Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-158/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndələri X3 və X2 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4354/2021 saylı, 16 iyul 2021ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 55 yaşdan, yəni 10 iyul 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1982-ci ildən əmək fəaliyyətinə başlamışdır. xx.xx.1991-ci il tarixdən MTİ-nin “Sumqayıt kauçuktəmir-tikinti”-də işə qəbul olunmuş və hal-hazıradək həmin müəssisədə işləyir. Artıq onun 38 il iş və sığorta stajı varki, onun 29 ilini həmin müəssisədə çalışır. İşlədiyi müəssisə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tərtib və təsdiq edilmiş siyahıya əsasən ‘‘əmək şəraiti xüsusilə zərərli və ağır olan müəssisələr” sırasına aiddir. 55 yaşı tamam olması ilə əlaqədar zərərli və ağır əmək şəraiti olan müəssisədə fasiləsiz olaraq 38 il işlədiyinə görə ona yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədi ilə tələb olunan sənədlərlə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Dövlət Sosial müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2020-ci il tarixli, **********7 saylı müraciətinə cavab olaraq bildirmişdir ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 45600.00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 32373,84 manat təşkil etdiyi nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün olmadığına görə ona yaşa görə əmək pensiyasının təyinatından imtina edilmişdir.İmtinanı qəbul etmir və hesab edir ki, ona yaşa görə əmək pensiyası təyin olunmalıdır. Bir daha bildirir ki, o, 1991-ci ildən həmin müəssisədə əmək şəraiti zərərli və ağır olan işlərdə çalışmışdır və 2006-cı ilədək onun həmin müəssisədə artıq 25 il əmək stajı olmuşdur və o onun günahı deyil ki, həmin illərdə müəssisənin günahı və ya başqa səbəblərə görə əmək haqqı və ona hesablanmış sosial sığorta haqqı az olmuşdur. Göründüyü kimi, fərdi hesabında ona pensiya kapitalı onun günahı ucbatından yaranmamışdır. Lakin bütün bunlara cavabdeh yuxarıda göstərdiyi işin həqiqi hallarını ətraflı araşdırmamış və əsaslandıraraq nəzərə almamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4354/2021 saylı, 16 iyul 2021-ci il tarixli qərarı ilə (hakim: O.Həsənov) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin qərarı onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2006-cı il tarixədək qazandığı əmək stajına görə pensiya kapitalının 21.856,15 manat, xx.xx.2006-cı il tarixdən hazırki günədək pensiya kapitalının isə 16.210,53 manat olduğunu nəzərə aldıqda məhkəmə tərəfindən müəyyən olunur ki, İddiaçı ümumilikdə pensiya kapitalı 38.066,68 manat təşkil edir. Nəzərə alınmalıdır ki, xx.xx.2006-cı il tarixdən hesablanmış 16.210,53 manat pensiya kapitalı, DSMF-nın struktur bölməsi olan Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialı tərəfindən təqdim olunmuş “sığortaolunanın hesabı” haqqında məlumat cədvəllində əks olunmuşdur. Belə olan halda, toplanmış pensiya kapitalı əsasında sığortaolunanın aylıq pensiya məbləğinin 167 (38.066,68/228 ay) manat olması müəyyən edilir. Alınan həmin məbləğ “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsində nəzərdə tutulan məbləğdən (200 manatdan) azdır ki, bu da iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmadığına dəlalət edir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə faktları dərindən araşdırmamış və yarımçıq, keyfiyyətsiz və qeyri-obyektiv məhkəmə baxışları ilə qanunsuz qərar çıxartmışdır. Azərbaycan Respublikası “Əmək Pensiyaları haqqında” Qanunun 31.1ci, 32.1-ci, 37.7-ci, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1352 saylı Fərmanı ilə “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, ona işlədiyi müddətin ümumi iş stajı kimi sosial sığorta stajına daxil edərək ona yaşa görə əmək pensiyası təyin edilməsi barədə qərar qəbul edilməlidir. “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydaları”nın 2.5-ci bəndinə əsasən, əmək fəaliyyəti barəsində sənədləri üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların sosial sığorta stajı təqdim edilmiş sənədlər əsasında müəyyən edilir. Məhkəmə qərarı əsassız və mövcud qanunvericilik normalarına ziddir, tərəflərin məhkəmə prosesində iştirakları lazımınca təmin edilməmişdir. Apellyasiya və kassasiya instansiyası məhkəmələrində əvvəlki icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2661/2021 saylı 23 noyabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4354/2021 saylı, 16 iyul 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-602/2022 saylı 13 aprel 2022-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 2661/2021 saylı 23 noyabr 2021-ci il tarixli qərarının ləğv edilərək, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi – Filialın əmək haqqı əsasında hesablanan Pensiya təyinatı departamentinin Sığorta kapitalı əsasında hesablanan pensiya təyinatı şöbəsinin baş mütəxəssisi izahatında bildirdi ki, İddiaçı 55 yaşının tamam olduğu 10 iyul 2020-ci il tarixinə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ona münasibətdə 45800,00 manat hesablandığı halda, hazırki halda fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 33148,76 manat təşkil edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin göstərişləri: - “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı” iddiaçının işlədiyi 2006-cı ildən bəri bütün müddət ərzində deyil, yalnız xüsusi staj tələb olunan (yəni 10 il), başqa sözlə 2006-cı ilin 31 mart tarixinədək çatışmayan 5 il 1 ay 21 gün müddətə görə araşdırılaraq hesablanmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunan hüquqi mövqeləri nəzərə alaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakıları diqqətə çəkir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 6-1-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Şərh olunan normaların tələblərindən görünür ki, iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 4 element mövcud olmalıdır: a)İddiaçının 55 yaşına çatması; b)İddiaçının azı 20 il ümumi iş stajının mövcud olması; c)İddiaçının azı 10 il güzəştli iş stajının mövcud olması d)Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsidir. Apellyasiya şikayətinin dəlilinə münasibət: İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.1965-ci il tarixdə anadan olmuş və onun 55 yaşı xx.xx.2020-ci il tarixdə tamam olmuşdur. İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1991-ci il tarixədək “Nax.MSSR-nin 50 illiyi” üzümçülük sovxozunda fəhlə vəzifəsində (8 il 5 ay 13 gün), xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək MTİ Trest “Sumqayıt kauçuktəmir-tikinti” Dəmir yollarının təmiri sahəsinə 2-ci dərəcəli fəhlə vəzifəsində (1 il 11 ay 10 gün), xx.xx.1993-cü il tarixdən xx.xx.2013-cü il tarixədək “Sintezkauçuk” MTTİİ-də fəhlə, iqtisadçı, aparatçı, tabelçi vəzifələrində (20 il 08 ay 25 gün), xx.xx.2013-cü il tarixdən hal-hazıradək 01 saylı Abadlaşdırma sahəsinə 5-ci dərəcəli plyonkacı vəzifəsində işləyir (xx.xx.2020-ci il tarixədək 6 il 07 ay 12 gün). Məhkəmə kollegiyası iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı ilə əlaqədar isə qeyd edir ki, “Azərkimya”İstehsalat Birliyi “Etilen-Polietilen” X5 tərəfindən təqdim olunmuş güzəştli arayışlardan görünür ki, iddiaçı xx.xx.2001xx.xx.2005-ci ilə qədər “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun yeni butadien sexində aparatçı, xx.xx.2006-xx.xx.2006-cı ilə qədər “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” Zavodunun yeni butadien sexində aparatçı vəzifəsində, xx.xx.2011-xx.xx.2013-cü ilə qədər “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” Zavodunun piroqazın və suyun hazırlanması sexində aparatçı və xx.xx.2014-xx.xx.2020-ci il tarixədək “Azərkimya” İstehsalat Birliyinin TəmirTikinti İdarəsinin 2 saylı İzolyasiya sahəsində izoledici-plyonkaçı vəzifəsində işləmişdir. Sözügedən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 8 bölməsinin 8.1.1 bəndində və XXİX bölməsinin a bəndində göstərilmişdir. (xx.xx.2020-ci il tarixədək 14 il 02 ay 10 gün). Göründüyü kimi, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş yaş, ümumi və güzəştli iş stajlarına malik olması işin mübahisləndirilməyən halıdır. İşin mübahisəli halı fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalı ilə bağlıdır. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərinə cavab olaraq ilk öncə pensiya kapitalının anlayışını, hesablanma qaydasını araşdırır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun -1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. -10.4-cü maddəsinə əsasən, yaşa görə əmək pensiyasının məbləği P=SH+YH düstürü ilə müəyyən edilir ki, burada P-pensiya kapitalı, SH-yaşa görə əmək pensiyasının sığorta hissəsi,YH-yaşa görə əmək pensiyasının yığım hissəsidir. - 27.1-ci maddəsinə görə, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Qanunvericilik normalarının tələblərindən də göründüyü kimi fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ümumilikdə iddiaçının işlədiyi (xx.xx.2006-cı il tarixdən mdss ödənişləri üzrə) dövrlərə müvafiq olaraq hesablanır. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, “pensiya kapitalı” anlayışı və onun hesablanması qaydaları pensiya qanunvericiliyində geniş olaraq təsvir olunmuşdur. Ümumiyyətlə pensiya kapitalı - elə bir vəsait toplusudur, həmin vəsait hesabına vətəndaşların əmək pensiyası məbləği formalaşır. Pensiya kapitalının müəyyən edilməsinin fundamental əsası fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərdən irəli gəlir. Nəzərə alınmalıdır ki, qanunvericilik xx.xx.2006-cı il tarixədək vətəndaşın qazanmış olduğu pensiya kapitalının müəyyən edilməsini fərqləndirmişdir ki, bu zaman pensiya kapitalı həmin dövrə aid olan ümumi iş stajı, pensiya kapitalının ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2006-2020-ci illər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilməsi nəzərə alınmaqla hesablanır. Burada vətəndaşın xx.xx.2006-cı il tarixədək qazanmış olduğu ümumi iş stajının və Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş istehlak qiymətləri indeksinin illik səviyyələrinin düzgün nəzərə alınması mühüm rol oynayır. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının araşdırılması istiqamətində məhkəmənin sorğusu əsasında təqdim olunmuş cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli **********0 nömrəli məktubunda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən İddiaçı 55 yaşının tamam olduğu 10 iyul 2020-ci il tarixinə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 45800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 33091,50 manat təşkil edirdi. Həmçinin, “Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsinin 29 iyun 2022ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən adıçəkilən şəxsin 52 yaşının tamam olduğu 10 iyul 2017-ci il tarixinə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 27170,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 25989,08 manat təşkil edirdi.” Məhkəmə kollegiyası iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya kapitalının nə qədər tələb olunmasını araşdırır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə görə, bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 06 mart 2006-cı il tarixli, 377 nömrəli Fərmanın 2.11-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. Azərbaycan Repsublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 4.1.2-ci bəndinə görə, 01 iyul 2020 – 30 iyun 2021 dövr üzrə qadınlar üzrə pensiya yaşı 62 yaş müəyyən olunmuşdur. Məhkəmə tərəfindən aparılan araşdırma zamanı müəyyən olunur ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 45.600 manat təşkil etməlidir. Məhkəmə məhz “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin tələblərinə uyğun olaraq, imtina məktubu verilər tarixə qadınlar üzrə pensiya yaşının 62 olmasını, güzəştli şərtlə pensiya çıxma yaşını, qanunvericilikdə nəzərdə tutulan pensiya ödənişi müddətini və əmək pensiyasının minimum məbləği nəzərə alaraq bu nəticəyə gəlmişdir. Hesablama qaydası: 62 yaş – 55 yaş (güzəştli şərtlə pensiya çıxma yaşını) =7 x 12= 84 ay +144 ay (gözlənilən pensiya ödənişi müddəti ) = 228 ay x 200 manat (minimum pensiya məbləği) = 45.600 manat. Bundan əlavə Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək topladığı iş stajının 23 il 03 ay 14 gün (xx.xx.1982-xx.xx.1991; xx.xx.1991xx.xx.1993; xx.xx.1993-xx.xx.2006) təşkil etməsini əsas götürərək, həmin illərə görə pensiya kapitalının 7.126,236986 (23x306+306/12x3+306/365x14) manat olduğu müəyyən edilir. Məhkəmə kollegiyası həmin məbləğə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2006-2022-ci illər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsini tətbiq etdikdə, hər ilə görə pensiya kapitalı aşağıdaki qaydada müəyyən edilir: xx.xx.2007-ci il tarixə 7.717,714656 manat (7.126,236986 manat + 7.126,236986 manat x 8,3 % (istehlak qiymətləri indeksinin 2006-ci il üzrə illik səviyyəsi)) məbləğində, xx.xx.2008-ci il tarixə 9.006,573003 manat (7.717,714656 manat + 7.717,714656 manat x 16,7% (istehlak qiymətləri indeksinin 2007-ci il üzrə illik səviyyəsi)) məbləğində, xx.xx.2009-cu il tarixə 10.879,94019 manat (9.006,573003 manat + 9.006,573003 manat x 20,8% (istehlak qiymətləri indeksinin 2008-ci il üzrə illik səviyyəsi)) məbləğində, xx.xx.2010-cu il tarixə 11.043,13929 manat (10.879,94019 manat + 10.879,94019 manat x 1,5% (istehlak qiymətləri indeksinin 2009-cu il üzrə illik səviyyəsi)) məbləğində, xx.xx.2011-cu il tarixə 11.672,59823 manat (11.043,13929 manat + 11.043,13929 manat x 5,7% (istehlak qiymətləri indeksinin 2010-cu il üzrə illik səviyyəsi)) məbləğində, xx.xx.2012-ci il tarixə 12.594,73349 manat (11.672,59823 manat + 11.672,59823 manat x 7,9 % (istehlak qiymətləri indeksinin 2011-ci il üzrə illik səviyyəsi)) məbləğində, xx.xx.2013-cu il tarixə 12.733,27556 manat (12.594,73349 manat + 12.594,73349 manat x 1,1 % (istehlak qiymətləri indeksinin 2012-ci il üzrə illik səviyyəsi)) məbləğində, xx.xx.2014-cü il tarixə 13.038,87417 manat (12.733,27556 manat + 12.733,27556 manat x 2,4 % (istehlak qiymətləri indeksinin 2013-cü il üzrə illik səviyyəsi)) məbləğində, xx.xx.2015-ci il tarixə 13.221,41841 manat (13.038,87417 manat + 13.038,87417 manat x 1,4 % (istehlak qiymətləri indeksinin 2014-cü il üzrə illik səviyyəsi)) məbləğində, xx.xx.2016-ci il tarixə 13.750,27515 manat (13.221,41841 manat + 13.221,41841 manat x 4 % (istehlak qiymətləri indeksinin 2015-ci il üzrə illik səviyyəsi)) məbləğində, xx.xx.2017-cı il tarixə 15.455,30927 manat (13.750,27515 manat + 13.750,27515 manat x 12,4 % (istehlak qiymətləri indeksinin 2016-ci il üzrə illik səviyyəsi)) məbləğində, xx.xx.2018-ci il tarixə 17 449,0442 manat (15.455,30927 manat + 15.455,30927 manat x 12,9 % (istehlak qiymətləri indeksinin 2017-ci il üzrə illik səviyyəsi)) məbləğində, xx.xx.2019-cu il tarixə 17 850,3722 manat (17 449,0442 manat + 17 449,0442 manat x 2,3 % (istehlak qiymətləri indeksinin 2018-ci il üzrə illik səviyyəsi)) məbləğində, xx.xx.2020-ci il tarixə 18 314,4818 manat (17 850,3722 manat + 17 850,3722 manat x 2,6 % (istehlak qiymətləri indeksinin 2019-cu il üzrə illik səviyyəsi)) məbləğində, xx.xx.2021-ci il tarixə 18 827,2872 manat (18 314,4818manat + 18 314,4818manat x 2,8 % (istehlak qiymətləri indeksinin 2020-ci il üzrə illik səviyyəsi)) məbləğində, xx.xx.2022-ci il tarixə 20 088,7154 manat (18 827,2872 manat + 18 827,2872 manat x 6,7 % (istehlak qiymətləri indeksinin 2021-ci il üzrə illik səviyyəsi)) məbləğində, xx.xx.2023-cü il tarixə 22 881,0468 manat (20 088,7154 manat + 20 088,7154 manat x 13,9 % (istehlak qiymətləri indeksinin 2022-ci il üzrə illik səviyyəsi)) məbləğində. Məhkəmə kollegiyası nəzərə çatdırır ki, birinci instansiya məhkəməsi tərəfindən istehlak qiymətləri indeksinin illik səviyyəsi düzgün müəyyənləşdirilməmişdir. Bu səbəbdən Məhkəmə kollegiyası tərəfindən hesablama yenidən həyata keçirilmişdir. Nəticədə iddiaçının xx.xx.2006-cı il tarixədək qazandığı əmək stajına görə pensiya kapitalı indeksləşdirilməklə 55 yaşı tamam olan xx.xx.2020-ci ilə 18827,2872 manat, 2023cü ilin əvvəlinə isə 22 881,0468 manat təşkil edir, xx.xx.2006-cı il tarixdən hazırki günədək pensiya kapitalının isə 18262,94 manat olduğunu (Pensiya təyinatının alt sistemindəki məlumat) nəzərə aldıqda məhkəmə kollegiyası tərəfindən müəyyən olunur ki, İddiaçı ümumilikdə pensiya kapitalı 41 143,9868 manat (2023-cü ilin yanvarınadək) təşkil edir. Belə olan halda, toplanmış pensiya kapitalı əsasında sığortaolunanın aylıq pensiya məbləğinin 180 (41 143,9868 /228 ay) manat olması müəyyən edilir. Alınan həmin məbləğ “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsində nəzərdə tutulan məbləğdən (240 manatdan-2023-cü ilin yanvar ayı üzrə, ) azdır ki, bu da iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmadığına dəlalət edir. Əmək pensiyaları haqqında Qanunun 6-1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2023-cü il fevralın 1-dən 280 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Həmin maddənin əvvəlki redaksiyalarına əsasən əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində, 2022-ci il yanvarın 1-dən 240 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırmalardan müəyyən olunur ki, iddiaçı 55 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixədək ümumi və xüsusi stajı toplasa da, onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həm həmin tarixədək, həm də 2023-cü ilin yanvar ayınadək əmək pensiyasının minimum məbləğindən aşağı olduğundan onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Bundan əlavə Məhkəmə kollegiyası Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin yeni redaksiyası üzrə də araşdırma aparmışdır. Belə ki, hazırda qüvvədə olan 9.1-ci maddəyə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 iyun 2022-ci il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №6, maddə 583) ilə yeni redaksiyada verilmişdir). Həmin Qanunun 7-ci maddəsində isə qeyd edilir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Hazırda qadınlar üçün pensiya yaşı 63-dür. Belə olan halda yeni qanunvericilik normasının tətbiqi üçün tələb olunan yaş 63-5 =58 yaşdır. İddiaçı isə xx.xx.1965-ci il təvəllüdlü olmaqla 58 yaşı xx.xx.2023-cü ildə tamamlanacaqdır. Həmin vaxtı isə artıq qadınlar üçün pensiya yaşı 63,5 yaş olacaqdır ki, iddiaçının bu zaman güzəştli şərtlərlə yaşa görə pensiya hüququ xx.xx.2024-cü ildə yaranacaqdır (63.5-5=58.5 yaş). Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, İddiaçı nə xx.xx.1997-ci il tarixədək, nə də xx.xx.2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən sahədə nəzərdə tutulan iş stajını toplamamış, onun “Əmək pensiyaları haqqında” və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunlarında nəzərdə tutulmuş yaş və staj ilə bağlı şərtlər ödənilmədiyindən, ona həmin şərtlər daxilində də güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması mümkün deyildir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, iş üzrə hərtərəfli araşdırma apararaq yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı nəticə etibarilə əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4354/2021 saylı, 16 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-158/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-158/2023
26.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver