Məhkəmə qərarları › İş №2-1(103)-1573/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1573/2023

06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1573/2023 06.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı Əlvan oğlunun, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Əlvan oğlunun cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı “iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi və mənzil kirayə haqqının ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9763/2022 saylı, 14 noyabr 2022-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Əlvan oğlu cavabdeh Bakı şəhəri Nəsimi RİH-ə qarşı “iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi və mənzil kirayə haqqının ödənilməsi” tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 8 yanvar 1994-cü il tarixdən 19 fevral 2022-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində zabit qismində xidmət etmişdir. 19 fevral 2022-ci il tarixdən 19 may 2022-ci il tarixədək 90 gün müddətinə növbəti məzuniyyətə çıxmış, 20 may 2022-ci il tarixdən şəxsi heyyət siyahısından və bütün növ təminatlardan çıxarılmaqla hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ Rayon İdarəsinə göndərilmişdir. Təqvim ili üzrə 28 il 4 ay 10 gün, güzəştli 7 il 2 ay 20 gün, cəmi 35 il 7 ay xidmət etmişdir. İddiaçı 8 aprel 2022-ci il tarixdə cavabdeh Bakı şəhəri Nəsimi RİH-ə müraciət edərək mənzil növbəsinə götürülməsini və kirayə pulu alınmasını xahiş etmişdir. Lakin cavabdeh 29 aprel 2022-ci il tarixli 4/D-7-068 saylı məktubla iddiaçının ərizəsini rədd etmişdir. Cavabdehin imtina məktubu ilə bağlı bildirilir ki, iddiaçının ərizəsinin təmin edilməməsinin əsası kimi göstərilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “j” bəndi (öz arzusu ilə) ilə ehtiyata buraxılmağı bunun üçün əsas ola bilməz. Belə ki, bu münasibətləri tənzimləyən «Hərbi qulluqçuların statusu haqqında» Qanunun ehtiyata buraxılan hərbiçilərin yaşayış sahəsi ilə təmin edilməsi ilə bağlı 12-ci maddəsinin məzmunundan görünür ki, hərbiçinin «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “j” bəndi (öz arzusu ilə) ilə ehtiyata buraxılması halı onun yaşayış sahəsi ilə təmin edilməsini istisna edən əsas kimi göstərillmir. Qanunun əsas tələbi hərbi qulluqçuların Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət etməsi ilə şərtləndirmişdir. Bu halda da təqvim ili üzrə 28 il 4 ay 10 gün, güzəştli 7 il 2 ay 20 gün, cəmi 35 il 7 ay xidmət etmiş iddiaçıya aid həmin şərt ödənilir. Buna görə də, cavabdehin qanunverciliyin tələblərindən kənara çıxaraq, öz şəxsi mülahizələrinə görə iddiaçının yaşayış sahəsi ilə təmin edilməsi hüququnu məhdudlaşdıran inzibati aktı qəbul etməsi qanunsuzdur. Göstərilənlərə və İPM-in 33.1, 45, 46-cı maddələrinə əsaslanaraq, məhkəmədən iddiaçının mənzil növbəsinə (yaşayış sahəsinə ehtiyacı olan qismində uçota) götürülməsi və ona 8 aprel 2022-ci il tarixdən hesablanmaqla aylıq kirayə haqqının ödənilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Nəsimi RİH-in üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunur. Cavabdeh tərəfindən təqdim olunmuş iddiaya qarşı yazılı etirazda bildirilir ki, İddiaçı «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 156 maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxıldığına görə sözügedən Qanun ona şamil edilmir. Bakı şəhəri Nəsimi RİH-in 4/D-7-068 nömrəli 29 aprel 2022-ci il tarixli məktubu ilə İddiaçı bildirilmişdir ki, «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 12-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istehfaya buraxılmış zabitlərin, gizirlərin və miçmanların müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının qanunvericilikdə nəzətdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Vətəndaş İddiaçı «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 156 maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxıldığına görə sözügedən Qanun ona şamil edilmir. Qeyd edilənlərə əsasən vətəndaş İddiaçı ehtiyyatda olan hərbçi kimi mənzil növbəlik siyahısına daxil etməyin mümkün olmaması barədə ona cavab verilmişdir. Cavabdehin imtinası mübahisələndirməklə iddiaçı 30 gündən gec olaraq 28 iyun 2022-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunun 73.1-ci maddəsinin tələblərini kobudçasına pozmuşdur. Hərbi qulluqçunun yaşayış sahəsi ilə təmin olunması, buna qədər isə mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilməsi üçün 3 şərt tələb olunur: 1). yaşına, səhhətinə, ştatların ixtisarına görə ailə vəziyyətinə görə ehtiyata yaxud istefaya buraxılmış hərbi qulluqçusu olması. 2). yaşayış sahəsinin olmaması, 3). 15 təqvim ili və daha çox xidmət etməsi; Qanunvericilikdə nəzərdə tutulmuş qeyd olunan 3 şərt tamamlandıqdan sonra ehtiyata buraxılmış hərbi qulluqçular mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilə bilər. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları 2007-ci nömrəli Hərbi Hissə Komandirinin 19-xx.xx.2022-ci il tarixli 043 nömrəli əmri və «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq polkovnik-leytenant İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Deməli, hazırkı halda iddiaçının yaşayış sahəsi ilə təmin olunması məqsədilə mənzil sahəsinə ehtiyacı olanların siyahısina daxil edilməsi üçün birinci şərt ödənilmir. Belə olduqda isə aydın olur ki, iddiaçının müvafiq əsasla mənzil uçotuna alınması üçün hər hansı əsas yoxdur. Göstərilənlərə və Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsaslanaraq, İPM-in 47.2-ci maddəsini rəhbər tutaraq, İddiaçı iddiasının rədd edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9763/2022 saylı, 14 noyabr 2022-ci il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia qismən təmin edilmiş, İddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Qalan hissədə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və iddianın tam təmin olunmasını xahiş etmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndi (ö arzusu ilə) ehtiyata buraxılmağı iddiaçıya mənzil kirayə haqqının verilməsindən imtina üçün əsas ola bilməz. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun ehtiyata buraxılan hərbiçilərin yaşayış sahəsi ilə təmin edilməsi ilə bağlı 12-ci maddəsinin məzmunundan görünür ki, hərbiçinin “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndi (öz arzusu ilə) ilə ehtiyata buraxılması halı onun yaşayış sahəsi ilə təmin edilməsini istisna edən əsas kimi göstərilmir. Qanunun əsas tələbi hərbi qulluqçuların Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət etməsi ilə şərtləndirmişdir. Bu halda da təqvim ili üzrə 28 il 4 ay 10 gün, güzəştli 7 il 2 ay 20 gün, cəmi 35 il 7 ay xidmət etmiş iddiaçıya aid həmin şərt ödənilir. Buna görə də, cavabdehin qanunverciliyin tələblərindən kənara çıxaraq, öz şəxsi mülahizələrinə görə onun yaşayış sahəsi ilə təmin edilməsi hüququnu məhdudlaşdıran inzibati aktı qəbul etməsi qanunsuzdur. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları 2007-ci nömrəli Hərbi Hissə Komandirinin 19-xx.xx.2022-ci il tarixli 043 nömrəli əmri və “Hərbi vəzifə və hərbi xidmət haqqında11 Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq polkovnik-leytenant V.S. Dərgahov Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçının öz arzusu ilə ehtiyata buraxılması iddiaçının yaşayış sahəsi ilə təmin olunması məqsədilə mənzil sahəsinə ehtiyacı olanların siyahısina daxil edilməsinə əsas vermir. Belə olduqda isə aydın olur ki, iddiaçının müvafiq əsasla mənzil uçotuna alınması üçün hər hansı əsas yoxdur. Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. İddiaçının ehtiyata buraxılması onun iradəsindən asılı olan halla (öz arzusu ilə) şərtlənmişdir və qeyd edilən halda hərbi qulluqçuların yaşayış sahəsi ilə təmin olunması qanunvericiliklə nəzərdə tutulmamışdır. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, qərarın iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və iddianın tam təmin olunmasını, eyni zamanda, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarın ləğv edilib, iddia tələbinin təmin edilmiş hissədə rədd olunmasını, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayətlərii qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayətlər birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı iddianın təmin olunan hissəsində ləğv edilərək, həmin hissədə iddia rədd edilməlidir. İnzibati işdən müəyyən olunur ki, iddiaçı 1975-ci il təvəllüdlüdür, 2022-ci ildə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Qanunun 41.0.9-cu maddəsinə uyğun olaraq (öz arzusu ilə) təqvim hesabı ilə 28 il 4 ay 10 gün (1994 – 2022-ci illər) xidmət dövrü olmaqla ehtiyata buraxılmışdır. İddiaçı yaşayış yeri üzrə mənzil növbəsinə, yəni yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi və yaşayış sahəsi verilənədək aylıq kirayə haqqının ödənilməsi ilə bağlı cavabdeh Bakı şəhəri Nəsimi RİH-ə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, o (iddiaçı), hərbi xidmətdən ehtiyata «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq buraxılmışdır. İddiaçı məhkəmə qaydasında cavabdehin imtinasını mübahisələndirir. İddianın mümkünlüyü: Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırki iş üzrə iddiaçı mənzil növbəsinə götürülməsi və mənzillə təmin olunanadək kirayə xərclərinin iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. İddiaçı subyektiv hüquqa malikdir. Cavabdeh hazırki iş üzrə cavabdehlik daşıyan inzibati orqandır. İddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan tərəfindən müraciətinə imtina edilmişdir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normalarının tələblərinə riayət edilməmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Hərbi qulluqçuların statusu haqqında” Qanun: - 12-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. - 12-ci maddəsinin 7-ci bəndinə əsasən yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0-cı maddəsində ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaları qeyd edilmişdir: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X1”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə; 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli Qərar:

1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 8-ci hissəsinə müvafiq olaraq, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12ci maddəsində göstərilmiş qaydada təmin edirlər.

Apellyasiya şikayətlərinin dəlillərinə münasibət:

Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının iddia tələbi iki hissədən ibarətdir:

1. iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi;

2. mənzil kirayə haqqının ödənilməsi. İşin hallarından göründüyü kimi, iddia tələbinin təmin olunmuş birinci hissəsindən cavabdeh tərəfindən, iddia tələbinin rədd edilmiş ikinci hissəsindən iddiaçı tərəfindən ayrıayrılıqda apellyasiya şikayətləri verilmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız, cavabdehin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək aşağıdakıları qeyd edir. İşin hallarından göründüyü kimi iddiaçının öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxıldığı işin mübahisələndirilməyən halıdır. Mübahisələndirilən və qiymət verilməli olan məqam öz arzusu ilə ehtiyata buraxılmış zabit kimi iddiaçının mənzil növbəsinə götürülməsinin qanunvericilikdə nəzərdə tutulub-tutulmaması ilə bağlıdır. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinin üçüncü hissəsinə görə yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsi ilə ilk növbədə təmin edirlər. Normanın məzmunundan görünür, hərbi qulluqçunun yaşayış sahəsi ilə təmin olunması, buna qədər isə mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilməsi üçün 3 şərt tələb olunur: 1) yaşına, səhhətinə, ştatların ixtisarına görə ailə vəziyyətinə görə ehtiyata yaxud istefaya buraxılmış hərbi qulluqçusu olması; 2) yaşayış sahəsinin olmaması; 3) 15 təqvim ili və daha çox xidmət etməsi. Qanunvericilikdə nəzərdə tutulmuş qeyd olunan 3 şərt tamamlandıqdan sonra ehtiyata buraxılmış hərbi qulluqçular mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilə bilər. İşin hallarına əsasən, iddiaçı yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata buraxılmamışdır. Göründüyü kimi, hazırkı halda iddiaçının yaşayış sahəsi ilə təmin olunması məqsədilə mənzil sahəsinə ehtiyacı olanların siyahısina daxil edilməsi üçün birinci şərt ödənilmir. Həmçinin, yuxarıda qeyd olunmuş “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli Qərarının müddəalarından da aydın olduğu kimi, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını, 15 təqvim ili və daha çox xidmət etmiş müddətindən artıq xidmət hərbi qulluqçuları, azı 5 təqvim ili xidmət etmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçuların mənzil kirayə haqqı ilə təmin edilməsi nəzərdə tutmuşdur. Göründüyü kimi, sözügedən Qərarda konkret olaraq ehtiyata və ya istefaya buraxılmış hansı hərbi qulluqçuların mənzil kirayə haqlarının ödənilməsi qeyd edilmişdir. Qərarda adları sadalanan hərbi qulluqçuların sırasında öz arzusu ilə ehtiyata və ya istefaya buraxılan zabitlər göstərilməmişdir. Oxşar məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu tərəfindən “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 18 iyul 2022-ci il tarixli Qərardad qəbul edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu mübahisəli hüquqi məsələyə münasibətdə özünün hüquqi mövqeyini aşağıdakı kimi ifadə etmişdir: “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41-ci maddəsi ilə nəzərdə tutulan əsaslarla həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçular Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu statusuna malik olan hərbi qulluqçulardır. Lakin qeyd edilməlidir ki, hərbi qulluqçu statusuna malik olma faktı özözlüyündə ehtiyata və ya istefaya buraxılmış bütün hərbi qulluqçuların yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) və s. sosial təminatlar əldə etmək şərtlərinin və əsaslarının eyni olması anlamına gəlmir. Bu zaman hərbi qulluqçuların dövlət və ictimai əhəmiyyəti yüksək olan bir xidmətdən - həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmasının əsaslarının diqqətə alınması xüsusi əhəmiyyət kəsb edir. Belə ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41-ci maddəsi üzrə ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata buraxılmalarına səbəb olan halları iki qrupa ayırmaq olar. Birinci qrupa hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallardır ki, bura xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla), yaşa görə - həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda, xəstəliyə görə - hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; ştatların ixtisarına görə - ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), qadınların ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma kimi hallar aiddir. İkinci qrupa isə hərbi qulluqçunun öz hərəkətləri səbəbindən və ya arzusu ilə ehtiyata buraxılma halları aiddir. Bu isə xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət 4 hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X1”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla), törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə, yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlərin öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarını ehtiva edir. Qeyd edilməlidir ki, qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12- ci maddəsinin 2-ci hissəsinə görə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaşayış sahəsi və ya torpaq sahəsi almaq hüququnu təsbit edərkən, məhz hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallarda bu sosial təminatdan yaralanmasını nəzərdə tutmuşdur. Belə ki, əvvəldə də göstərildiyi kimi, qeyd edilən maddənin 7-ci hissəsində, habelə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 8-ci hissəsində müvafiq olaraq məhz yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslərin (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edildiyi müəyyən edilmişdir. Oxşar müddəa Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli Qərarının 1-ci hissəsində də əks olunmuşdur. Beləliklə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz.” Göründüyü kimi mübahisəyə tətbiq edilməli olan hüquq normalarının şərh edərkən Konstitusiya Məhkəməsi belə bir nəticəyə gəlmişdir ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi, yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas verir, bu səbəbdən, cavabdehin apellyasiya şikayət təmin edilməli, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9763/2022 saylı, 14 noyabr 2022-ci il tarixli qərarı iddia tələbi təmin edilən hissədə ləğv edilərək, iddia tələbi təmin edilməməlidir (İPM-87.6).

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı Əlvan oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9763/2022 saylı, 14 noyabr 2022-ci il tarixli qərarı qismən, İddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilsin. İddia ləğv edilən hissədə rədd edilsin. Qalan hissədə qərar dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar