Məhkəmə qərarları › İş №2-1(103)-1578/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1578/2024

18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1578/2024 18.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “iddiaçı barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 27 iyul 2023-cü il tarixli, **********473700 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-11710/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldıraraq “iddiaçı barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 27 iyul 2022-ci il tarixli, **********473700 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı "xxxx" MMC (VÖEN: **********) ilə 07 iyul 2021-ci il tarixdə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin alqısatqı müqaviləsi əsasında xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən "xxxx" MMC-dən 1100 (bir min yüz) ton çəkidə, 428340 (dörd yüz iyirmi səkkiz min üç yüz qırx) manat dəyərində metal qırıntısı alınmışdır.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli qəranna əsasən vergi ödəyicisi "xxxx" MMC (VÖEN: **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.İddiaçının “Davidson" MMC ilə alqı-satqı edilən zaman həmin şirkətin riskli vergi ödəyicisi olmasına dair heç bir məlumatı olmamışdır. Aparılan alqı-satqıdan sonra "xxxx" MMC riskli vergi ödəyicisi siyahısına daxil edilmişdir.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli xəbərdarlığına əsasən iddiaçıdan 125602. 97 manat borcun ödənilməsi tələb edilmişdir.Halbuki “Davidson" MMC (VÖEN: **********) ilə 07 iyul 2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında xx.xx.2021-ci İl tarixli elektron qaiməyə əsasən "Davidson” MMC-dən 1100 (bir min yüz) ton çəkidə, 428340 (dörd yüz iyirmi səkkiz min üç yüz qırx) manat dəyərində metal qırıntısının alışına görə iddiaçı tərəfindən bütün vergilər ödənilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, qərarı mübahisələndirmək üçün iddiaçı tərəfindən qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülmüş və müddətin bərpası üçün hər hansı müraciət edilməmişdir.İddiaçının mübahisələndirdiyi xx.xx.2022-ci il tarixli **********473700 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərar xx.xx.2022-cü il tarixində elektron qaydada iddiaçıya göndərilmiş, xx.xx.2022-cü il tarixdə onun tərəfindən oxunmuşdur.Eyni zamanda qərarda vergi ödəyicisinin şikayət etmək hüquqları ilə bağlı qeyd edilmişdir ki, vergi ödəyicisi İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən 30 gün müddətində məhkəməyə və ya Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən 3 ay ərzində birbaşa və ya qərarı göndərilmiş vergi orqanı vasitəsilə yuxarı vergi orqanına şikayət edə bilər.Vergi ödəyicisi tərəfindən mübahisələndirilən qərarın ona xx.xx.2022-cü il tarixdə təqdim edilməsinə baxmayaraq inzibati qaydada yuxarı vergi orqanına xx.xx.2023-cü il tarixdə müraciət etməklə inzibati qaydada yuxarı vergi orqanına şikayət etmək üçün qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür. Bundan başqa 2021-ci il ərzində vergi ödəyicisi İddiaçı (VÖEN: **********) ilə aparılmış 363000 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi ödəyicisinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir ki, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur.Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********913200 nömrəli uyğunsuluq məktubu göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə 72600,01 manat ((363000)‘20%)) əlavə vergi məbləği hesablanaraq, xx.xx.2022-ci il tarixli **********473700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir.İddiaçı qərarla razılaşmayaraq kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2023-cü il tarixli inzibati şikayətlə yuxarı vergi orqanına müraciət etmiş və inzibati şikayəti təmin edilməmişdir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergılənn, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 27 07 2022-cı il tarixli, **********473700 nömrəli Qərarın qəbul edilməsi üçün əsas olmuş kameral vergi yoxlaması vergi qanunvericiliyinin tələblərinə tam cavab vermişdir və yoxlama nəticəsində qəbul edilmiş qərarın ləğv edilməsi üçün hər hansı əsas yoxdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11710/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və İddiaçı barədə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 27 iyul 2022-ci il tarixli, **********473700 nömrəli qərar ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-11710/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli, **********473700 nömrəli qərarına əsasən 2021-ci il üzrə gəlir vergisi üzrə iddiaçıya kameral vergi yoxlaması nəticəsində cəmi 74522,74 manat əlavə vergi hesablanmışdır, əlavə verginin hesablanmasının səbəbi kimi 2021-ci il ərzində bir sıra vergi ödəyiciləri ilə aparılmış 363000 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin iddiaçının vergi uçotunun baza məlumatlarındakı iqtisadi göstəriciləri ilə uzlaşmadığının aşkar edilməsi, bunun da əmtəəsiz əməliyyat kimi qiymətləndirilməsi və kənarlaşmanın yaranmasına səbəb olması göstərilmişdir; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********479200 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən iddiaçının kameral vergi yoxlaması əsasında hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2023- cü il tarixli inzibati şikayəti təmin edilməmiş, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********473700 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır; - “Riskli vergi ödəyiciləri pəncərəsinə daxil edilmiş e-qaimə fakturalar haqqında məlumat”a əsasən iddiaçı xx.xx.2021-ci il tarixdə "xxxx" MMC ilə 428340 manat məbləğində əməliyyat aparmışdır, həmin məlumatdan da görünür ki, riskli vergi ödəyicisi barədə qərar cavabdeh tərəfindən xx.xx.2021-ci ildə qəbul edilmişdir; - xx.xx.2021-ci il tarixli 1 nömrəli müqaviləyə və müqavilənin əlavəsinə əsasən iddiaçı ilə "xxxx" MMC arasında 363000 manat dəyərində 1100 ton metal qırıntısının alqı-satqısı barədə müqavilə bağlanmışdır, xx.xx.2021-ci il tarixli “Malların və xidmətlərin təhvil-təslim aktı”na əsasən 1100 ton metal qırıntısı "xxxx" MMC tərəfindən iddiaçıya təhvil verilmişdir; xx.xx.2021-ci il tarixli hesab fakturaya əsasən xx.xx.2021-ci il tarixli 1 nömrəli müqavilə üzrə iddiaçıya 428340 manat məbləğinin ödənilməsi üçün (363000 manat metal qırıntısına görə, 65340 manat ƏDV) hesab faktura təqdim edilmişdir; - Vergi orqanının xx.xx.2022-ci il tarixli, **********5 nömrəli qərarına, əmlakın siyahıya alınması haqqında protokola və “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında xx.xx.2022-ci il tarixli akta və akta əlavə edilmiş fotoşəkillərə əsasən iddiaçıya məxsus 200 ton metal qırıntısı iddiaçının vergi borcu ilə bağlı siyahıya alınmış və iddiaçının özünə məsul saxlanmaya verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 13-cü maddəsinin 13.2.82-ci bəndinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; - 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət elmək hüququ vardır - 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. - 64-cü maddəsinə əsasən Vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. - 53.3.-ci maddəəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur.Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.1–ci bəndinə əsasən, bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. Həmin Meyarların 1.3.-ci bəndinə əsasən, riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. Həmin Meyarların 1.4.-ci bəndinə əsasən, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı riskli vergi ödəyicisi hesab edilmiş "xxxx" MMC ilə alqı-satqı müqaviləsini xx.xx.2021-ci ildə bağlamışdır, "xxxx" MMC cavabdeh tərəfindən riskli vergi ödəyiciləri siyahısına cavabdehin xx.xx.2021-ci il tarixli qərarına əsasən daxil edilmişdir, yəni iddiaçı "xxxx" MMC ilə müqavilə bağlayan zaman sonuncu riskli vergi ödəyicisi olmamışdır. Göründüyü kimi iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq elektron qaimə fakturalar üzrə əməliyyatları həmin əməliyyatların aparıldığı tarixdə riskli vergi ödəyici olmayan müəssisə ilə aparmışdır. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 64.2-cü maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. - 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh hal-hazırda iddiaçının mübahisələndirdiyi qərarın mövcud qanunvericiliyə uyğun olmasını, qanuni və əsaslı olmasını sübut edə bilməmiş, əksinə inzibati işin materialları ilə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11710/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11710/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar