Məhkəmə qərarları › İş №2-1(103)-1574/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1574/2024

18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1574/2024 18.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Bakı şəhər Əzizbəyov (indiki Xəzər) rayon icra hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 629/167 saylı sərəncamına əsasən Zirə qəsəbəsində 279 saylı sahədə 1200 kv.metr fərdi ev tikmək üçün iddiaçıya verilmiş torpağın yerləşmə cizgizinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9516/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli qərarından cababdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı Cavabdehnə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq, Bakı şəhər Əzizbəyov (indiki Xəzər) rayon icra hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 629/167 saylı sərəncamına əsasən Zirə qəsəbəsində 279 saylı sahədə 1200 kv.metr fərdi ev tikmək üçün iddiaçıya verilmiş torpağın yerləşmə cizgizinin, həmçinin tikilmiş və lahiyəsi olan evin cizgisinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Bakı şəhər Əzizbəyov (indiki Xəzər) rayon icra hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 629/167 saylı sərəncamına əsasən iddiaçıya Zirə qəsəbəsində 279 saylı sahədə fərdi yaşayış evinin tikilməsi üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin sərəncamın qeydiyyatı barədə arxiv idarəsinin də rəsmi məktubu vardır. Həmin ünvanda iddiaçı tərfindən müvafiq sənədlər əsasında fərdi yaşayış evi tikilmiş və hal-hazırda da həmin ünvanda yaşayış vardır. Həmin torpaq sahəsinə çıxarış alması üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Lakin həmin torpaq sahəsinin cizgisi olmadığına görə çıxarış verilməmişdir. Həmçinin məktubda elektron kadastr məlumatlarına əsasən koordinatlarla verilmiş 0.12 ha torpaq sahəsi Zirə Tərəvəzçilik-Südcülük sovxozunun Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşməklə Xəzər rayonu Zirə qəsəbəsi ərazi hüdudlarına daxilində olması qeyd edilmişdir. Həmin torpaq sahəsində evi sənədləşdirmək üçün evə və torpağa dair cizginin alınması üçün xx.xx.2023-cü il tarixdə rəsmi olaraq Cavabdehnə müraciət etsə də ona heç bir cavab verilməmişdir. Həmin torpaq sahəsi iddiaçıya qanuni sərəncamla verilmişdir. Həmin sahədə yerləşən bəzi evlərə cizgi verilmiş və özəlləşdirilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur Kİ, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub- olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yolverənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMnin 37-ci maddəsinə əsasən yoxlamalıdırlar. Belə ki, iddia ərizəsindən göründüyü kimi, İddiaçı Cavabdehnə ünvanladığı müraciətinə əsasən Zirə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən məlumata əsasən istifadədə olan torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyətinin idarəçiliyində olduğundan cizgi və xəritədən çıxarışın verilməsinin məqsədə uyğun olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də Cavabdeh əvvəllər Rayon İcra Hakimiyyəti tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək öhdəliyi nəzərdə tutulmamışdır Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9516/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli qərarı ilə İddia tələbi təmin edilmiş və İddiaçı Bakı şəhər Əzizbəyov (indiki Xəzər) rayon icra hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 629/167 saylı sərəncamına əsasən Zirə qəsəbəsində 279 saylı sahədə 1200 kv.metr fərdi ev tikmək üçün iddiaçıya verilmiş torpağın yerləşmə cizgisinin verilməsi öhdəliyi cavabdeh Bakı şəhər Cavabdehnə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)- 9516/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 629/167 nömrəli “Vətəndaşa fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” sərəncama əsasən, Zirə qəsəbəsi, C.Məmmədquluzadə küçəsi, 29 nömrəli evdə yaşayan, mülki ordu sıralarında xidmət edən İddiaçı Zirə qəsəbəsində 279 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. - Dövlət Arxivi Bakı Filialının İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 ünvanladığı 27 dekabr 2021-ci il tarixli, BA-06338-2021 saylı məktubuna əsasən, keçmiş Əzizbəyov rayon İH-nin (indiki Xəzər RİH) arxiv fondu üzrə xx.xx.1993-cü il tarixli, 629/167 saylı sərəncamının təsdiq edilmiş ksero surəti təqdim edilmiş, əlavə olaraq bildirilmişdir ki, sərəncama yerləşmə sxemi və ya cizgi sənədi əlavə edilməmişdir. - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 ünvanladığı xx.xx.2022-ci il tarixli, **********45 nömrəli məktubuna əsasən bildirilmişdir ki, koordinatlarla verilmiş sahə vahid elektron kadastr baza məlumatlarına əsasən Xəzər rayonu, Zirə qəsəbəsinin ərazisidir. Sözügedən ərazi X2 Sovxozunun Bakı şəhəri inzibati sərhədləri daxilində qalan hissəsində yerləşir. - İddiaçı Cavabdehnə ünvanladığı ərizənin surətindən görünür ki, o Bakı şəhər Əzizbəyov (indiki Xəzər) rayon icra hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 629/167 saylı sərəncamına əsasən ayrımış torpaq sahəsinin cizgi və xəritədən çıxarışın verilməsini xahiş etmişdir. - Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti Başçısının İ müavininin Bakı İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-12/2- 1085/2023 saylı məktubuna əsasən bildirilmişdir ki, Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti tərəfindən 1993-cü il üzrə verilmiş sərəncamlar Milli Arxiv Fondunun Bakı filialına təhvil verildiyindən, xx.xx.1993-cü il tarixli, 629/167 nömrəli sərəncamın və sərəncam əsasında iddiaçıya fərdi evin tikintisi üçün ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin və ona aid digər sənədlərin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən, daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə(baxış) aktı və koordinatları təqdim edilmişdir. - Təqdim edilmiş xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən qeyd edilmişdir ki, torpaq sahəsi m/daş hasar daxilindədir. İki tərəf yol, iki tərəf qonşudur. Sahədə 1 mərtəbəli yaşayış evi və həyət tikililəti var. Torpaq sahəsinin yerləşməsinə dair cizgi təqdim edilməyib. Faktiki koordinat cədvəli akta əlavə edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən, torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Torpaq sahəsi iddiaçının istifadəsinə verilən zaman Azərbaycan Respublikasının Ali Sovetinin 9 noyabr 1991-ci il tarixli, 255-Xİİ nömrəli Qərarı ilə təsdiq edilmiş Torpaq Məcəlləsi qüvvədə olmuşdur. Ali Sovetinin 9 noyabr 1991-ci il tarixli, 255-Xİİ nömrəli Qərarı ilə təsdiq edilmiş Torpaq Məcəlləsinə əsasən: - 14. müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Torpaq daimi istifadəyə rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən kolxozlara, sovxozlara, kooperativlərə, sənaye, nəqliyyat və başqa müəssisələrə, idarələrə, təşkilatlara, assosiasiyalara, səhmdar cəmiyyətlərinə, elmi tədqiqat idarələrinə, hərbi və dini təşkilatlara, respublika və xarici hüquqi şəxslərin iştirakı ilə birgə müəssisələrə, beynəlxalq birliklərə və təşkilatlara onlara həvalə edilmiş vəzifələri həyata keçirmək üçün verilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. - 22. torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir:1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq;3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq; - 29. müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. - 57. yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən: - 48.2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. - 65.5. torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. - 65.8. torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. - 68. torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. - 83.1. hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. - 84.1. torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: - 152.1. mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 157.8. mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 9. vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Hazırkı iddia tələbinin məzmunundan görünür ki, iddiaçı Bakı şəhər Əzizbəyov (indiki Xəzər) rayon icra hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 629/167 saylı sərəncamına əsasən Zirə qəsəbəsində 279 saylı sahədə fərdi yaşayış evinin tikilməsi üçün 1200 kv.metr torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasının xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən müəyyən edilir ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilsə də, hazırda həmin torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyil. Yuxarıda istinad eidlən qanunvericilik normalarından isə göründüyü kimi, müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilə bilən torpaq sahələri yalnız dövlət ehtiyat fondu torpaqlarına aid ola bilər və qəbul edilmiş qərarla rəsmiləşdirilməlidir. Torpaq sahəsi ayrılarkən yerquluşu qaydalarına uyğun olaraq əvvəl onun sərhədləri yerdə (naturada) və xəritədə, yəni həmin torpaq sahəsinin digər torpaq sahələrinə münasibətdə yerləşməsi və döngə nöqtələri müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi onu ehtiva edir ki, torpaq sahəsi ayrılan şəxsə onun ölçüləri göstərilməklə təqdim edilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının torpaq sahəsinə cizginin verilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz və hazırki mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9516/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Bakı şəhər Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9516/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar