Məhkəmə qərarları › İş №2-1(103)-1579/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1579/2024

18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1579/2024 18.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Süleymanov Ümidin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın qanunsuz sayılaraq ləğv edilməsi, iddiaçıya qaçqın statusunun verilməsi” tələbi barədə inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 13798/2023 saylı, 05 dekabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı Ümid Süleymanov cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, tərəflər arasındakı hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 28 iyul 2023-cü il tarixli, DMX İQ-53/1 nömrəli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi, onun 30 may 2023-cü il tarixli vəsatətini təmin edərək qaçqın statusu verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Rusiya Federasiyasının vətəndaşıdır. xx.xx.1991-ci ildə Sankt-Peterburq şəhərində anadan olub və orada yaşayır. Etnik olaraq azərbaycanlıdır və İslamın sünni etiqadına sadiqdir. O, Rusiya vətəndaşı Zərifə Məhərrəmova ilə ailəlidir və valideynləri, həmçinin 3 qardaş və 1 bacısı hazırda SanktPeterburqda yaşayır, qardaşlarından biri dünyasını dəyişib, biri isə Azərbaycanda yaşayır. O, 10 illik orta təhsilini 527 saylı məktəbdə aldığını, daha sonra X1 daxil olub və 2 il orada təhsil alıb. Maddi problemlər üzündən təhsilini davam etdirə bilməyib. 2012-ci ildən 2013-cü ilədək “QOZ Abuxovski” zavodunda işləmiş, daha sonra Azərbaycana gələnə qədər 2013-cü ildən 2022-ci ilə qədər müxtəlif işlərdə çalışmışdır. O, Rusiyada gedən müharibə ilə əlaqədar hərbi xidmətə çağırılmaqdan qorxduğunu və buna görə də ölkəsini tərk edərək 30 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasına gəlmiş və ölkəsindən qaçmışdır. Buna səbəb hərbi xidmətə çağırılmasını və Ukraynaya qarşı cinayətkar müharibədə iştirak etmək istəmir. O, Azərbaycan hökumətinə sığınacaq üçün ərizə təqdim etmiş və 28 iyul 2023-cü ildə Dövlət Miqrasiya Xidmətində qeydiyyata alınıb. DMX qərarını onunla əsaslandırıb ki, ərizəçinin iddiaları əsaslı deyil. Qaçqın statusunun verilməsi ilə bağlı qərar ərizəçiyə 3 avqust tarixində DMX-nin səlahiyyətli nümayəndəsi tərəfindən izahı verilmədən təqdim edilmişdir. İddiaçı hesab edir ki, DMX-nin qərarı qanuni və əsaslı deyil. Qanunilik dedikdə, inzibati aktın maddi və prosessual hüquq normalarına uyğunluğu; əsaslılıq dedikdə, inzibati aktın gəldiyi nəticənin iş materialları ilə təsdiqlənməsi başa düşülür. DMX-nin qərarında aşağıdakı fundamental səhvlərə yol verilib: DMX işin mühüm faktlarını müəyyən etməyib və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndirməyib. Belə ki, iş üzrə mühüm fakt ərizəçinin siyasi baxışına görə təqib edilməsi riskidir. DMX ərizəçinin əsaslı təqib qorxusunun yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmayıb və şablon ifadələrdən istifadə edib. Qaçqın statusu verilməsi iki mərhələli yoxlamadan ibarətdir: 1-ci mərhələ, işin mühüm faktlarının müəyyən edilməsi və bu faktların mötəbərliyinin qiymətləndirilməsi; 2-ci mərhələ, əsaslı təqib qorxusunun və real riskin qiymətləndirilməsi. Mühüm faktların müəyyən edilməsi mərhələsində iddiaçının izahatlarına əsasən iş üzrə mühüm faktlar müəyyən edilməli və həmin faktların mötəbərliyi qiymətləndirilməlidir. Əsaslı təqib qorxusunun qiymətləndirilməsi mərhələsində isə müəyyən edilmiş mühüm faktların işığında ərizəçiyə münasibətdə əsaslı təqib qorxusunun və real riskin olub-olmadığını yoxlanılmalıdır. Bu ehtimal ağlabatandır ki, Rusiyaya qayıdacağı təqdirdə ərizəçinin İnsan Hüquqlarının Ümumi Bəyannamə və Sivil və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktla nəzərdə tutulan yaşamaq, pis rəftara məruz qalmamaq, azadlıq hüquqları təhlükə altına düşə bilər. Bundan əlavə, ərizəçi müəyyən sosial qrupa mənsubiyyətinə görə təqib edilir. BMT QAK-ın Təlimatına əsasən "müəyyən sosial qrup" bir qayda olaraq eyni zəminə, vərdişlərə və ya sosial statusa aid olan şəxslərdən ibarətdir. Bu başlıq altında təqib qorxusuna dair iddia digər əsaslarla (irq, din, siyasi və ya milliyyət və digərləri) ilə üst-üstə düşə bilər. Müəyyən sosial qrupa mənsubluq təqibin mənbəyi bir neçə səbəbdən ola bilər. Özlüyündə müəyyən sosial qrupa mənsub olma qaçqın statusuna iddianı əsaslandıran hal deyil. Lakin bəzi xüsusi hallarda özlüyündə sosial qrupa mənsub olma da qaçqın statusunun əsasını təşkil edə bilər. Bundan əlavə, ərizəçi qeyri-rəsmi qurumlar tərəfindən təqib edilir. Lakin Rusiya rəsmi qurumları onu qorumaq iqtidarında və niyyətində deyil. Ukraynaya qarşı müharibədə iştirakdan imtina edən şəxslər adekvat müdafiə ilə təmin edilmirlər. İddiaçının işin mühüm faktları üzrə verdiyi izahatları mötəbərdir və buna görə də həmin izahatlar iş üzrə müəyyən edilmiş fakt kimi qəbul edilməlidir. İddiaçı siyasi baxışına görə təqiblərə məruz qaldığı və buna görə də onun əsaslı təqib qorxusu olduğu üçün vətəndaşı olduğu ölkənin (Rusiya) himayəsindən istifadə edə bilməyən şəxsdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 13798/2023 saylı, 05 dekabr 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxçayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 13798/2023 saylı, 05 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın – Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 9-cu maddəsinə görə qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş «“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası»nın 1-ci bəndinin 5-ci hissəsinə görə "qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "qaçqın" statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Qaydanın 3-cü bəndinin 1-ci hissəsinə əsasən "qaçqın" statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir. Qaydanın 8-ci bəndinə görə müsahibə zamanı şəxs "qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. Qaydanın 13-cü bəndinə görə şəxsə "qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə beş gün müddətində yazılı bildiriş göndərsin. Hazırkı işin hallarından müəyyən edilir ki, Rusiya Federasiyasının vətəndaşı (pasport – 6********) 05 fevral 1991-ci il tarixdə doğulmuş iddiaçı 30 may 2023-cü il tarixdə qaçqın statusu verilməsi barədə vəsatətlə cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Vəsatət həmin orqanda araşdırılması üçün qeydiyyata alınmış və 64-2023 saylı şəxsi iş açılmış, iddiaçı ilə müsahibə keçirilmişdir. İddiaçı müsahibə zamanı iddia ərizəsində göstərilən halları (Ukrayna Respublikasında gedən müharibə səbəbindən hərbi xidmətə cəlb olunacağından ehtiyat etdiyi, bu səbəbdən ölkəsini tərk edərək Azərbaycana gəldiyini, ölkəsini tərk edərkən heç bir maneə ilə rastlaşmadığını, vətəndaşı olduğu ölkədə irqi əlamətlərinə, milliyətinə, dini etiqadına, siyasi əqidəsinə görə təqib olunmamışdır və. s.) əsas gətirərək ona qaçqın statusunun verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti üzrə inzibati icraat həyata keçirilmiş və gətirilən dəlillər və sübutlar qiymətləndirilərək, iddiaçıya qaçqın statusunun verilməsindən imtina olunması barədə 28 iyul 2023-cü il tarixdə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik normalarından göründüyü kimi qanunvericilik “qaçqın” statusunun verilməsi üçün şəxsin vətəndaşı olduğu, yaxud vətəndaşlığı olmayıb adətən yaşadığı ölkənin himayəsindən istifadə edə bilməməsini onun irqi, milli, dini, sosial və ya siyasi səbəblərə görə ölkəsində təqiblərin qurbanı olması və ya olacağı ehtimalını tam əsaslandırması və bu müdaxilənin ehtiyat tədbiri kimi onun üçün zəruri olmasını sübut etməsi halı ilə şərtləndirir. Belə ki, qaçqın statusunun verilməsi üçün qanunla müəyyən olunmuş dispozisiya şərtləri şəxsə münasibətdə ödənilmiş olmalıdır. Yəni şəxsin irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq təhlükəsi mövcud, eyni zamanda həm də real olmalıdır. Qeyd olunan hallarla bağlı təqibə məruz qalacağı ilə bağlı iddiaçının ehtimalları və həmin ehtimallara söykənən qorxu hissi həm ümumu xarakterli, həm də fərdi xarakterli potensial təhlükələrdən irəli gəlməli və onların ağlabatan olduğu qənaətinin formalaşması üçün yetərli olmalıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, mənşə ölkəsinə qayıdacağı təqdirdə iddiaçının təqibə məruz qalacağı, təqib təhlükəsinin reallığı və nəticədə ona ziyan vurulacağı kimi hallar inzibati orqan, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən onun qiymətləndirmə azadlığına əsasən qiymətləndirilir. Bu baxımdan, təqiblərin qurbanı olmaq təhlükəsindən doğan qorxu hissi əsaslı olmalı və şəxsin mənşə ölkəsinə qayıdacağı təqdirdə irqi, milli, dini və ya sosial qrup mənsubiyyətinə yaxud da siyasi əqidəsinə görə real təqibə məruz qalacağına və bundan ziyan çəkəcəyinə qarşı tərəfi inandırma keyfiyyətinə malik olmalıdır. Hazırkı mübahisədə isə istər inzibati icraat, istərsə də məhkəmə araşdırması zamanı yuxarıda qeyd olunan şərtlərin mövcud olması iddiaçılar tərəfindən əsaslandırılmadığından məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti iddiaçıya münasibətdə əsaslı qərar qəbul etmişdir. İddiaçının mənşə ölkəsində təqibə məruz qalacağı ilə bağlı real riskin mövcudluğu iş üzrə müəyyən olunmuş hallarla təsdiq olunmur. İddiaçının istinad etdiyi hallar vətəndaşı olduğu ölkədəki vəziyyətlə bağlı narahatlıqdan doğan ümumi mülahizələrə söykənir və özü-özlüyündə qaçqın statusunun verilməsi üçün yetərli sayıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ona “qaçqın” statusunun verilməsi ilə bağlı dəlilləri qanunvericliklə («Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə) “qaçqın”a verilən anlayışın tələbləri, buna dair əlamətlərlə əhatə olunmamış və iddiaçı vətəndaşı olduğu ölkədə təhlükəsizliyinin təmin edilməməsi, təqiblərə məruz qalmasını təsdiqləyən tutarlı sübutlar təqdim etməmiş, onun dəlilləri isə mülahizələrə söykənmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, oxşar mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş çoxsaylı qərarlarda, o cümlədən 2-1(102)- 3182/2019 saylı, 10 dekabr 2019-cu il tarixli, 2-1(102)-2143/2020 saylı, 25 noyabr 2020-ci il tarixli, 2-1(102)-366/2021 saylı, 24 fevral 2021-ci il tarixli və 2-1(102)-535/2021 saylı, 31 mart 2021-ci il tarixli qərarlarında “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun müddəalarına istinad edərək, iddiaçının vəziyyətində olan şəxslərə qaçqın statusu verilməsindən cavabdehin imtinasını qanuni və əsaslı hesab etmişdir. Azərbaycan Respublikası İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 13798/2023 saylı, 05 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ İddiaçı Süleymanov Ümidin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 13798/2023 saylı, 05 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar