Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1579/2023 13.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının və onun nümayəndəsi vəkil X1 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10777/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Bakı şəhəri, Nobel prospekti, 189 a ünvanında yerləşən çoxmərtəbəli kooperativ yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsində ümumi sahəsi 141.2 kv.m, 3 otaqlı 69 saylı yaşayış sahəsinə dair mülkiyyət hüququna dair qeydiyyatın aparılması və bununla bağlı dövlət reyestrindən çıxarışın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə iddiaçı bir tərəfdən "xxxx" Mənzil Tikinti Kooperativinin sədri X3, gələcəkdə “İcraçı” adlanacaq, digər tərəfdən X2 ilə bağlanmış müqavilə (xx.xx.2009cu il tarixli) öz razılıq ərizəsi ilə gələcəkdə “Payçı" adlanacaq İddiaçı arasında bağlanmış 23 dekabr 2010-cu il tarixli, 24 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Nobel prospekti, 189 ünvanında yerləşən çoxmərtəbəli kooperativ yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsində ümumi sahəsi 141.2 kv.m, 3 otaqlı 69 saylı mənzil İddiaçı verilmişdir. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2010-ci il tarixli, 10/28 nömrəli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nobel prospekti, 189 ünvanında yerləşən çoxmərtəbəli kooperativ yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsində ümumi sahəsi 141.2 kv.m, 3 otaqlı 69 saylı mənzilin dəyəri tam ödənilmişdir və onun Mənzil Tikinti Kooperativinə borcu yoxdur. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Nobel prospekti, 189 ünvanında bir bloklu hündürmərtəbəli yaşayış binası inşa edilmiş, tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı tərtib edilmiş, bina istismara verilmişdir. Sözügedən ünvanda bir çox vətəndaşlar artıq mənzilə çıxarış almış, həmin ünvanda yaşayırlar, həmin ünvanı mənzil kimi istifadə edirlər və mənzilləri əsaslı təmir etdirmişlər. O, həmin ünvanı mənzil kimi istifadəsində olduğundan hazırda həmin ünvana mənzil kimi dövlət reyestrindən çıxarış əldə etmək niyyətindədir. Cavabdeh iddia ərizəsinə dair məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli etirazında iddianın qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı müvafiq tələblə ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, sözügedən ünvanda yerləşən "xxxx" MTK-nə məxsus çoxmərtəbəli yaşayış binasının “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı” (və ya istismara icazə sənədi) 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilməmişdir. Sözügedən daşınmaz əmlaka yerində aparılmış müayinə (baxış) zamanı müəyyən edilmişdir ki, mənzilin ölçüsü sənəd üzrə 141.2 kv.m olsa da, faktiki 130.5 kv.m təşkil edir.Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə vətəndaşa **********76 saylı, xx.xx.2022-ci il tarixli cavab ünvanlanmışdır. Bundan əlavə, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8l0.6-ci maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10777/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, mənzil iddiaçıya "xxxx" ilə bağlanmış müqavilə əsasında verilmiş, pay haqqının tam ödənilməsinə dair maliyyə arayış var və binanın tikintisi başa çatdıqdan və təmir olunduqdan sonra iddiaçı mənzildə yaşamağa başlamışdır. Artıq həmin banada yaşaynlardan 14 nəfər qonşusuna cavabdeh çıxarış vermişdir.Hətta iddiaçı ona həmin binadan 78 saylı mənzilinə verilmiş çıxarışı məhkəməyə təqdim etmişdir. Dyaşayış binasının istismara qəbul aktının olmaması və MTK üzvlərinin ümumi yığıncağının qərarının olmamasına gəldikdə, əgər istimara qəbul aktının olmaması ilə bağlı iddia təmin olunmursa, onda digər şəxslər necə çıxarış ala bilir. Cavabdehin mənzilin ölçüsünün sənəd üzrə 141,2 kv.m, faktiki 130,5 kv.m təşkil etməsi ilə bağlı həmin hissədə iddiaçının mübahisəsi mövcud deyil., iddiaçının niyəti sadəcə mənzilə çıxarış almaqdır. Məhkəmə iş üçün bütün faktiki halları araşdırmamış, maddi və prosessual hüquq normalarının pozulması ilə qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclaslarının vaxtı və yeri, eləcə də, məhkəmə iclasına gəlmədyi təqdirdə işə onun iştirakı olmadan baxılacağı barədə xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibat Prosessual Məcəlləsinin (“İPM”) 62.3-cü maddəsinin tələblərinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxlması mümkün hesab olunmuşdur. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdehin məhkəməyə ünvanladığı imtina məktubundan göründüyü kimi, iddiaçının mübahisəli mənzilin onun adına mülkiyyət hüququ ilə qeydiyyata alınmasına dair idarəyə daxil olmuş xx.xx.2022-ci il tarixli ərizəsinin təmin edilməsindən imtina etməsini ilk növbədə onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus Bakı şəhəri, Nobel prospekti, 189 a ünvanında çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsində olan, ümumi sahəsi 141.2 kv.m, 3 otaqlı 69 saylı mənzilin yerləşdiyi "xxxx" MTK-nın inşa etdirdiyi çoxmərtəbəli yaşayış binasına dair “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı” (və ya istismara icazə sənədi) 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan əsasla mənzilin iddiaçının adına qeydiyyata alınmasından imtina olunması qanunvericilyə uyğundur. Belə ki, Bakı şəhəri, Nobel prospekti, 189 a ünvanında çoxmərtəbəli yaşayış binasının 2013-cü ilə qədər inşa edilməsi baxımından, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.9; 8.0.9.2-ci maddələrinin tələbinə görə: -Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü ilin yanvarın 1-dək) inşa edilmiş çoxmənzili binalara, qeyri-yaşayış binalarına və hündurluyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə hüququn qeydə alınması üçün əsas – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istimara qəbul aktıdır. Qanunun qeyd olunan norması birmanalı olaraq tələb edir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə mindiyi 2013-cü ilin yanvarın 1-dək olan dövr üzrə inşa edilmiş çoxmənzili binalara münasbətdə daşınmaz əmlaka hüququn qeyd alınması üçün mütləq qaydada istismara qəbul aktı mövcud olmalıdır. Lakin, konkret halda, iddiaçıya məxsus mənzilin yerləşdiyi yaşayış binasının istimara qəbul aktı mövcud deyildir. Hal-hazırda da “Tikintilərin Dövlət reyestri”ndə belə bir məlumat akşkar edilməmişdir. Belə ki, iş materialları üzrə birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış müvafiq sorğuya cavab olaraq, Komitə tərəfindən bildirilmişdir ki, Bakı şəhəri Nobel prospekti 189a ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair məlumatlar “Tikintilərin Dövlət reyestri”nə daxil edilməsi üçün Komitəyə təqdim edilməmişdir. Əslində, iddiaçının hazırkı apellyasiya şikayətinin dəlillərinə və onun məhkəməyə verdiyi izahatına əsasən də yaşayış binasının istimara qəbul aktının mövcud olmadığı mübahisələndirilmir. Beləliklə də cavabdeh tərəfindən həmin yaşayış binasında yerləşən iddiaçıya məxsus mənzilin dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmasından imtina olunması «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.9; 8.0.9.2-ci maddələrinə uyğun olduğu sübuta yetirilir. İPM-in 73.1-ci maddəsinin tələbindən də göründüyü kimi, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o zaman öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. İddiaçının apellyasiya şikayətində mübahisələndirdiyi hal ondan ibarətdir ki, cavabdeh tərəfindən həmin binadan başqa şəxslərə, o cümlədən onun özünə başqa bir mənzilə dair mülkiyyət hüquqları qeydiyyat alınaraq çıxarışlar verilmişdirsə, onun hazırkı mənzilinə də qeydiyyat aparalaraq çıxarış verilməlidir. İddiaçının bu dəlili ilə razılaşmayaraq məhkəmə kollegiyası onu qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən əvvəllər qanunvericiliyin qeyd olunan tələblərinin pozulması ilə aparılan qeydiyyat, heç də konkret halda, məhkəmə tərəfindən də həmin səhvlər təkrarlanmaqla, iddiaçının hazırkı mənzilinə də mülkiyyət hüququnun reyestrdə qeydə alınmasının cavabdehə həvalə edilməsi üçün əsas ola bilməz. Çünki, konkret halda, iddiaçının mübahisəli mənzillə bağlı müraciət etdiyi hüquq, Qanunun qeyd olunan 8.0.9; 8.0.9.2-ci maddələrinin tələbləri baxımından qeydiyyata alınmalı hüquq deyildir. Həmin Qanunun 15.1.1-ci maddəsi isə nəzərdə tutur ki, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, qeydiyyatdan imtina edilə bilər. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin qeydiyyatdan imtina etməsi qanuni və əsaslıdır. Qanuni və əsaslı imtina isə iddiaçının hüquqlarının pozması kimi yozula bilməz. Birinci instansiya məhkəməsi qərarından məhz görünür ki, məhkəmə tərəfindən iş hərtərəfli araşdırılmamış, işin hallarına qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verilmiş və iddianın rədd olunması barədə maddi və prosessual hüquq normalarına uyğun nəticəyə gəlinmişdir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10777/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10777/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1579/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1579/2023
13.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver