Məhkəmə qərarları › İş №2-1(103)-1576/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1576/2023

22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1576/2023 22.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13857/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında (İPM m.34.1) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən ümumi sahəsi 0,12 ha olan 1133v nömrəli torpaq sahəsinə dair mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir (ayrılmış icraat i.v.5-7). İddianın əsaslarına görə Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən ümumi sahəsi 0,12 ha olan 1133v nömrəli torpaq sahəsi Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının əhaliyə xidmət, Fərdi və bağ Evlərinin Tikintisi Üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən ümumi sahəsi 0,12 ha olan 1133bv nömrəli torpaq sahəsi 76 nömrəli Orderlə iddiaçının istifadəsinə verilmişdir. Qeyd olunan torpaq sahəsindən istifadəyə görə vaxtlı-vaxtında dövlət rüsumlarını ödəmişdir. Bundan başqa, bağ torpaq sahəsindən istifadə edərkən təbəqə qoruyucu tələblərə əməl etmiş, torpağın münbit qatını qoruyub saxlamış, ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamışdır. Qanuni əsaslarla istifadəsində olan bağ torpaq sahəsini özəlləşdirmək məqsədilə cavabdehə ərizə ilə müraciət etmişdir.Cavabdeh xx.xx.2022-ci il tarixli məktublarla qanunsuz olaraq xahişini təmin etməkdən imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13857/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən ümumi sahəsi 0,12 ha olan 1133v nömrəli torpaq sahəsinə dair mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən tərəfinizdən göstərilən torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməklə, digər bağların ərazisinə uyğun gəlir. Bundan başqa, torpaq sahəsi ümumi hasar daxilində yerləşir və qeyd edilən əraziyə digər şəxsin (X2) müraciəti qeydə alınmışdır. Şərti göstərilən ərazinin sahəsi 1141.0 kv.m təşkil edir. X6 Kooperativi nəzdində eyni nömrəli (1133 v) bağ sahəsinə dair digər şəxsin (X5) adına kadastr planı mövcuddur. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Rzazadə apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materialları üzrə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının 28 aprel 2022ci il tarixli İ-77-112 arxiv arayışına və Bağlar Təsərrüfatı İdarəsinin 218 nömrəli Kooperativi tərəfindən iddiaçıya verilmiş 76 nömrəli orderə əsasən müəyyən olunur ki, ona Bakı şəhəri İcraiyyə Komitəsinin 13 aprel 1992-ci il tarixli 544 №-li qərarına əsasən Pirşağı bağlar sahəsində 218 №-li BTK nəzdində sahəsi 0,12 ha olan «1133 v» №-li bağ sahəsi ayrılmışdır. Cavabdeh apellyasiya şikayətinin dəlillərində ilk öncə mübahisələndirir ki bağ sahəsinin yerləşməsinin bağların bölgüsünə dair sxematik xəritəyə uyğunsuzluq təşkil edir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, istinad olunan uyğunsuzluğun aradan qaldırılması qeydiyyyat orqanının nizamnaməsi ilə onun üzərinə düşən bir vəzifəsidir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin xx.xx.2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsinin 3.1.20-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək həmin qürumun vəfəsidir. Cavabdehin apellyasiya şikayətinin digər bir dəlilinə görə bağ sahəsinin ümumi hasar daxilində yerləşir və digər şəxsin (X3) müraciəti idarəyə daxil olmuş və eyni BTK nəzdində eyni nömrəli (1133 v) bağ sahəsinə dair digər şəxsin (X5) adına kadastr planı mövcuddur. Məhkəmə kollegiyası cavabdehin həmin dəlillərini də əsassız sayır. Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, bir hasar daxilində bir neçə şəxsə məxsus bağ sahəsi mövcud olsa da, onlar arasında mübahisənin mövcudluğu müəyyən olunmur. Eyni nömrəli bağa sahəsinə dair kadastr planının mövcud olduğu - X5, hazırkı apellyasiya mərhələsində şahid qismində dindirilərkən qeyd etmişdir ki, 218 №-li BTK tərəfindən verilmiş orderlərdə bağ nömrələri eyni (1133 v) ilə olsa da, bağlar ayrı-ayrı sahələrdir, aralarında sərhədlər var və onların bir-birinə qarşı heç bir mübahisə yoxdur. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunduğu ki, nömrə uyğunsuzluğunu aradan qaldırmaq adıçəkilən nizamnaməsi ilə cavabdeh qeydiyyat orqanının üzərinə düşən bir vəzifədir. Onu da qeyd etmək lazımdır ki, bir hasar daxilində yerləşən X7 adında vətəndaşın müvafiq iddiası məhkəmələr tərəfindən təmin olunmuş və həmin qərar artıq qanuni qüvvəsini də almışdır (İşə əlavə olunur). Beləliklə də iddiaçıya məxsus bağ sahəsinə dair digər şəxslərin hər hansı bir mübahisəsinin mövcud olmadığı sübuta yetririlir. Ümumiyyətlə, inzibati orqan olaraq cavabdeh, mübahisəli bağ sahəsinə dair bütün qaranlıq məqamları “İnzibati icraat haqqında” maddi hüquq normalarına müvafiq qaydada araşdırmaq əvəzinə, asan bir üsul seçərək, ərizəçiyə imtina cavabı verməklə onu məhkəməyə istiqamətləndirmiş, dolayısı ilə inzibati araşdırmadan kənarlaşmışdır. «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: …; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; … Tədqiq olunan sübutlardan da göründüyü kimi, iddiaçının mübahisəli bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun qeyd olunan 8.0.7-ci maddəsində nəzərdə tutulan sərəncam və orderi mövcuddur. Həmin sərəncam və order ləğv olunmamış, etibarsız hesab edilməmiş, qüvvədədir. Ən azından, bunun əksi cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Belə olan halda, cavabdehin müxtəlif ifadə tərzlərində həmin bağ sahəsinin iddiaçının adına qeydə alınmasından imtina etməsi qanunsuzdur və onun qanunla qorunan hüquqlarını pozur. İPM-in 73.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə, iddianın təmin olunması barədə sübutlarla müəyyən edilən hallara və maddi hüquq normalarına uyğun olan nəticəyə gəlmişdir. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13857/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13857/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar