Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1578/2023 05.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi X2, Cavabdeh Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə (hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan X3rşı “imtina cavablarının qanunsuz hesab edilməsi, iddiaçıya təhsil təqaüdünün təyin olunması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2-1(112)-8994/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə (hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinə (ADPK) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK) imtina cavablarının qanunsuz hesab edilməsi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə təminat verilən hüquqlarının pozulmasının tanınması və cavabdehlərin üzərinə iddiaçıya təhsil təqaüdünün təyin olunması və ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8994/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8994/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının tam ləğv edilərək işin birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia mübahisələndirilmə haqqında yox, öhdəliyin icrası haqqında iddiadır. İddiaçı iddia vasitəsilə cavabdehlərdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan, inzibati aktın qəbul edilməsinə yönəlməyən müəyyən hərəkətlərin edilməsini tələb etmiş, məhkəmədən hər hansı aktın ləğv edilməsi tələb edilməmişdir. Cavabdehlər müraciətə imtina cavabı verdikləri üçün cavabdehlərə qarşı öhdəliyin icrası haqqında iddia ilə məhkəməyə müraciət edilmişdir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyada təmin edilən hüquqlardan təhsil, şəxsi həyat, mülkiyyət, ədalət mühakiməsi hüquqları oxşar məzmunda yerli maddi normalarda əksini tapıb və mübahisələndirilən hüquq pozuntusunun isbat edildiyi təqdirdə məhz hansı normanın pozulmasını əsaslandırmaq məhkəmənin vəzifəsidir. Beynəlxalq müqavilələr qanunvericilik sisteminin tərkib hissəsidir və fundamental hüquqlarda beynəlxalq standarların üstünlüyü qəbul edilmişdir. Tələblərin xüsusən israrla diqqətə çatdırılıb təmin edilməsi, yəni hüquqi münasibət bildirilməsi tələb edilirsə, məhkəmə hər bir halda iş üçün əhəmiyyətli hal kimi buna münasibət bildirməlidir. Belə olan halda, məhkəmə tələblərdən ikisini ölkə qanunvericiliyində ayrıca tələb forması kimi formalaşdırılmaması kimi eksessiv formal əsasla rədd etməli deyildi. Bundan başqa, hərəkətin xüsusi maddələr üzrə pozuntusunun tanınmasını tələb etmək qadağan deyil. Üstəlik, AİHM özü də ölkədaxili məsələlərin necə qaldırılmalı olmasını, eləcə də Konvensiyanın tətbiqinə dair qanunda da ölkədaxili tələblərin məhz necə formalaşmalı olmasına məhdudiyyət qoyulmayıb. Belə olan halda, məhkəmənin bu barədə mövqeyi hüququ məhdudlaşdıran və xəyali hüquqa çevirən, hüquqların mahiyyətinə xələl gətirən bir yanaşmadır. Nazirlər Kabinetinin xx.xx.2016 tarixli, 38 nömrəli qərarı ilə təsdiq edilmiş "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası"na görə tələbəyə təqüdün verilməsi onun təhsil aldığı müəssisə tərəfindən həyata keçirildiyi üçün məhkəmə Elm və Təhsil Nazirliyinin iddia tələbinə cavab verməli olan qurum olmadığı qənaətinə gəlib. Halbuki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci Elm və Təhsil Nazirliyinin tabeliyində olan orta ixtisas təhsil müəssisələrinin siyahısında göstərilib. Belə ki, Nazirlər Kabinetinin 15 iyul 2011 tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı "nın “Orta ixtisas təhsil müəssisələri” bölməsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci 5-ci sırada qeyd edilib. Məhkəmə qərardadında "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nın 3.13-cü bəndinə istinad etməklə təkrar olaraq eyni peşə təhsili səviyyəsində təhsil alan tələbələrə dövlət hesabina təqaüd verilmədiyini bildirib. Məhkəmə qeyd edilən maddi hüquq normasına istinad etməklə səhvə yol verib. Çünki kollec peşə təhsili yox, orta ixtisas müəssisəsidir. “Təhsil haqqında” Azərbaycan Respublikasının 1.0.29-cu bəndinə əsasən, kollec - orta ixtisas proqramları əsasında təhsil xidmətləri göstərən təhsil müəssisəsidir. Bundan başqa, Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci Elm və Təhsil Nazirliyinin tabeliyində olan orta ixtisas təhsil müəssisələrinin siyahısında da göstərilib. Mübahisənin predmeti bağlanılmış müqavilə əsasında yaranan tələbdən ibarət olsa belə, bu, iddiaya inzibati məhkəmədə baxılmasını istisna etmir. İddiaya inzibati məhkəmədə baxılması üçün müqavilənin inzibati akt hesab edilməsinə ehtiyac yoxdur. Cavabdeh Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin iddiaçıya (eləcə də digər təhsil alan tələbələrə) müqavilə formasını təqdim edib və iddiaçı da onu təqdim edildiyi şəkildə imzalamışdır. Buna görə müqavilə standart şərtlər əsasında bağlanmış müqavilədir. Bu, hər bir şəxs üçün eyni müddəa və şərtlərin müəyyən edilməsi, müqavilə tərəflərinin müəyyən qədər qeyri-bərabər vəziyyətdə olmaları, tələbənin müqaviləni olduğu kimi qəbul etmək məcburiyyətində olması, onun heç bir müddəasını dəyişdirə və qeyd-şərtlər irəli sürə bilməməsi, iradəsindən asılı olmayaraq həmin müqaviləni qəbul etmək məcburiyyətində qalması ilə bağlıdır. Bundan başqa, Nazirlər Kabinetinin 28 avqust 2007 tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “inzibati orqanların təsnifatı”nm V bəndinə əsasən, qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və va hüquqi şəxslər inzibati orqan hesab edilir. Odur ki, inzibati orqan olan cavabdeh Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan X3rşı tələb inzibati məhkəmə icraatının predmetini təşkil edir. Sonda məhkəmə qərardadda qeyd edir ki, “...təhsil proqramı ilə müəyyən edilmiş müddət basa çatmışdır və iddiaçı hazırda qeyd edilən müəssisədə təhsil almır". Məhkəmə bu nəticəyə gələrkən də səhvə yol verib. Təhsil proqramı ilə müəyyən edilmiş müddətin başa çatması və iddiaçının hazırda kollecdə təhsil almaması iddiaçıya təqaüd verilməməsi üçün səbəb deyil. Məhkəmənin özündən prosessual qanunvericilikdə yoxlanması ondan tələb olunmayan müddətə istinad etməsi qulluq mövqeyindən sui-istifadə edərək mövqe nümayişidir, şəxsin hüquqi müqavimət əzmini qırmağa yönəlib. Bununla məhkəmə qanunvericiliyin “hüquqları bərpa etmək” funksiyasını inkar etmiş, qanunla qadağan olunmamış müddətləri tətbiq etməklə həmin hüququ əhəmiyyətsizləşdirməyə çalışmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8994/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddia tələbindən göründüyü kimi, iddiaçı cavabdehlərin imtina cavablarının qanunsuz hesab edilməsini tələb edir, lakin imtina məktubu inzibati akt hesab edilmədiyindən onun mübahisələndirilməsi inzibati məhkəmə icraatının predmeti təşkil etmir, həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Göründüyü kimi, inzibati akt aşağıdakı əlamətlərlə səciyyələnir: - inzibati orqan tərəfindən qəbul edilməli; - ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilməli; - ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; - hakimiyyət tədbiri olmalıdır. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Hazırda mübahisələndirilən imtina cavabları qeyd olunan digər əlamətlərə malik deyildir və bu səbəbdən də inzibati akt hesab edilmir. Həmçinin məhkəmə kollegiyası iddiaçının “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə təminat verilən hüquqlarının pozulmasının tanınması tələbi ilə bağlı qeyd edir ki, hazırki tələb ümumi (publik) hüququn nizamasalma predmetinə aid deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növləri arasında belə bir iddia növü nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Elm və Təhsil Nazirliyi iddiaya cavab verməli olan inzibati orqan olmadığı üçün tələb həmin hissədə mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələrinə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 noyabr tarixli 1516 nömrəli Sərəncamına əsasən hazırlanmışdır və əyani təhsilalma forması üzrə (tədrisə qismən cəlb olunma (parttime) növü istisna olmaqla) təhsil alan doktorantlara, ali təhsil, orta ixtisas, peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə dövlət büdcəsinin vəsaiti hesabına təqaüdlərin təyin edilməsi və ödənilməsi qaydalarını müəyyənləşdirir. Həmin “Qayda”nın 1.3-cü bəndinə əsasən doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüd dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Həmin “Qayda”nın 1.4-cü bəndinə əsasən tələbələrə təqaüdün verilməsi müəssisə və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən yaradılan təqaüd komissiyasının təqdimatı əsasında müəssisə və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası rəhbərinin əmri ilə həyata keçirilir. Həmin “Qayda”nın 1.5-ci bəndinə əsasən təqaüd ayda bir dəfə ödənilir. Bu Qayda tələbələrə təqaüdü ixtisas üzrə təhsil proqramı ilə müəyyən edilmiş müddətdə almaq imkanı verir. Həmin “Qayda”nın 1.10-cu bəndinə əsasən tələbələr üçün adlı təqaüdlər Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsis edilir. Həmin “Qaydanın” 3.13-cü bəndinə əsasən təkrar olaraq eyni peşə təhsili səviyyəsində təhsil alan tələbələrə dövlət hesabına təqaüd verilmir. Göründüyü kimi tələbəyə təqüdün verilməsi onun təhsil aldığı müəssisə tərəfindən həyata keçirildiyi üçün müvafiq iddia tələbinə cavab verməli olan qurum Elm və Təhsil Nazirliyi ola bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın 5-ci bəndinə əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci orta ixtisas təhsili müəssisəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın 5.1.2-ci yarımbəndinə əsasən mütəxəssis hazırlamaq işində çevikliyi və ayrı-ayrı şəxslərin əlavə ixtisas təhsili almaq arzusunu təmin etmək məqsədi ilə təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili bu təhsili almaq istəyən şəxslərlə və ya onların işlədikləri idarə və təşkilatlarla müvafiq təhsil müəssisəsi arasında bağlanmış müqavilələr əsasında həyata keçirilir. Həmin Qaydanın 2.7.1-ci yarımbəndinə əsasən ixtisasartırma proqramlarının fərdi seçimi əsasında kadrların özləri və ya işlədiyi müəssisələr, təşkilatlar və qurumlar (bundan sonra — sifarişçi) müvafiq əlavə təhsil müəssisələri ilə müqavilə bağlayırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 04 nömrəli Qərarında qeyd edilmişdir: mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisənin predmeti bağlanılmış müqavilə əsasında yaranan tələbdən ibarət olduğundan və mövcud qanunvericiliyə əsasən müqavilə inzibati akt hesab edilmədiyindən hazırki iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında inzibati mübahisə olmalıdır. Hazırki halda təhsil proqramı ilə müəyyən edilmiş müddət başa çatmışdır və iddiaçı hazırda qeyd edilən müəssisədə təhsil almır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir və mülahizə xarakteri daşıyır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Bu səbəbdən də iddiaçının şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd); Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd); İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8994/2022 saylısaylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1578/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1578/2023
05.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver