Məhkəmə qərarları › İş №2-1(103)-1577/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1577/2025

17.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1577/2025 17.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: “iddianın mümkünlük şərti”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), X4 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, cavabdehin nümanyəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsinə qarşı “pulun ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13887/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (bundan sonra – cavabdeh) 46240,81 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı təqaüddə olan həkimdir. 20 aprel 2024-cü il tarixdə saat 7-8 radələrində ağzından qan gəlməsi ilə əlaqədar olduğu yerə yaxın olan Bona Dea xəstəxanasının Acil şöbəsinə müraciət etmişdir. İddiaçının KT müayinəsindən keçirdikdən sonra vəziyyətinin ağırlaşması ilə bağlı dərhal renimasiya şöbəsinə yerləşdirmişlər və intubasiya edilərək dərmanlar vasitəsi ilə yatızdırıb müalicəyə başlamışlar. İddiaçı 20 aprel 2024-cü il tarixdən 22 may 2024-cü il tarixədək həmin xəstəxanada stasionar müalicə almışdır və hazırda ev şəraitində müalicəsi davam edirilir. İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır və Tibbi Sığorta haqqında qanunun tələbləri baxımından İcbari Tibbi Sığortadan yararlanmaq hüququ vardır. Lakin buna baxmayaraq iddiaçı ailə üzvlərinin xəstəxanaya və Ağentliyə şifahi müraciətlərinə baxmayaraq icbatı tibbi sığortadan yararlana bilməmişdir. Nəticədə iddiaçının ailə üzvləri tərəfindən xəstəxanaya 46240,81 manat (628,74 + 32026.10 +13455,97 + 130 manat) məbləğində vəsait ödənilmişdir. Tibbi Sığorta haqqında qanunun 15-4.1.2-ci maddəsinə əsasən, bu Qanunun 15-3.1-ci və 15-28-ci maddələrinin müddəaları nəzərə alınmaqla tibb müəssisəsini, habelə həkimi seçmək və bu Qanunla nəzərdə tutulmuş qaydada xidmətlər zərfinə uyğun olaraq tibbi xidmətlərdən istifadə etmək icbari tibbi sığorta üzrə sığortaolunanların hüquqlarına aid edilmişdir. Göründüyü kimi, iddiaçının sığortaolunan olaraq tibb müəssisəsini və həkimi seçmək hüququ vardır. Lakin iddiaçının tibb müəssisəsini seçmək imkanı olmayıb. Onu ağır vəziyyətdə müayinə üçün yaxın xəstəxanaya çatdırıblar və orada dərhal onu reanimasiya şöbəsinə yerləşdiriblər. Başqa sözlə desək, vəziyyəti təxirəsalınmaz olaraq müdaxilə olunmasını gərəkləndirmişdir. Qanunun 15-4.1.2-ci madəsınin tələbindən çıxış edərək qanunun 15-3.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş tələblərə cavab verən tibb müəssisələri icbari tibbi sığortada iştirak etmək hüququna maiikdirlər. Bona Dea xəstəxanası müvafiq qaydada qeydiyyatdan keçmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun fəaliyyət göstərən xəstəxanadır Eyni zamanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi intermet səhifəsində X15 xəstəxanası ilə müqaviləsinin olmasına dair məlumat yerləşdirilmişdir. Bundan başqa qanunun 15-28.1-ci maddəsinə əsasən, xidmətlər zərfində sığortaolunanın tibbi xidmətlərdən yararlanmaq üçün bilavasitə müraciət etmək hüququ nəzərdə tutulduğu hallar istisna olmaqla, sığortaolunanların ambulator-polikiinik, laborator, funksionaldiaqnostik tibbi xidmətlərdən istifadəsinə ilkin tibbi-sanitariya yardımı göstərən dövlət tibb müəssisəsinin göstərişinə əsasən yol verilir.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan məktubda qeyd olunmuşdur ki, Liv X16 göstərilmiş müvafiq tibbi xidmətlər tibb müəssisəsində aparılmış tibbi-iqtisadi ekspertiza zamanı dəyərləndirildikdən sonra təcililik statusu təsdiqləndiyi halda tibbi xidmətin dəyəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə nəzərdə tutulmuş tariflərə uyğun olaraq tibb müəssisəsinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ödəniləcəkdir. Həmin vəsaitin geri qaytarılması üçün tibb müəssisəsinə müraciət edilməsi tövsiyyə olunur.

4. Bakı İnzibati Məhkəməsinin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmamasını xahiş etdi və izahatında bildirdi ki, cavabdeh qismində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsi deyil, X6malıdır. Belə ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsi təcili və təxirəsalınmaz tibbi yardımla bağlı münasibətləri tənzimləyir: 1) Əgər şəxs təcili tibbi yardım üçün müraciət edirsə, bu zaman tibb müəssisəsi müvafiq tibbi xidmətlərini göstərməli, daha sonra çəkilmiş xərcləri Agentlikdən tələb etməlidir; 2) Təxirəsalınmaz tibbi xidmət göstərilməsi zərurəti olduqda isə şəxsdən hər hansı ödəniş alınmadan pulsuz tibbi yardım göstərilməlidir. Müvafiq maddədəki öhdəliklər ümumi tibb subyektləri üçün (həm dövlət tibb müəssisələri, həm də özəl tibb müəssisələri üçün) nəzərdə tutulmuşdur. Belə ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsi müxtəlif tibb müəssisələri ilə tibbi xidmətlərin göstərilməsi haqqında müqavilələr bağlamışdır. Bu tibb müəssisələri arasında X17 Hospital da nəzərdə tutulmuşdur. Tibb müəssisəsi təcili və təxirəsalınmaz tibbi yardım göstərdiyi şəxslər, həmin xidmətlərin məbləği barədə aylıq olaraq Agentliyə hesabat təqdim edir, həmin hesabat əsasında Agentlik tərəfindən ekspertiza həyata keçirilir və həqiqiliyi təsdiq edilmiş tibbi xidmətlərə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarı ilə müəyyən edilmiş məbləğlər 1 ay ərzində tibb müəssisəsinə ödənilir. Heç bir halda Agentlik tərəfindən vətəndaşa birbaşa sığorta ödənişi həyata keçirilmir. Konkret işin hallarına əsasən aydın olur ki, şəxs təxminən 1 ay xəstəxanada qalmış və həmin müddətdə tibbi yardım almışdır. Belə olan təqdirdə iddiaçıya göstərilmiş tibbi xidmət təcili hesab edilir (ölüm halındakı şəxsə müdaxilə göstərildiyi halda təxirəsalınmaz tibbi yardım hesab edilir). Agentlik İddiaçı münasibətdə göstərilmiş tibbi xidmət zərfinə əsasən (müayinələr) müvafiq məbləği (təxminən 3400 manat) X17 Hospitala ödənmişdir, tibb müəssisəsi tərəfindən isə şəxsə ödəniş edildiyi bildirilmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13887/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.

6. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iddia tələbi publik hüquq münasibətlərin tənzimlənməsindən irəli gəlmir. Belə ki, hazırkı mübahisə inzibati orqan olmayan hüquqi şəxslə (tibb müəssisəsi) iddiaçı arasında arasındakı mülki hüquq (sığorta) münasibətlərin tənzimlənməsi ilə bağlıdır.

7. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 13887/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil etməklə onunla əsaslandırılmışdır ki, iddiaçı X17 Hospitala təxirəsalınmaz vəziyyətdə daxili qan axma nəticəsində qəbul edilmiş, orada vəziyyətinin ağır olması ilə əlaqədar 21 gün reanimasiya şöbəsində intubasiya olunaraq hüşsuz vəziyyətdə qalmışdır. Reanimasiya şöbəsindən çıxdıqdan sonra 10 gün xəstəxanada palata şəraitində müalicə davam etdirilmiş və hərəkət məhdudiyyəti ilə xəstəxadan evə müalicəni davam etdirmək üçün buraxılmışdır. Belə olan halda iddiaçı həmin xəstəxanada iradəsinə uyğun deyil vəziyyətinin ağırlığı nəticəsində seçim edə bilməyərək müalicə almış və müalicə dövründə xəstəxananın müalicə üçün tələb etdiyi məbləği xəstəxanaya iddiaçı tərəf ödənilmişdir. Bu hal işin mübahisələndirilməyən halı olmaqla xəstənin vəziyyətinin ağırlığı və xəstəxanaya ödənilmiş vəsait haqqında sənədlər məhkəməyə təqdim olunmuşdur. Məhkəmə özüdə qeyd edir ki, müalicə üçün vəsait Agentlik tərəfindən xəstəxanaya ödənildikdən sonra xəstəxana tərəfindən xəstəyə ödənilir. Bildirirəm ki, Ağentlik tərəfindən tələb etdiyim məbləğ X17 Hospitala ödənildiyi və xəstəxananın iddiaçıya ödəmədiyi halda xəstəxanaya qarşı iddianın irəli sürülməsindən söhbət gedə bilər. Hazırki vəziyyətdə Ağentlik tərəfindən iddiaçının tələb etdiyi 46240,81 manat pul X17 Hospitala ödənilmədiyindən xəstəxanaya qarşı iddianın irəli sürülməsindən söhbət gedə bilməz. Bildirirəm ki, X17 Hospitalı ilə iddiaçı arasında hansısa mübahisə mövcud deyildir. Ağentlik tərəfindən tələb etdiyim pul ödəniləcəyi təqdirdə xəstəxana həmin vəsaiti mənə ödəyəcəkdir. Belə ki, Ağentlik tərəfindən xəstəxanaya ödənilmiş 3700 manat civarında məbləğ iddiaçı tərəfə xəstəxana tərəfindən ödənilmişdir. Ağentlik çəkilmiş tam xərci iddiaçıya ödəməkdən imtina edir. Ağentlik tələb olunan məbləği X17 Hospitala ödədiyini təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir mi? Xeyr belə bir sübut mövcud deyildir. Belə olan halda iddiaçı X5rşı iddia irəli sürərək ona Ağentlik tərəfindən ödənilməyən hansı vəsaiti tələb etməlidir. Məhkəmənin mövqeyinə gəldikdə isə qeyd edilməlidir ki, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur (İPMmaddə -13). Əgər məhkəmə hesab edirsə ki, iddiaçı tələbini düzgün ifadə etməmişdir bu zaman iddiaçıya yardım etməli və iddiaçının mövqeyini öyrənməli idi ki, məhkəmə İnzibati Prosessual Məcəllənin tələblərini yerinə yetirməmiş, yanlış mövqeyini əsaslandırmağa çalışmışdır. Belə ki, məhkəmənin mövqeyinə uyğun olaraq iddia tələbinin “46240,81 manat pulun İddiaçı ödənilməsi üçün X17 Hospitalına köçürülməsi öhdəliyinincavabdeh İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin üzərinə qoyulması” kimi dəyişdirilməsi mümkündür. Bundan başqa məhkəmə iddia tələbini qismən təmin edərək 46240,81 manat pulun İddiaçı ödənilməsi üçün X17 Hospitalına köçürülməsini özüdə qət edə bilər. Bir daha qeyd edirik ki, iddiaçı ilə X17 Hospitalı arasında pulun verilməsi ilə bağlı mübahisə mövcud deyildir və Ağentlik tərəfindən tələb olunan vəsait X17 Hospitalına köçürüləcəyi təqdirdə həmin vəsait xəstəxana tərəfindən iddiaçıya verilməzsə pul tələbinə dair iddia ilə X3rşı irəli sürülə bilər ki, hazırki vəziyyətdə Ağentlik tərəfindən iddiaçının tələb etdiyi46240,81 manat pulun X17 Hospitalına Ağentlik tərəfindən ödənilməmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

d) Prosses iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

11. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 33. Təcili və təxirəsalınmaz tibbi yardım Vətəndaşlara təcili və təxirəsalınmaz tibbi yardım təcili tibbi müdaxilə tələb edən hallarda (bədbəxt hadisələr, travmalar, zəhərlənmələr və digər xəstəliklər) mülkiyyət formasından asılı olmayaq təcili yardım tibb müəssisələri, eləcə də qanunvericilikdə müəyyən edilmiş qaydada ilkin tibbi yardım etməyə borclu olan şəxslər tərəfindən göstərilir. Dövlət tibb müəssisələrində təcili və təxirəsalınmaz tibbi yardım “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Özəl tibb fəaliyyəti subyektlərinin “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-19-cu maddəsinə əsasən tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlayıb-bağlamamasından asılı olmayaraq ehtiyacı olan şəxslərə göstərilən təcili tibbi yardıma görə ödəniş göstərilən tibbi xidmətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi tariflərə uyğun olaraq icbari tibbi sığorta vəsaitləri hesabına həyata keçirilir. Özəl tibbi praktika ilə məşğul olan şəxslər təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan şəxslərə pulsuz tibbi yardım göstərirlər. Narkoloji xəstəliklə əlaqədar göstərilən təxirəsalınmaz tibbi tədbirlər dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. İxtisaslı təcili və təxirəsalınmaz tibbi yardım təcili yardım və sanitar-aviasiya xidməti tərəfindən təşkil edilir. Təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

13. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanunu:

1.1.1. xidmətlər zərfi – icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin, habelə dərman vasitələrindən ambulator və ya stasionar şəraitdə istifadənin təmin edilməsi üçün dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adlarının (təsiredici maddələrin adlarının) və tibb vasitələrinin məcmusu; 1.1.5. sığortaçı – “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda icbari sığorta qanunlarında və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini etmək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxs, icbari tibbi sığortaya münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum); 1.1.6. sığortalı – bu Qanunda nəzərdə tutulmuş hallarda öz adından və ya sığortaolunan adından sığorta haqqı ödəyən şəxs; 1.1.7. sığortaolunan – sağlamlığı icbari və ya könüllü qaydada sığortalanmış fiziki şəxslər; 1.1.8. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə icbari tibbi sığortaya münasibətdə xidmətlər zərfinə və tariflərə, habelə şərti kompensasiya məbləğinə, könüllü tibbi sığortaya münasibətdə isə könüllü tibbi sığorta müqaviləsinə uyğun olaraq bu Qanunla nəzərdə tutulmuş qaydada tibb müəssisəsinə və ya aptek təşkilatına ödənilən maliyyə vəsaiti; 1.1.13. tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə – icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin göstərilməsi məqsədilə tibb müəssisəsi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında bağlanan müqavilə; 1.1.16. tibb müəssisəsi – dövlət və ya qeyri-dövlət səhiyyə sisteminə daxil olan və tibb fəaliyyətini həyata keçirən hüquqi şəxs; Maddə 15-3. Tibb müəssisələrinin və aptek təşkilatlarının icbari tibbi sığortada iştirakı 15-3.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş tələblərə cavab verən tibb müəssisələri icbari tibbi sığortada iştirak etmək hüququna malikdirlər. 15-3.2. Tibb müəssisələrinin bu Qanunun 15-3.1-ci maddəsinə əsasən müəyyən edilən tələblərə uyğunluğunun qiymətləndirilməsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. 15-3.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bu Qanunun 15-3.1-ci maddəsinə əsasən müəyyən edilən tələblərə cavab verən tibb müəssisəsi arasında tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanılır 15-7.1. Tibb müəssisəsinin aşağıdakı hüquqları vardır: 15-7.1.2. bu Qanunun 15-3.1-ci maddəsinə əsasən müəyyən edilən tələblərə cavab verdikdə, icbari tibbi sığortanın həyata keçirilməsində iştirak etmək; 15-7.1.3. bu Qanunun 15-19-cu maddəsinə uyğun olaraq bağlanmış müqavilə əsasında göstərilmiş tibbi xidmətə görə sığorta ödənişini sığortaçıdan tələb etmək; 15-7.1.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) bu Qanunla nəzərdə tutulmuş qaydada apardığı ekspertizanın nəticələrini mübahisələndirmək. 15-7.2. Tibb müəssisəsinin aşağıdakı vəzifələri vardır: 15-7.2.1. bu Qanunun və tibbi xidmətlərin göstərilməsi haqqında müqavilənin şərtlərinə uyğun olaraq sığortaolunanlara xidmətlər zərfinə daxil olan tibbi xidmətlər göstərmək; 15-7.2.2. icbari tibbi sığorta çərçivəsində və tibbi xidmətlərin göstərilməsi haqqında müqavilənin şərtlərinə uyğun olaraq tibbi xidmətin növünə, həcminə, müddətinə, keyfiyyətinə və şərtlərinə təminat vermək; 15-7.2.3. icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətin uçotunu aparmaq; 15-7.2.4. icbari tibbi sığorta çərçivəsində göstərilmiş tibbi xidmətin növünə, həcminə, müddətinə, keyfiyyətinə və şərtlərinə nəzarətin həyata keçirilməsi məqsədilə sığortaolunanlar, onlara göstərilən tibbi xidmətlərin növü, müddəti, keyfiyyəti, şərtləri, o cümlədən “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq onlarla bağlı həkim sirri təşkil edən məlumatları sığortaçıya vermək; 15-7.2.5. icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmət barədə hesabatları bu Qanunla nəzərdə tutulmuş qaydada və müddətdə sığortaçıya təqdim etmək; 15-7.2.6. onun təqsiri üzündən sığortaolunanların sağlamlığına dəymiş zərərin əvəzini ödəmək; 15-7.2.7. tibbi xidmətlərin göstərilməsi haqqında müqavilədə nəzərdə tutulmuş ixtisaslaşdırılmış tibbi yardım xidmətinin göstərilməsi mümkün olmadıqda, təcili və təxirəsalınmaz hallarda tibb müəssisəsi tərəfindən öz maliyyə vəsaiti hesabına sığortaolunanı bu xidməti göstərən digər tibb müəssisəsinə göndərmək.

14. “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 5 nömrəli Qərarı:

1.1. İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi (bundan sonra – Sənəd) “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 15-17.4-cü maddəsinə əsasən hazırlanmışdır və icbari tibbi sığorta çərçivəsində sığortaolunanlara göstərilən tibbi xidmətlərin siyahısını və tariflərini (o cümlədən, sığorta limitini), növündən asılı olaraq tibbi xidmətlərin göstərilməsi şərtlərini, müştərək maliyyələşmə məbləğlərini, habelə gözləmə müddətlərini müəyyən edir. 1.2. Sığortaolunanlara icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlər (təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla) Qanuna uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə bağlamış tibb müəssisələrində və (və ya) həmin müəssisələrin göndərişi əsasında göstərilir. 1.3. Sığortaolunanlara icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlər tibbi göstəriş olduğu hallarda göstərilir.

5. Təcili və təxirəsalınmaz tibbi xidmətin göstərilməsi şərtləri 5.1. Təcili və təxirəsalınmaz tibbi xidmət çərçivəsində ambulans xidmətinin maliyyələşdirilməsi müvafiq tibb müəssisəsinin xidmət göstərdiyi ərazi vahidlərində yaşayan əhalinin (yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatda olan şəxslərin) adambaşı sayına görə həyata keçirilir. 5.2. Ambulator və ya stasionar şəraitdə göstərilən təcili və təxirəsalınmaz tibbi xidmət bu Sənədin əlavəsində göstərilmiş müvafiq tariflərə uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə bağlamış tibb müəssisəsinə həmin müqavilədə qeyd olunmuş həcmdə ödənilir. 5.3. Təcili və təxirəsalınmaz tibbi xidmətin göstərilməsindən dərhal sonra sığortaolunanın stasionar şəraitdə müalicə olunmasının davamına tibbi göstəriş olduğu hallarda, stasionar müalicədən əvvəl göstərilən tibbi xidmətə görə sığorta ödənişi həyata keçirilmir. 5.4. Təcili və təxirəsalınmaz hallarda tibb müəssisəsi tərəfindən ixtisaslaşdırılmış tibbi xidmətin göstərilməsi mümkün olmadıqda, tibb müəssisəsi öz maliyyə vəsaiti hesabına sığortaolunanın həmin tibbi yardımı göstərən digər tibb müəssisəsinə göndərilməsini təmin edir. 5.5. Kütləvi tədbirlər və hadisələr zamanı (nümayişlər, milli bayramlar və s.) yerli idarəetmə orqanlarının tələblərinə əsasən, müvəqqəti təcili və təxirəsalınmaz tibbi yardım məntəqələrinin təşkili büdcə vəsaiti hesabına, idman oyunları, müxtəlif mədəniyyət tədbirləri zamanı, habelə istirahət zonalarında təcili və təxirəsalınmaz tibbi yardım məntəqələrinin təşkili və ambulans xidmətinin ödənişi tədbir təşkilatçılarının vəsaiti hesabına həyata keçirilir

15. Azərbaycan Respublikasının "İnzibati icraat haqqında" Qanunu:

2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibatı orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı:

1.4. 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 2.1. məhz inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 32.1. mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 38.3. İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1 inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərardadı tam olaraq yoxlanılır.

20. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

23. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

24. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

25. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətini araşdıraraq qeyd edir ki, yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

26. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

27. Qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

28. Hazırki iş üzrə iddiaçının hüquqi marağı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Liv X16 göstərilmiş tibbi xidmətlərlə əlaqədar çəkdiyi xərclərin geri qaytarılmasından ibarətdir.

29. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

30. Bu baxımdan, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər, o cümlədən iddiaçının hüquqi müdafiə marağının mövcud olması, mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər ödənilmiş olmalıdır.

31. Bundan əlavə, həm də nəzərə almaq lazımdır ki, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun subyektiv hüququ ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır.

32. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında qeyd edilən hüquqi mövqeyindən görünür ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Yalnız mümkün sayılmış iddiaların əsaslığına məhkəmələr tərəfindən baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.

33. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia, iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərini pozduğunu sübut etməlidir.

34. Belə ki, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Йanununun 15-7.1.3-cü maddəsinə əsasən tibb müəssisəsinin bu Qanunun 15-19-cu maddəsinə uyğun olaraq bağlanmış müqavilə əsasında göstərilmiş tibbi xidmətə görə sığorta ödənişini sığortaçıdan tələb etmək hüququ vardır.

35. Lakin tibb müəssisəsinin bu barədə sığortaçıya müraciəti iş materialları ilə sübuta yetirilə bilməmişdir.

36. Belə ki, 24 sentyabr 2024-cü il tarixli 11-10/2-M-41xx-xx-7461/2024 nömərli məktubun məzmunundan görünür ki, iddiaçı İcbari Tibbi Sığorta üzrə X8 X16 göstərilmiş tibbi xidmətə görə ödənilmiş vəsaitin birbaşa ona geri qaytarılmasını xahiş etmişdir. Halbuki, müvafiq qanunvericilikdə çəkilən xərclərin tibbi xidməti göstərmiş tibbi müəssisəsinə ödənilməsi nəzərdə tutulmuşdur ki, iddiaçının müraciəti isə yuxarıda qeyd edildiyi məzmunda, yəni vəsaitin birbaşa ona ödənilməsi məzmununda olmuşdur. Həmçinin, iddiaçı tərəfindən cavabdehə qanunvericilikdə nəzərdə tutulmuş məzmunda (vəsaitin ona ödənilməsi məqsədilə tibbi xidməti göstərən müəssisənin hesabına köçürülməsinin təmin edilməsi kimi) müraciət etdiyinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. 37.Bundan başqa “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15- 28.1-ci maddəsinə əsasən xidmətlər zərfində sığortaolunanın tibbi xidmətlərdən yararlanmaq üçün bilavasitə müraciət etmək hüququ nəzərdə tutulduğu hallar istisna olmaqla, sığortaolunanların ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadəsinə ilkin tibbi-sanitariya yardımı göstərən dövlət tibb müəssisəsinin göstərişinə əsasən yol verilir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik normalarının təhlilindən və cavabdehin nümayəndəsinin izahatından aydın olur ki, tibbi xidmətlərin göstərilməsi haqqında müqaviləyə (İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və tibb müəssisələri arasında bağlanmış) əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisəsi tərəfindən təqdim edilmiş hesabat əsasında ekspertiza həyata keçirdikdən (xidmət zərfi olaraq təqdim edilən məbləğin həqiqiliyi təsdiqləmək məqsədilə) sonra müvafiq xidmət zərfinə daxil olan tibbi xidmətlər üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 5 nömrəli Qərarı ilə müəyyən edilmiş məbləğdə ödəniş tibb müəssisəsinə verilir, daha sonra tibb müəssisəsi həmin məbləği tibbi xidmət göstərilmiş fiziki şəxsə ödəyir. Nəticədə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən tibbi xidmət göstərilmiş fiziki şəxsə birbaşa hər hansı ödəniş həyata keçirilmir, müvafiq sığorta məbləği fiziki şəxsə məhz tibb müəssisəsi tərəfindən ödənilir. Belə ki, bağlanmış müqavilə əsasında göstərilmiş tibbi xidmətə görə sığorta ödənişini sığortaçıdan tələb etmək məhz tibb müəssisəsinin hüququdur. Belə ki, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari tibbi sığortaya münasibətdə xidmətlər zərfinə və tariflərə tibb müəssisəsinə ödənilən maliyyə vəsaitidir. (“Tibbi sığorta haqqında” qanunun 1.1.8. və 15-7.1.3-cü maddələri). “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 5 nömrəli Qərarına əsasən ambulator və ya stasionar şəraitdə göstərilən təcili və təxirəsalınmaz tibbi xidmət bu Sənədin əlavəsində göstərilmiş müvafiq tariflərə uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə bağlamış tibb müəssisəsinə həmin müqavilədə qeyd olunmuş həcmdə ödənilir (5.2-ci bənd). Təcili və təxirəsalınmaz tibbi xidmətin göstərilməsindən dərhal sonra sığortaolunanın stasionar şəraitdə müalicə olunmasının davamına tibbi göstəriş olduğu hallarda, stasionar müalicədən əvvəl göstərilən tibbi xidmətə görə sığorta ödənişi həyata keçirilmir (5.3-cü bənd).

39. Lakin məhkəmə icraatı zamanı bu hal iş materialları ilə sübuta yetirilə bilməmişdir. Belə ki, hazırkı halda xidmətlər zərfində sığortaolunanın tibbi xidmətlərdən yararlanmaq üçün iddiaçı barədə ilkin tibbi-sanitariya yardımı göstərən dövlət tibb müəssisəsinin göstərişinin mövcudluğu sübuta yetirilməmişdir. 40.Həmçinin Kollegiya iddiaçıya 3700 manat vəsaitin ödənilməsi ilə bağlı qeyd edir ki, həmin məbləğ də eyni qaydada Agentlik tərəfindən təcili tibbi yarımı göstərən tibbi müəsissə vasitəsilə ilə iddiaçıya ödənilmişdir. Göstərilən vəsaitin ödənilməsinin əsası isə “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nin təsdiq edilməsi haqqında” xx.xx.2020-ci il tarixli 5 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 5.2-ci bəndində qeyd edilmişdir. Həmin bənddə ambulator və ya stasionar şəraitdə göstərilən təcili və təxirəsalınmaz tibbi xidmət bu Sənədin əlavəsində göstərilmiş müvafiq tariflərə uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə bağlamış tibb müəssisəsinə həmin müqavilədə qeyd olunmuş həcmdə ödənilməsi göstərilmişdir. Göründüyü kimi, qanunvericilikdə təcili və təxirəsalınmaz tibbi xidmətlə bağlı hər hansı göstəriş verilməsi tələbi nəzərdə tutulmadığından, həmin göstəriş olmadan məbləğin müvafiq qaydada iddiaçıya ödənilməsi təmin edilmişdir.

41. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.

42. Qeyd edilənlərə əsasən kollegiya qeyd edir ki, cavabdehin iddiaçının bilavasitə hüquq və qanunla qorunan maraqlarını pozan inzibati akt qəbul etdiyi və hərəkətə (və ya hərəkətsizliyə) yol verdiyi müəyyən olunmadığından iddia ona münasibətdə mümkün sayıla bilməz. Belə olan təqdirdə müvafiq göstəriş olmadığı halda pul tələbi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə qarşı da yönələ bilməz. Həmin göstəriş olmadığı halda cavabdehin hər hansı qanunsuz hərəkət və hərəkətsizliyindən də söhbət gedə bilməz.

43. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13887/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası.

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13887/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan Kassasiya şikayəti məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar