Məhkəmə qərarları › İş №2-1(103)-1579/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1579/2022

01.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1579/2022 01.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiаçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8406/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüququnun yarandığı vaxtdan yəni, 57 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinin və həmin tarixdən əmək pensiyasının hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 60 yaşının tamam olduğu, xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8406/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8406/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdən göründüyü kimi onun ümumi iş stajı xx.xx.2014-cü il tarixinədək 25 ildən az (21 il 10 ay 15 gün) təşkil edir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəfləri dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: -AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuş, Sabirabad rayonu, Bulduq kəndində qeydiyyatdadır. - iddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1988-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1993-cü il tarixdən, xx.xx.1995-ci il tarixədək, xx.xx.1995ci l tarixən, xx.xx.2009-cu il tarixədək, xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək müxtəlif peşələrdə işləmişdir. - İddiaçı müraciətinə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 18 iyun 2021-ci il tarixli, **********2 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” imtina məktubunun surətinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ay həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də, müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər dövlət fəaliyyət müddətləri sığorta stajına qanunveriiciliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə ujyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının Mərkəzi Filiala təqdim edilmiş 1 fevral 1983-cü il tarixli, ИТ-İ seriyaıl ******* nömrəli əmək kitabçasının 15-ci, 16-cı, 17-ci, 18-ci, 19-cu və 20ci qeydləri (1992-1995-ci illər üzrə) müstəqil Azərbaycan Respublikasına aid möhürlə təsdiq edilməli olduğu halda, SSRİ dövrünə aid möhürdən istifadə olunmuşdur. Buna görə də, əmək kitabçasında göstərilən məlumatların həqiqiliyinə əsaslı şübhələr vardır. Bu səbəbdən, əmək stajına dair məlumatların dəqiqləşdirilməsi ilə bağı Mərkəzi Filial tərəfindən xx.xx.2021-ci il tarixində aidiyyəti üzrə sorğu verilmiş və bu barədə xx.xx.2021ci il tarixində **********0 nömrəli məktubla ona məlumat göndərilmişdir. Sorğularına cavab olaraq isə xx.xx.1983-xx.xx.1995-ci il tarixləri arasındakı dövrə aid arxiv sənədlərin aşkar edilmədiyi bildirilmişdir. Bu səbəblərdən də, yuxarıda qeyd edilən dövrü onun ümumi iş stajına daxil etmək mümkün olmadığından iş stajı 25 ildən az (21 il 10 ay 15 gün (xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1983- xx.xx.1983-cü il, xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1995-xx.xx.2014-cü il tarixli arasındakı dövrlər)) təşkil edir. Bundan başqa onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40800.00 manat hesablandığı halda, fərdi hesabının sığorta hisəssində qeydə alınan pensiya kapitalı cəmi 37658.36 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir - НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1979xx.xx.1981-ci il tarixlərdə Sovet ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. - “X4 LD” Şirkəti tərəfindən verilmiş 02 nömrəli, xx.xx.2021- ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında” arayışa əsasən, İddiaçı həqiqətən də, “Şirvanneft” NQÇİ-də, "xxxx" X5 Müəssisəsində, “X4 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında işləmişdir. Belə ki, xx.xx.1995-ci il tarixli, 192/k saylı əmrlə xx.xx.1995-ci il tarixdən “Şirvanneft” NQÇİ-nin Quyuların əsaslı və yeraltı təmiri sexində 3-cü dərəcəli qazmaçı köməkçisi peşəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.1997-ci il tarixli, 158 saylı əmri ilə Şirvanneft NQÇİ-si xx.xx.1997-ci il tarixdən ləğv olunmuş və onun bazasında Şirvan OYL X5 Müəssisə yaradılmışdır. xx.xx.2001-ci il, 55-k saylı əmrlə "xxxx" BMMM-nin Quyuların əsaslı və yeraltı təmiri sexində 4-cü dərəcəli qazmaçı köməkçisi peşəsinə keşirilmişdir. xx.xx.2002-ci il tarixli, 112/k-a saylı əmrlə xx.xx.2002-ci il tarixdən 1 saylı Neftqazçıxarma sexində 4-cü dərəcəli qazmaçı köməkçisi peşəsinə keçirilmişdir. xx.xx.2003-cü il tarixli, 33/k-a saylı xx.xx.2003-cü il tarixdən Quyuların əsaslı və yeraltı təmiri sexində 4-cü dərəcəli qazmaçı köməkçisi peşəsində işləmiş və xx.xx.2009-cu il tarixədək həmin peşədə işləmişdir. Həmin peşədə iş stajı 13 il 10 ay 25 gündür. xx.xx.2009-cu il tarixli əmək müqaviləsi ilə xx.xx.2009-cu il tarixdən “X4 Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Quyuların əsaslı və yeraltı təmiri sexində 4-cü dərəcəli qazmaçı köməkçisi peşəsinə işə qəbul edilmiş, xx.xx.2011-ci il tarixli, 401/k saylı əmrlə quyuların əsaslı təmiri üzrə 4-cü dərəcəli qazmaçı köməkçisi peşəsinə keçirilmişdir. xx.xx.2014-cü il tarixli, 607/k saylı əmrlə xx.xx.2014-cü il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Həmin peşədə iş stajı 05 il 26 gündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 10.2. bölməsinin (Neft, qaz və qaz kondensatının hasilatı) “a” yarımbölməsində (fəhlələr) “quyuların əsaslı təmirinin qazmaçıları” peşəsinə uyğundur. İddiaçı “Şirvanneft” NQÇİ-də, "xxxx" X5 Müəssisəsində, “X4 Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında ümumi əmək stajı 18 il 11 ay 21 gün, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajı isə 18 il 11 ay 21 gün təşkil edir. - Sabirabad rayon Dövlət Arxivi tərəfindən verilmiş 21 sentyabr 2021-ci il tarixli, 144 nömrəli Çıxarışla təqdim edilmiş məlumata əsasən, Sabirabad rayon X1 əmrlərindən əmr № 12, & - 6, 24 saylı SMD-ə üzrə xx.xx.1983-cü il tarixli əmrə əsasən İddiaçı – 04/İV- 1985-ci il tarixdən 3-cü dərəcəli fəhlə qəbul edilmiş, əmr № 44, & - 6, 24 saylı CMD-ə üzrə 11 iyul 1983-cü il, İddiaçı- öz ərizəsinə və Azərbaycan Respublikası SSRİ Əmək qanunu Məcəlləsinin 37-ci maddəsinə əsasən xx.xx.1983-cü il tarixdən işdən azad edilmişdir. - Sabirabad rayon Dövlət Arxivi tərəfindən verilmiş 21 sentyabr 2021-ci il tarixli, 144 nömrəli Çıxarışla təqdim edilmiş məlumata əsasən, Sabirabad rayon X1 əmrlərindən əmr № 37, & - 7, 05 iyun 1985-ci il tarixli əmrə əsasən İddiaçı – 04/İV-1985-ci il tarixdən 3-cü dərəcəli fəhlə qəbul edilmiş, əmr № 1, 02 yanvar 1986-cı, aşağıda qeyd olunan işçilər 1986-cı ilə daimi işçi hesab edilsinlər. 71. İddiaçı – fəhlə. - Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC X3 İstismarı İdarəsi tərəfindən verilmiş arayışa əsasən, İddiaçı həqiqətən xx.xx.1988-ci il tarixli, 25-k saylı əmrlə xx.xx.1988-ci il tarixdə Kür-Araz çaylarında Bəndatma İdarəsində çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.1992-ci il tarixli, 41-k saylı əmrlə xx.xx.1992-ci il tarixdən işdən azad edilmiş, xx.xx.1993-cü il tarixli, 30 – k saylı əmrlə xx.xx.1993-cü il tarixdə fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.1995-ci il tarixli, 22-k saylı əmrlə xx.xx.1995-ci il tarixdən işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyun 2006-cı il tarixli, 149 nömrəli qərarına əsasən Azərbaycan Meliorasiya və X8 Səhmdar Cəmiyyətinin 22 iyun 2006-cı il tarixli, 29 saylı əmrlə 03 iyul 2006-cı il tarixdən Kür-Araz çaylarında Bəndatma İdarəsi – X3 İstismarı İdarəsinə çevrilmişdir. - Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş 155 nömrəli, 04 noyabr 2021-ci il tarixli məktuba əsasən, X3 İstismarı İdarəsinin rəhbərliyi İddiaçı Kür-Araz çaylarında Bəndatma İdarəsində xx.xx.1988-ci il tarixli, 28-k saylı əmrlə xx.xx.1988-ci il tarixdə işə qəbul edilməsi, xx.xx.1992-ci il tarixli, 41-k sayı əmrlə xx.xx.1992-ci il tarixdən işdən azad edilməsi, xx.xx.1993-cü il tarixli, 30-k sayı əmrlə xx.xx.1993-cü il tarixdə işə qəbul edilməsi, xx.xx.1995-ci il tarixli, 22-k saylı əmrlə xx.xx.1995-ci il tarixdən işdən azad edilməsi barədə əmrlərin surətini və həmin dövlərdə ona hesablanmış əmək haqqı cədvəllərindən çıxarış təqdim edilmişdir: - - Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyi Kür-Araz çaylarında Bəndatma İdarəsinin 28-k nömrəli, 18 aprel 1988-ci il tarixli əmrdən çıxarışdan görünür ki, 1961-ci il təvəllüdlü İddiaçı – xx.xx.1988-ci il tarixdən Mexanizasiya şöbəsində 4-cü dərəcəli çilingər vəzifəsinə qəbul edilmişdir. Əmrin verilməsinə əsas – şəxsin ərizəsi olmuşdur. - - Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyi Kür-Araz çaylarında Bəndatma İdarəsinin 41-k nömrəli, 02 noyabr 1992-ci il tarixli əmrindən çıxarışdan görünür ki, 1961-ci il təvəllüdlü İddiaçı – Mexanizasiya şöbəsində 4-cü dərəcəli çilingər, xx.xx.1992-ci il tarixdən yeni yaradılmış SMD-yə köçürülməsi ilə əlaqədar işdən azad edilmişdir. Əmrin verilməsinə əsas – Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin xx.xx.1992-ci il tarixli, 113 nömrəli əmri olmuşdur. - - Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyi Kür-Araz çaylarında Bəndatma İdarəsinin 30-k nömrəli, 12 iyul 1993-cü il tarixli əmrindən çıxarışdan görünür ki, 1961-ci il təvəllüdlü İddiaçı – xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Tikinti sahəsində 1-ci dərəcəli fəhlə vəzifəsinə qəbul edilmişdir. Əmrin verilməsinə əsas – şəxsin ərizəsi olmuşdur. - - Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyi Kür-Araz çaylarında Bəndatma İdarəsinin 22-k nömrəli, 08 sentyabr 1995-ci il tarixli əmrindən çıxarışdan görünür ki, 1961- ci il təvəllüdlü İddiaçı – tikinti sahəsində 1-ci dərəcəli, fəhlə xx.xx.1995-ci il tarixdən öz xahişi ilə işdən azad edilmişdir. - - Kür-Araz çaylarında Bəndatma İdarəsində işləmiş İddiaçı xx.xx.1988- ci il tarixdən xx.xx.1992-ci il tarixə və xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixə kimi işlədiyi dövrlərdə ona hesablanmış əmək haqqı cədvəllərindən çıxarış təqdim edilmişdir. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2021-ci il tarixli, **********3 nömrəli məktubla təqdim edilmiş İddiaçı barəsində “Fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı haqqında” məlumata əsasən, İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 15168,52 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 27594,13 manat olmaqla cəmi pensiya kapitalı 42762,65 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017- ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bunanla əlaqədar olaraq İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 21 il 10 ay “15 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 15168,52 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 27594,13 manat pensiya kapitalı qeydə alınmışdır. Adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə onun Mərkəzi Filiala müraciətində qeyd etdiyi kimi 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 38600.00 manat məbləğində hesablanmışdır. Birinci instansiya məhkəməsi işin hallarına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsini, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsini, “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1.1-ci maddəsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1, 3 və 25-ci bəndlərini, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı Qərarını tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməli, İddiaçı 60 yaşının tamam olduğu, xx.xx.2021-ci il tarixdən güzəştli şərtərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə əsasən iş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı omayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı trəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərrtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə əsasən İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göstərilən sənədlər olmadıqda əmək stajını sübutedici kimi həmkarlar ittifaqı üzvlük bileti və hesablaşma kitabçası qəbul edilə bilər. Bu halda hesablaşma kitabçası əmək haqqı verilməsi qeydi aparılan dövrü, həmkarlar ittifaqı bileti ilə orada əmək haqqından və ya təqaüddən üzvlük haqqı verilməsi barədə qeydlər olan müddəti təsdiq edə bilər. Həmkarlar ittifaqı bileti olmadıqda staj həmkarlar ittifaqı üzvünün uçot kartı üzrə orada üzvlük haqqı verilməsi qeyd olunan müddət üzrə qəbul edilə bilər. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır. Əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməməklə aparılan hallarda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsində deyilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a)yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. İddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. Qeyd olunan qanunvericilik normalarına əsasən, baxılan iş üzrə iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun xx.xx.2014-cü ilə qədər azı 25 il ümumi iş stajının olmalı, bu müddətin azı 12 il 6 ayının güzəştli iş stajı olmalıdır. Cavabdehin imtinasının və etirazının birinci hissəsi ondan ibarət olmuşdur ki, iddiaçının Mərkəzi Filiala təqdim edilmiş 1 fevral 1983-cü il tarixli, ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının 15-ci, 16-cı, 17-ci, 18-ci, 19-cu və 20-ci qeydləri (1992-1995-ci illər üzrə) müstəqil Azərbaycan Respublikasına aid möhürlə təsdiq edilməli olduğu halda, SSRİ dövrünə aid möhürdən istifadə olunmuşdur. Buna görə də, əmək kitabçasında göstərilən məlumatların həqiqiliyinə əsaslı şübhələr vardır. Bu səbəbdən, əmək stajına dair məlumatların dəqiqləşdirilməsi ilə bağı Mərkəzi Filial tərəfindən xx.xx.2021-ci il tarixində aidiyyəti üzrə sorğu verilmiş və bu barədə xx.xx.2021-ci il tarixində **********0 nömrəli məktubla ona məlumat göndərilmişdir. Sorğularına cavab olaraq isə xx.xx.1983xx.xx.1995-ci il tarixləri arasındakı dövrə aid arxiv sənədlərin aşkar edilmədiyi bildirilmişdir. Bu səbəblərdən də, yuxarıda qeyd edilən dövrü onun ümumi iş stajına daxil etmək mümkün olmadığından iş stajı 25 ildən az (21 il 10 ay 15 gün (xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1995-xx.xx.2014-cü il tarixli arasındakı dövrlər)) təşkil edir. Cavabdehin həmin mövqeyi məhkəmə tərəfindən araşdırılmış və müəyyən edilmişdir ki, ilk öncə cavabdeh tərəfindən iddiaçının xx.xx.1982-xx.xx.1983-cü, xx.xx.1983xx.xx.1985-ci illər üzrə əmək stajı ümumiyyətlə nəzərə alınmamış, halbuki, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçası ilə müəyyən edilmişdir ki, onun əmək kitabçasında həmin dövrlər üzrə işləməsinə dair qeydlər mövcuddur və həmin qeydlərin mötəbərliliyi şübhə doğurmur. Digər tərəfdən, cavabdeh üçün iddiaçının əmək kitabçasında əsas şübhə doğuran qeydlər 15-ci, 16-cı, 17-ci, 18-ci, 19-cu və 20-ci qeydlər təşkil edir ki, məhkəmə həmin qeydlərə münasibətdə bildirir ki, iş materiallarında olan Azərbaycan Respblikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyi KürAraz çaylarında Bəndatma İdarəsinin 41-k nömrəli, 02 noyabr 1992-ci il tarixli əmrindən müəyyən edilmişdir ki, həmin əmrdə birbaşa göstərilmişdir ki, İddiaçı – mexanizasiya şöbəsində 4-cü dərəcəli çilingər, xx.xx.1992-ci il tarixdən yeni yaradılmış SMD-yə köçürülməsi ilə əlaqədar işdən azad edilmişdir. Göründüyü kimi, sözügedən əmr özlüyündə iddiaçının əmək kitabçasındakı 15 və 16-cı qeydlərin həqiqliyini təsdiq edir. Həmçinin əmək kitabçasına baxış keçirildikdə müəyyən edilir ki, iddiaçının əmək fəaliyyətini təsdiq edən 15, 16, 17 və 18-ci qeydlərdə gözlə görünəcək dərəcədə bir düzəliş, qaralama və yaxud qeydlərin mötəbərliliyini şübahə altına alacaq hər-hansı bir əsas yoxdur. Bundan başqa, məhkəmə qeyd edir ki, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Baxılan işdə iddiaçının əmək kitabçasında, əmək kitabçalarının doldurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericliyi də, əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçının xx.xx.1992-ci il tarixdən, xx.xx.1993-cü il tarixədək və xx.xx.1993-cü il tarixdən, xx.xx.1993-cü il tarixədək işlədiyi illər üzrə əmək kitabçasında müvafiq qeydlər vardır və bu qeydlər qanunvericiliyin tələblərinə uyğun olaraq doldurulmuşdur. Əmək kitabçasına vurulmuş möhürün SSRİ dövrünə aid möhürlə vururulması halı isə iddiaçının qazanılmış iş stajını qeyri-mötəbər edən sübut kimi, qiymətləndirilə bilməz, belə ki, iddiaçının işləmiş olduğu müəssisə tərəfindən möhürün yenisi ilə dəyişdirilməsi ilə bağlı müraciət edilməməsi halı, iddiaçının təqsiri kimi qiymətləndirilə bilməz. Həmçinin, məhkəmə iddiaçının əmək kitabçasında olan 19-cu və 20-ci qeydlərə münasibətdə bildirir ki, həmin qeydlərin mötəbərliliyi iş materiallarına əlavə olunmuş məhkəmə sorğularına cavab olaraq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı SC tərəfindən verilmiş arayış, əmək haqqı cədvəlləri və əmrlərlə öz təsdiqini tapmışdır Məhkəmə eləcə də, cavabdehin imtina və etirazında göstərilən digər dəlil olan iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi halına münasibətdə bildirir ki, həmin hal da, məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, belə ki, məhkəmənin tələbinə əsasə cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, **********3 nömrəli məktubla təqdim edilmiş “Fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı haqqında” məlumatdan müəyyən edilmişdir ki, qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçıya münasibətdə tələb olunan pensiya kapitalının aşağı həddi 38600.0 manat təşkil etmiş, iddiaçının isə 2006-cı il tarixədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 15168.52 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hisəssində qeydə alınan 27594.13 manat olmaqla cəmi pensiya kapitalı 42762.65 manat təşkil edir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının güzəştli iş stajının olması ümumiyyətlə hazırki iş üzrə mübahisə predmeti olmasa da, məhkəmə iddiaçının güzəştli iş stajına münasibətdə də, bildirir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı Qərarına əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavə qeyd edilən) əlavə edirlər. Qeyd edilən 2 saylı Əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir ki, iş materiallarına əlavə olunmuş iddiaçının işlədiyi “X4 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş arayış güzəştli şərtlərlə hüququ verən Beləliklə, iddiaçı xx.xx.2014-cü il tarixədək tələb olunan 12 il 06 aydan çox güzəştli iş stajını toplamışdır. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir, cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8406/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar