Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1579/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “yeni məlumat vərəqəsinin göndərilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10774/2024 nömrəli, 28 noyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəməyə müraciət edərək əmək haqqı ilə birlikdə diqər növ 60% vəsaitdən (X4 xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilən 60 (altmış) faiz vəsaitin) DSMF-yə bütün tələb olunan (22%+3%=25%) məcburi dövlət sığorta haqqının ödənilməsini nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 170 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” 21 iyun 2022-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyanın 25-ci maddəsinə və digər aidiyyəti Qanun və qaydalara əsasən, əmək pensiyasının yenidən hesablanması üçün iddiaçıya aid məlumat vərəqində əmək haqqı qrafasında 60% aldığı məbləği göstərilməklə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ƏƏSMN-də (dövlət qulluqçusu) və uzun müddət DGK-da xidmət etmiş, xx.xx.2021-ci il tarixdə sonuncu orqandan tərxis olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci, 9.5.1-ci, 20.1.11-ci və 20.14-cü maddələrinin tələbləri nəzərə alınmaqla, gömrük orqanlarında xidmətinə xitam verilərkən “Əmək pensiyası təminatı üçün hərbi (xüsusi) rütbəli şəxs haqqında təqdim olunan Məlumat vərəqi” tərtib olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim edilmişdir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsindən xx.xx.2021-ci il tarixində tərxis olunmağı ilə əlaqədar Mərkəzi Filiala təqdim olunmuş ona dair 37/2022 nömrəli məlumat vərəqəsində xidmət müddəti 20 il 6 ay (bir neçə DGK-yə müraciətlərdən sonra, “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajinın dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri” nin təsdiq edilməsi barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2024 il tarixli 91 saylı Qərarına əsasən DGK göndərilmiş 37/2022 nömrəli məlumat vərəqində xidmət müddəti 23 il 11 ay düzəliş edilərək xx.xx.2024-cü il tarixində DSMF göndərildi) vəzifə maaşı 510,00 manat, rütbə maaşı 150,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 25 faizi miqdarında əlavə 165,00 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 32,00 manat olmaqla cəmi təminat xərcliyi 857,00 manat göstərilib. 18 mart 2022-ci il tarixində (4 iyun 2021-ci il tarixindən hesablanmaqla) Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin tələblərinə uyğun qaydada təminat xərcliyinin (857,00 manat) 51 faizi- 437,07 manat məbləğində hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin 30 noyabr 2018-ci il № 1362-VQD “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsində dəyişikliyə əsasən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) sözləri əlavə edildi. Belə ki, təqaüdə çıxarkən son bir ayı götürəndə 2021-ci ilin may ayına aldığı aylıq vəzifə maaşı, rütbə maaşı, ərzaq payı əvəzinə verilən pul kompensasiyası, vəzifə maaşına hesablanan digər əlavələr (60%) 2800 azn təşkil etmişdir. İddiaçı hesab edir ki, 2004 ildə işə qəbul olunarkən pensiyalar haqqında qanunun 1.0.5 maddəsinə görə “təminat xərcliyi (pul təminatı)—hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir;” 2019-cu ildə qüvvəyə minən dəyişikliyə əsasən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) sözü gedən qanunun 1.0.5-ci maddəsinə sözlər əlavə edilməklə, onun təqaüdü əldə etmə hüququnun qazanılması vaxtda ondan bu aldığı aylıq məvacib və əlavələrin hesablanması qaydasında hüququ pozulmuş olundu və 2021-ildə yeni qayda ona tədbiq edildi. Bu da şəxsin hüquqi vəziyyətini pisləşdirən yeni norma onun əvvələr əldə etdiyi hüquqlara təsir edə bilməz prizmasının pozulmasıdır və müraciətlərinə baxmayaraq məsələ öz həllini tapmamışdır. Həmçinin xx.xx.2023-cü ilə qədər qüvvədə olan əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.5-ci maddəsindəki sözlər (sonrakı artımlar da nəzərə alınmaqla) iddiaçının pensiyasının yenidən hesablanmasına dair müraciətlərə baxmayaraq tədbiq edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair qərarın 2-ci bəndində bildirilir ki: “2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nda dəyişiklik edilməsi barədə 21 aprel 2022-ci il Qərarının 1.3-cü bəndinə əsasən, vəsaitin 60 (altmış) faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir.” Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göründüyü kimi, imperativ xarakterli konstitusion hüquq normasının mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə “vəsaitin 60 faizi dövlət büdcəsinə köçürülməsi və həmin vəsaitin tam həcmdə Dövlət Gömrük Komitəsinin xüsusi rütbəli olan əməkdaşların və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi”nə dair fiziki şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktı geriyə şamil etməyərək vəsaitin 60 faizini təminat xərcliyinə əlavə etməyərək məlumat vərəqəsi düzgün doldurmamışdır. Cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli 3-33/1- S-001638/1-1/2024 saylı müraciyətinə, imtina məktubunda qeyd edilən “Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 90.1-ci maddəsinə əsasən normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir.” Yuxarıda sadalanan normalarda normativ hüquqi aktın məzmununda qeyrimüəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər ümumiyyətlə aşkar edilməmişdir. Sözügedən Qaydalarda müvafiq dəyişiklik edilmiş, iddiaçıya münasibətdə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndində qeyd edilən fiziki şəxslərə münasibətdə hüquqi vəziyyəti yaxşılaşdırılan hal geriyə şamil edilməmiş, bununla da cavabdeh inzibati orqan qanunsuz və əsassız mövqe formalaşdıraraq vəsaitin 60 faizini təminat xərcliyinə əlavə etməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 768-İQ №-li Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən öz təşəbbüsü ilə gömrük orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər. Həmin Əsasnamənin 113-cü maddəsinə əsasən gömrük orqanlarında xidmət etmiş vəzifəli şəxslərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Belə ki, iddiaçının xx.xx.2021-ci il tarixli 1000/786Ş nömrəli Komitə sədrinin əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən öz təşəbbüsü ilə gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1207 nömrəli Fərmanı ilə gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60 faizinin Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” Qanununun 1.0.5-ci maddəsinə dəyişklik edilmiş, qeyd olunan maddədə “digər əlavələrdən” sözlərindən sonra “(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)” sözləri əlavə edilmişdir. Bu Qanun xx.xx.2019-cu il tarixdə qüvvəyə minmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydaları “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır Qeyd olunan Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü və 1.0.4-cü maddələrində nəzərdə tutulmuş şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsində təminat xərcliyinin nədən ibarət olması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli 135 saylı Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının 2ci bəndində isə təminat xərcliyinin hesablanma qaydası müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 170 nömrəli Qərarının 2-ci bəndindən müəyyən olunur ki, qeyd olunan qərar 2022-ci il iyulun 1-dən qüvvəyə minmişdi. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 90.1 -ci maddəsinə əsasən normativ hüquqi aktın məzmununda qeyrimüəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir. Göründüyü kimi məlumat vərəqəsi Dövlət Gömrük Komitəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hazırlanmış Dövlət Sosial Müdafiə Fonduna təqdim edilmişdir. Beləliklə qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının pensiya hüququnun pozulmasından söhbət gedə bilməz. İddiaçının iddia tələbinin təmin edilməsi üçün heç bir hüquqi əsası yoxdur və iddia əsassızdır. Buna görə də iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10774/2024 nömrəli, 28 noyabr 2024-cü il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmədə iddia tələbini əsaslandıraraq onun Konstitusion hüquqlarının pozulmasına dair sübutlu əsaslar gətirərək, həmçinin Konstitusiyanın 25-ci maddəsi ilə bağlı “Bərabərlik hüququ”-nun ona qarşı pozulmasını göstərmək məqsədilə məhkəməyə xx.xx.2024-cü il tarixində vəsatət təqdim edərək, iddia ərizəsində təqdim olunan qrafika uyğun, eyni idarədə, eyni vəzifəyə, eyni maaşa malik olan əməkdaşlar arasında, 2019-cu ilə qədər pensiyaya çıxan əməkdaşların, xx.xx.2019-cu ildən xx.xx.2022-ci ilə qədər (3 il 6 ay müddətində) pensiyaya çıxan və xx.xx.2022-ci ildən sonra pensiyaya çıxan əməkdaşlara təyin olunan pensiya məbləğində, analoqu olmayan fərqi rəqəm şəklində göstərilməsi məqsədilə, hazırlıq iclasında vəsatət verilmiş, lakin həmin vəsatət baxılmamış qalmışdır və heç bir hüquqi qiymət verilməmişdir. Həmçinin, iddia tələbinə uyğun olaraq, məhkəmə, hüquqlarının bərpası istiqamətində əsaslandığı bir sıra qanun və konstitusiya məhkəmələrinin qərarlarına zidd qərar qəbul edərək hüquqlarını daha da pozmuş oldu. Qeyd etdiyi Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli Qərarında, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.4-cü maddəsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 15-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2020-ci ilin plenar iclasının qərarlarından açıq görünür ki, xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə məcburi dövlət sosial sığortasına cəlb edilən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrdən məcburi dövlət sosial sığorta haqqları ödənilibsə, bu zaman əmək pensiyaların hesablanması zamanı gəlirlər nəzərə alınmalıdır. Bildirmək istəyir ki, o, xx.xx.2021-ci ilə qədər aldığı aylıq məvacibdən və əlavələrdən tələb olunan (22+3%) məcburi dövlət sosial sığorta haqqını ödəməyi haqqında sübutlar təqdim etsə də, məhkəmə tərəfindən heç bir hüquqi qiymət verilməyərək, iddia tələbində qeyd olunan Konstitusiyanın 149-cu maddəsinin Vİİ-ci bəndini ona tətbiq etməyərək, Azərbaycan Respublikası Sosial Sığorta Haqqında Qanununa zidd qərar çıxardaraq onun hüquqlarını pozmuş oldu. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Əmək pensiyaları haqqında” Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. -1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir (30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilən tarixədək); -20.14-cü maddəsinə əsasən u qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla (22 dekabr 2023-cü il tarixli 1074- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilən tarixədək) 30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu: - “Əmək pensiyaları haqqında” Qanununun 1.0.5-ci maddəsində “digər əlavələrdən” sözlərindən sonra “(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)” sözləri əlavə edilmişdir. - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasına yeni məzmunda 20.30-cu maddə əlavə edilmişdir: 20.30. Bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydaları”: 1.3. Vəsaitin 60 (altmış) faizi Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir (əvvəlki redaksiyaya əsasən) “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın: -1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - , Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X2 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4- cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir. -2-ci bəndinə əsasən bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İşin faktiki hallarından görünür ki, iddiaçının xx.xx.2021-ci il tarixli 1000/786Ş nömrəli Komitə sədrinin əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən öz təşəbbüsü ilə gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1207 nömrəli Fərmanı ilə gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60 faizinin Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2018ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” Qanununun 1.0.5-ci maddəsinə dəyişklik edilmiş, qeyd olunan maddədə “digər əlavələrdən” sözlərindən sonra “(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)” sözləri əlavə edilmişdir. İddiaçının pensiya hüququ xx.xx.2021-ci il tarixdə yarandığından və ona pensiya təyin edilərkən Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2018ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” Qanununun 1.0.5-ci maddəsinə edilmiş dəyişiklik qüvvədə olduğundan, yəni büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər təminat xərcliyi hesab olunmadığından, Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin, o cümlədən iddiaçının vəzifə maaşına əlavənin verilməsi üçün istifadə olunan gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60 faizi ona pensiya təyin edilərkən nəzərə alınmamışdır. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 170 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydaları”nda müvafiq dəyişiklik edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nın 1.3-cü bəndi yeni redaksiyada verilmişdir: “1.3. Vəsaitin 60 (altmış) faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir”.Qeyd edilən dəyişikliklə qanunvericilikdə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitin müvafiq hissəsinin dövlət büdcəsinə köçürülməsi və mülki işçilərin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə sərf edildiyi nəzərdə tutulmuşdur. Beləliklə, bu dəyişikliklə Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına verilən əlavə təminat xərcliyinə daxil edilmişdir. İddiaçı hazırki tələbində sonuncu qeyd olunan dəyişikliyin onun hüquqi vəziyyətini yaxşılaşdırdığına istinad edərək, büdcədənkənar vəsait hesabına ödənilən əlavələrin (60% əlavələrin) iddiaçının əmək pensiyasının yenidən hesablanması məqsədilə təminat xərcliyinə daxil edilməsi ilə bağlı yeni məlumat vərəqəsinin verilməsini xahiş edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, iddiaçının 2021-ci ildə hərbi qulluqçulara bərabər statuslu xüsusi rütbəli şəxslər kimi əmək pensiyasına çıxmaları və gömrük orqanlarında işlədikləri dövrdə aldıqları büdcədənkənar vəsaitlər şəklində əlavələrin onların pensiya məbləğlərinin hesablanmasında nəzərə alınmaması işin mübahisəsiz halıdır. Həmin əlavələr “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 25 fevral tarixli, 388 nömrəli Fərmanı ilə müəyyən edilmiş Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizidir. Qeyd olunan Fərmana Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 fevral tarixli, 810 nömrəli Fərmanı ilə dəyişiklik edilərək “25” rəqəmi “50” rəqəmi ilə, 2017-ci il 24 yanvar tarixli, 1207 nömrəli Fərmanı ilə dəyişiklik edilərək “50” rəqəmi “60” rəqəmi ilə əvəz edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 2019-cu il 1 yanvar tarixdən qüvvədə olan redaksiyada 1.0.5-ci maddəsinə görə, təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanuna 2019-cu il 1 yanvar tarixdən əlavə olunan 20.30-cu maddəyə görə, bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli, 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatın təqdim olunması Qaydaları”nın, “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” 2019-cu il 27 mart tarixli, 126 nömrəli Qərarı ilə “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 2-ci hissəsinə “digər əlavələrdən” sözlərindən sonra “(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)” sözləri əlavə edilsin.” məzmunda əlavələr edilmiş 2-ci bəndinin hazırkı redaksiyasına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Göründüyü kimi, iddiaçı 2021-ci ildə əmək pensiyasına çıxdığı vaxt artıq “Əmək pensiyaları haqqında” Qanun 2019-cu il 1 yanvar tarixdən, “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatın təqdim olunması Qaydaları” isə 2019-cu il 27 mart tarixdən büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlərin təminat xərcliyində (pul təminatında) nəzərə alınmasını imperativ qaydada qadağan etmişdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydaları”nda dəyişikliyi nəzərdə tutan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 170 nömrəli Qərarı xx.xx.2022ci il tarixdə qüvvəyə mindiyindən həmin müddətdən sonra yaranan münasibətlərə şamil edilir və geriyə tətbiq edilmir. Belə ki, məhz həmin tarixdən sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitin müvafiq hissəsinin dövlət büdcəsinə köçürülməsi və mülki işçilərin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə sərf edildiyi nəzərdə tutulmuşdur. Odur ki, həmin tarixədək ödənilən əmək haqqına əlavənin mənbəyi “büdcədənkənar” hesab edilmiş, qeyd edilən tarixdən sonra isə müvafiq ödənişlər dövlət büdcəsinə köçürüldüyündən “dövlət büdcəsi” vəsaiti hesabına aparılan ödəmələr hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə uyğun olaraq xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək gömrük orqanlarında xidmətinə xitam verilmiş və pensiya hüququ yaranmış şəxslərə pensiya təyin edilərkən onların aylıq vəzifə maaşlarına verilən əlavələr təminat xərcliyinə daxil edilmir və əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən nəzərə alınmır. Belə ki, qeyd edildiyi kimi həmin əlavələr qeyd edilən tarixədək büdcədənkənar vəsaitlər, müvafiq dəyişiklikdən sonra isə (ödənişin statusu dəyişərək) dövlət büdcəsi vəsaiti hesabına verilən ödəniş hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 yanvar 2014-cü il tarixİi Qərarına əsasən hüquq nəzəriyyəsində “fiziki və hüquqi şəxslərin hüquq vəziyyətini yaxşılaşdıran hallar” dedikdə hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür. Sözügedən qərara əsasən “Hərbi quluqçuların dövlət icbari şəxs sığortası haqqında" Qanunun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların qanunvericilikdə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq və azadlıqlar olduğu kim qalır. Bu baxımdan, birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuq “hüquq vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən mövqeyinə uyğun olaraq müvafiq dəyişiklik qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq və azadlıqlar olduğu kimi qalır. Bu baxımdan, əmək haqqının tərkib hissəsi olan əlavənin statusunun dəyişdirilməsi (maddi vəziyyətinin yaxşılaşması) dövlət qulluqçuların Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz. Məhkəmə kollegiyası nəzərə alır ki, İddiaçı xx.xx.2021-ci il tarixdə xidmətdən tərxis olunduğu və xx.xx.2021-ci il tarixdən iddiaçının pensiya hüququ yarandığı üçün aylıq vəzifə maaşlarına verilən əlavələrin təminat xərcliyinə daxil edilməməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmur və iddiaçının aylıq vəzifə maaşlarına verilən əlavələrin təminat xərcliyinə əlavə edilərək yeni məlumat vərəqinin tərtib olunması ilə bağlı “qanuni gözlənti”si yoxdur. Odur ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi həmin dövrü nəzərə alaraq İddiaçı əmək pensiyasının yenidən hesablanmasından və “Əmək pensiyası təminatı üçün hərbi (xüsusi) rütbəli şəxs haqqında təqdim olunan Məlumat Vərəqi”nin tərtib edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsindən imtinası əsaslı olmuşdur. Kollegiya qeyd edir ki, oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-139/2022, xx.xx.2022-ci il tarixli qərarında da mövqe bu cür olmuşdur. Yuxarıda göstərilənlərə əsasən, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10774/2024 nömrəli, 28 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova
Məhkəmə qərarları › İş №2-1(103)-1579/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1579/2025
09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver