Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1575/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə qarşı “iddiaçının idarə etdiyi avtomaşına vurulmuş şəhid şəkillərinin istənilən formada sökülməsinin qadağan edilməsi və ya belə hərəkətlərin dayandırılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2-1(112)-2269/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun (iddiaçının) idarə etdiyi “Ford Tranzit” markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomaşına vurulmuş şəhid şəkillərinin istənilən formada sökülməsinin DYP əməkdaşlarına qadağan edilməsi və ya belə hərəkətlərin dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində bildirir ki, 2020-ci ilin sentyabr ayının 29-da idarə etdiyi “Ford Tranzit” markalı **-EU-*** dövlət nömrə nişanlı avtomaşınla Yasamal rayonunun H.Zərdabi prospektində hərəkət edərkən DYP əməkdaşları tərəfindən saxlanılaraq avtomaşının arxa yuxarı hissəsinə vurulmuş “torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Fərid Əhmədov və Urfan Vəlizadənin foto şəkilləri”nin sökülməsi tələb olunmuşdur. Onların bu hərəkəti əvvəlcə təəccüblə qarşılanmış. O, DYP əməkdaşlarına bildirmişdir ki, gənc nəslin şəhidlərimizə hörmətlə yanaşması və vətənpərvərlik ruhunda tərbiyə olunmasında bu şəkillərin avtomaşında olması çox faydalı bir əməldir. Lakin həmin şəxslər fotoşəkillərin sökülməsini tələb etdilər. Sonra onlar heç bir protokol tərtib etmədən məcburi şəkildə həmin fotoşəkilləri avtomaşından sökdülər. Bir müddət sonra o (iddiaçı), digər şəhidlər Mübariz İbrahimov və Emin Bağırovun fotoşəkillərini avtomaşına vurmuşdur. Bir vətəndaş olaraq polis əməkdaşlarının bu qaunsuz hərəkətlərindən dərhal “102 qaynar xətti”nə şikayət etmişdir. Qaynar xətdən əvvəlcə Respublika BDYPİ İdarəsinə yönləndirilsə də, qurumun məsul şəxsindən cavab alınmadı. Daha sonra təkrarən 102 xidməti ilə əlaqə saxlanarkən, onu BBPİ-nin 107-ci otağa yönəltmişlər. Bundan sonra o, cavabdeh təşkilata getməli olmuşdur. Orada qaldırılan məsələ ilə bağlı ona (iddiaçıya) konkret cavab verilməmişdir. Avtomaşına yaxınlaşdıqda isə, fotoşəkillərin yenidən süküldüyünü görmüşdür. Məsələ ilə bağlı onun AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə müraciətinə məzmununa uyğun olmayan cavab verilmişdir. Cavab məktubunda qeyd olunmuşdur ki, əsassız protokol tərtib edilməsi barədə “102” xidmətinə ünvanlanmış müraciət araşdırılmış və polisin qanunsuz hərəkətləri barədə müraciətdə göstərilən xüsusatların təsdiqini tapmadığı nəzərə alınmışdır. Buradan da aydın olur və dolayısı ilə məsələ öz təsdiqini tapır ki, mübahisə hər hansı protokolun qanunsuz olmasından yox, polis əməkdaşlarının yol hərəkəti ilə bağlı qanunvericiliyə zidd olan hərəkətlərindən gedir. Bakı İnzibati Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2-1(112)-2269/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmaqla mahiyyəti üzrə davam etdirilməsi barədə müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əvvəla, istənilən məhkəmə təcrübəsindən irəli gələn hüquqi məsələ ilə bağlı Ali Məhkəmənin Plenum qərarı aşağı instansiya məhkəmələri üçün məcburi deyil, tövsiyə xarakteri daşıyır. İkincisi, onun məhkəmədə qaldırdığı problemli məsələ hər hansı yol nəqliyyat hadisəsinə görə, inzibati xəta faktı və ya təhqiqat-istintaq orqanlarının fəaliyyətinə məhkəmə nəzarəti qaydası ilə bağlı deyil, sırf cavabdeh inzibati orqanın aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılmalı hadisədir. Üçüncüsü, iddiaçının idarə etdiyi avtomaşının mülkiyyətçisi deyil, etibarnamə ilə idarə edən şəxs olmasının inzibati orqanın aktın qəbul edilməsi ilə əlaqədar olmayan qanunsuz müdaxilələrinə qarşı iddia tələbi ilə məhkəmədə çıxış etməsini istisna etmir. Digər tərəfdən mövcud təcrübəyə əsasən inzibati məhkəmələr vətəndaşların iddia tələbi ilə bağlı icraatı həyata keçirərkən onları düzgün hüquqi addımlar barədə məlumatlandırmalı və lazımi köməkliyi göstərməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maaddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 04 oktyabr 2012-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələri inzibati xətalara dair mübahisələrlə bağlı münasibətlərə şamil edilmir. İnzibati xətalar haqqında işlər üzrə inzibati orqanın qəbul etdiyi inzibati aktlardan (qərarlardan) verilən şikayət və protestlərə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.2.3 və 431.1.3-cü maddələrinə əsasən ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 17-ci bəndində qeyd edilir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 17-ci bəndində qeyd edilir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı hazırda cavabdehin inzibati xətalara dair işlər üzrə fəaliyyəti ilə bağlı hərəkətlərini mübahisələndirdiyindən, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Eyni zamanda, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı İddiaçı idarə etdiyi “Ford Tranzit” markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomaşın X1 məxsusdur, iddiaçı həmin nəqliyyat vasitəsini yalnız etibarnamə üzrə idarə etmək səlahiyyəti olan şəxsdir. Odur ki, iddiaçının sözügedən nəqliyyat vasitəsinə münasibətdə hazırkı iddianı qaldırmaq üzrə subyektiv hüququ da yaranmış olmur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan norması, prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından, belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla, əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinin tələbinə görə iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apelyasiya şikayəti təmin olunmamalı, iş üzrə qərardad dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2-1(112)-2269/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Afaq Nuriyeva Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-1575/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1575/2021
24.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver