Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1578/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, Üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndələri Nümayəndə1 və X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı (üçüncü şəxs qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı) 180 manat məbləğində borcun silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 2-1(112)-10987/2024 saylı qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək adına yaranan 180 manat borcun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2011-ci il tarixdən sentyabr ayından 2021-ci il tarixinə kimi Nəqliyyat Nazirliyinin tabeçiliyində olan London taksi qarajında sürücü kimi işləmişdir. İşlədiyi müddətdə iddiaçının əmək haqqından Sosial Müdafiə Fonduna pul tutulurdu. 2024-cü ilin mart ayında banka kart almaq üçün müraciət etmiş, orada iddiaçıya məlum olmuşdu ki, onun Əmək və Əhalinin Sosial Müdafiə Fonduna 180 manat borcu var. İddiaçıya bildirdilər ki, taksi fəaliyyəti ilə məşğul olduqda adına VÖEN olub, həmin borc da oradan yaranıb. İddiaçının əmək haqqından, hər ay Əmək və Əhalinin Sosial Müdafiə Fonduna pul tutularaq ödənilib. Sonradan iddiaçı ərizə ilə Fonda müraciət etdikdə, ərizəyə cavab olaraq bildirilmişdir ki, iddiaçının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə 2006-cı ilin 1 yanvar ayından, 2018-ci il 1 aprel tarixinədək ödənilməmiş MDSSH borcu var. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Bakı İnzibati Məhkəməsinə yazılı vəsatət təqdim olunaraq İddiaçı “onun adına yaranmış 180 manat pul borcunun silinməsi”nə dair iddia tələbi üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsl cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10987/2024 saylı qərardadı ilə vəsatət təmin edilmiş, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10987 saylı qərardadı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs tərəfindən Bakı İnzibati Məhkəməsinə təqdim olunan yazılı mülahizədə qeyd edilmişdir ki, araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemində “Borclara baxış” bölümündə sığortaedənin 0730 fəaliyyət növünün kodunun (Digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər - Bakı şəhərində) məcburi dövlət sosial sığortası üzrə hesabatına əsasən sığortaedənin 185,5 manat (məcburi dövlət sosial sığorta haqqı üzrə 131,0 manat, maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimələr üzrə 54,5 manat) borcunun öz əksini tapdığı müəyyən edilmişdir. Aparılan islahatlar çərçivəsində fərdi uçot sisteminin sağlamlaşdırılması məqsədilə 2020-ci ildən etibarən 2006-2016-cı illər üzrə “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlara (Forma B1, B2) uyğun təqdim edilməyən məlumatların təqdim edilməsi və vaxtilə sığortaolunanların məlumatlarının düzgün qeyd edilməməsi səbəbindən “Bölüşdürülməmiş” və “FİN-ləşməmiş” hesablar bölümündə əks olunan məlumatlarda yaranmış uyğunsuzluqlar aradan qaldırılmış və ödənilmiş sosial sığorta haqlarının sığortaolunanların fərdi şəxsi hesablarına işlənilməsi təmin edilmişdir. Sığortaolunanlara Nazirliyin e-sosial.az portalında qeydiyyatdan keçməklə fərdi şəxsi hesabında əks olunan məlumatlarını real vaxt rejimində izləmək və həmin məlumatlara dair elektron arayışları əldə etmək, habelə “Şəxsi Kabinet” bölməsinin “Sosial sığorta ödəmələri” pəncərəsinə daxil olaraq, sosial sığorta ödəmələri ilə bağlı haqq-hesab cədvəllərinin emal vəziyyəti (icrada olması, geri qaytarılması və ödənişə göndərilməsi), məcburi dövlət sosial sığorta haqları hesabına ödənilmiş müavinət məbləğləri barədə məlumatları real vaxt rejimində izləmək imkanı təqdim ediimişdir. Məcburi dövlət sosial sığorta haqqı qanunla müəyyən edilmiş dövlət ödənişidir və Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Bununla bağlı qanunvericilikdə güzəşt və ya istisna hal nəzərdə tutulmamışdır. Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliyə əsasən 2019-cu ilin 1 yanvar tarixindən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət Dövlət Vergi Xidmətinə həvalə edildiyindən “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1042-VQ nömrəli Qanununa əsasən məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə silinməli olan borc məbləğləri barədə məlumatlar 2024-cü il 7 mart tarixli 3-17-1/2-56327/2024 nömrəli məktubla Xidmətə təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10987/2024 saylı qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddia tələbi qismən təmin edilmiş, İddiaçı münasibətdə məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş 54,10 manat maliyyə sanksiyasının (hesablanmış penyanın) silinməsi cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10987/2024 saylı qərarı üçüncü şəxs tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əsasən iddiaçı 2011-ci il tarixdən 2021-ci il tarixədək London taksi qarajında sürücü kimi fəaliyyət göstərdiyini və xx.xx.2018- ci il tarixə Fonda məcburi dövlət sosial sığorta haqları üzrə borcunun olmadığını bildirmişdir. O, məhkəməyə müraciət edərək məcburi dövlət sosial sığorta haqları üzrə ona hesablanmış 180 manat borc məbləğinin şəxsi hesab vərəqəsindən silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemində “Borclara baxış” bölümündə sığortaedənin 0730 fəaliyyət növünün kodu üzrə (Digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər – Bakı şəhərində) məcburi dövlət sosial sığortası üzrə hesabatına əsasən sığortaedənin 185,5 manat (məcburi dövlət sosial sığorta haqqı üzrə 131,0 manat, maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimələr üzrə 54,5 manat) borcunun öz əksini tapdığı müəyyən edilmişdir. Fond tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinə ünvanlanan xx.xx.2024-cü il tarixli 3-17- 1/2-56327/2024 nömrəli məktubda bildirilmişdir ki, inzibati iş üzrə aparılan araşdırma zamanı İddiaçı məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyası (hesablanmış penya) üzrə silinməli olan borc məbləğinin olduğu aşkar edilmişdir. Belə ki, iddiaçının 2015-ci il ilin 1 yanvar tarixədək yaranmış və 2018-ci ilin 1 aprel tarixədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyası və penya borcları üzrə silinəcək borc məbləği 10,92 manat müəyyən edilmişdir. Hazırki iş üzrə iddiaçının xx.xx.2018-ci il tarixədək mövcud olan borc məbləği məcburi dövlət sosial sığorta haqları üzrə131,0 manat müəyyən edilmişdir (ümumi müəyyən edilmiş 185,5 manat borc məbləğindən 54,5 manat maliyyə sanksiyası və penya borcları silinmişdir). “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 06 mart 2018-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixədək yaranmış və 2018-ci ilin 1 aprel tarixədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Bildirilir ki,iddiaçının məcburi dövlət sosial sığorta haqları üzrə borc məbləği xx.xx.2009-cu il tarixdən sonrakı dövrdə yaranmışdır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndələri Nümayəndə1 və X2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini məhkəmədən xahiş etdilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarını işə şifahi və ya yazılı icraat qaydasında baxılması, şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməyə borcludur. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə müvafiq olaraq, məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş (*nümayəndəsinin iştirakını təmin etməmiş) və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərini nəzərə alaraq, işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası üçüncü şəxsin nümayəndələrini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır Belə ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il, 06 mart tarixli 1042-VQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 2-ci maddəsinə müvafiq olaraq, məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir. Birinci instansiyası məhkəməsi haqlı olaraq İddiaçı münasibətdə 131 manat MDSSH borcunun silinməsinin mümkünsüzlüyü ilə bağlı üçüncü şəxsin dəlilləri ilə razılaşmışdır. Belə ki, İddiaçı məcburi dövlət sosial sığorta haqları üzrə 131 manat borcu 2011-2021-ci il tarixlərdə (2006-cı ilin 1 yanvar tarixindən sonra) yarandığından Qanunun 1-ci maddəsində qeyd olunan borclar kateqoriyasına daxil edilmir və silinməsi mümkün deyil. İddiaçı məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş 54,50 manat maliyyə sanksiyasının (hesablanmış penyanın) 10,92 manat hissəsi 2012-ci il tarixdə (2015-ci ilin 1 yanvar tarixinədək) yarandığı və bugünədək ödənilmədiyi üçün Qanunun 2-ci maddəsinə əsasən silinəcək borc olaraq nəzərə alınmışdır. “Sosial sığorta haqqında” Qanunun həmin dövrdə qüvvədə olan 21-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyətinin orqanları aşağıdakı maliyyə sanksiyalarını tətbiq etmək hüququna malikdirlər: ...sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək ödənişi və gəlir növlərinin gizlədilməsinə (sosial sığorta haqqının azaldılmasına) görə — azaldılmış sosial sığorta haqqı bərpa edilməklə onun 50 faizi, belə hərəkətlərə təkrar yol verildikdə isə 100 faizi məbləğində cərimə. Maliyyə sanksiyası tətbiq edilərkən qüvvədə olan Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 18 noyabr 2014-cü il tarixli 04 nömrəli Qərarı ilə təsdiq edilmiş Məcburi dövlət sosial sığorta haqqının toplanması qaydalarına əsasən: 7.15. DSMF orqanı rüblük hesabat təqdim edildiyi gündən 10 gün ərzində kameral sosial sığorta yoxlaması aparmalıdır. Kameral sosial sığorta yoxlaması nəticəsində hesabatların vaxtında təqdim edilməməsinə, məcburi dövlət sosial sığorta haqlarının düzgün hesablanmamasına və vaxtında ödənilməməsinə, habelə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsindən yayınmaya dair faktlar aşkar edildikdə, müvafiq maliyyə sanksiyaları tətbiq olunur, sığortaedənin məcburi dövlət sosial sığortası üzrə şəxsi uçot hesabında müvafiq qeydlər aparılır və maliyyə sanksiyalarının 5 iş günü ərzində ödənilməsi tələbi barədə sığortaedənə bildiriş (Əlavə №9) göndərilir. 8.7. Sığortaedənlərə məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək ödənişi və gəlirlər gizlədilməsinə (məcburi dövlət sosial sığorta haqqının azaldılmasına) görə azaldılmış məcburi dövlət sosial sığorta haqqı bərpa edilməklə onun 50 faizi, belə hərəkətlərə təkrar yol verildikdə 100 faizi məbləğində maliyyə sanksiyası tətbiq olunur. 9.21. Müzakirələrdə sığortaedən tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları təsdiq olunduqdan sonra DSMF orqanının qərarı (Əlavə №16) əsasında sığortaedənə tətbiq olunmuş maliyyə sanksiyalarının ödənilməsi, habelə aşkar olunmuş pozuntuların aradan qaldırılması barədə tələbnamə (Əlavə №17) göndərilir. DSMF orqanının qərarının surəti və tələbnamə sığortaedənə və ya onun nümayəndəsinə qərarın çıxarıldığı vaxtdan 3 iş günündən gec olmayaraq verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. DSMF orqanının qərarının surəti və tələbnaməsi sığortaedənin və ya onun nümayəndəsi tərəfindən bilərəkdən qəbul edilmirsə, bu sənədlər onların sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab olunur. X3 №16 olaraq Məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə məsuliyyətə cəlb edilmə haqqında Qərarın nümunəsi təsdiq edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati icraat haqqında” Qanunun 57-ci maddəsinə görə, qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. Azərbaycan Respublikasının qanunvericiliyi ilə birbaşa nəzərdə tutulmuş hallarda, habelə dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar təxirəsalınmaz hallarda inzibati akt şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilə bilər. Bu Qanunun 57.3-cü maddəsinə əsasən şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilmiş inzibati akt aşağıdakı hallarda elan olunduğu vaxtdan 5 gün müddətində yazılı formada təsbit olunmalıdır: inzibati akt ünvanlandığı şəxsin və ya digər maraqlı şəxsin hüquq və qanunla qorunan maraqlarını məhdudlaşdırdıqda (əlverişsiz inzibati aktın qəbul edildiyi hallarda); inzibati orqan inzibati aktı yazılı formada qəbul edəcəyini vəd etdikdə; qanunla birbaşa nəzərdə tutulduqda. Qanunla nəzərdə tutulmuş hallarda inzibati akt işıq, səs siqnalları və işarələri, təsvirlər formasında və yaxud digər formalarda qəbul edilə bilər. Həmin Qanunun 59-cu maddəsinə müvafiq olaraq, Yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: inzibati aktı qəbul etmiş orqanın adı; inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat;. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. İnzibati akt texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə, həmin aktda vəzifəli şəxsin imzasının və inzibati orqanın möhürünün olmaması mümkündür. İnzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir. Həmin Qanunun 65-ci maddəsinə əsasən isə, aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt. Birinci instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, qeyd edilən normaların təhlili onu deməyə əsas verir ki, maliyyə sanksiyasının tətbiqi “İnzibati icraat haqqında” Qanunun tələblərinə əsasən yazılı inzibati aktın qəbulu yolu ilə şərtləndiyi halda, müvafiq inzibati akt qəbul edilməmişdir. Belə ki, digər növ hakimiyyət tədbiri formasında inzibati aktlar qanunda nəzərdə tutulmuş (“İnzibati icraat haqqında” Qanunun 57.3 və 57.5-ci maddələri), yazılı inzibati akt olmadan inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan hərəkətlər qanuni hesab edilə bilməz. Birinci instansiyası məhkəməsi eyni zamanda ona istinad etmişdir ki, qeyd edilən həcmdə və həmin maddəyə əsaslanan maliyyə sanksiyasının tətbiqi əsası hazırda mövcud deyildir. Belə ki, məcburi dövlət sosial sığortası qaydalarını pozmağa görə maliyyə sanksiyalarını müəyyən edən “Sosial sığorta haqqında” Qanunun 21-ci maddəsi 30 noyabr 2018-ci il tarixli 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ləğv edilmişdir. 30 noyabr 2018-ci il tarixli 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni məzmunda 9-1-ci maddə əlavə edilmişdir. 9-1.1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. 9-1.2. Artıq ödənilmiş və ya düzgün tutulmamış məcburi dövlət sosial sığorta haqlarının geri qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10987/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-1578/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1578/2025
09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver