Məhkəmə qərarları › İş №2-1(103)-1579/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1579/2020

04.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1579/2020 04.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “xx.xx.2009-cu il tarixli **********0847 nömrəli qərarın ləğv edilməsi və müvafiq məbləğlərin şəxsi hesab vərəqəsinə bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Elmira Eyvaz qızı Nağıyevadan və Vidadi Məmməd oğlu Məmmədovdan ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə qarşı «xx.xx.2009-cu il tarixli, **********0847 nömrəli qərarın ləğv edilməsi və müvafiq məbləğlərin şəxsi hesab vərəqəsinə bərpa edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 130/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MMC Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 2006-cı ilin avqust ayı üçün hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi və iddia müddətinin bərpası barədə ərizələri məhkəməyə təqdim edərək, iddia müddətinin bərpa edilməsi, 2006-cı ilin avqust ayı üçün hesablanmış **********0847 nömrəli xx.xx.2009-cu il tarixli kameral hesablama qərarının ləğv edilməsi və müvafiq məbləğlərin şəxsi hesab vərəqəsində bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” xx xxxxxxx 2019cu il tarixli 845 saylı Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edildiyindən birinci instansiya məhkəməsi tərəfindən bu əsasla iş üzrə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-130/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı iləiddia müddətinin bərpa edilməsi barədə ərizənin təmin edilməməsi və iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-130/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdi ki, qərardad əsassız və qanunsuzdur. Belə ki, məhkəmə tərəfindən heç bir hal araşdırılmadan sadəcə vergi orqanının dedikləri təsdiq edilməklə və birtərəfli qaydada idarə olunan elektron kabinetdən oxunma barədə bildirişə istinad edilməklə onun hüquqları pozulmuşdur. Vergi ödəyicisi ilə vergi orqanı arasındakı münasibətlər Vergi Məcəlləsi və digər qanunlarla tənzimlənə bilər. Müqavilələr bütün vergi ödəyiciləri ilə məcburi şəkildə bağlanır. Həmin müqavilənin olması Vergi Məcəlləsinin hüquqi qüvvəsini itirməsi demək deyildir. Müqaviləyə baxdıqda qərarların da həmin müqavilə üzrə göndərilməsi göstərilmişdir. Qanunvericiliyin həmin dövrdə qüvvədə olan müddəalarına əsasən qərar ona təqdim edilməli idi. Lakin mübahisələndirilən qərar ona təqdim edilməmişdir. Bundan əlavə vergi orqanı tərəfindən qərarın elektron qaydada göndərilməsi bildirilirsə, bununla əlaqədar vergi orqanı hələ də bilmək istəmir ki, elektron sənəd dedikdə, elektron qaydada sənədin göndərilməsi dedikdə, mütləq şəkildə elektron imza və elektron sənəd haqqında qanuna baxmaq lazımdır. Hər hansı bir sənədin elektron göndərilməsi üçün ilk növbədə sənəd elektron olmalıdır. Sənədin elektron olması üçün isə sənədin elektron imza ilə təsdiq edilməsi lazımdır. Lakin vergi orqanı tərəfindən göndərilən sənədlər elektron sənəd hesab edilə bilməz. Çünki heç bir sənəd elektron imza ilə təsdiq edilmir. Elektron qutuya gəldikdə isə, vergi oranı istənilən elektron qutuya müdaxilə edə bilir. Çünki bütün informasiya və sistemə giriş birbaşa vergi orqanları tərəfindən həyata keçirilir. Vergi orqanı istəsə hər hansı bir sənədi 3 və ya 4 ay, il sonra elektron qutuya göndərə bilər və elə şəkildə göstərə bilər ki, onu 3 və ya 4 ay, il əvvəl göndərib və həmin vaxtda da oxunulub. Sənədin oxunulması onun təqdim edilməsi demək deyil. Oxunma vergi orqanı tərəfindən sübut kimi qəbul edilə bilməz. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Hikmət Xəlilov iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nail Xəlilov apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından görünür ki, iddiaçının tələbi “2006-cı ilin avqust ayı üçün hesablanmış **********0847 nömrəli xx.xx.2009-cu il tarixli kameral hesablama qərarının ləğv edilməsi və müvafiq məbləğlərin şəxsi hesab vərəqəsində bərpa edilməsi” barədədir. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinin tələbinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş üzrə birinci instansiya məhkəməsi **********0847 nömrəli xx.xx.2009-cu il tarixli qərarın iddiaçının elektron kabinetinə göndərildiyi, həmin qərarın mübahisələndirilməsinə dair ərizənin qərarın oxunmasından 10 ildən artıq müddət keçdikdən sonra məhkəməyə təqdim edildiyinə əsasən hesab etmişdir ki, iddiaçı hazırda ləğvini tələb etdiyi qərarların mövcudluğundan və məzmunundan vaxtında xəbərdar olsa da, onu qanunla müəyyən edilmiş müddət ərzində mübahisələndirməmiş, hazırda isə belə hüququnu itirmişdir. Bununla bağlı birinci instansiya məhkəməsi iddianın qeyri-mümkünlüyü qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, xx xxxxx 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini,.. yoxlamalıdırlar (2.3-cü bənd). Həmçinin «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır.» Tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş Vergi Məcəlləsinin 70.2-ci maddəsinə görə vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı bildiriş və ya digər sənəd adı göstərilməklə vergi orqanın rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Sənədlər vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fıziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana zərfin qəbul edildiyinə dair bildiriş yazılan sifarişli məktubla çatdırıldıqda və ya şəxsən verildikdə lazımi qaydada vergi ödəyicisinə verilmiş sayılır. Lakin işə birinci instansiya qaydasında baxmış məhkəmə Vergi Məcəlləsinin 70-ci maddəsində sonradan xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliyə əsasən hazırda qüvvədə olan normanın yeni məzmununa- vergi orqanı tərəfindən qəbul edilmiş qərarın elektron üsulla göndərilməsinin mümkünlüyünə istinad edərək hesab etmişdir ki, iddiaçının mübahisələndirdiyi vergi orqanının qərarının oxunmasından 10 ildən artıq müddət keçdiyindən iddia müddəti üzrsüz səbəbdən ötürülmüş və buna görə də iddia mümkün sayıla bilməz. Həmçinin iddiaçının bildirdiyi vergi orqanı tərəfindən qəbul edilmiş qərarların elektron üsulla göndərilməsinin həmin qərarların qanunla müəyyən edilmiş qaydada çatdırılma üsulu kimi istisna edildiyinə dair dəlilləri əsassızdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, yuxarıda da göstərildiyi kimi, tərəflər arasında hüquq münasibətlərinin mövcud olduğu dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələbinə görə vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı bildiriş və ya digər sənəd vergi ödəyicisinə o zaman lazımi qaydada verilmiş sayılır ki, həmin sənəd vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana zərfin qəbul edildiyinə dair bildiriş yazılan sifarişli məktubla çatdırılmış olsun. Hazırki işdən iddiaçının mübahisələndirdiyi inzibati aktın iddiaçıya qanunvericiliyinin həmin dövrdə qüvvədə olan tələblərinə uyğun şəkildə təqdim edildiyi müəyyən olunmur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə görə poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçtla təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3-cü maddəsinə görə bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Belə olan halda iddiaçı tərəfindən mübahisələndirdiyi inzibati aktın ona rəsmi qaydada nə vaxt təqdim olunması vergi orqanı tərəfindən sübuta yetirilmədiyi üçün həmin inzibati aktdan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddətin axımının hansı tarixdən hesablanmalı olduğunu da müəyyən etmək mümkün deyil. Buna baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən qeyd olunanlar nəzərə alınmadan iddia müddətinin bərpası barədə verilmiş ərizə təmin edilməmiş və iddianın qeyri-mümkün sayılması barədə qərardad qəbul edilmişdir ki, bununla da Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələbləri pozulmuşdur. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərardad ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıtərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-130/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Elmira Nağıyeva Vidadi Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar