Məhkəmə qərarları › İş №2-1(103)-1576/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1576/2024

02.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1576/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “müddətsiz əlilliyin müəyyən edilməsi və.sair”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7008/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. AZE seriyalı ******** nörməli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı xx.xx.1975ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır.

2. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2017-ci il tarixli məlumatına əsasən göstərilmişdir ki, İddiaçı, əlil və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə məlumat – ikinci dərəcəli əlillik, təyinatın tarixi - xx.xx.2017, müddət – xx.xx.2022, əlillik səbəbi – hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik.

3. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2022-ci il tarixli məlumatına əsasən göstərilmişdir ki, İddiaçı, əlil və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə məlumat – üçüncü dərəcəli əlillik, təyinatın tarixi - xx.xx.2022, müddət xx.xx.2024, əlillik səbəbi ümumi xəstəlik.

4. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 1029 nömrəli, xx.xx.2017-ci il tarixli Qərarına əsasən, Bakı şəhər Nizami RHK tərəfindən 1993- cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə hərbi xidmət keçərkən xx.xx.1997-ci ildə aldığı və xx.xx.1997-ci ildən xx.xx.1997-ci ilə kimi MN Mərkəzi Hərbi Klinik -Hospitalında müayinə və müalicə olunduğu yaralanma diaqnoz: “Sağ körpücük nahiyyəsinin kor qəlpə yarası, körpücük sümüyünün qəlpəli sınığı və yad cismi'' Azərbaycan Respublikası SHXÇDX-nin Bakı ş. Nizami rayon idarəsinin xx.xx.2014-cü il tarixli 750 nömrəli göndərişi, 21 04.2014-cü il tarixli 115 nömrəli arayışı, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalı tərəfindən verilmiş xx.xx.1997- cı il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2016-cı i! tarixli 2-1- (82)-409/2016 saylı qərarı, iki nəfər seçmiş hərbi qulluqçunun şahid ifadələri. MN MHHK-nın həkim mütəxəssisi - cərrahın rəyi təsdiq edilir) “Hərbi travmadir, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alinmişdir”. MN MHKH-ın xx.xx.2014-cü il tarixli 287 nömrəli qərarı ləğv edilir.

5. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçıya İddiaçı ünvanladığı 3-17-4/2-S- 1923/2023 saylı, xx.xx.2023-cü il tarixli məktuba əsasən bildirilmişdir ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı müvafiq hərbi həkim komissiyasının qərarı və ya şəhadətnaməsi əsas götürülür. Müəyyən olunmuşdur ki, iddiaçı hərbi xidmət dövrü ilə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsi üçün xx.xx.2022-ci il tarixdə Agentliyin Tibbi-Sosial ekspert komissiyası tərəfindən əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı və əyani müayinənin nəticəsində iddiaçıda MHHK-nın qərarlarında qeyd edilən diaqnozlar öz təsdiqini tapmamışdır. Lakin müayinə zamanı yanaşı gedən xəstəliklər müəyyən edildiyindən “ümumi xəstəlik” səbəbindən orqanizmin funksiyasının 50% pozulması ilə 2 il müddətinə əlillik təyinatı aparılmışdır.

6. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə iddiaçı barəsində altsistemdən çıxarışlar təqdim edilmişdir.

7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial komissiyasının 25 noyabr 2022-ci il tarixli, **********2 nömrəli Qərarına əsasən, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial komissiyası xx.xx.2022-ci il tarixdə 29 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlarından şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmişdir: Bakı şəhər sakini xx.xx.1975-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin N00031657QDL nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərar verilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 1029 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ körpücük nahiyəsinin qəlpəli sınığı və yad cismi" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (Xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd olunmuş “Adı psoriaz , Vulqar psoriaz. Yayılmış forma. Yuxarı ətraf qurşağının açıq yarası, partlayış travmasından sonra saq çiyin qurşağının qəlpə yaralanasından sonrakı vəziyyət. Saq körpücük sümüyünün orta 1/3-nin qeyri düzgün bitişmiş sınığı. Sınıq nahiyyəsində yad cism-metal (qəlpə). Sağ bazu oynağının yaxınlaşdırım kontrakturası, uzaqlaşma 20 dər. Əzələ atrofiyası. Daimi ağrı sindromu. Saq yuxarı ətrafın funksiyasının pozulması" diaqnozu araşdırılmışdır. Obyektiv baxış zamanı sağ bazu oynağında kəskin kontarktura, ankiloz, hərəki məhdudluq aşkar edilməmiş əzələlər atrofiyasız olmuş, iflic, parez müəyyən edilməmişdir. Yanaşı olaraq bədənində gövdədə, ətraflarda, sağrı nahiyəsində yayılmış psoriatik səpkilər izlənilmişdir. Təqdim edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) X3 və Ortopediya institutunun xx.xx.2022-ci il tarixli ********** nömrəli Arayışda diaqnoz “Partlayış travması. Sağ çiyin qurşağının qəlpə yaralanmasından sonrakı vəziyyət. Sağ kökcük sümüyünün orta 1/3-nin qeyridüzgün bitişmiş sınığı. Sınıq nahiyəsində yad cisim- metal qəlpə. Sağ bazu oynağının uzaqlaşdırım kontrakturası. Əzələ atrofiyası, daimi ağrı sindromu” kimi qeyd olunsa da, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 saylı X5 xx.xx.2022-ci il tarixli Çıxarışda diaqnoz: “Vulqar psoriaz” kimi , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Dəri Zöhrəvi Mərkəzi xx.xx.2022-ci il tarixli Çıxarışda diaqnoz “Vulqar psoriaz. Yayılmış forma” kimi qeyd olunmuşdur. Əyani müayinə zamanı əlillik təyinatına əsas verən xəstəliyin hərbi səbəb əlaqəsi təsdiqlənməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Hərbi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və Ümumi səbəbdən 2(iki) il müddətinə orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sisial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçının OZM (72) piyada əleyhinə mina partlayışı nəticəsində aldığı ağır kəllə-beyin zədəsinin, bədininin döş qəfəsi hissəsində bir neçə yerdən aldığı qəlpə yaralarının, sol qulağından aldığı yaranın və dəri xəstəliyinin səbəbli əlaqəsinin hərbi xidməti vəzifəsini yerinə yetirərkən mina partlayışı ilə əlaqələndirilməsi və bu xüsusatın cavabdeh orqanın yeni qərarında qeyd edilməsi və iddiaçıya müddətsiz əlillik dərəcəsinin təyin edilməsini xahiş etmişdir.

9. İddiaçı sonradan iddia tələbinə dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək “Müdafiə Nazirliyinin Mərkəzi hərbi-həkim komissiyasının 10 iyun 2017-ci il tarixli 1029 nömrəli qərarı əsasında iddiaçıya “hərbi travmadır, hərbi xidmət vəzifələri yerinə yetirərkən alınmışdır” qeyd edilməklə müddətsiz əlilliyin müəyyən edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması”na dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsini xahiş etmişdir.

10. Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi 18 iyul 2023-cü il tarixli Qərardadı ilə, iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli qərarın dəyişdirilməsi – OZM (72) piyada əleyhinə mina partlayışı nəticəsində aldığı ağır kəlləbeyin zədəsinin, sol qulağından aldığı yaranın və dəri xəstəliyinin səbəbli əlaqəsinin hərbi xidməti vəzifəsini yerinə yetirərkən mina partlayışı ilə əlaqələndirilməsi və bu xüsusatın cavabdeh orqanın yeni qərarında qeyd edilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh orqan tərəfindən iddiaçının xəstəliyi nəzərə alınaraq 2017-2022-ci illər arasında hərbiçi kimi onda mövcud olan travmaları nəzərə alaraq ona 2- ci dərəcəli əlillik təyin edilmişdir. Halhazırda isə xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək 50 faiz orqanizmin funksiyalarının pozulması üzrə 3-cü dərəcəli əlillik təyin edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə iddiаyа dаir münasibət (еtirаz) təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir.

13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7008/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir.

14. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçının əlilliyinin səbəbi –hərbi xidməti ilə əlaqəsi olması barədə müraciətinə imtinasının əsaslı olması iş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının rəyi ilə təsdiqlənir. Beləliklə, iddiaçının müraciətinə imtina edilməsi ilə əlaqədar cavabdeh Azərbaycan Respublikasının Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətlərində qanun pozuntusuna yol verilməsi məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyi üçün iddia tələbi əsassızdır.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

c) Apellyasiya şikayətinin dəlilləri

15. İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

16. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşar olmaqla əsaslandırılmışdır.

d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə yazılı etiraz təqdim olunmamışdır.

e) Prosses iştirakçılarının izahatları

18. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

19. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

20. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; - 1.0.17-ci maddəsinə uyğun olaraq, əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. - 3-cü maddəsində göstərilmişdir: “3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir; 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.”

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: - 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.1-ci bəndinə görə, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra- Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. - 2.4-cü bəndinə uyğun olaraq, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın: - 1.1-ci bəndinə uyğun olaraq, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. - 1.2-ci bəndinə əsasən, şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. - 1.3-cü bəndinə görə, göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. - 1.4-cü bəndinə əsasən, göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. - 1.5-ci bəndinə görə, göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir);

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 №-li Qərarı ilə yeni məzmunda “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş, Qərar 1 iyul 2022-ci il tarixdən qüvvəyə minmişdir.Həmin Meyarlara əsasən: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur.

2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri

2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 2.2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları üzrə məhdudlaşma dərəcələri aşağıdakılardır: 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları:

1. İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf edərək, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;

2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;

3. İİİ dərəcə – kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacın olması və kənar şəxslərdən tam asılılıqla əlaqədar özünəqulluq bacarığının olmaması;

24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; - 15.1.-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

27. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

29. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, aşağıdakılara görə iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7008/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Belə ki, tətbiq olunmuş qanunvericiliyin (Bu Qərarın 20-23-cü bəndləri) müddəalarına görə, əlillik müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır. Qanunvericiliklə əlilliyin qiymətləndirilməsinin əsas göstəriciləri müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmişdir.

31. Həmin qərara görə əlilliyin müəyyən edilməsi - insanın həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşması dərəcələrinin müəyyən edilməsidir. İnsan həyat fəaliyyətinin əsas kateqoriyaları aşagıdakılardır: özünəqulluq bacarığı; sərbəst hərəkətetmə bacarığı; istiqamətseçmə bacarığı; ünsiyyət bacarığı; davranışına nəzarətetmə bacarığı; öyrənmə bacarığı; əmək fəaliyyəti bacarığı. Özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları; sərbəst hərəkətetmə bacarığı -sərbəst hərəkətetmə bacarığı – sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı; istiqamətseçmə bacarığı – ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı; ünsiyyət bacarığı – məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi və ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı; davranışına nəzarətetmə bacarığı - özünü dərk etmək, sosial, hüquqi və mənəvi-etik normaları ehtiva edən adekvat davranış bacarığı; öyrənmə bacarığı – bilik və bacarıqların qavranılması, təcrübənin (o cümlədən peşə, sosial, mədəni və məişət xarakterli təcrübənin) artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı; əmək fəaliyyəti bacarığı – işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı kimi başa düşülür.

32. Cavabdeh tərəfindən iddiaçının əlilliyi qiymətləndirilməsi üçün müvafiq tibb müəsisəsi tərəfindən iddiaçıda olan xəstəliklər, travma və qüsurlar əsasında qoyulmuş diaqnoz, geyd olunmuş ağırlaşmalar nəzərə alınmaqla iddiaçının həyat fəaliyyətinin əsas kateqoriyalar (yuxarıda qeyd edilmiş bacarıqlar) üzrə məhdudlaşmanın dərəcəsi müəyyən edilir.

33. İşin faktiki hallarına əsasən iddiaçıya ilkin olaraq xx.xx.2014-cü ildə ümumi xəstəlik səbəbindən 1 il müddətinə üçüncü dərəcəsi təyin edilmiş, sonradan xx.xx.2017-ci il tarixdə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 5 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir. Daha sonra yəni, xx.xx.2022-ci ildə 2 il müddətinə ümumi xəstəlik səbəbindən iddiaçıya üçüncü dərəcəli əlillik təyin edilmişdir.

34. Hazırda iddiaçının tələbi Müdafiə Nazirliyinin Mərkəzi hərbi-həkim komissiyasının 10 iyun 2017-ci il tarixli 1029 nömrəli qərarı əsasında iddiaçıya “hərbi travmadır, hərbi xidmət vəzifələri yerinə yetirərkən alınmışdır” qeyd edilməklə müddətsiz əlilliyin müəyyən edilməsindən ibarətdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 1029 nömrəli, xx.xx.2017-ci il tarixli Qərarına əsasən İddiaçı hərbi xidmət dövründə hərbi xidmət keçərkən xx.xx.1997-ci ildə aldığı və xx.xx.1997-ci ildən xx.xx.1997-ci ilə kimi MN Mərkəzi Hərbi Klinik -Hospitalında müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: “Sağ körpücük nahiyyəsinin kor qəlpə yarası, körpücük sümüyünün oəloəli sınığı və vad cismi'' kimi qeyd olunmuşdur. İddiaçıya cavabdeh tərəfindən isə xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş, daha sonra iddiaçının şikayəti əsasında əyani müayinə qərarı ilə təsdiq edilmiş əlilliyin səbəbiümumi xəstəlik, diaqnoz – Psoriaz. Vulqar Psoriaz.Yayılmış forma .

35. Cavabdeh tərəfindən iddiaçının əlilliyinin səbəbi –hərbi xidməti ilə əlaqəsi olması barədə müraciətinə imtinasının əsaslı olması iş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının rəyi ilə təsdiqlənir.

36. Belə ki, İddiaçı orqanizminin həyat fəaliyyətinin məhdudlaşdırılmasına səbəb olan halhazırda mövcud olan xəstəlik, travma və qüsurların, xəstəliyin səbəbli əlaqəsini müəyyən edilməsi üçün xüsusi elmi bilik tələb olunduğundan, iş üzrə məhkəmənin 05 aprel 2022-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: xx.xx.1975-ci il təvəllüdlü İddiaçı orqanizminin həyat fəaliyyətinin məhdudlaşdırılmasına səbəb olan hansı xəstəlik, travma və qüsurlar müayinə zamanı onda aşkar olunur? - İddiaçı olan xəstəlik, travma və ya qüsurlar əsasında müəyyən edilən orqanizmin funksiyalarının pozulması nəçə faizdir? - Bu xəstəliyin (travma və ya qüsurların) səbəb əlaqəsi nədir?.

37. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 T 321/2023 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: İddiaçı məhkəmə tibbi müayinəsi zamanı bədənində yayılmış formada psoriaz və sağ körpücük nahiyəsində əməliyyat yarasının sağalmış izi olan çapıq və tibbi sənədə əsasən körpücük sümüyünün qeyri düzgün bitişmiş sınığı aşkar olundu. Onun iş materiallarında olan tibbi sənədlərində əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş “Psoriaz. Vulqar psoriaz. Yayılmış forma” diaqnozu ilə əlaqədar ümumi xəstəlik səbəbindən, meyarların 12.3.1.1 bəndinə uyğun olaraq “Orqanizmin funksiyalarının pozulma faizi- 50%, təyinatı verilmişdir.

38. Belə olan halda iddiaçının müraciətinə imtina edilməsi ilə əlaqədar cavabdeh Azərbaycan Respublikasının Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətlərində qanun pozuntusuna yol verilməsi məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyi üçün iddia tələbi əsassızdır.

39. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçıda mövcud olan xəstəlik və xəsarət, eyni zamanda baş veribsə ağırlaşma halları ona bu sahədə mövcud olan qanunvericiliyin tələbinə və meyarlara əsasən əlilliyə əsas verməlidir.

40. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 №-li Qərarı ilə yeni məzmunda “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş, Qərar 1 iyul 2022-ci il tarixdən qüvvəyə minmişdir.Həmin Meyarlara əsasən: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur.

41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası’nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir.

42. Hazırkı halda məhkəmə Kollegiyası iddiaçıda mövcud olan xəstəlik və xəsarət, eyni zamanda baş veribsə ağırlaşma hallarının ona bu sahədə mövcud olan qanunvericiliyin tələbinə və meyarlara əsasən əlilliyinin səbəbi –hərbi xidməti ilə əlaqəsi olması və müddətsiz əlillik təyin olunmasına əsas verib-verməməsini müəyyən etmək üçün mübahisənin həllinin xüsusi biliyə ehtiyac olduğunu nəzərə alaraq tibbi ekspertizalar təyin etmişdir.

43. Ekspert rəyləri də iddiaçıda olan xəstəliklərə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 №-li Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən əlilliyinin səbəbi –hərbi xidməti ilə əlaqəsi olmadığını və müddətsiz əlillik təyin olunmasının mümkün olmadığını təsdiq etmişdir.

44. Məhkəmə Kollegiyası hazırkı halda iş üzrə digər sübutlar əsasında qiymətləndirmə apararaq ekspert rəyi ilə razılaşmamağa əsaslar görmür.

45. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

46. Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

47. Azərbaycan Respublikası MPM-nin tələblərinə əsasən: Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

48. Nəhayət, məhkəmə Kollegiyası apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(103)-1730/2016 saylı qərarı əsasında cavabdeh orqan tərəfindən iddiaçının xəstəliyi nəzərə alınaraq 2017-2022-ci illər arasında hərbiçi kimi onda mövcud olan travmaları nəzərə alaraq ona hərbi xidmətlə əlaqədar 2-ci dərəcəli əlillik təyin edilmişdir.

49. Məhkəmə Kollegiyası qeyd edir ki, belə halda məhkəmənin vəzifəsi iddiaçıda əvvəl mövcud olmuş xəstəlik və travmaların hal-hazırda da mövcud olub-olmamasını müəyyən etməkdir.

50. Hal-hazırda isə iddiaçıya xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək 50 faiz orqanizmin funksiyalarının pozulmasına görə əlillik təyin edilmişdir.

51. Məhkəmə Kollegiyası vurğulayır ki, ekspert rəyləri də iddiaçıda olan xəstəliklərə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 №-li Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən əlilliyinin səbəbi –hərbi xidməti ilə əlaqəsi olmadığını və müddətsiz əlillik təyin olunmasının mümkün olmadığını təsdiq etdiyindən birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Beləliklə, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7008/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7008/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar