Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1578/2020 15.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Mayılov Ülvi Arif oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı “X2 de Travaux Dhydraulique” Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “səyyar vergi yoxlaması aktının və qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3363/20 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “X2 de Travaux Dhydraulique” Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri LGBİ-nin xx.xx.2019-cu il tarixli, **********194367 saylı səyyar vergi yoxlaması aktının və vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli **********196466 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda, iddiaçı “X2 de Travaux Dhydraulique” Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı ərizə ilə məhkəməyə müraciət edərək işə mahiyyəti üzrə baxılıb həll edilənədək müvəqqəti xarakterli müdafiə tədbiri olaraq Bakı şəhəri LGBİnin 22.01 2020-ci il tarixində **********196466 saylı Qərarının icrası ilə əlaqədar iddiaçının “xxxx" ASC-də olan bank hesabından 240.494 (iki yüz qırx min dörd yüz doxsan dörd) manat 32 (otuz iki) qəpik vəsaitin silinməsi barədə xx.xx.2020-ci il tarixli, **********3A nömrəli sərəncamın icrasının məhkəmə mübahisəsi üzrə yekun qərar qüvvəyə minənədək dayandırılmasını və məhkəmə mübahisəsi üzrə yekun qərar qüvvəyə minənədək cavabdehə iddiaçının bank hesablarından və ya şəxsi vərəqəsindən hər hansı məbləğin silinməsi barədə sərəncam və ya qərar verilməsinin qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3363/19 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı “X2 de Travaux Dhydraulique” Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialının məhkəməyə müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsinə dair ərizə ilə müraciət etməsinin əsasını vergi orqanın Filiala məxsus bank hesabları üzərinə qanunvericiliyin tələblərinə zidd olaraq, alınma sərəncam göndərməsi olmuşdur. Halbuki, əgər vergi orqanının qərarı vergi ödəyicisi tərəfindən məhkəmə qaydasında mübahisələndirilmişsə, o zaman vergi ödəyicisinə hesablanmış borc məbləğini yekun məhkəmə qərarı qüvvəyə minənədək ödəməmək hüququ vardır. Əgər mübahisələndirilmiş qərar üzrə hesablanmış vergi məbləği iş məhkəmədə olduğu müddətdə vergi orqanı tərəfindən bank hesablarından tutulacaqsa, bu zaman sual yaranır ki, bəs o zaman qərarı mübahisələndirməyin nə mənası var?! Filial bank hesablarındakı vəsaitin dondurulması ilə bağlı göndərilmiş sərəncam iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Mübahisə predmet icrasının dayandırılması tələb olunan sərəncam vergi orqanının xx.xx.2020-ci il tarixli **********3A nömrəli sərəncamıdır. Həmin sərəncam vəsaitin dondurulması yox, alınması ilə bağlıdır. Vergi orqanı banka belə sərəncam göndərməklə, öz vəzifə səlahiyyətlərini aşmış və qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. Vergi ödəyicisinin son ümid yeri olan məhkəmə isə məsələni araşdırmadan, formal qərardad qəbul etməklə inzibati orqanın qanunsuz hərəkətlərinə göz yummuşdur. Halbuki, Filialın xahişi Vergi Məcəlləsi ilə müəyyən edilən hüquqların bərpa edilməsi, cavabdeh inzibati orqanın müvəkkil banka göndərdiyi alınmalı sərəncamın icrasının dayandırılması və gələcəkdə oxşar məzmunlu sərəncamların göndərilməməsi olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək qərardadın ləğv edilərək müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətinin təmin edilmədən, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq aşağıdakı nəticəyə gəlir. Birinci instansiya məhkəməsi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəni rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ziddiyyətli maraqlar qiymətləndirildikdə dondurma sərəncamın qoyulması vəsaitin hesabdan silinməsi ilə nəticələnmədiyindən iddiaçı üçün itkilər yaratmır, eyni zamanda, həmin vəsaitin iddiaçı tərəfindən kənarlaşdırılmayacağına dair cavabdehə təminat verir. Bu baxımdan iddiaçının hesabına məxaric əməliyyatları üzrə dondurma sərəncamının qoyulması ziddiyyətli maraqların tarazlığını təmin edir və həmin sərəncamın qoyulması qadağan edilə bilməz. Kollegiya aşağıdakılara əsasən məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. İddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsindən görünür ki, iddiaçının tələbi iki hissədən ibarətdir:
1. Bakı şəhəri LGBİ-nin xx.xx.2020-ci il tarixli, **********3A nömrəli sərəncamın icrasının məhkəmə mübahisəsi üzrə yekun qərar qüvvəyə minənədək dayandırılması;
2. Məhkəmə mübahisəsi uzrə yekun qərar qüvvəyə minənədək cavabdehə iddiaçının bank hesablarından və ya şəxsi vərəqəsindən hər hansı məbləğin silinməsi barədə sərəncam və ya qərar verilməsinin qadağan edilməsi. İş materiallarından görünür ki, Bakı şəhəri LGBl-nin xx.xx.2019-cu il tarixli, **********190662 saylı qərarına əsasən “X2 de Travaux Dhydraulique" Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialında səyyar vergi yoxlaması keçirilmiş və nəticədə xx.xx.2019-cu il tarixli №**********194367 nömrəli “Səyyar vergi yoxlaması” aktı tərtib edilmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “X2 de Travaux Dhydraulique" Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2019-cu il tarixli **********194367 nömrəli aktı əsasında vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********196466 saylı xx.xx.2020-ci il tarixli qərar qəbul olunmuşdur. İddiaçı barəsində qəbul edilmiş adı çəkilən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********196466 saylı xx.xx.2020-ci il tarixli qərarın icrası ilə əlaqədar iddiaçının bank hesablarından 240.494,32 (iki yüz qırx min dörd yüz doxsan dörd manat otuz iki qəpik) manat vəsaitin alınması barədə xx.xx.2020-ci il tarixli, **********3A nömrəli sərəncam qəbul edilmişdir. Apelyasiya baxışı zamanı təqdim edilmiş xx.xx.2020-ci il tarilxi **********4 saylı sərəncamdan görünür ki, iddiaçının “xxxx” ASC-dəki hesabında 1.480.923,27 (bir milyon dörd yüz səksən min doqquz yüz iyirmi üç manat iyirmi yeddi qəpik) məbləğində pul vəsaiti dondurulmuşdur. Azərbaycan Respublikası İPM-in 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə iddiaçının vəsatəti əsasında inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə, həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Prosessual qanunvericiliyin tələbinə görə müvəqqəti xarakterli müdafiə tədbirinin zəruriliyinə dair dəlillərə qiymət verilərkən bu dəlillərin ağlabatan olmasını və əsaslılığını, bu tədbirlər görülmədikdə işdə iştirak edən şəxsin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalını, işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməli olmasını, iddianı təmin etmə tədbirləri tətbiq edilərkən ümumi mənafelərin və ayrı-ayrı şəxslərin mənafelərinin pozulmasının qarşısının alınmalı olmasını nəzərə alınmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2.1.2-ci maddəsinə əsasən vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir. Göründüyü kimi, qanunun istinad olunan norması ilə məhkəmə qaydasında mübahisələndirilən borcun dövlət büdcəsinə alınması haqqında vergi ödəyicisinin hesabına sərəncam qoyulması istisna olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən bu Məcəllənin 65.2.1.1 və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Məhkəmə kollegiyası qeyd olunan normaya istinad edərək belə qənaətə gəlir ki, cavabdeh vergi orqanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65-ci maddəsinin tələbinə uyğun olaraq, iddiaçının mübahisələndirdiyi məbləğin onun bank hesabında dondurulmasına dair sərəncamlar qoya bilər. Həmçinin, qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11- 2-ci maddəsinə əsasən mübahisələndirilən məbləğin hesabda dondurulmasını təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Həmin maddənin tələbinə görə vergi orqanı tərəfindən kameral və səyyar vergi yoxlamaları zamanı hesablanmış və ya yenidən hesablanmış vergilər, faizlər, habelə tətbiq edilmiş maliyyə sanksiyalarından verilmiş şikayətə məhkəmədə baxıldığı dövrdə və həmin şikayət üzrə məhkəmənin çıxardığı qərar qanuni qüvvəyə minənədək (vergi ödəyicisinin həmin vəsaitləri öz razılığı ilə ödədiyi hallar istisna olmaqla) əlavə hesablanmış məbləğin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulmasını təmin etmək vergi ödəyicisinin vəzifəsidir. Hazırki işdən görünür ki, iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsində icrasının dayandırılmasını istədiyi xx.xx.2020-ci il tarixli, **********3A nömrəli sərəncam artıq qüvvədə olmamaqla öz əhəmiyyətini itirmişdir. Bu əsasdan ərizə həmin sərəncamın icrasının dayandırılması hissəsində əsaslı olmamaqla təmin edilməməlidir. Hazırki halda cavabdehin iddiaçının bank hesabında olan pul vəsaitinin dondururulması barədə xx.xx.2020-ci il tarixli **********4 saylı sərəncamı qüvvədə olmaqla, sərəncamla dondurulmuş məbləğ iddiaçıdan tələb edilən ümumi vergi borcu məbləğindən ibarətdir. Qeyd edilənlərə əsasən kollegiya hazırki halda ilkin təcili tənzimləmənin zəruriliyini, eləcə də müvəqqəti xarakterli müdafiə tədbiri tətbiq edilərkən hər iki tərəfin hüquqi mənafeyini nəzərə alaraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3363/20 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, ərizə qismən təmin edilməli, işə məhkəmədə mahiyyəti üzrə baxılıb qurtaranadək vergi orqanının “X2 de Travaux Dhydraulique” Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialının “xxxx” ASC-də olan hesab nömrəsi AZ07BRES******************** olan bank hesabına qoyulmuş xx.xx.2020-ci il tarixli **********4 nömrəli sərəncamının icrası tələb olunan vergi borcunun 105 faizi həcmində pul vəsaitinin milli və xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulması istisna olmaqla, dayandırılmalı, iddiaçının bank hesablaşma hesabına həmin məbləğdə borcun tutulması ilə bağlı yeni sərəncamların qoyulması cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qadağan edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı “X2 de Travaux Dhydraulique” Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialının apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3363/20 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İş üzrə yeni qərardad qəbul edilməklə ərizə qismən təmin edilsin. İşə məhkəmədə mahiyyəti üzrə baxılıb qurtaranadək vergi orqanının “X2 de Travaux Dhydraulique” Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialının “xxxx” ASCdə olan hesab nömrəsi AZ07BRES******************** olan bank hesabına qoyulmuş xx.xx.2020-ci il tarixli **********4 nömrəli sərəncamının icrası tələb olunan vergi borcunun 105 faizi həcmində pul vəsaitinin milli və xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulması istisna olmaqla, dayandırılsın və iddiaçının bank hesablaşma hesabına həmin məbləğdə borcun tutulması ilə bağlı yeni sərəncamların qoyulması cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qadağan edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən: M.N.Tağızadə