Məhkəmə qərarları › İş №2-1(103)-1574/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1574/2021

06.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1574/2021 06.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Cavabdehin nümayəndələri X2 və X14, Üçüncü şəxsin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə qarşı (3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər idarəsi) əmrin ləğv edilməsi, dövlət qulluguna bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının verilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2483/2021 saylı, 18 mart 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə qarşı (3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər idarəsi) “Oruc Bəhram oglu Orucovun dövlət qulluğundan azad edilməsi haqqında” Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin 15 oktyabr 2020-ci il tarixli, 276/k №-li əmrinin ləğv edilməsi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki sortlarının qeydiyyatı və toxum nəzarəti sektorunun baş məsləhətçisi vəzifəsinə və dövlət qulluğuna bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının hesablanıb ödənilməsinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, cavabdeh “İddiaçı dövlət qulluğundan azad edilməsi haqqında” Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin 15 oktyabr 2020-ci il tarixli, 276/k №-li əmri ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki sortlarının qeydiyyatı və toxum nəzarəti sektorunun baş məsləhətçisi vəzifəsindən azad edilərək dövlət qulluğuna xitam verilmişdir. Tutduğu vəzifədən azad edilməsi və dövlət qulluğuna xitam verilməsinə dair əmri qərəzli, əsassız və qanunsuz hesab edir. Bildirmişdir ki, 2020-ci ilin avqust ayında ona qarşı olan qərəz və ayrı-seçkiliyə görə, pandemiya dövründə onu məcburi işlətdikləri halda özlərinə bir əmək haqqı həcmində əlavə mükafat yazdıqları, ona yazmadıqları üçün koronavirus pandemiyasından və müharibə vaxtından sui-istifadə edərək 50-dən artıq "xxxx" saxladıqları, 40 milyon manatdan artıq dövlət vəsaitinin özlərinə yaxın Firma və Şirkətlərlə saxta yolla mənimsədikləri və korrupsiyaya qurşanmaları barədə o, Kənd Təsərrüfatı nazirinə İP telefonu ilə (10 00) məlumat vermiş və onu şəxsən qəbul etməsini xahiş etmişdir. Həmin gün nazirliyin Daxili nəzarət və Audit şöbəsinin müdiri və İnsan resursları şöbəsinin müdiri onu dinləyib qaldırdığı məsələləri nazirə çatdıracaqlarını və onu nazirin qəbuluna salacaqlarına söz verdilər. AXA-da neqativ hallar aşkar edildiyi üçün 01 sentyabr 2020-ci il tarixində AXA-nın sədri işdən çıxarılaraq AKİA ya sədr, AKİA-nın sədri isə AXA-ya sədr təyin edilmişdir. O, AXA-nın yeni sədri Mirzə Əliyevə yaxınlaşaraq onu təcili qəbul edib dinləməsini xahiş etmişdir. Lakin, onu qəbul etməmişdir. Ona qarşı tələ qurulduğunu, həyatına təhlükə olduğu barədə nazirin köməkçisinə zəng edərək onu qəbul etməsinə kömək etməsini xahiş etmişdir. 08.10.2020-ci il tarixdə o, Əliyev Rahib və Quliyeva Gülşən adlı əməkdaşlarla bir yerdə iş otağında olarkən digər şöbənin əməkdaşı Azad Nəhmətov otaqda qəsdən mübahisə yaratmışdır. İddiaçı onu intizama dəvət edib otaqdan çıxmasını xahiş etsə də, Azad Nəhmətov üstünə hücum edərək onu vurmaq istəyərkən Əliyev Rahib onu zorla itələyib otaqdan çıxarmışdır. X24 dəhlizdə onun ünvanına əxlaqsız küçə söyüşləri söyərək əməkdaşların yanında onu təhqir etmişdir. Ona qarşı təşkil olunan şərböhtandan bərk sarsıntı keçirmişdir. Səhərisi gün, 09 oktyabr 2020-ci il tarixində həftənin 5-ci günü şəkəri və qan təzyiqi yüksəldiyi üçün şöbə müdirindən icazə alıb saat 17:20 də evə getmişdir. O, uzun müddətdir ağır şəkərli diabet, ürək çatışmazlığı və hipertoniya xəstəliyindən əziyyət çəkir. O, əlacsız qalaraq Dia.az saytı vasitəsi ilə Ali Baş komandan cənab prezidentdən, Birinci vitse-prezidentdən və Baş prokurordan ona qarşı edilən haqsızlığın qarşısının alınması üçün kömək istəmiş və sayt onun müraciətini 10.10.2020-ci il tarixdə dərc etmişdir. Həftənin birinci iş günü şəkəri və qan təzyiqi yüksəldiyi üçün 12.10.2020-ci il tarixdə səhər qan analizi verib kardiaqram və USİ müayinəsindən keçərək şəkərə qarşı güzəştli dərmanlarını almış və analiz və müayinələr barədə 12.10.2020-ci il tarixdə tibb kartında da qeydiyyat aparılmışdır. Onun xəstə oldugunu, həkimə getməsini şöbə müdirinə bildirmişdir. Həkimdə olarkən səhər Daxili nəzarət şöbəsinin müdir müavini ona telefon edərək rəhbərliyin yanına gəlməsini tələb etmiş, yarım saat sonra o, iş yerinə bir başa Daxili nəzarət şöbəsinin müdir müavinin iş otağına gəlib səhər həkim müayinəsində olduğu barədə izahat yazmış və ərizə yazaraq ona qarşı olan təzyiq və təqiblərə son qoyulmasını, onu təhqir etdiyi üçün Azad Nəhmətov barədə tədbir görməsini xahiş etmişdir. 13 oktyabr 2020-ci il tarixdə sədr, kadr sektorunun müdiri və Daxili Nəzarət şöbəsinin müdiri ilə birlikdə və Dia.az saytına müraciət etdiyi üçün ona məzəmmət etmiş və 12 oktyabr 2020-ci il tarixli 271/K nömrəli əmrlə ona töhmət elan etmişdir. 15 oktyabr 2020-ci il tarixində işdə olarkən kadr sektorunun müdiri öz iş otağında şiddətli töhmət verilməsi ilə bağlı 13.10.2020-ci il tarixli 272/k nömrəli əmrin surətini və işdən azad edilərək dövlət qulluğuna xitam verilməsi barədə 15.10.2020-ci il tarixli 276/k nömrəli əmrin surətini ona təqdim edərək iş yerini tərk etməsini tələb etmişdir. Qeyd edilən əmrlər qərəzli və qanunsuzdur. Bu günə qədər əmək kitabçası ona təqdim edilməmiş və son haqq-hesabı ona yalnız 30 oktyabr 2020-ci il tarixdə ödənilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.3-cü maddəsinin, həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ə, 79.1, 83.1, 84.1, 143.1, 172.4, 186 və 187.1.2-ci maddələrinin tələbləri kobud surətdə pozmuşlar. Qeyd olunan qanun pozuntuları və pozulmuş əmək hüquqlarının bərpa edilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı Şəhər İdarəsinə də müraciət etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı etiraz onunla əsaslandırılmışdır ki, Agentliyin 2019-cu il 01 noyabr tarixli 146 k nömrəli əmri ilə İddiaçı həmin tarixdən Agentliyin Bitki sortlarının qeydiyyatı və toxum nəzarəti şöbəsinin Toxum nəzarəti sektoruna baş məsləhətçi vəzifəsi üzrə daimi dövlət qulluğuna qəbul edilmişdir. 07 oktyabr 2020-ci il tarixində Agentliyin Bitki sortlarının qeydiyyatı və toxum nəzarəti şöbəsinin Toxum nəzarəti sektorunun baş məsləhətçisi İddiaçı həmin şöbənin Bitki sortlarının qeydiyyatı sektorunun böyük məsləhətçisi X8 təhqir etmişdir. Agentliyin Bitki sortlarının qeydiyyatı və toxum nəzarəti şöbəsinin Bitki sortlarının qeydiyyatı sektorunun böyük məsləhətçisi X3 08 oktyabr 2020-ci il tarixli izahatı və Agentliyin Nəzarət və qiymətləndirmə şöbəsinin müdiri X14 08 oktyabr 2020-ci il tarixli 10/M-47 nömrəli təhriri məruzəsi əsasında “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.3cü maddəsini və Azərbaycan Respublikası Prezidentinin 21 may 2019-cu il tarixli 701 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə"nin 5.5.6-cı yarımbəndini rəhbər tutaraq Agentliyin 08 oktyabr 2020-ci il tarixli 77/a nömrəli əmri ilə İddiaçı X8 təhqir etməsi ilə bağlı müraciət Agentliyin Nəzarət və qiymətləndirmə şöbəsi tərəfindən xidməti qaydada araşdırılmışdır. Araşdırma zamanı İddiaçı X8 təhqir etməsi faktı öz təsdiqini tapmışdır. Həmçinin 2020-ci il 09 oktyabr tarixində İddiaçı təxminən saat 17:15 radələrində heç bir üzrlü səbəb olmadan və əvvəlcədən məlumat vermədən iş yerini özbaşına tərk etmiş və iş vaxtının sonunadək işdə olmamışdır. 2020-ci il 10 oktyabr tarixində www.dia.az saytında Agentliyin nüfuzuna xələl gətirən saxta məlumatları ehtiva edən məqalə dərc olunmuşdur. Müəyyən edilmişdir ki, müvafiq məqalə İddiaçı tərəfindən adıçəkilən sayta müraciət edilərək yerləşdirilmişdir. 2020-ci il 12 oktyabr tarixində İddiaçı ilə görüş zamanı yazdığı ərizədə etdiyi əməli etiraf etmişdir. Bununla da “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.4-cü və 18.0.12-ci maddələri, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci və 6.2-ci maddələri İddiaçı tərəfindən kobud şəkildə pozulmuşdur. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsində qeyd olunur ki, etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Agentliyin Nəzarət və qiymətləndirmə şöbəsinin müdiri X14 2020-ci il 12 oktyabr tarixli 10/M-48 nömrəli təhriri məruzəsi əsasında dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi, dövlət orqanının nüfuzuna xələl gətirə biləcək halların qarşısının alınması, başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verilməməsi və dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət edilməsi məqsədilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.3-cü, 18.0.4-cü, 18.0.12-ci, 25.2.1-ci maddələrini və “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə”nin 5.5.5-ci yarımbəndini rəhbər tutaraq Agentliyin 2020-ci il 12 oktyabr tarixli 271/k nömrəli əmri ilə İddiaçı töhmət elan edilmişdir. Agentliyin Bitki sortlarının qeydiyyatı və toxum nəzarəti şöbəsinin müdiri X4 2020-ci il 12 oktyabr tarixli 07/M-08 nömrəli təhriri məruzəsi əsasında dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət edilməsi və müəssisədaxili intizam qaydalarına əməl edilməsi məqsədilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.3-cü maddəsini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndini və “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə”nin 5.5.5-ci yarımbəndini rəhbər tutaraq Agentliyin 2020-ci il 13 oktyabr tarixli 272/k nömrəli əmri ilə İddiaçı şiddətli töhmət elan edilmişdir. Agentliyin Nəzarət və qiymətləndirmə şöbəsinin müdiri X14 2020-ci il 14 oktyabr tarixli 10/M-49 nömrəli təhriri məruzəsi və X5 Komitəsinin İdarə Heyətinin iclasının 2020-ci il 14 oktyabr tarixli 2 nömrəli protokolu əsasında dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi, dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi və dövlət orqanının nüfuzuna xələl gətirə biləcək halların qarşısının alınması məqsədilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.4-cü, 18.0.12-ci və 25.2.6-cı maddələrini, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci və 6.2-ci maddələrini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndini və “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə”nin 5.5.5-ci yarımbəndini rəhbər tutaraq Agentliyin 2020-ci il 15 oktyabr tarixli 276/k nömrəli əmri ilə kütləvi informasiya vasitələrinə razılaşdırılmamış müsahibə verməsi, dövlət qulluqçusu onun xidməti vəzifəsinə aid olmadığı hallarda, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsi ilə bağlı qeyri peşəkarlıq göstərməsinə görə İddiaçı tutduğu vəzifədən azad edilərək 2020-ci il 15 oktyabr tarixindən dövlət qulluğuna xitam verilmişdir. Agentliyin 2020-ci il 29 oktyabr tarixli 80 nömrəli əmri ilə Agentlik üzrə 2020-ci il 15 oktyabr tarixli 276/k nömrəli əmrdə dəyişiklik edilərək həmin əmrin preambulası aşağıdakı redaksiyada verilmişdir: “Dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi, dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi və dövlət orqanının nüfuzuna xələl gətirə biləcək halların qarşısının alınması məqsədilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.4-cü, 18.0.12-ci və 25.2.6-cı maddələrini və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci və 6.2-ci maddələrini rəhbər tutaraq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən”. 2020-ci il 19 noyabr tarixində saat 10:45-də işin hazırlıq icraatı üzrə məhkəmə iclasında İddiaçı bildirmişdir ki, onun dövlət qulluqçusu olmasına baxmayaraq İddiaçı dövlət qulluğuna xitam verilməsi haqqında Agentliyin 2020-ci il 15 oktyabr tarixli 276/k nömrəli əmri ancaq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndi rəhbər tutularaq verilmişdir. İddiaçı sözügedən mövqeyi həqiqətə uyğun deyildir. Bakı İnzibati Məhkəməsinin 2-1(103)-2483/2021 saylı, 18 mart tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə qarşı (3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər İdarəsi) “əmrlərin ləğv edilməsi və sair” tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçıla əmək müqaviləsi Əmək Məcəlləsinin 72 “ə” maddəsinə əsasən pozulmuşdur. Halbuki, əmrin məzmunundan görünür ki onu əmək intizamı qaydalarını pozduğuna görə işdən çıxarıblar. Bu kimi əsaslar isə Əmək Məcəlləsinin 70-ci maddəsində göstərilmişdir. Məcəllənin 72-ci maddəsində isə 70 “ç” maddəsinin açıqlaması olaraq əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmışdır. ƏM-nin 72 “ə” maddəsi müstəqil olaraq əmək müqaviləsinin pozulması üçün norma kimi nəzərdə tutulmamışdır. Bundan başqa, cavabdeh əmrin əsası kimi iki sənəd göstərmişdir: 14.10.2020 tarixli F.Qəniyevin 10/M-49 saylı təhriri məruzəsini və X5 Komitəsinin İdarə Heyətinin iclasının 14.10.2020 tarixli protokolunu. Birincisi, F.Qəniyevin məruzəsi KİV-də getmiş məlumatla bağlı olmuşdur, bu isə dövlət qulluğunda qulluqkeçmə ilə bağlı olan məsələdir və heç bir halda əmək münasibətlərinə xitam verilməsi üçün əsas deyildir. Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanununda bu cür hallarda tənbeh vermə qaydaları və əsasları müəyyən edilmişdir. Lakin, cavabdeh bunu əsassız və yanlış olaraq ƏM-nin 72 “ə” maddəsi ilə əlaqəli şəkildə müqavilənin xitamına əsas kimi göstərmişdir. İkincisi, adını ilk dəfə bu şəkildə gördüyümüz Həmkarlar İttifaqı Komitəsinin İdarə Heyyətinin iclas protokolu hazırki halda cavabdehin birmənalı olaraq hüquqi çaşqınlığını, gördüyü işdə dürüst mövqedən çıxış etmədiyini göstərir. Qanunverici həmkarlar ittifaqı dedikdə həmkarlar komitəsinin idarə heyətinin deyil, həmkarlar ittifaqı təşkilatının razılığının alınmasını tələb edir. Yəni, bütün həmkarlar təşkilatının üzvlərinin yığıncağının. Digər tərəfdən, göstərilməlidir ki, Əmək Məcəlləsi (maddə 80.2) yalnız əmək müqaviləsinə 70-ci maddənin “b” və “ç” bəndi ilə xitam verilərkən bu razılığın mütləq olmasını müəyyən etmişdir. Əmrdə cavabdeh “Dövlət qulluğu haqqında" Qanunun 18.0.4-cü maddəsinə istinad həmin normada əsas vəzifələrdən biri kimi göstərilmişdir ki, başqa dövlət qulluqçularının işini çətinlədirən yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verilməməlidir. O, hər hansı bir başqa dövlət qulluqçusunun işini çətinləşdirməmişdir. Belə ki, başqa şöbənin əməkdaşı Azad Nehmətov yardım üçün kollektivdə razılaşdırılmış şəxsi təşəbbüslə pul yığmaq üçün onun iş yerinə gəlmişdir. Qanunun 18.0.12 maddəsində etik davranış qaydalarına əməl edilməsi tələb edilir. İlk olaraq A.Nehmətov onu təhqir etmişdir. Müdiriyyət tərəfindən İddiaçı qarşı ayrıseçkilik göstərilmişdir. O, A.Nehmətovla qeyri-etik ifadələrlə biri birinə müraciət etmişdir. Eyni əmələ görə ona töhmət verilmiş, A.Nehmətovun əməlinə isə qiymət verilməmişdir. Deməli, qərəz olmuş və məqsəd İddiaçı provokasiyaya sürükləmək olmuşdur. Saytda çıxan yazı isə müsahibə olmamış, özündə dövlət orqanının fəaliyyəti ilə bağlı məlumat daşımamışdır. Nəzərə alınmalıdır ki, qurum rəhbərləri tərəfindən səsi eşidilməyən İddiaçı bu yolla yalnız diqqət cəlb etmiş və oradakı qısa yazı bir anons xarakteri daşımışdır və iddiaçının sonradan müsahibə verməkdən çəkindiyini göstərmişdir. Göründüyü kimi, cavabdeh bir qısa zamanda İddiaçı hədəfə alaraq qanunların tədbiqində yanlışlıqlara və qarmaqarışıqlığa yol verərək qərəz və ayrıseçkiliyini biruzə vermişdir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməli, 129-cu maddəsinin İİİ hissəsinə əsasən isə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə qərarının qanuniliyi və əsaslılığına dair tələblər ədalətli qərarın qəbul edilməsinə zəmanət verir və buna görə də Konstitusiyada təsbit olunan məhkəmə müdafiəsi hüququnun mühüm prosessual təminatlarındandır. Məhkəmə qərarının əsaslı olması digər məsələlərlə yanaşı, iş üçün vacib əhəmiyyət daşıyan halların tam olaraq araşdırılması və sübuta yetirilməsini nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında dəfələrlə qeyd etmişdir ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi, qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyinə görə qəbul edilən məhkəmə aktlarının ədalətli olmasını şübhə altına alır (F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, A.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli və A.Şoşanovun şikayəti üzrə 2015-ci 11 fevral tarixli Qərarlar). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli Qərarı). Beləliklə, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında demokratik cəmiyyətdə ədalətli məhkəmə araşdırması hüququnun əhəmiyyətini vurğulayaraq “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyini də daxil etmişdir (Airey İrlandiyaya qarşı iş üzrə 1979-cu il 9 oktyabr, Hirvisaari Finlandiyaya qarşı iş üzrə 2001-ci il 27 sentyabr, Suominen Finlandiyaya qarşı iş üzrə 2003-cü il 1 iyul tarixli Qərarlar). Ədalətli məhkəmə araşdırmasının tərkib hissəsi olaraq tərəflərin təqdim etdiyi təqdimatların, arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasının təmin edilməsi milli məhkəmələrin vəzifəsi olaraq müəyyən edilmişdir (Avropa Məhkəməsinin Van de Hurk Hollandiyaya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarı). Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, 15 oktyabr 2020-ci ildə cavabdeh təşkilat onu işdən azad etmişdir. Azad etmənin səbəbi isə onun oturduğu otaqda iş yerində gəlmiş şəxslə arasında baş vermiş ixtilaf olmuşdur. Bu zaman rəhbərlik qeyri-bərabərliyə, ayrı-seçkiliyə yol verərək digər şəxsdən şikayət ərizəsi almış, ondan isə izahat tələb etmişdir. O, dəfələrlə işlədiyi təşkilatın rəhbərliyinə baş vermiş qanun pozuntuları ilə bağlı məlumat verəcəyini bildirmişdir. Məhz bundan sonra onun hər bir addımı izlənilmiş, bütün hərəkətlərinə neqativ münqasibət bəslənilmişdir. Nəticədə cavabdeh təşkilat qanunsuz əmr verərək onu işdən azad etmişdir. Onunla əmək müqaviləsi Əmək Məcəlləsinin 72 “ə” maddəsinə əsasən pozulmuşdur. Halbuki, əmrin məzmunundan görünür ki, onu əmək intizamı qaydalarını pozduğuna görə işdən çıxarmışlar. Bu kimi əsaslar isə Məcəllənin 70-ci maddəsində göstərilmişdir. Məcəllənin 72-ci maddəsi isə 70 “ç” maddəsinin açıqlaması olaraq əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmışdır. ƏM-nin 72 ‘‘ə’’ maddəsi müstəqil olaraq əmək müqaviləsinin pozulması üçün norma kimi nəzərdə tutulmamışdır. Həmçinin, əmrdə cavabdeh “Dövlət qulluğu haqqında” Qanunun 18.0.4-cü maddəsinə istinad edilmişdir. Həmin normada əsas vəzifələrdən biri kimi göstərilmişdir ki, başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. Lakin, burada hər hansı bir dövlət qulluqçusundan söhbət gedə bilməz. Onun tərəfindəh hər hansı bir qanunsuz hərəkətə yol verilmımişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, aparılmış məhkəmə araşdırması, şahidlərin izahatları, iş materiallarının öyrənilməsi göstərmişdir ki, cavabdeh AR KTN yanında Aqrar Xidmətlər Agentliyi qanunsuz və qərəzli olaraq İddiaçı dövlət qulluguna xitam vermiş, onunla əmək müqaviləsini ləğv etmişdir. Belə ki, məhkəmədə ifadə vermiş Agentliyin əməkdaşları, İddiaçı və onunla birgə otaqda oturan iş yoldaşları Əliyev Rahib və Quliyeva Gülşən göstərmişdirlər ki, başqa sektorun əməkdaşı olan X11 şəhid olmuş şəxsin ailəsi üçün könüllü yardım toplamaq üçün onların otağına gəlmişdir. Bu zaman İddiaçı ona 50 manatlıq əskinaz təqdim edərək oradan 20 manat saxlayıb, 30 manatı qaytarmağı demişdir. Azad Nehmətovun qaytarmağa pulu olmamışdır. Eyni zamanda Rahib Əliyev də Azad Nehmətova 100 manatlıq əskinaz təqdim etmişdir ki, 20 manat çıxsın. Azad Nehmətov narazılıq bildirmişdir ki, “xırda pul verin, mən sizə pulu hardan xırdalayım”. Bu zaman İddiaçı təklif etmişdir ki, Rahibin pulunu qaytar, 50 manatdan hər ikimizin pulunu 40 manat çıx. Bir daha pulun qalığının qaytarılması məsələsi qalxmış və A.Nehmətov narazılığını bildirmişdir. İddiaçı da qarşılıqlı olaraq narazılığını bildirmiş və demişdir ki, “bu işlə sən məşğulsansa sən də bu məsələyə hazır olmalısan, pulun çıxaraq qaytarılmasını təmin etməlisən. Biz gözləməmişik ki, indi pul yığılacaq. Bir də ki, hər pul ödəyən əskinaz xırdalamağa qaçarsa, nə vəziyyət yaranar”? Bu zəmində tərəflər biri birini acılamışlar. Deməli, Azad Nehmətov və İddiaçı arasında qarşılıqlı konflikt olmuşdur və hər ikisinin hərəkətinə rəhbərlik tərəfindən qiymət verilməliydi. Lakin nə baş verir? A.Nehmətovdan şikayət ərizəsi İddiaçı isə izahat alınmış və sonda intizam tənbeh tədbiri yalnız İddiaçı qarşı tətbiq edilmişdir. AR Konstitusiyasında 25-ci, 35-ci və AR Əmək Məcəlləsinin 2.3-cü, 16-cı maddələrində vətəndaşların əmək və bərabərlik eləcədə ayrı- seçkiliyin yolverilməzliyi təsbit olunmuşdur. Bu tələblərin pozuntusu baş vermişdir. İddiaçıla əmək müqaviləsi Əmək Məcəlləsinin 72 “ə” maddəsinə əsasən pozulmuşdur. Halbuki, əmrin məzmunundan görünür ki, onu əmək intizamı qaydalarını pozduğuna görə işdən çıxarmışlar. Bu kimi əsaslar isə Məcəllənin 70-ci maddəsində göstərilmişdir. Məcəllənin 72-ci maddəsində isə 70 “ç” maddəsinin açıqlaması olaraq əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmışdır. ƏMnin 72 “ə” maddəsi müstəqil olaraq əmək müqaviləsinin pozulması üçün norma kimi nəzərdə tutulmamışdır. Əmrdə cavabdeh “Dövlət qulluğu haqqında” Qanunun 18.0.4-cü maddəsinə istinad etmişdir. Həmin normada əsas vəzifələrdən biri kimi göstərilmişdir ki, başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. İddiaçının belə hərəkətləri olmamış, əksinə, inzibati organ idiaçıya qərəzli münasibət göstərmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasıya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, Agentliyin 2019-cu il 01 noyabr tarixli 146 к nömrəli əmri ilə İddiaçı 2019-cu il 01 noyabr tarixindən Agentliyin Bitki sortlarının qeydiyyatı və toxum nəzarəti şöbəsinin Toxum nəzarəti sektoruna baş məsləhətçi vəzifəsi üzrə daimi dövlət qulluğuna qəbul edilmişdir. 2020-ci il 09 oktyabr tarixində İddiaçı təxminən saat 17:15 radələrində heç bir üzrlü səbəb olmadan və əvvəlcədən məlumat vermədən iş yerini özbaşına tərk etmiş və iş vaxtının sonunadək işdə olmamışdır. 2020-ci il 10 oktyabr tarixində www.dia.az saytında Agentliyin nüfuzuna xələl gətirən saxta məlumatları ehtiva edən məqalə dərc olunmuşdur. Müəyyən edilmişdir ki, müvafiq məqalə İddiaçı tərəfindən adıçəkilən sayta müraciət edilərək yerləşdirilmişdir. Bununla da “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.4-cü və 18.0.12-ci maddələri, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci və 6.2-ci maddələri İddiaçı tərəfindən kobud şəkildə pozulmuşdur. Belə ki, dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi, dövlət orqanının nüfuzuna xələl gətirə biləcək halların qarşısının alınması, başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verilməməsi və dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət edilməsi məqsədilə “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 18.0.3-cü, 18.0.4-cü, 18.0.12-ci, 25.2.1-ci maddələrini və “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə"nin 5.5.5-ci yarımbəndini rəhbər tutaraq Agentliyin 2020-ci il 12 oktyabr tarixli əmri ilə iddiaçıya töhmət elan edilmişdir. İddiaçı dövlət qulluğuna xitam verilməsi Agentliyin 2020-ci il 15 oktyabr tarixli 276/k nömrəli əmri ancaq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinn “ə” bəndi rəhbər tutularaq verildiyini iddia etsə də, bu həqiqətə uyğun deyildir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X20 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X12 bildirmişdir ki, təqdim edilmiş təsdiqedici sənədlər əsasında sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə Aqrar Xidmətlər Agentliyi tərəfindən İddiaçı adına 15 oktyabr 2020-ci il tarixdə daxil edilmiş əmək müqaviləsinə xitam dəyişdirilmədən xitamına əsasına (maddə) tərəfimizdən düzəliş edilmişdir. Aqrar Xidmətlər Agentliyinə 29 oktyabr 2020-ci il tarixli 80 nömrəli əmrində İddiaçı dövlət qulluğuna xitam xitam verilməsi barədə 15 oktyabr 2020-ci il, 276/k №li əmrə dəyişiklik edilməsi nəzərdə tutulduğundan, dəyişikliklə bağlı əmrin elektron informasiya sistemində qeydiyyata alınması qanunvericiliyə uyğun hesab edilməmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğu üçün təmin edilməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv olunmalı və iddia təmin edilməlidir. AR İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin məhkəmə iclasında araşdırılan faktiki hallarından görünür ki, AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin “İddiaçı daimi dövlət qulluğuna qəbul edilməsi haqqında” 01.11.2019-cu il tarixli 146k nömrəli Əmri ilə İddiaçı 01.11.2019cu ildən Agentliyin Bitki sortlarının qeydiyyatı və toxum nəzarəti şöbəsinin Toxum nəzarəti sektoruna baş məsləhətçi vəzifəsi üzrə daimi dövlət qulluğuna qəbul edilmişdir. Agentliyin Bitki sortlarının qeydiyyatı və toxum nəzarəti şöbəsinin Bitki sortlarının qeydiyyatı sektorunun böyük məsləhətçisi X3 08.10.2020-ci il tarixli izahatı və Agentliyin Nəzarət və qiymətləndirmə şöbəsinin müdiri X14 eyni tarixli 10/M-47 nömrəli təhriri məruzəsi əsasında İddiaçı Azad Nəhmətovu təhqir etməsi ilə bağlı Nəzarət və qiymətləndirmə şöbəsi tərəfindən xidməti qaydada araşdırılması haqqında Agentlik tərəfindən 08.10.2020-ci il tarixli 77/a №-li əmr verilmiş və bu əmrdən irəli gələn məsələləri öz səlahiyyətləri daxilində həll edilməsi Hüquq, kadr və kargüzarlığın təşkili şöbəsi və Nəzarət və qiymətləndirmə şöbəsinə tapşırılmışdır. Xidməti araşdırma zamanı Toxum nəzarəti sektorunun baş məsləhətçisi X9 və həmin sektorunun böyük məsləhətçisi X13 08.10.2020-ci ildə verdiklər izahatlara əsasən cavabdeh inzibati orqan İddiaçı Azad Nəhmətovu təhqir etməsi faktının öz təsdiqini tapdığı qənaətinə gəlmiş, Nəzarət və qiymətləndirmə şöbəsinin müdiri Fərid Qəniyevin 12.10.2020-ci il tarixli 10/M-48 №-li təhriri məruzəsini əsas kimi gösərməklə 12.10.2020-ci il tarixli 271/k №-li əmrlə İddiaçı töhmət elan edilmişdir. Agentliyin 13.10.2020-ci il tarixli 272/k №-li əmri ilə, yəni töhmət verildikdən 1 gün sonra iddiaçıya 09.10.2020-ci ildə saat 17.15 radələrində üzürlü səbəb olmadan və əvvəlcədən məlumat vermədən iş yerini özbaşına tərk etdiyinə və iş vaxtının sonunadək işdə olmadığına görə şiddətli töhmət elan olunmuş və əmrdə onun verilməsinin əsası kimi Bitki sortlarının qeydiyyatı və toxum nəzarəti şöbəsinin müdiri M.Əhmədovun 12.10.2020ci il tarixli 07/M-08 №-li təhriri məruzəsi göstərilmişdir. İş materiallarından görünür ki, 10.10.2020-ci ildə www.dia.az saytında dərc olunmuş və Agentliyin nüfuzuna xələl gətirən saxta məlumatları ehtiva edən məqalənin müəllifinin tapılması üçün Agentliyin Nəzarət və qiymətləndirmə şöbəsi tərəfindən araşdırma aparılmış, araşdırma zamanı həmin məqalənin İddiaçı müraciətinə əsasən saytda yerləşdirildiyi müəyyən olunmuş və iddiaçı 12.10.2020-ci il tarixli ərizəsində bu faktı etiraf etmişdir. Agentliyin 15.10.2020-ci il tarixli 276/k №-li əmri ilə kütləvi informasiya vasitələrinə razılaşdırılmamış müsahibə verdiyinə, onun xidməti vəzifəsinə aid olmadığı hallarda, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsi ilə bağlı qeyripeşəkarlıq göstərdiyinə görə İddiaçı Bitki sortlarının qeydiyyatı və toxum nəzarəti şöbəsinin Toxum nəzarəti sektorunun baş məsləhətçisi vəzifəsindən azad edilərək, 15.10.2020-ci ildən dövlət qulluğuna xitam verilmişdir. İddia ərizəsində iddiaçı Agentliyinin 15.10.2020-ci il tarixli 276/k №-li əmrinin qanuniliyini mübahisələndirmişdir. Həmin əmrdən görünür ki, cavabdeh iddiaçının dövlət qulluğuna xitam verərkən hüquqi əsas kimi “Dövlət qulluğu haqqında” AR Qanununun 18.0.4, 18.0.12, 25.2.6-cı maddələrinə, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” AR Qanununun 6.1, 6.2-ci yarımbəndlərinə və AR ƏM-in 72-ci maddəsinin “ə” bəndinə istinad etmiş, əmrin verilməsi üçün faktiki əsas kimi isə Nəzarət və qiymətləndirmə şöbəsinin müdiri F.Qəniyevin 14.10.2020-ci il tarixli 10/M-49 №-li təhriri məruzəsini və Həmkarlar İttifaqı Komitəsi İdarə Heyətinin iclasının 14.10.2020-ci il tarixli 2 №-li protokolunu göstərmişdir. “Dövlət qulluğu haqqında” Qanunun 28.7-ci maddəsinə görə dövlət qulluğuna stajşçı və ya daimi qəbul olunmasından asılı olmayaraq dövlət qulluğuna qəbul olunan şəxslə əmək müqaviləsi bağlanılır. Həmin Qanunun 34-cü maddəsinə görə bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər AR-in əmək qanunvericiliyi ilə tənzimlənir. “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsinə görə intizam tənbeh tədbiri kimi dövlət qulluğundan azad edilmə dövlət qulluğuna xitamın əsaslarından biridir. Ona görə də məhkəmə kollegiyası belə hesab edir ki, dövlət qulluqçusunun qulluğuna xitam verilməsi eyni zamanda dövlət qulluqçusu kimi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini ehtiva etdiyi üçün bu halda əmək qanunvericiliyinin tələblərinə də ciddi əməl olunmalıdır. İddiaçının mübahisələndirilən əmrində istinad etdiyi AR ƏM-in 72-ci maddəsinin “ə” bəndində işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hallarından biri kimi işçinin əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması nəzərdə tutulur. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işə götürən tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci hissəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi göstərilməlidir. Mübahisələndirilən əmrdən görünür ki, iddiaçı ilə əmək müqaviləsinin ləğvinin əsası kimi AR ƏM-in 72-ci maddəsinin “ə” bəndi göstərilmişdir. Halbuki bu norma əmək müqaviləsinin xitamının əsasını deyil, xitam üçün əsas ola bilən əmək vəzifələrinin kobud şəkildə pozulmasının məzmununu müəyyən edir. Məhkəmə kollegiyası belə hesab edir ki, AR ƏM-in 72-ci maddəsinin “ə” bəndində göstərilən əsas mövcud olduğu halda iddaçının əmək müqaviləsinə həmin Məcəllənin 70ci maddəsinin “ç” bəndi ilə xitam verilməli idi. Lakin bu tələbə cavabdeh tərəfindən əməl edilməmişdir. AR ƏM-in 84-cü maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. AR ƏM-in 80-ci maddəsinin 1-ci hissəsinə görə bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci hissəsinə görə həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci 10 gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. İddiaçının dövlət qulluğuna xitam verilərkən əmək qanunvericiliyinin bu tələbi də pozulmuşdur. Belə ki, iş materiallarında işəgötürənin – Agentlik sədrinin AR ƏM-in 80-ci maddəsinin 2-ci hissəsinin tələblərinə cavab verən yazılı təqdimatı yoxdur. X5 Komitəsi İdarə Heyətinin iclasının 14.10.2020-ci il tarixli 2 №-li protokolunda da işəgötürənin yazılı təqdimatına baxılması haqqında hər hansı qeyd aparılmamışdır. Həmkarlar ittifaqı təşkilatının bu mövqeyi işçilərin onların əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək məqsədi ilə könüllü birləşib yaratdıqları, işçinin əmək hüquqlarını müdafiə etməyə borclu olan həmkarlar ittifaqları təşkilatının məqsəd və vəzifələrinə ziddir (AR ƏM-in 3-cü maddəsinin 12-ci bəndi, “Həmkarlar ittifaqları haqqında” Qanunun 11-ci maddəsinin 1-ci hissəsi). AR ƏM-in 80-ci maddəsinin 1-ci hissəsinə görə həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinin işəgötürən tərəfindən bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla ləğvinə qabaqcadan razılıq vermək səlahiyyəti müvafiq müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatına məxsusdur. İş materiallarından görünür ki, iddiaçı barədə müvafiq qərarı X5 Komitəsi deyil, onun seçkili orqanı olan İdarə Heyəti qəbul etmişdir ki, bu da qanunvericilikdə nəzərdə tutulan həmkarlar ittifaqı təşkilatının müvafiq razılığı kimi qiymətləndirilə bilməz. Bundan başqa, Həmkarlar İttifaqı Komitəsi İdarə Heyətinin iclasının 14.10.2020-ci il tarixli 2 №-li qərarı iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə xitam verlməsi barəsində deyil, iddiaçının dövlət qulluğundan azad olunması barədədir. Halbuki həmkarlar ittifaqı təşkilatının belə bir səlahiyyəti yoxdur. Halbuki həmkarlar ittifaqı təşkilatı bu halda yalnız əmək müqaviləsinin ləğvinə razılıq verilməsi və ya verilməməsi barədə qərar qəbul edə bilərdi. Mübahisələndirilən əmrdən görünür ki, onun verilməsi üçün əsas olmuş Agentliyin Nəzarət və qiymətləndirmə şöbəsinin müdiri F.Qəniyevin 10/M-49 №-li təhriri məruzəsi 14.10.2020-ci ildə tərtib olunmuş və Həmkarlar İttifaqı Komitəsinin İdarə Heyəti də elə həmin gün, yəni iddiaçıya müvafiq məlumat vermədən və onun fikrini dinləmədən tələsik qərar qəbul etmişdir. Halbuki bu məsələnin ətraflı araşdırılması üçün həmkarlar təşkilatının 10 gün vaxtı var idi. İş materiallarından görünür ki, Agentlik 29.10.2020-ci il tarixli 80 №-li əmri ilə 15.10.2020-ci il tarixli 276/K №-li əmrdə dəyişiklik edərək AR ƏM-in 72-ci maddəsinin “ə” bəndinə edilən istinadı mətndən çıxarmış, 30.10.2020-ci ildə Həmkarlar İttifaqı Komitəsinin İdarə Heyəti də öz qərarında müvafiq dəyişiklik etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Bəhram oğlunun “Dövlət qulluğuna xitam verilməsi haqqında” 15 oktyabr 2020-ci il tarixli 276/K №-li əmrdə dəyişiklik edilməsi haqqında Agentlik tərəfindən 14 gün sonra,yəni 29 oktyabr 2020-ci il tarixli 80 nömrəli əmrin qəbul edilməsi inzibati qanunvericiliyin tələblərinə zidd olmuşdur. Belə ki, inzibati orqan düzəliş adı altında 15 oktyabr 2020-ci il tarixli 276/K №-li əmrin məzmununda dəyişiklik edərək qanunsuz hərəkətlərinə qanuni don geyindirməyə çalışmışdır. “İnzibati İcraat Haqqında” AR Qanununun 63.1-ci maddəsinə əsasən, inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Həmin Qanunun 63.4-cü maddəsinə əsasən, İnzibati orqan inzibati akta edilən düzəlişlər barədə bu Qanunun 62- ci maddəsində nəzərdə tutulmuş qaydada maraqlı şəxslərə rəsmi məlumat verməyə borcludur. İş materiallarından müəyyən olunmuşdur ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət edərkən onun dövlət qulluğuna xitam verilməsi barədə əmrə dəyişiklik edilməsi haqqında 29 oktyabr 2020-ci il tarixli 80 №-li əmrin mövudluğundan xəbəri olmamışdır. AR ƏM-in 49-cu maddəsinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş electron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məhkəmə kollegiyası tərəfindən 15 oktyabr 2020-ci il tarixli 276/K №-li əmrə düzəliş edilməsi haqqında 29 oktyabr 2020-ci il tarixli 80 №-li əmrin və əmək müqaviləsinə xitam verilməsi haqqında bildirişlərin elektron İnformasiya sistemində qeydə alınması tarixlərinin müəyyən edilməsi məqsədi ilə AR ƏƏSMN yanında X15 Xidmətinə sorğu göndərilmişdir. AR ƏƏSMN yanında X15 Xidmətinin məhkəmə kollegiyasının sorğusuna cavab olaraq göndərdiyi 24 noyabr 2021-ci il tarixli cavab məktubundan görünür ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində müqaviləyə xitam verilməsi əsasına düzəliş edilməsi ilə bağlı Agentliyin 05.03.2011-ci il tarixli AXA-25/01-07- 524 №-li məktubu AR ƏƏSMN yanında X15 Xidmətinə 15.03.2021-ci ildə daxil olmuş, “əmək müqaviləsi bildirişi” altsisteminə iddiaçının adına 15.10.2020-ci ildə daxil edimiş müqaviləyə xitam verilməsi ilə bağlı bildirişdə öz əksini tapan xitam əmrinin nömrəsi və tarixi dəyişdirilmədən xitamın əsasına (maddə) düzəliş edilmiş, dəyişikliklə bağlı əmrin elektron informasiya sistemində qeydiyyata alınması DƏMX tərəfindən qanunvericiliyə uyğun hesab edilməmişdir. Məhkəmə kollegiyası iddia tələbinə daxil edilməsə də (iddianın dəqiqləşdirilməsi barədə ərizə vermək iddiaçıya təklif edilib), iddiaçıya töhmət və şiddətli töhmət verilməsinə dair cavabdeh inzibati orqanın qərarlarına münasibət bildirməyi zəruri hesab edir. İş materiallarından görünür ki, iddiaçı barəsində hər üç intizam tənbehinin verilməsi üçün əsas olmuş hallar artıq 12.10.2021-ci ildə cavabdehə məlum idi: 1) töhmət verilməsi ilə nəticələnən iddiaçının Azad Nəhmətovu təhqir etməsi barədə 08.10.2021-ci ildə başqa iki nəfər işçinin izahatı və şöbə müdiri Fərid Qəniyevin 12.10.2020-ci il tarixli 10/M-48 №-li təhriri məruzəsi; 2) şiddətli töhmət verilməsi ilə nəticələnən iddiaçının iş yerini özbaşına tərk etməsi və iş vaxtının sonunadək işə qayıtmaması barədə şöbə müdiri M.Əhmədovun 12.10.2020-ci il tarixli 07/M-08 №-li təhriri məruzəsi; 3) dövlət qulluğunda azad olunma ilə nəticələnən 10.10.2020-ci ildə www.dia.az saytında dərc olunmuş məqalənin iddiaçının müraciətinə əsasən saytda yerləşdirilməsi barədə iddiaçının özünü 12.10.2020-ci il tarixli ərizəsi. Yuxarıda qeyd olunan hər üç hal artıq 12.10.2020-ci ildə cavabdehə məlum idi və cavabdeh həmin tarixdə və ya ondan sonra iddiaçı barəsində bir intizam tənbeh tədbiri tətbiq etməli halda bunu etməmiş, əksinə, 3 gün ərzində - 12.10.2020-ci ildə təhqir faktina görə töhmət, ondan bir gün sonra iş vaxtı bitmədən iş yerini özbaşına tərk etməyə görə şiddətli töhmət və 15.10.2020-ci ildə isə www.dia.az saytında dərc olunmuş məqalənin iddiaçının müraciətinə əsasən saytda yerləşdirilməsinə görə dövlət qulluğunda azad etmə kimi tənbeh tədbiri tətbiq etmişdir. “Dövlət qulluğu haqqında” Qanunun 25.1-ci maddəsinə görə dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. Həmin Qanunun 25.2-ci maddəsinə görə dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində töhmət, bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması, həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi, daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi, ixtisas dərəcəsinin bir pillə aşağı salınması və dövlət qulluğundan azad edilməsi kimi intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər. AR ƏM-in 186-cı maddəsinin 2-ci hissəsində işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən tərəfindən ona verilə bilən intizam tənbehləri nəzərdə tutulmuşdur. Buraya töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə və əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğvi aiddir. Məhkəmə kollegiyası hesab edir ki, cavadehin iddiaçı barəsində 12-15.10.2020-ci ildə ardıcıl olaraq 3 intizam tənbeh tədbiri tətbiq etməsi həm bu tədbirin tətbiqində qanunvericinin izlədiyi məqsədə, həm də “Dövlət qulluğu haqqında” Qanunun və AR ƏMin yuxarıda istinad olunan maddələrinə ziddir. Dövlət qulluqçusunun və ya işçinin intizam məsuliyyətinə cəl olunmasında məqsəq onu əmək funksiyasını pozmaqdan çəkindirmək, əvvəllər yol verdiyi pozuntunu təkrar törətməsinin qarşısını almaqdan ibarətdir. Məhz bu səbəbdən intizam tənbeh tədbirlərinin siyahısında ağırlıq dərəcəsinə görə aşağıdan yuxarıya doğru bir neçə tənbeh tədbiri nəzərdə tutulur qanunla işəgötürənin üzərinəintizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almaq vəzifəsi qoyulur (AR ƏM-in 186-cı maddəsinin 3-cü hissəsi). Hətta mübahisələndirilən əmrdə cavabdehin özünün də istinad etdiyi AR ƏM-in 72-ci maddəsinin “ə” bəndində işçinin əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması əmək vəzifələrinin kobud pozulması halı kimi qiymətləndirilir. İş materiallarından görünür ki, iddiaçı ona 12.10.2020-ci il tarixdə töhmət veriləndən sonra təkrarən əmək funksiyasının pozulması halına yol verməmişdir. Şiddətli töhmət və dövlət qulluğunda azad olunma kimi tənbeh tədbirinin tətbiqi üçün əsas kimi göstərilən hallar isə (iş vaxtı bitmədən iş yerini özbaşına tərk etmə və iddiaçının müraciətinə əsasən www.dia.az saytında məqalənin yerləşdirilməsi) 12.10.2020-ci ilə qədər baş vermişdi və cavabdehə də məlum idi. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ona 12.10.2020-ci il tarixdə töhmət veriləndən sonra təkrarən əmək funksiyasının pozulması halına yol vermədiyi üçün növbəti günlərdə onun barəsində şiddətli töhmət və dövlət qulluğundan azad olunma kimi daha ciddi intizam tənbeh tədbirlərinin tətbiqi qanunsuz olmuşdur. Lakin birinci instansiya məhkəməsi bunu nəzərə almamış və istinad olunan maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. İş materiallarından görünür ki, iddiaçıya 12.10.2020-ci ilə töhmət verilməsi ilə nəticələnən onun Azad Nəhmətovu təhqir etməsi barədə aparılan xidməti araşdırma zamanı bu şəxlslər arasında mübahisənin şahidi olan Rahib Əliyev 08.10.2020-ci il tarixli izahatında iddiaçı ilə Azad Nəhmətovun bir-birilərinə qarşı nalayıq ifadələr işlətdiyini göstərmiş, lakin şöbə müdiri Fərid Qəniyevin təhriri məruzəsində Rahib Əliyevin izahatına istinad olunsa da, yalnız iddiaçının Azad Nəhmətovu təhqir etməsi faktının təsdiqini tapdığı qeyd olunmuşdur. Beləliklə, etik davranış qaydaları hər iki dövlət qulluqçusu tərəfindən pozulsa da, onlardan yalnız iddiaçıya töhmət verilmiş, Azad Nəhmətov barəsində isə hər hansı intizam tənbeh tədbiri görülməmiş və bununla da “İnzibati icraat haqqında” AR Qanununun 12-ci maddəsinin tələbləri (bərabərlik prinsipi) pozulmuşdur. Həmin Qanununun 12.1 və 12.2-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Lakin birinci instansiya məhkəməsi bu pozuntuya da hüquqi qiymət verməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı inzibati mübahisənin düzgün həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir ki, bu da həmin məhkəmənin qərarının ləğv edilməsi üçün əsasdır. Odur ki, apellyasiya şikayəti təmin olunaraq birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddianın təmin olunması barədə yeni qərar qəbul olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və AR İPM-in 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 18 mart 2021-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin İddiaçı dövlət qulluğundan azad edilməsi haqqında 15 oktyabr 2020-ci il tarixli 276/k №-li əmri ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki sortlarının qeydiyyatı və toxum nəzarəti şöbəsinin Toxum nəzarəti sektorunun baş məsləhətçisi vəzifəsinə və dövlət qulluğuna bərpa edilsin. Məcburi işburaxma dövrü üçün (15.10.2020-ci ildən baş məsləhətçi vəzifəsinə və dövlət qulluğuna bərpa olunana qədər) əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə həvalə olunsun. Qərardan, təqdim edildiyi gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ1025. Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar