Məhkəmə qərarları › İş №2-1(103)-1575/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1575/2022

18.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1575/2022 18.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-295/2022 saylı, 13 yanvar 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin 30 dekabr 1998-ci il tarixli 1971 saylı sərəncamı ilə ona ayrılan və hazırda sahibliyində və istifadəsində olan Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində yerləşən 600 kv. metr torpaq sahəsinə dair faktiki mövcud olan ölçülərinə uyğun olaraq mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmaqla mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun tərəfindən Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən, 22 ildir sahibliyində olan 600 kv. metr sahədən ibarət torpaq sahəsinin üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar 09 iyun 2020-ci il tarixdə cavabdeh təşkilata müraciət olunmuşdur. Cavabdeh təşkilat 26 iyun 2020-ci il tarixdə heç bir hüquqi əsaslandırma etmədən, mənfi və ya müsbət cavab vermədən iddiaçı tərəfindən göndərilmiş sənədləri geri qaytarmışdır. Cavabdeh təşkilatın bu hərəkətsizliyi artıq imtinaya bərabər tutulur. Yuxarıda göstərilənlərlə əlaqədar olaraq qeyd edilməsi zəruridir ki, Səbail rayon Hakimiyyətinin 30 dekabr 1998-ci il tarixli, 1971 saylı sərəncamı ilə ona fərdi evin tikintisi üçün 600 kv. metr torpaq sahəsi ayrılmışdır. Həmin zamandan etibarən sözügedən torpaq sahəsi daimi olaraq onun sahibliyində və istifadəsindədir. Hazırki vaxtadək torpaqdan istifadəyə dair heç bir fiziki və ya hüquqi şəxsin etirazı olmamışdır. İddia ərizəsinə əlavə edilmiş 25 noyabr 2019-cu il tarixli, 731 saylı Milli Arxiv İdarəsinin arayışından da görünür ki, mübahisəli torpaq sahəsi ona 30 dekabr 1998-ci il tarixdə ayrılmışdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8.0.1-ci maddəsinin tələbinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İşin şərh olunan faktiki hallarından göründüyü kimi, hazırki iş üzrə cavabdeh - DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv. metr sahədən ibarət torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsindən imtinası ilə bağlı hərəkətləri qanuni və əsaslı olmamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən aparılmış yerli baxış zamanı müəyyən edilmişdir ki, torpaq sahəsində mərzlənmə və hasarlanma işləri tam aparılmamışdır. Səbail rayon İcra Hakimiyyəti başçısının 1971 saylı, xx.xx.1998-ci il tarixli torpaq sahəsinin ayrılması barədə sərəncamı əsasında tərtib olunan torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında fərq mövcuddur. Bundan əlavə 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Daş Karxanasının ərazisində yerləşir (dövlət torpağıdır). Bu barədə vətəndaşa **********15 qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli məktub ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələbinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-295/2022 saylı, 13 yanvar 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: N.Abıyev) Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cu yaşayış massivi ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2017-ci il tarixli ərizə ilə idarəyə müraciət etmişdir. İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2017-ci il tarixdə aparılmış yerli baxış zamanı müəyyən edilmişdir ki, torpaq sahəsində mərzlənmə və hasarlanma işləri tam aparılmamışdır. Səbail rayon İcra Hakimiyyəti başçısının 1971 saylı, xx.xx.1998-ci il tarixli torpaq sahəsinin ayrılması barədə sərəncamı əsasında tərtib olunan torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında fərq mövcuddur. Həmçinin bildiririk ki, torpaq sahəsinin yerləşmə cizgisində perimetrik ölçülər göstərilməmişdir. Bundan əlavə 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Daş Karxanasının ərazisində yerləşir (dövlət torpağıdır). Bu barədə vətəndaşa **********15 qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli məktub ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin 13 yanvar 2022ci il tarixli, 2-1(112)-295/2022 nömrəli qərarı idarəyə daxil olduqdan sonra xx.xx.2022-ci il tarixdə idarənin mütəxəssisləri tərəfindən təkrar yerli baxış keçirilmişdir. Bu zaman iddiaçı tərəfindən 24.10 2017-ci il tarixli müraciəti zamanı iddia etdiyi ərazidən fərqli ərazi göstərilmişdir. Torpaq sahəsinin ölçüsü sənəd üzrə 600.0 kv.m təşkil etsə də, faktiki 520.0 kv.m təşkil edir. Naturada göstərilən ərazi mübahisəli olmaqla, həmin sahə üzərində hüquqların qeydiyyata alınması ilə bağlı digər fiziki şəxslər (X1, X7, X3, X5, X6, X4) tərəfindən müxtəlif sənədlərlə İdarəyə müraciətlər daxil olmuşdur. Yuxarıda qeyd olunanların və müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Bakı şəhər Səbail Rayon icra Hakimiyyəti, X1, X7, X3, X5, X6, X4 müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməlidir. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək bildirilmişdir ki, cavabdehin apellyasiya şikayəti əsassızdır. Belə ki, cavabdeh tərəfindən adı çəkilən vətəndaşlar onun istifadəsində olan torpaq sahəsinə heç bir aidiyyətləri yoxdur. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, X1 hal-hazırda Bakı İnzibati Məhkəməsində Reyestr Xidmətinə qarşı iddia ilə Badamdar qəsəbəsi, İ yaşayış massivində torpaq sahəsinin onun mülkiyyətinə verilməsi barədə məhkəmə prosesi gedir. İş № 2-1(112)- 492/2022. Digər göstərilən şəxslərlə onun görüşləri olub və onlar əldə olunan saxta bələdiyyə sənədləri ilə onun istifadəsində olan torpaq sahəsinə iddialı idilər. Lakin sonradan o, göstərilən vətəndaşlara onun adına olan sənədləri təqdim etdikdən sonra onlar iddialarından imtina ediblər. Əgər onlar Reyestr Xidmətinin Bakı Ərazi İdarəsinə müraciət ediblər və oradan imtina cavabı alıblarsa, onların məhkəməyə müraciət etməyə hüquqları var idi. Əgər onlar bu hüquqdan istifadə etməyiblərsə deməli onların göstərilən torpaq sahəsinə heç bir iddiaları yoxdur. Yuxarıdakıları nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti rədd olunmalıdır və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İşə apellyasiya qaydasında baxılarkən iş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinin Başçısının 1971 nömrəli xx.xx.1998-ci il tarixli “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” sərəncamın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün İddiaçı 600 kv. metr torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 731 nömrəli arxiv çıxarışından müəyyən olunur ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 1971 saylı xx.xx.1998-ci il tarixli sərəncamına əsasən Badamdar qəsəbəsində 600 (altı yüz) kv. metr fərdi ev tikmək üçün İddiaçı torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Səbail rayon İcra Hakimiyyəti Başçısının 1971 saylı 30 dekabr 1998-ci il tarixli sərəncamı ilə vətəndaş İddiaçı ayrılmış Badamdar qəsəbəsi 3 yaşayış massivi 1304 B №-li ünvanda yerləşən 600 kv. metr torpaq sahəsinin yerləşmə cizgisi Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini V.Muxtarov tərəfindən təsdiq olunmuşdur. İş materiallarında olan iddiaçının müraciətinə cavab olaraq, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********15 №li xx.xx.2017-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə göstərilmişdir ki, aparılmış çöl ölçmə işlərinə əsasən müəyyən edilmişdir ki, torpaq sahəsində mərzlənmə və hasarlanma işləri tam aparılmamışdır. Səbail rayon İcra Hakimiyyəti başçısının 1971 saylı, xx.xx.1998-ci il tarixli torpaq sahəsinin ayrılması barədə sərəncam əsasında tərtib olunan torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında fərq mövcuddur. Bakı şəhər Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi (dövlət torpağıdır) Daş Karxanasının ərazisində yerləşir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********77 №li xx.xx.2021-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş mütəxəssis rəyindən müəyyən olunur ki, Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti Başçısının 1971 nömrəli xx.xx.1998-ci il tarixli “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” sərəncamın əlavəsi olan müraciətə əlavə edilmiş cizgi miqyassız, kordinatsız, hər hansı istinad nöqtəsindən məsafə göstərilməklə hazırlanmadığından və hazırlandığı müddətdən uzun illər keçdiyi üçün situasiyanın dəyişdiyindən bu cizgidə qeyd edilən torpaq sahəsinin naturada yerin müəyyən edilməsinin mümkün olmaması səbəbindən Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinin Başçısının 1971 nömrəli xx.xx.1998-ci il tarixli “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” sərəncamı ilə İddiaçı Badamdar qəsəbəsində ayrılmış 600 kv. metr torpaq sahəsinin yerləşmə cizgisi ilə faktiki vəziyyəti arasında uyğunsuzluğun olubolmamasını müəyyən etmək mümkün olmamışdır. - Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinin Başçısının 1971 nömrəli xx.xx.1998-ci il tarixli “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” sərəncamı ilə İddiaçı Badamdar qəsəbəsində ayrılmış torpaq sahəsinin ölçüsü 600 kv. metr qeyd edilsə də, İddiaçı iddia etdiyi və naturada göstərdiyi (faktiki ölçüləri əlavə edilmiş sxemdə qeyd edilən) torpaq sahəsi 557 kv. metr təşkil edir. - Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinin 1971 nömrəli xx.xx.1998-ci il tarixli “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” sərəncamın əlavəsi olan müraciətə əlavə edilmiş cizgidə qeyd edilən torpaq sahəsinin naturada yerinin müəyyən edilməsinin mümkün olmaması səbəbindən İddiaçı Badamdar qəsəbəsində ayrılmış 600 kv.m torpaq sahəsinin Daş Karxanasının ərazisi ilə üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********77 №li xx.xx.2021-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş mütəxəssis rəyinə əlavə olunmuş Daşınmaz Əmlakın Kadatrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi Bakı Layihə-Tədqiqat İdarəsi tərəfindən mübahisəli torpaq sahəsinin faktiki yerləşmə sxemi tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 10/5530 saylı ekspert rəyindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki; - Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinin Başçısının 1971 nömrəli xx.xx.1998-ci il tarixli sərəncamı ilə ayrılmış 600 kv. metr torpaq sahəsinin cizgisi miqyassız, koordinatsız, hər hansı istinad nöqtəsindən məsafə göstərilməklə hazırlanmadığından və hazırlandığı müddətindən uzun illər keçdiyi üçün situasiyanın dəyişdiyindən həmin cizgidə qeyd edilən torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi mümkün olmamışdır. Bu səbəbdən Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinin Başçısının 1971 nömrəli xx.xx.1998-ci il tarixli “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” sərəncamı ilə İddiaçı Badamdar qəsəbəsində ayrılmış 600 kv. metr torpaq sahəsinin yerləşmə cizgisi ilə faktiki vəziyyəti arasında uyğunsuzluğun olub-olmamasını, eyni zamanda sərəncamda qeyd edilən torpaq sahəsinin Daş Karxanasının ərazisi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. - Mütəxəssis rəyinə və rəyə əlavə edilmiş sxemdə qeyd olunanlara əsasən, İddiaçı iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi 557 kv. metr təşkil edir. Faktiki istifadədə olan torpaq sahəsinin hər hansı fiziki və hüquqi şəxsin adına ayrılması eləcə də hüquqi və ya texniki sənədin verilməsi barədə məlumat aşkar edilməmişdir. İşdən görünür ki, iddiaçı Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin 30 dekabr 1998ci il tarixli 1971 saylı sərəncamı ilə ona ayrılan və hazırda sahibliyində və istifadəsində olan Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində yerləşən 600 kv. metr torpaq sahəsinə dair faktiki mövcud olan ölçülərinə uyğun olaraq mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmaqla mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd etmişdir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələrindəndir. Göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək və vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək cavabdeh inzibati orqanın vəzifələrinə aid edilmişdir. Cavabdeh inzibati orqanın imtinada və iddiaya dair etirazda göstərdiyi dəlillərə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı mütəxəssis və ekspert rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi 557 kv. metr təşkil edir. Faktiki istifadədə olan torpaq sahəsinin hər hansı fiziki və hüquqi şəxsin adına ayrılması eləcə də hüquqi və ya texniki sənədin verilməsi barədə məlumat aşkar edilməmişdir. Mübahisəli torpaq sahəsinin Daş Karxanasının ərazisi ilə üst-üstə düşməsi barədə cavabdehin dəlili isə məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin mahiyyətcə etirazda göstərilən əsaslarla eyni olan dəlilləri üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın nəticələri ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydasını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Qanununun 8-ci maddəsində göstərilən «daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas»ı və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulan sənədi (Səbail rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 1971 saylı sərəncamı) mövcud olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. Torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil və faktiki olaraq ölçüsü 557 kv.m olmaqla iddiaçının istifadəsindədir, ekspert rəyinə əsasən iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin hər hansı fiziki və hüquqi şəxsin adına ayrılması eləcə də hüquqi və ya texniki sənədin verilməsi barədə məlumat aşkar edilməmiş, həmçinin mübahisəli torpaq sahəsinin Daş Karxanasının ərazisi ilə üst-üstə düşməsi müəyyən edilməmişdir. Həmin torpaq sahəsinin cizgisi Səbail rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısının sözügedən sərəncamı ilə təsdiq edilmiş maddi maraq iddiaçının mülkiyyətini təşkil edir və iddiaçının torpaq sahəsinə faktiki ölçülərinə uyğun olaraq mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur . 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsi barədə mötəbər sübutların olmasına və həmin sənədlərin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına əsas verdiyinə baxmayaraq, cavabdeh əsassız olaraq torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınmasından imtina etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbinin təmin olunmasından imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X15 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər. Buna görə də iddiaçının tələb etdiyi torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin inzibati orqanın üzərinə qoyulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəlləni 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-295/2022 saylı, 13 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar