Məhkəmə qərarları › İş №2-1(103)-1577/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1577/2024

07.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1577/2024 07.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “əmrin ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3172/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı mübahisələndirmə haqqında ərizəsi, sonradan isə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən barəsində qəbul olunmuş xx.xx.2023-cü il tarixli 145 ş/h nömrəli əmrinin ləğv edilməsi, onun həqiqi hərbi xidmətə bərpa olunması, məcburi iş buraxmaya görə əmək haqqının və təminat xərclərinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “xx.xx.2016-cı il tarixdə hərbi xidmətə qəbul olunmuş, 44 günlük Vətən müharibəsininin iştirakısı olmuş, medallala təltif olunmuşdur. Xidmətdən əvvəl (2011-ci ildə), əslən, azərbacanlı “Fərid” adlı İran vətəndaşı ilə tanışlıq əlaqələri olub. Bu barədə xidmətə qəbul zamanı anketində qeydlər aparmışdır. Bununla bağlı rəhbərlik tərəfindən ona hər hansı irad bildirilmədiyinə görə “Fərid”lə əlaqəni kəsməmişdir. Əgər bildirilsəydi onunla ələqəni kəsərdi. xx.xx.2023-cü il tarixdə hərbi hissədə olan zaman o, ailəsi ilə əlaqə saxlamaq məqsədilə üzərində olan smartfon telefonla danışarkən telefon səsini rəhbərlik eşitmiş, ondan istədikdə, smartfonu rəhbərliyə təhvil vermişdir. Lakin onda olan şifahi məlumata görə smartfona onun iştirakı olmadan baxış keçirilmiş və bu zaman yaddaşında “Fəridin” nömrəsi ilə yazışmalar (salam, cüməniz mübarək, hal-əhval vəs.) aşkar olunmuşdur. Bununla bağlı barəsində xidməti araşdırma aparılmış, onun xarici ölkə vətənjaşı ilə ünsiyyətdə olması haqqında rəhbərliyi məlumatlandırmadığı əsas götürülməklə, Xidmətin xx.xx.2023-cü il tarixli 145 saylı əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.6-cı maddəsi ilə xidməti uyğunsuzluğa görə əsassız olaraq həqiqi hərbi xidmətindən ehtiyata buraxılmışdır...” Cavabdeh etirazında iddianı qəbul etməmiş və bunu aşağıdakılarla əsaslandırmışdır: “...İddiaçı hərbi xidmətdən əvvəl İran İsslam Respublikasından xx.xx.2011-ci il tarixdə tranzit keçərkən, həmin öləkənin vətəndaşları “X5”, xx.xx.2012-ci il tarixdə isə “X3” adında şəxslərələ tanış olmuş, onlarla mütəmadı əlaqə saxlamışdır. xx.xx.2016-cı il tarixdə isə Dövlət Sərhədə Xidmətinə qəbul olduqdan sonra da iddiaçı sözügedən hər iki İran vətəndaşı ilə əlaqə saxlamış və Xidmətin Sahil Mühafizəsində xidmət edərkən Fərrid Daraxşan Azərbaycan Respublikasına səfər etdikdə görüşmüş və bir neçə gün onunla qalmışdır. Bununla yanaşı, araşdırma müddətində onun “Fasebook” və “İnstagram” sosial şəbəkələrdən qeydiyyatdan keçərək istifadə etdiyi də məlum olmuşdur Beləliklə də iddiaçı Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2002-ci il tarixli 0156 nömrəli “Dövlət Sərhəd Xidməti əməkdaşlarının Azərbaycan Respublika ərazisi daxilində və xarici ezamiyyətlər zamanı əcnəbilərlə xidmətdənkənar əlaqələri barədə məruzə edilməsi barədə əmrinə əsasən üzərinə götürdüyü öhdəliyini kobud surətdə pozmuşdur ...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3172/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia, müddətinin buraxılması əsası ilə mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələbələrinə uyğun venilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “... Məhkəmənin qərardadı düzgün əsaslandırılmadığından qanunsuzdur. Belə ki, məhkəmə nəzərə almamışdır ki, işə əlavə edilmiş sənədlərin tarixlərin ardıcıllığı ilə yanaşıldığı zaman müəyyən olunur ki, iddia müddəti buraxılmamışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq xx.xx.2023- cü il tarixdən hərbi xidmətdə olmadığımı bildirmişəm. Cavabdehin mülahizəsinə ğörə iddiaçı hərbi qulluqçu olmaqla guya əmr ona elan edilmiş, bu barədə müvafiq kitaba imza etmişdir. Halbuki “X1” təqdim edilmiş surəti təsdiq edilməmiş və ən əsası orada hər hansı bir əmir nömrəsi və tarixi göstərilmədən yenə də təstiq edilməmiş səhfəsi göstərilməyən bir vərəqdə mənim imzama bənzəyən əsassız ksereo surət əks olunan imza təqdim edilmişdir ki, bu da yuxarıda qeyd edilən əmrin elan olunmasına əsas hesab edilə bilməz. X7 Məntəqəsindən xidmət yerinə buraxılmaməğıma göstəriş olsa da belə ehtiyata buraxılmağım barədə əmrimin hələ hazır olmadısı bildirilməklə mənə rəsmi qaydada təqdim (elan) olunmamışdır ki, bu da mənim müdafiə hüququmu məhdudlaşdırırdı. İşin faktiki hallarından görünür ki, yalnız xx.xx.2024-cü il tarixində məhkəmə zalında “Hərbi Vəzifə və Hərbi Xidmət haqqında AR Qanununun 41.0.6- cı maddəsinə (xidmətə uyğunsuzluğa görə) uyğun olaraq əsassız DSX-da həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmağım barədə cavabdehin xx.xx.2023-cü il tarixli 145 saylı əmri ilə tanış olmaq imkanı əldə etmişdir.Digər tərəfdən onun iddia ərizəmə əlavə etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən də müəyyən edilir ki, həmin ərizədə xx.xx.2023-cü il tarixdə işdən azad edildiyimi bildirərək əmək kitabçasının və son haqq hesabın verilməsini xahiş etmişdir. Göründüyü kimi, hərbi qulluqçu olmaqla əmrin ona elan edilməsi barədə müvafiq kitaba imza etməyim mənə əmrin elan olunması kimi qiymətləndirilə bilməz. Çünki, mən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə xidmətdən kənarlaşdırılsam da, tərəfimdən cavabdehə dəfələrlə əvvəlcə şifahi, sonra isə yazılı müraciətləri olmasına baxmayaraq, barəsində olan əmrin surətini və ya rəsmi qaydada mənə elan olunması barədə sənəd ala bilmədiyimdən sonuncu dəfə cü il tarixdə rəsmi məktubla müraciət etmişdir. Bu səbəbdən məhkəməyə müraciət edə bilmirdi. O, bu əmirlə yalnız xx.xx.2024-cü il tarixində məhkəmə zalında tanış olmuşdur. Göründüyü kimi, məhkəmə əsassız olaraq hesab etmişdir ki, iddiaçı hazırkı tələblə, xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək iddia müddətini ötürmüşdür. Bundan əlavə, məhkəmə nəzərə almamışdır ki, Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsi tərəfindən tələb edilən qaydada elan olunmayan xx.xx.2023 il tarixli ş/h 145 saylı əmirlə bağlı mənə heç bir rəsmi sənəd təqdim edilməmiş, eyni zamanda Dövlət Sərhəd Xidmətinə yazılı müraciətimə verilən rəsmi cavablarda məhkəməyə hansı müddət ərzində müraciət edilməsi bildirilməmişdir. Məhkəmə onun mediasiyaya müraciət etməsi ilə bağlı dəlillərimə də düzgün hüquqi qiymət verməmişdir...” Məhkəmə kollegiyasının iclasları barədə xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesaba gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçı mübahisələndirmə haqqında iddia vasitəsilə cavabdehin xx.xx.2023-cü il tarixli 145 ş/h nömrəli əmrinin ləğv edilməsi, onun həqiqi hərbi xidmətə bərpa olunması, məcburi iş buraxmaya görə əmək haqqının və təminat xərclərinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İPM-in 32.1-ci maddəsinə asasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məcəllənin qeyd olunan tələbi baxımından, konkret halda, iddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinin xx.xx.2023-cü il tarixli, 145 ş/h nömrəli əmrinin ləğv olunması barədə iddiasını, həmin əmr təqdim olunduğu vaxtdan 30 gün müddətində məhkəmədə qaldıra bilərdi. Lakin onn tərəfindən iddia ərizəsi prosessual qanunvericiliklə müəyyən olunan həmin iddia müddəti ötürılməklə verilmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 165-ci bəndinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. “Azərbaycan Respublikası Silahlı X2”nin 98-ci maddəsində isə nəzərdə tutulur ki, “verilmiş intizam cəzaları zabitlər, generallara və admirallara - şəxsən, yazılı göstərişlə və ya müşavirədə (baş zabitlərə-baş zabitlərin iştirak etdikləri müşavirədə, generallara və admirallara - generalların və admiralların iştirak etdikləri müşavirədə) elan edilməlidir. ...Adları çəkilən bütün hərbi qulluqçulara verilən intizam cəzaları şifahi surətdə, yaxud yazılı əmrlə elan oluna bilər”. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, inzibati aktın elan edilməsi də həmin aktın təqdim edilmə üsullarından biridir. Birincisi, iddiaçının iddia ərizəsində, habelə, iddia ərizəsinə əlavə olunmuş (i.v.13) X9 Xidmətinin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2023cü il tarixdə Dövlət Sərhəd Xidmətindən azad edildiyini bildirərək əmək kitabçasını və onun son haqq hesabının verilməsini xahiş etmişdir. Bundan əlavə onun işə əlavə olunmuş hərbi biletinin qeydlərində də cavabdehin xx.xx.2023-cü il tarixli 145 ş/h nömrəli əmri ilə Hərbi vəzifə və hərbi xidmət haqqında Qanunun 41.0.6-cı maddsinə əsasən hərbi qeydiyyata düşmək üçün Xidmətin Şahbbuz rayon şöbəsinə göndərildiyi qeyd olunmuşdur. Ümumiyyətlə, ona əmək kitabçası, hərbi bileti və son haqq-hesabı verildiyi işin mübahisəsiz halıdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, mübahisələndirilən əmr iddiaçıya xx.xx.2023-cü il tarixdə təqdim olunmuş hesab edilməlir. Həmin tarixdən isə İPM-in 22.1-ci və 38.1-ci maddələri ilə hesablanan 30 günlük iddia müdddətinin son günü xx.xx.2023-cü il taixinə düşür. İşdən isə görünür ki, iddiaçı həmin, şikayətvermə müddətinin son günü olan xx.xx.2023cü il taixinə tarixindən 9 gün sonra yalnız Mediasiya Şurasına müraciət etmişdir. Mediasiya Şurasının keçirildiyi və həmin qurumun arayışın verildiyi xx.xx.2023-cü il tarixindən isə məhkəməyə 46 gün sonra, yəni xx.xx.2023-cü il tarixində əmrin ləğv edilməsi və hüquqi nəticələrinin aradan qaldırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən birmənalı olaraq iddia müddətinin buraxıldığı sübuta yetirilir. İPM-in 1.2-ci maddəsinin göstərişi baxımından, MPM-in 130.1-ci maddəsinin tələbinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Belə olan halda da, iddiaçının hazırkı iddia tələbi iddia müddəti ötürüldüyündən, İPM-in 35.1-ci maddəsinin tələbi baxımından, əsaslandırılmış iddia kimi qəbul edilə bilməz. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələbindən isə görünür ki, belə hallarda məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə müddətin ötürülməsi əsası ilə iddianın mümkün sayılmaması barədə gəldiyi nəticəni düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərardadının düzgün əsaslandırılmadığını, əsassız olaraq iddiasının mümkün sayılmadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3172/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3172/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar