Məhkəmə qərarları › İş №2-1(103)-1574/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1574/2022

14.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1574/2022 14.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “alınmamış müavinətin ödənilməsi tələbinə dair” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11759/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından 25 iyul 2012-ci il tarixdən 25 iyul 2015-ci il tarixinədək (üç illik) ödənilməli olan sosial müavinətin birdəfəlik ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mübahisənin iş materiallarına əsasən müəyyən edilən faktiki hallarına görə iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. X3 Nazirliyi tərəfindən xx.xx.2015-ci il tarixində müharibə veteranı adı və vəsiqəsi (vəsiqə № 0317535) verilmişdir. Həmin tarixdən də etibarən müharbə veteranlarına verilən müavinət ödənilməyə başlanmışdır. Lakin üç əvvəlki xx.xx.2012-xx.xx.2015-ci illər üçün olan müavinət bu günədək ona ödənilməmişdir. Bununla bağlı ərizə ilə DSMF-nin 15 saylı regional əpazi idarəsinə müraciət etmiş, lakin ona xx.xx.2021-ci il tarixli ona imtina cavabı verilmişdir. İmtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 saylı fərmanına əsasən müharibə veteranı və vəsiqəsi almış şəxslərə müavinət yox, 80 manat məbləğində prezident təqaüdü verilməyə başlanılmış və “Sosial müavinət haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarının 1.3-cü bəndinə və Sosial müavinətlər haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən hesab edir ki, müraciət edilməzdən əvvəlki 3(üç) il (xx.xx.2013-xx.xx.2015) üçün fərq məbləğinin birdəfəlik almaq hüququ mövcud olmuşdur. Cavabdeh iddia ərizəsinə etirazında imtina məktubunda göstərilən əsaslarla iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11759/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin ödənilməyən, yəni xx.xx.2012-cı ildən xx.xx.2015-ci ilədək 36 ay fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Şikayət cavabdeh tərəfindən onunla əsaslandırılmışdır ki, qərar qanuna zidd və əsassızdır. Daha sonra, cavabdeh “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci, Veteranlar haqqında” Qanunun 7-ci və Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahl qüvvələr veteranı və əmək veteranı verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 4-cü bəndlərini göstərərək qeyd etmişdir ki, müharibə veteranı adı xx.xx.2015-ci il tarixdə veilmişdir. Yəni, bu tarixdən sonra tanınır. Onun həmin tarixdən əvvəlki dövr üçün sosial müavinətə hüququ yaranmamışdır. Veteran kimi tanınmadığı dövr üçün müavinətin verilməsi qanunsuzdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 saylı fərmanına müvafiq olaraq xx.xx.2019-cu il tarixindən aylıq müavinət əvəzinə 80 manat prezident təqaüdü təsis edilərək ödənilməsinə başlanmışdır. “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinin dispozisiyasından da görünür ki, nə vaxt müraciət edilməsindən asılı olmayaraq birmənlı hüquqn yarandığı gündən müavinət ödənilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi F.Miriyeva apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçıya veteran statusu verilərkən qüvvədə olan maddi hüquq normalarına, o cümlədən, “Sosial müavinətlər haqqında” 4.0.1.6-cı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət təyin edilir. Həmin Qanunun 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda müavinət təyin edilir. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən Qanunun 4.0.1.6-cı, 4.0.1.8-ci, 7.0.5-ci, 7.0.6-cı, 7.0.7-ci (hər iki halda), 8-ci, 9.1.4-cü, 9.1.5-ci, 9.1.6-cı, 11.1.4-cü və 11.1.5-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir); Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanına və həmin Fərmana (xx.xx.2005-ci il tarixli 257 saylı Fərmanla) edilmiş dəyişikliyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyytlarında iştirak etdiyinə görə müharibə veteranı adını almış şəxslərə kommunal, nəqliyyat və digər xərclər üçün müavinət ödənilməsi nəzərdə tutulmuşdur «Sosial müavinətlər haqqında» Qanunun 9.1-ci maddəsinin imperativ tələbinə görə ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: Həmin Qanunun 9.1.5-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən iddiaçıya xx.xx.2015-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnaməyə (1-ci hissəsinin 1-ci bəndinin 8-ci yarımbəndinə) müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı döyüş əməliyyatlarınının iştirakına görə müharibə veteranı adı və vəsiqəsi verilmişdir. İşin mübahisələndirilməyən halıdır ki, iddiaçıya xx.xx.2015-ci il tarixindən əvvəlki üç il üçün müavinət hesablanıb verilməmiş, əvvəlki üç ilə görə müavinət almaq hüququ açıq qalmışdır. Cavabdeh apellyasiya şikayətində iddiaçıya xx.xx.2015-ci il tarixində müharibə veteranı statusu verildiyiandan sosial müəvinət təyin edilərək ödənildiyini, xx.xx.2019-cu il tarixdən isə həmin müavinətin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 saylı fərmanına müvafiq olaraq Prezident təqaüdü ilə əvəz olunduğunu qeyd edərək, Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinin qeyd olunan dispozisiyasına və «Veteranlar haqqında» Qanunun 7-ci maddəsinə istinadən belə hesab edir ki, müavinət verilərkən müharibə veteranı vəsiqəsinin verilmə tarixi əsas götürülməlidir. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, cavabdeh tərəfindən qanunvericiliyin qeyd olunan normaları düzgün təfsir olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, güzəştlərin veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilməsi anlamı heç də iddiaçının qeyd etdiyi anlamda təsfir olunub tətbiq edilə bilməz. Çünki, konkret halda qanunverici burada onu nəzərdə tutur ki, müavinətin verilməsi üçün vətəndaşın veteran vəsiqəsinin mövcudluğu tələb olunur. «Sosial müavinətlər haqqında» Qanunun 9.1-ci maddəsinin qeyd olunan tələbi baxımından, 1994-cü ilin may ayının 12-ə qədər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə (1-ci Qaraağ müharibəsi) iştirakına görə müharibə veteranı adı və vəsiqəsi iddiaçıya xx.xx.2015-cı il tarixində verilmişdir. Ona görə də müraciət etdiyi təqdirdə, həmin andan əvvəlki üç il üçün o, müavinət almaq hüququa malik olmaya bilməz. Cavabdeh isə iddiaçının qanunla müəyyən edilən həmin hüququnu pozmuş, ona ən çoxu əvvəlki üç il üçün müavinətin ödənilməsindən imtina etmişdir. Qeyd olunmalıdır ki, oxşar işlər üzrə artıq məhkəmə təcrübəsi də formalaşmışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin oxşar iş üzrə 2-1(102)-1699/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarında qeyd etmişdir ki, “Müharibə veteranı olmuş şəxsin müharibə veteranı olması faktını təsdiq edən sənədi nə zaman almasından asılı olmayaraq ona ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq “Sosial müavinət haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilməlidir.” Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin apellyasiya şikayətinin müharibə veteranı vəsiqəsi verildiyi andan əvvəlki üç il üçün iddiaçının müavinət almaq hüququnu olmadığını mübahisələndirən dəlilləri əsassızdır. Onun apellyasiya şikayətinin xx.xx.2019-cu il tarixindən iddiaçıya verilən müəvinətin prezident təqaüdü ilə əvəz edildiyini mübahisələndrilən dəlilləri gəldikdə isə iddiaçının hazırkı iddia tələbinə heç bir aidiyyəti ola bilməz. Çünki, iddiaçı «Sosial müavinətlər haqqında» Qanunun 9.1-ci maddəsi ilə müəyyən olunan hüququndan istifadə edərək ona müavinət təyin edildiyi xx.xx.2015-ci il tarixindən əvvəlki üç il üçün hesablanıb ödənilməli olan müavinətin verilməsini tələb edir. İPM-in 34.1-ci maddəsinin tələbindən də görünür ki, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçının tələbinin təmin edilməsini maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan da məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız və qanunvericiliyə zidd olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11759/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı, dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11759/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar