Məhkəmə qərarları › İş №2-1(103)-1573/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1573/2022

29.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1573/2022 29.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6762/2021 saylı, 24 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 26-29 aprel 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək kitabçasında qeyd olunmuş “Universal” k/m-nin xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilədək olan əmək fəaliyyətini ümumi iş stajına daxil edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, xx.xx.20210-cu il tarixdə yasa görə əmək pensiyasinin təyin olunmasi üçün cavabdehə müraciət etmişdir. Təqdim etdiyi xx.xx.1971-ci il tarixli əmək kitabçasinda qeyd olunmuş "Universal” k/müəssisəsində xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilədək olan əmək fəaliyyəti onlar tərəfindən araşdırılması mümkün olmadığından həmin dövrlərin sığorta stajina daxil edilməmişdir. Halbuki həmin dövrdə əmək fəaliyyəti olmuşdur. Bu barədə "Universal” k/m-nə müraciət edib rəsmi məktub alib D.S.M.F-nin idarə heyətinə göndərmişdir. Lakin 1 ay keçəndən sonra şifahi ona məsləhət verdilər ki, Baki inzibati məhkəməsinə müraciət etsin. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 65 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6762/2021 saylı, 24 dekabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: O.Həsənov) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı DSMF-nin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin onun ümumi iş stajı (14 il 02 ay) qanunla tələb olunan müddətdən az olduğundan, eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən müraciəti müsbət həll etmək mümkün olmamışdır. İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Universal” kiçik müəssisəsində işlədiyi illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və iddiasını onunla əsaslandırılmışdır ki, o, xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Universal” kiçik müəssisəsində işləmiş və işlədiyi illər əmək kitabçasında əks edilimişdir. xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyini iddia etdiyi “Universal” kiçik müəssisəsinə aid əmək haqlarının hesablanması cədvəlləri və əmrlər kitabları arxivdə aşkar edilmədiyindən, İddiaçı həmin dövrlərdə əmək haqqı alıb-almaması, eyni zamanda məcburi sosial sığorta haqlarının ödəməsi barədə heç bir məlumat əldə etmək mümkün olmamışdır. Eyni zamanda xx.xx.2006-ci il tarixdən məcburi sosial sığorta haqları hər vətəndaşa münasibətdə şəxsi hesabına ödənildiyi halda, iddiaçıya münasibətdə hər hansı ödəniş aşkar edilməmişdir. Bu səbəbdən İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Universal” kiçik müəssisəsində işlədiyi illərin sosial sığorta stajına əlavə edilməsi qanuna uyğun hesab edilməməlidir. Həmçinin qeyd etmək lazımdır ki, vətəndaşların pensiya kapitalı onların və sığortaedənlərin ödədikləri məcburi dövlət sosial sığorta haqları əsasında formalaşır. Məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlərin staj kimi hesab olunması pensiya almaq hüququ olan digər vətəndaşların pensiya təminatı hüququnun pozulmasına gətirib çıxaracaqdır. Yuxarıda göstərilən hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və düzgün hüquqi qiymət verilmədən yekun qərar çıxarılmışdır. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ona 65 yaşı tamam olduğu dövrdən yəni, xx.xx.2020-ci il tarixdən əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və iddiaçının əmək kitabçasında əmək fəaliyyəti ilə məşğul olduğu dövrü nəzərə aldıqda müəyyən etmişdir ki, onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən (xx.xx.1971 - xx.xx.1972; xx.xx.1975 xx.xx.1983; xx.xx.1983 - xx.xx.1988; xx.xx.1992 - xx.xx.2006 = 27 il 11 ay 06 gün ) çox təşkil edir. Lakin, nəzərə alınmalıdır ki, cavabdeh ümumi iş stajı ilə bağlı şərtin ödənilməməsi qənaətinə gələrkən, iddiaçının xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilə qədər “Universal” kiçik müəssisəsində işlədiyi müddət ilə bağlı araşdırmanın aparılmasının mümkün olmadığını əsas götürmüşdür. Məhkəmə cavabdehin irəli sürdüyü bu mülahizələr ilə razılaşmır. Belə ki, qeyd olunur ki, iddiaçının hazırda mübahisələndirilən iş stajı (1992- 2006 illər) “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı həmin illərdə işləməsi barədə əmək kitabçasını təqdim etmişdir. İddiaçının “Universal” kiçik müəssisəsində işlədiyi müddət üzrə araşdırmanın aparılmasının mümkün olmamasına dair cavabdehin irəli sürdüyü mülahizələrə münasibətdə məhkəmə bildirmişdir ki, hətta adıçəkilən müəssisə ilə bağlı arxiv sənədləri olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. (Bax: Ali Məhkəmənin № 2-1(102)-594/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı) Birinci instansiya məhkəməsi bununla bağlı öz xidməti vəzifəsinə uyğun olaraq aidiyyəti üzrə inzibati orqanlara sorğular vermiş, “Universal” kiçik müəssisəsinin fəaliyyət göstərib-göstərməməsi, fəaliyyət göstərmişdirsə hansı tarixdən fəaliyyət göstərməsi barədə məlumatın təqdim olunması xahiş olunmuşdur. Məhkəmə icraatı zamanı məhkəməyə ünvanlanmış sorğulara cavab məktublarında “Universal” kiçik müəssisəsi adlı hüquqi şəxslərin sayı çox olduğundan sorğunun cavablandırılmasının mümkün olmadığı bildirilmişdir. Lakin, məhkəmə iclasında təqdim olunan və Dövlət Arxivinin Bakı filialında saxlanılan qərardan məlum olmuşdur ki: -Nərimanov rayon X2 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 10/175 №-li qərarı ilə “Universal” kiçik müəssisənin qeydiyyata alınması qərara alınmışdır. Qərarda müəssisənin direktorunun M.M.Quliyev olduğu göstərilmişdir. Məhkəmə qeyd etmişdir ki, “Universal” kiçik müəssisənin mövcudluğu ilə bağlı aidiyyəti üzrə bütün qurumlara sorğu verilmiş və son olaraq məhkəmə iclasında müəssisənin təsisçisi tərəfindən təqdim olunmuş qərar əsasında müəyyən olunmudur ki, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyətini göstərdiyi “Universal” kiçik müəssisənin 1991-ci il tarixdən etibarən qeydiyyata alınması, həmin qeydiyyatın məhz Nərimanov rayon X2 İcraiyyə Komitəsinin qərarı əsasında həyata keçirildiyi məlum olmuşdur. Göründüyü kimi, iddiaçının əmək fəaliyyətini icra etdiyi dövrdə müəssisənin mövcudluğunu şübhə doğurmamalıdır. Bundan başqa, kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında elektron məlumat bazasından əldə olunmuş məlumatdan da göründüyü kimi, “Universal” kiçik müəssisəsinin (VÖEN: **********) hazırki təsisçisi də M.M.Quliyevdir ki, o, həm məhkəmə iclaslarında verdiyi izahatda, həm də məhkəməyə müəssisənin adından ünvanladığı arayışlarda, iddiaçının həmin dövrlərdə “Universal” kiçik müəssisəsində işlədiyi faktını qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, İş materiallarında olan AA ******* nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan İddiaçı məxsus xx.xx.1971-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək çilingər (01 il 01 gün), xx.xx.1975-ci il tarixdən xx.xx.1979-cu il tarixədək operator (03 il 09 ay 21 gün), xx.xx.1979-cu il tarixdən-xx.xx.1983-cü il tarixədək çilingər (04 il 9 gün), xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci il tarixədək operator (05 il 04 ay 14 gün) və xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Universal kiçik müəssisəsində İstehsalat müdiri vəzifəsində işləmişdir (14 il 07 ay 11 gün). İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********0 nömrəli məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.1971-ci il tarixli əmək kitabçasında qeyd olunmuş “Universal” kiçik müəssisəsində xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilədək olan əmək fəaliyyətinin araşdırılması mümkün olmadığından həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab olunmadığı, iddiaçının ümumi iş stajının xx.xx.2006-cı il tarixə kimi 14 il 2 ay olmaqla qanunla tələb olunan 25 il müddətindən az olduğu və xx.xx.2006-cı ildən sonra fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı, qeyd olunanları nəzərə alaraq iddiaçıya yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün olmadığından yaşa görə sosial müavinətin təyin edilməsi üçün Fondun Bakı şəhər Nərimanov rayon xidmət nümayəndəliyinə müraciət etməsi tövsiyə olunduğu göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Cavabdehin apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyini iddia etdiyi “Universal” kiçik müəssisəsinə aid əmək haqlarının hesablanması cədvəlləri və əmrlər kitabları arxivdə aşkar edilmədiyindən, İddiaçı həmin dövrlərdə əmək haqqı alıb-almaması, eyni zamanda məcburi sosial sığorta haqlarının ödəməsi barədə heç bir məlumat əldə etmək mümkün olmamışdır. Eyni zamanda xx.xx.2006-ci il tarixdən məcburi sosial sığorta haqları hər vətəndaşa münasibətdə şəxsi hesabına ödənildiyi halda, iddiaçıya münasibətdə hər hansı ödəniş aşkar edilməmişdir Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, göstərilən dövrlər “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrə aid əmək fəaliyyətini əhatə edir və müvafiq olaraq həmin dövrlərdəki əmək fəaliyyətinin pensiya hüququ verən sosial sığorta stajına hesablanıb-hesablanmaması məsələsinə də məhz həmin Qanunun müddəalarından çıxış etməklə qiymət verilməlidir. Belə ki, həmin dövrdə əmək haqqının alınmaması və ya alınsa belə həmin əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıb-alınmamalı olduğuna dair məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimləmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 01 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normadan hərəkətlə iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Universal kiçik müəssisəsində işlədiyi dövr pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməlidir. Bu zaman həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyətini göstərdiyi “Universal” kiçik müəssisənin 1991-ci il tarixdən etibarən qeydiyyata alınması, həmin qeydiyyatın məhz Nərimanov rayon X2 İcraiyyə Komitəsinin qərarı əsasında həyata keçirildiyi məlum olmuşdur. Göründüyü kimi, iddiaçının əmək fəaliyyətini icra etdiyi dövrdə müəssisənin mövcudluğunu şübhə doğurmamalıdır. Bundan başqa, kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında elektron məlumat bazasından əldə olunmuş məlumatdan da göründüyü kimi, “Universal” kiçik müəssisəsinin (VÖEN: **********) hazırki təsisçisi də M.M.Quliyevdir ki, o, həm məhkəmə iclaslarında verdiyi izahatda, həm də məhkəməyə müəssisənin adından ünvanladığı arayışlarda, iddiaçının həmin dövrlərdə “Universal” kiçik müəssisəsində işlədiyi faktını qəbul etmişdir. Göründüyü kimi iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Universal kiçik müəssisəsində işləməsi öz təsdiqini tapmışdır. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.1.1-ci bəndinə əsasən isə Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə nəzərə alınmalıdır ki, mübahisəli məsələ 01 yanvar 2006-cı il tarixədək əmək fəaliyyəti ilə bağlı olduğundan, iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla və iddiaçının işlədiyi müəssisə tərəfindən təsdiqlənir. Qanunvericiliyin yuxarıda istinad olunan müddəaları isə sözügedən dövrün iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməli olduğunu təsbit edir. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İş materiallarından göründüyü kimi, iddiaçının 65 yaşı tamam olduğu dövrdə əmək kitabçasına əsasən ümumilikdə 25 ildən artıq sığorta stajına malik olmuşdur. Belə olan halda məhkəmənin qənaətinə görə hazırkı iddiaçı 1955-cı il təvəllüdü İddiaçı «Əmək pensiyaları haqqında» AR Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası hüququ yaranır. Odur ki, inzibati orqanın iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasından imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. “Andreyeva Latviyaya qarşı” məhkəmə işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6762/2021 saylı, 24 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar