilməsini tələb etmək hüququ yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı döyüşlərdə iştirak etdiyini təsdiq edən sübut kimi iş materiallarına əlavə edilmiş sübut kimi qəbul edilə bilməyəcək akta və N saylı alayın komandiri tərəfindən imzalandığı göstərilmiş arayışa istinad etmişdir. Həmin arayışın məzmunundan görünür ki, İddiaçı öhdəsində olan AKS ******* nömrəli avtomat silah ondan geri alınmışdır. Lakin göstərilən məzmunda arayış iddiaçının döyüşlərdə iştirakını təsdiq etmir. Həmçinin sözügedən arayış ümumiyyətlə sübut kimi qəbul edilə bilməz. Belə ki, arayışın N saylı alayın komandiri tərəfindən imzalandığı göstərilsə də, aidiyyəti olmayan Dövlət Aqrar Sənaye Komitəsinin möhürü ilə təsdiq edilmiş və göstərilən hala aydınlıq gətirilməmiş və arayışın verilməsinə əsas olmuş sənədlərin olması məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ona müharibə veteranı statusunun verilməsi barədə arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmişdir və apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas təşkil etmir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas təşkil etmədiyindən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3337/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, qərarın təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1573/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1573/2020
07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver