Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1575/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndələri Nümayəndə və X1 iştirakları ilə, İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Səbail rayon şöbəsinə qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə “məhkəmə qərarının icra edilməməsinə görə cərimənin tətbiq edilməsi” məsələsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2113/2018 saylı, xx.xx.2023-cü il tarixli qərardadından cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Səbail rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 1 sаylı Bаkı İnzibаti-İqtisаdi Məhkəməsinə müraciət edərək, iddiaçının xx.xx.1970-xx.xx.1975-ci illər ərzində ali məktəbdə əyani təhsil aldığı dövrün sosial sığorta stajına daxil edilməsi və xx.xx.2008-xx.xx.2011-ci illər dövründə Gürcüstan Respublikasında fərdi hesabına ödənilmiş 58107,37 lari sosial sığorta kapitalının əmək pensiyasının hesablanmasında nəzərə alınması vəzifəsinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Səbail rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsinı xahiş etmişdir. 1 sаylı Bаkı İnzibаti-İqtisаdi Məhkəməsinin 2-1(81)-2113/2018 saylı 30 may 2018-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçı xx.xx.1970-xx.xx.1975-ci illər ərzində ali məktəbdə əyani təhsil aldığı dövrün sosial sığorta stajına daxil edilməsi və xx.xx.2008-xx.xx.2011-ci illər dövründə Gürcüstan Respublikasında fərdi hesabına ödənilmiş sosial sığorta kapitalının əmək pensiyasının hesablanmasında nəzərə alınması vəzifəsinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fоndunun Səbail rаyоn şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2112/2018 saylı, 01 noyabr 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 may 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-629/2019 saylı işi üzrə qəbul etdiyi, xx.xx.2019-cu il tarixli qərarı ilə cavabdehin kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2112/2018 saylı iş üzrə 01 noyabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra, 12 aprel 2019-cu il tarixdə icra edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Səbail rayon Şöbəsinə göndərilmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək, məhkəmə qərarının icra edilmədiyini bildirərək müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Məhkəmə tərəfindən 29 noyabr 2019-cu il tarixdə icra vərəqəsi verilmiş və Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı ərizə ilə məhkəməyə müraciət edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 2113/2018 saylı 30 may 2018-ci il tarixli qərarına izah verilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-2113/2018 saylı, 18 may 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-298/2023 saylı işi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-2113/2018 saylı, 18 may 2022-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə cavabdeh inzibati orqana qərarın icra edilmədiyi halda məcburi icra tədbirlərinin (cərimənin) tətbiq ediləcəyi barədə xəbərdarlıq göndərmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən 09 iyun 2023-cü il tarixli, 3-17-1/2-131517/2023 saylı məktubda birinci instansiya məhkəməsinə bildirilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-2113/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərarında məhkəmə hüquqi mövqeyini “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Respublikası Hökuməti arasında pensiya təyinatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında" 3 fevral 1993-cü il tarixli Saziş ilə əsaslandırmışdır. Fondun Bakı şəhəri üzrə 1 saylı xidmət nümayəndəliyi tərəfindən İddiaçı təhsil aldığı dövr (xx.xx.1970-xx.xx.1975) sığorta stajına daxil edilmiş və ümumilikdə xx.xx.2006-cı il tarixinədək 34 il 10 ay 29 gün sığorta stajı nəzərə alınmaqla əmək pensiyası xx.xx.2016-cı il tarixdən yenidən hesablanmışdır. Eyni zamanda, keçmiş dövr üçün yaranmış 508,82 manat fərq məbləği vətəndaşa tam şəkildə ödənilmişdir. Həmçinin, məhkəmə qərarına əsasən xx.xx.2008-ci il tarixindən xx.xx.2011-ci il tarixinədək Gürcüstan Respublikasında əmək fəaliyyəti dövrləri pensiya hüququnun yaranmasında nəzərə alınsa da, Gürcüstan Respublikasında fərdi hesabına ödənilmiş sosial sığorta ödənişlərinin əmək pensiyasının hesablanmasında nəzərə alınması yuxarıda qeyd olunan Sazişə, eləcə də Azərbaycan və Gürcüstan Respublikalarının müvafiq qanunvericilik aktlarına əsasən mümkün deyildir. Belə ki, Sazişdə iş stajının hesablanması zamanı sığorta haqqının ödənilməsi əsas şərt kimi müəyyən edilmişdir. xx.xx.2006-cı il tarixindən isə Gürcüstan Respublikasında “İcbari sığorta haqqında” Qanun ləğv edildiyi üçün müvafiq sığorta haqlarının tutulması dayandırılmışdır. Təqdim edilmiş xx.xx.2017-ci il tarixli SOCAR-a məxsus arayışdan görünür ki, xx.xx.2008-ci il tarixindən xx.xx.2011-ci il tarixinədək “X5” MMC-də əmək fəaliyyəti dövrləri üzrə ödənilmiş əmək haqqından yalnız gəlir vergisi tutulmuş, sığorta haqqının tutulması barədə isə heç bir qeyd aparılmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(81)- 2113/2018 saylı qərarının icrasının təmin edilməsi məqsədilə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, əmək pensiyasının məbləği xx.xx.2008-xx.xx.2011-ci illər üzrə aldığı cəmi 134547,15 manat əməkhaqqının 3 faizi nəzərə alınmaqla (4036,41 manat məbləğində formalaşan pensiya kapitalına əsasən) yenidən hesablanmış və xx.xx.2016-cı il tarixindən 231,65 manatdan 250,96 manata çatdırılmışdır. Əmək pensiyasının məbləği indeksləşdirilməklə xx.xx.2017-ci il tarixindən 279,68 manata, xx.xx.2018-ci il tarixindən 295,62 manata, xx.xx.2019-cu il tarixindən 304,49 manata, xx.xx.2020-ci il tarixindən 355,04 manata, xx.xx.2021-ci il tarixindən 395,51 manata, xx.xx.2022-ci il tarixindən 408,96 manata çatdırılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2113/2018 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakim M.Hacıbəyova) 1 sаylı Bаkı İnzibаti-İqtisаdi Məhkəməsinin 2-1(81)- 2113/2018 saylı iş üzrə qəbul etdiyi 30 may 2018-ci il tarixli qərarını icra etmədiyinə görə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına 500 (beş yüz) manat məbləğində cərimə təyin еdilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından 500 manat məbləğində cərimənin məcburi qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2113/2018 saylı qərardadının ləğv olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadda qeyd etmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81)-2113/2018 nömrəli 30 may 2018-ci il tarixli qərarı ilə müəyyən edildiyi kimi xx.xx.2008-xx.xx.2011-ci illər dövründə Gürcüstan Respublikasında fərdi hesabına ödənilmiş sosial sığorta kapitalının əmək pensiyasının hesablanmasında nəzərə alınmalıdır. Lakin sırf 27442,90 manat (58107,37 lari) məbləğin pensiya kapitalı kimi nəzərə alınmaqla yenidən hesablanması sözügedən məhkəmə qərarında qeyd olunmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 2113/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərarında məhkəmə hüquqi mövqeyini “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” 3 fevral 1993-cü il tarixli Saziş ilə əsaslandırmışdır. Müvafiq Sazişin 1-ci maddəsinə əsasən, tərəflər vətəndaşlarının və onların ailə üzvlərinin pensiya təminatını ərazisində yaşadıqları dövlətin qanunvericiliyinə uyğun olaraq həyata keçirirlər. Bu baxımdan, Azərbaycan Respublikasının ərazisində pensiya təyinatı Saziş çərçivəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təyin edilə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmçinin, sözügedən Sazişin 2-ci maddəsinə əsasən “tərəflərin vətəndaşlarının pensiya təminatı bu Sazişə uyğun olaraq qarşılıqlı hesablaşmalar əsasında həyata keçirilir. Həmin Sazişin 4-cü maddəsində isə təsbit edilmişdir ki, tərəflərin vətəndaşlarına pensiya təyinatı onların yaşayış yeri üzrə aparılır. Pensiya təminatı hüququnu, o cümlədən imtiyazlı şərtlərlə, xidmət illərinə görə pensiya təminatı hüququnu müəyyən etmək üçün iş stajına hər iki Tərəfin ərazisində olan iş müddəti (sığorta haqqı ödənilən dövr) nəzərə alınır. Pensiyaların hesablanması əmək (sığorta haqqı ödənilən dövr) stajına hesablanan iş dövrünün əmək haqqından (gəlirindən) aparılır. Tərəflərdən hər hansı birində milli valyuta tətbiq olunarsa, əmək haqqının (gəlirin) miqdarı pensiya təyin edilərkən müəyyən edilmiş rəsmi kursa əsasən nəzərə alınır”. Lakin xx.xx.2006-cı il tarixdən Gürcüstan Respublikasında “İcbari sığorta haqqında” Qanun ləğv edildiyi üçün müvafiq sığorta haqlarının tutulması dayandırılmışdır. Elə iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2017-ci il tarixli SOCAR-a məxsus arayışdan göründüyü kimi xx.xx.2008-ci il tarixdən xx.xx.2011-ci il tarixədək “X5” MMC-də əmək fəaliyyəti dövrləri üzrə ödənilmiş əməkhaqqından yalnız gəlir vergisi tutulmuş, sığorta haqqının tutulması barədə isə heç bir qeyd aparılmamışdır. Müvafiq məqam 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2113/2018 nömrəli 30 may 2018-ci il tarixli qərarında öz təsbitini tapmışdır. Belə ki, qərarın əsaslandırıcı hissəsində qeyd olunmuşdur: “iddiaçı 01 sentyabr 2008-ci ildən 17 dekabr 2011-ci il tarixinə qədər Gürcüstanda yerləşən “X6” MMC-də işləmiş və “X7” MMC-də işlədiyi müddətdə onun 2008-ci ildə vergi tutulan gəliri 22591.56 lari, 2009-cu ildə 73897,16 lari, 2010-cu ildə 88172,60 lari, 2011-ci ildə 100137.66 lari olmuşdur, mədaxil olunan vergi 58107,37 lari təşkil etmişdir. Belə olan halda iddiaçının rəsmi qaydada əmək fəaliyyəti göstərməsi zamanı ondan vergilərin tutulması ilə yanaşı məcburi dövlət sosial sığorta haqları da tutulmuşdur ki, həmin məbləğlər onun pensiya kapitalını təşkil edir”. Göründüyü kimi müvafiq qərarda iddiaçının əmək haqqından sosial sığorta haqlarının tutulması hər hansı bir sənədlə müəyyən olunmamış, sadəcə təxmin edilmişdir. Göründüyü kimi arayışda qeyd olunan 58107,37 lari məbləğinin əmək haqqından tutulan vergi olması məhkəmə tərəfindən də təsdiq olunmuşdur. İddiaçı tərəfindən təqdim olunan xx.xx.2017-ci il tarixli arayışda qeyd olunan məbləğ onun əməkhaqqından tutulan gəlir vergisidir. Belə ki, gəlir vergisinin pensiya hesablanmasında nəzərə alınması qanunvericilikdə nəzərdə tutulmamışdır. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı ərizəsində apardığı və məhkəmənin razılaşdığı hesablama (27442,90:144=190,58) fərdi hesabın yığım hissəsində toplanmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına bölünməsidir. İddiaçı iddia etdiyi məbləğ sosial sığorta haqqı deyil, gəlir vergisidir. Həmçinin, İddiaçı iddia etdiyi kimi gəlir vergisinin fərdi hesabının yığım hissəsinə köçürülməsi qanunvericilikdə təsbit edilməmişdir. Həmçinin, tərəflərindən ünvanlanmış sorğuya cavab olaraq Gürcüstan Respublikası Sosial Xidmətlər Agentliyindən daxil olmuş 27 oktyabr 2023-cü il tarixli məktubdan göründüyü kimi əməkhaqqından tutulan vergi hər hansı növ pensiya və müavinətin hesablanmasında nəzərə alınmır. Göründüyü kimi hər iki ölkə qanunvericiliyində belə bir müddəa nəzərdə tutulmamışdır. Lakin cavabdeh tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(81)-2113/2018 saylı qərarının icrasının təmin edilməsi məqsədilə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 14.3-cü maddəsinə (14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi təşkil edir) uyğun olaraq, əmək pensiyasının məbləği xx.xx.2008-xx.xx.2011-ci illər üzrə aldığı cəmi 134547,15 manat əməkhaqqının 3 faizi nəzərə alınmaqla (4036,41 manat məbləğində formalaşan pensiya kapitalına əsasən) yenidən hesablanmış və xx.xx.2016-cı il tarixindən 231,65 manatdan 250,96 manata çatdırılmışdır. Sonradan əmək pensiyasının məbləği dəfələrlə indeksləşdirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə uyğun olaraq 2022-ci il üzrə əmək pensiyaçılarına münasibətdə müəyyən edilmiş maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Həmçinin, Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilir. Beləliklə, İddiaçı əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 16,66 manat maddi yardım əlavə edilərək indeksləşdirilməklə 488,19 manata çatdırılmışdır. xx.xx.2016-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək ötən dövr üçün hesablanan fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək cari aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməkdədir. Göründüyü kimi sözügedən qərar tərəflərindən düzgün qaydada icra edilmişdir. Belə ki cavabdeh orqanın cərimə olunması üçün heç bir əsas olmamışdır. Tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası cavabdehin nümayəndələrini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)- 2113/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, borclu inzibati orqan tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməməsi aşkardır. Belə ki, cavabdeh inzibati orqan tərəfindən məhkəmə qərarı ilə iddiaçının xx.xx.2008xx.xx.2011-ci illər dövründə Gürcüstan Respublikasında fərdi hesabına ödənilmiş sosial sığorta kapitalı (Gürcüstan larisinin Azərbaycan manatına qarşı məzənnəsi) nəzərə alınmaqla iddiaçının pensiyanın yenidən hesablanmasından yayınır. Halbuki, hazırkı iş üzrə məhkəmə qərarı ilə müəyyən edildiyi kimi, iddiaçının əmək pensiyası məbləği 27442,90 manat (58107,37 lari) məbləğində pensiya kapitalı nəzərə alınmaqla yenidən hesablanılmalıdır. Cavabdeh verdiyi apelyasiya şikayətini onunla əsaslandırır ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-2113/2018 nömrəli 30 may 2018-ci il tarixli qərarı ilə müəyyən edildiyi kimi xx.xx.2008-xx.xx.2011-ci illər dövründə Gürcüstan Respublikasında fərdi hesabına ödənilmiş sosial sığorta kapitalının əmək pensiyasının hesablanmasında nəzərə alınmalıdır. Lakin sırf 27442,90 manat (58107,37 lari) məbləğin pensiya kapitalı kimi nəzərə alınmaqla yenidən hesablanması sözügedən məhkəmə qərarında qeyd olunmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(81)- 2113/2018 saylı qərarının icrası təmin edilərək iddiaçının əmək pensiyası yenidən hesablanmış və nəticə etibarı ilə İddiaçı əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 16,66 manat maddi yardım əlavə edilərək indeksləşdirilməklə 488,19 manata çatdırılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apelyasiya şikayətində sırf 27442,90 manat (58107,37 lari) məbləğin pensiya kapitalı kimi nəzərə alınmaqla yenidən hesablanması sözügedən məhkəmə qərarında qeyd olunmamasına istinad edərək məhkəmə qərarının tərəflərindən tam icra olunmasını irəli sürmüşdür. Halbuki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2113/2018 nömrəli 30 may 2018-ci il tarixli qərarında göstərilmişdir ki, iddiaçı 01 sentyabr 2008-ci ildən 17 dekabr 2011-ci il tarixinə qədər Gürcüstanda yerləşən “X5” MMC-də işləmiş və «X5» MMC-də işlədiyi müddətdə onun 2008-ci ildə vergi tutulan gəliri 22.591,56 lari, 2009-cu ildə 73.987,16 lari, 2010-cu ildə 88.172,60 lari, 2011-ci ildə 100.137,66 lari olmuş və mədaxil olunan vergi 58107,37 lari təşkil etmişdir. İddiaçının rəsmi qaydada əmək fəaliyyəti göstərməsi zamanı ondan vergilərin tutulması ilə yanaşı məcburi dövlət sosial sığorta haqları da tutulmuşdur ki, həmin məbləğlər onun pensiya kapitalını təşkil edir. Qeyd olunan qərarın qanuniliyi və əsaslılığı Bakı Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən yoxlanılmış və dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, qanuniliyi və əsaslılığı yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılan və dəyişdirilmədən saxlanılan qərarda göstərilən halın, göstərilməməsinə istinad edərək həmin qərarın cavabdeh tərəfindən tam olaraq icra edilməməsi anlaşılan deyil. Hazırki halda belə başa düşülür ki, cavabdeh inzibati orqan tərəfindən məhkəmə qərarı uzun illərdir ki, heç bir əsas olmadan, qanunsuz olaraq icra edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə müvafiq olaraq məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 118-ci maddəsinə əsasən icranın dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektlərinin xeyrinə həyata keçirilməli olduğu hallarda məhkəmə qərarının icrası ilə bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun Vİİİ fəslində nəzərdə tutulmuş qaydalar tətbiq olunur. İcranın “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanununda nəzərdə tutulmuş qaydada həyata keçirildiyi hallarda, birinci instansiya məhkəməsində mübahisə ilə bağlı işə baxan hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim icra orqanı sayılır. Hakim icranın və ya ayrı-ayrı icra hərəkətlərinin həyata keçirilməsi məqsədilə, icra orqanı qismində müvafiq inzibati orqanı və ya məhkəmə icraçısını cəlb edə bilər. İcra ilə bağlı borcluya tətbiq edilməli olan mümkün məcburi icra tədbirləri yalnız hakim tərəfindən müəyyən edilir. Hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidir. Həmin Məcəllənin 120-ci maddəsinə görə bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanunazidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Bu müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etməklə bağlı məhkəmə qərarının icrası zamanı icra orqanı qismində çıxış edən hakim və ya məhkəmə əvvəlcə məhkəmənin qanuni qüvvəyə minmiş qərarını borcluya göndərərək kifayət qədər müddət təyin etməklə könüllü icranı təmin etmək barədə xəbərdarlıq etməlidir. Bu müddət ən azı 10 (on) gün olmalıdır, lakin məhkəmə icra ilə bağlı həyata keçirilməli olan hərəkətlərin xüsusiyyətlərini, eləcə də tərəflərin diqqətəlayiq maraqlarını nəzərə almaqla və ağlabatan müddətləri keçməməklə daha uzun müddət də müəyyən edə bilər. Xəbərdarlıq yazılı formada olmalı, orada könüllü icra təmin edilmədikdə məcburi icra tədbirlərinin tətbiq olunacağı barədə məlumatlandırma və tətbiqi əsasları göstərilməli, eyni zamanda, qanunla müəyyən edilmiş qaydada borcluya təqdim olunmalıdır. Həmin qərara əsasən məhkəmələr nəzərə almalıdır ki, borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etməklə bağlı məhkəmə qərarı könüllü qaydada icra olunmadıqda tətbiq edilməsi mümkün olan məcburi icra tədbirlərinin dəqiq siyahısı “İnzibati icraat haqqında” Qanunun 83.3-cü maddəsində müəyyən edilmişdir. Onlar üç növ tədbirdən – məhkəmə qərarı ilə nəzərdə tutulmuş hərəkətin borclunun (maraqlı şəxsin) hesabına başqa şəxs və ya inzibati orqan tərəfindən icra edilməsi, cərimə və bilavasitə məcburetmədən ibarətdir. Odur ki, məhkəmə qaydasında icra ilə bağlı tətbiq edilməli olan mümkün məcburi icra tədbirləri də yalnız sözügedən üç növdən biri ola bilər. Məhkəmələr həmin tədbirləri tətbiq edərkən “İnzibati icraat haqqında” Qanunun 84, 85 və 86-cı maddələrinin tələblərini nəzərə almalıdır. İPM-in 118.4-cü maddəsi icra ilə bağlı tətbiq edilməli olan mümkün məcburi icra tədbirlərinin yalnız hakim tərəfindən müəyyən edilə biləcəyini təsbit edir. İcra orqanı qismində çıxış edən hakim və ya məhkəmə belə tədbirləri müvafiq qərardad çıxarmaqla tətbiq etməlidir. Borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etməklə bağlı məhkəmə qərarının icrasını təmin etmək üçün qərarı çıxarmış məhkəmə tərəfindən icra vərəqəsi verilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Buna görə də, məhkəmələr bu kateqoriya işlərin icrası ilə bağlı icra vərəqəsini icraya yönəltməklə müvafiq icra qurumuna göndərməyə dair hərəkətlər etməməlidir. Bu qəbildən olan işlərin icrası ilə bağlı məhkəmə tərəfindən məcburi icra tədbirlərinin tətbiqinə dair müvafiq qərardad çıxarılmalı, ehtiyac yarandıqda isə ayrı-ayrı icra hərəkətlərinin həyata keçirilməsi üçün müvafiq inzibati orqan və ya icra məmuru icraata cəlb edilməli, onların malik olduğu qanuni imkanlardan icranın təmin edilməsi üçün istifadə olunmalıdır. Bu zaman məhkəmə öz qərardadında belə cəlb etmənin zəruriliyini əsaslandırmalı, eləcə də hər hansı inzibati orqanın və ya icra məmurunun icra ilə bağlı yerinə yetirməli olduğu hərəkətləri konkret müəyyən etməlidir. Öz növbəsində, həmin orqanlar da daha sonra icranın lazımi qaydada baş tutması məsələsinə aydınlıq gətirilməsi üçün onların üzərinə qoyulmuş vəzifələrin icrası ilə bağlı məhkəməyə görülmüş işlər barədə məlumat təqdim etməlidir. Belə məlumatın verilməsi İPM-in 118.5-ci maddəsinin müddəalarından irəli gəlir. Həmin normaya görə hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal və əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına 500 (beş yüz) manat miqdarında cərimə tətbiq olunmasına dair gəldiyi nəticə qanuni və əsaslı olduğundan Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)- 2113/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2-1(112)-2113/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1575/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1575/2024
12.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver