Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-158/2024 20.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə4 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mülkiyyətdə olan torpaq sahəsinin dövlət ehtiyaclarına görə alınması ilə əlaqədar təklif olunmuş 55.000 manat təzminat (kompensasiya) məbləğinə 438.257 manat əlavə edilməsi və həmin məbləğin dövlət büdcəsi hesabına cavabdehdən tutulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-666/2020 saylı 4 sentyabr 2020-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 26 noyabr 2019-cu il tarixdə cavabdeh inzibati orqana qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 №-li, xx.xx.2018-ci il tarixli qərarının icrası ilə əlaqədar onun mülkiyyətində olan torpaq sahəsinin dövlət ehtiyaclarına görə alındığı üçün cavabdeh tərəfindən təklif olunmuş 55.000 manat təzminat (kompensasiya) məbləği nəzərə alınaraq, təzminat məbləğinə 438.257 manat əlavə edilməsi və həmin məbləğin dövlət büdcəsi hesabına cavabdehdən tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 110 kv.metr torpaq sahəsi əvəzi ödənilmədən dövlət ehtiyacları üçün alınmışdır. Torpaq sahəsi xx.xx.2006-cı il tarixli borc müqaviləsi əsasında yaranmış 350.000 ABŞ dolları borcun əvəzinə verilmişdir. Əvvəlki mülkiyyətçilər arasında yaranmış məhkəmə mübahisəsi zamanı xx.xx.2008-ci il tarixli “Barışıq razılaşması haqqında” müqavilə imzalanmış və həmin müqavilə Yasamal Rayon Məhkəməsinin 2(004)-2635/08 saylı, xx.xx.2008-ci il tarixli qərardadı ilə təsdiq Torpağın dəyəri xx.xx.2006-cı il tarixə 1 ABŞ dollarının manata məzənnəsi 0,9 AZN, yəni borc müqaviləsinin bağlanma tarixinə 350.000 ABŞ dolları 315.000 manat təşkil etmiş və 1 kv.m torpağın dəyəri 2864 manat; xx.xx.2008-ci il tarixə 1 ABŞ dollarının manata məzənnəsi 0,8096 AZN, yəni barışıq sazişinin bağlanması tarixinə 350.000 ABŞ dolları 283.360 manat təşkil etmiş və 1 kv.m torpağın dəyəri 2576 manat; xx.xx.2008-ci il tarixə 1 ABŞ dollarının manata məzənnəsi 0,8151 AZN, yəni qərardadın təsdiq olunma tarixinə isə 350.000 ABŞ dolları 285 285 manat təşkil etmiş və 1 kv.metr torpağın dəyəri 2593 manat müəyyən edilir. 2019-cu ildən hal-hazıradək 1 ABŞ dollarının manata məzənnəsi 1.7 AZN-dir. Deməli, həmin dövrdən hazıradək manatın ABŞ dollarına nisbətdə inflyasiyanın təqribən 80%-dən artıq olmasını göstərir. Hazırda isə Yasamal RİH-in əməkdaşları tərəfindən qeyrirəsmi şəkildə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna əsaslanaraq 1 kv.metr torpağın dəyəri təqribən 1000 manat olmaqla, 110.000 manat məbləğində kompensasiyanın ödənilməsi təklif olunmuşdur ki, bu məbləğdə 64.705 ABŞ dolları təşkil edir. Təklif olunan kompensasiya məbləği ədalətli olmamışdır. Təklif olunan kompensasiya qüvvədə olan normativ hüquqi aktın tələblərinə uyğun hesablanmamış, həmçinin 350.000 ABŞ dollarına nisbətdə 5,4 dəfə azdır. Odur ki, göstərilən məsələyə aydınlıq gətirilməsi üçün bir sıra dövlət hakimiyyət orqanlarına rəsmi müraciətlər edilmişdir. Cavabdeh tərəfindən bilə-bilə qanunsuz hərəkətlərə (hərəkətsizliyə) yol verilmiş, yəni dövlət ehtiyacları üçün alınan torpaq sahəsinə görə 1 kv.m. üçün əvvəlcə 1000 manat təklif edilsə də və o, bu məbləğin ədalətli olmadığına görə müvafiq qurumlara müraciət etdikdən sonra həmin kompensasiyanın 500 manata azaltmaqla yeni təklifin 500 manat hesablanmasının heç bir hüquqi əsası ola bilməz. Ödəniləcək kompensasiyanın qiymətləndirilməsində “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 56.1.2-ci və 56.1.5-ci maddələrinin tələblərini nəzərə alaraq, ona ödəniləcək kompensasiya məbləğinin 438.257 manat təşkil etdiyini müəyyən etmək olar. Belə ki, 110 kv.m. torpaq sahəsinin 350.000 ABŞ dollarına (285.285 manat) əldə olunmasını və həmin dövrdən hal-hazıradək manatın ABŞ dollarına nisbətən 81,1% (inflyasiyaya faizi) aşağı düşməsinin nəzərə alınmasını, yəni Mərkəzi Bankın mövqeyinə əsasən kompensasiyanın 516.651 manat (285.285x181,1%) təşkil etdiyini, Dövlət Statistika Komitəsinin mövqeyinə əsasən isə həmin dövrdən 2019-cu ilin avqust ayınadək 164,7% inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksinə nisbətdə kompensasiyanın 469.864 manat (285.285x164,7%) təşkil etdiyini və hər 2 hesablama üsuluna nisbətdə orta məbləğ olan - 493.257 manat ((516.651+469.864):2) kompensasiyanın ədalətli olduğu hesab edilməlidir. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, ünvan 2 ünvanında yerləşən 110 kv.m. torpaq sahəsinin dövlət ehtiyaclarına görə alınması ilə bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi üçün iddiaçı “Daşınmaz əmlakın alınması qrupu”nun sakinlər üçün keçirdiyi iclaslara dəfələrlə dəvət olunmasına baxmayaraq iclaslarda iştirak etməmişdir. Bu səbəbdən həmin torpaq sahəsinə görə iddiaçıya kompensasiya məbləğinin hesablanması mümkün olmadığından kompensasiya ödənilməmişdir. Satınalma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun həyata keçirilir. İddiaçının tələb etdiyi kompensasiya məbləğinin verilməsi mümkün deyil, çünki iddiaçı şişirdilmiş kompensasiya məbləği tələb edir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasına dair qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-666/2020 nömrəli, 4 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakim Ş.A.Həsənova) iddia qismən təmin edilərək “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli Qərarının icrası ilə əlaqədar – iddiaçının mülkiyyətində olan torpaq sahəsi dövlət ehtiyaclarına görə alındığı üçün cavabdeh tərəfindən təklif olunmuş 55.000 manat təzminat (kompensasiya) məbləği nəzərə alınaraq təzminat məbləğinə 209.000 manat əlavə edilməsi və cəmi 264.000 manat kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qərara alınmış, iddia qalan hissədə rədd edilmişdir. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın – təzminat məbləğinə 209.000 manat əlavə edilməsi və cəmi 264.000 manat məbləğində kompensasiyanın tutulması hissəsinin dəyişdirilməsi, yəni təzminat məbləğinə 438.257 manat əlavə edilməsi və cəmi 493.257 manat məbləğində kompensasiyanın tutulması ilə əvəz olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın iddianın təmin olunan hissəsində ləğv edilməsi, iddia tələbinin “55 000 manat məbləğində kompensasiya ödənilməsi” hissəsində təmin edilməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçının apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, mülkiyyətində olan torpaq sahəsinin yerləşdiyi ərazinin Yasamal rayonu ərazisində perspektivli və dəniz panaramalı olmasını, həmçinin cavabdeh tərəfindən kompensasiya təklif olunarkən mövcud inflyasiyanın qanunvericilikdə nəzərdə tutulan digər faktorların nəzərə alınmamasını və yaxın ərazilərdə yerləşən 1 sot torpaq sahəsinin 400000 manata satılması barədə internet saytlarından çıxarılmış sənədlər nəzərə alınsa, bir daha sübut olunar ki, iddiaçının tələbi həm ədalətli, həm də qanuni olmuşdur. İşin göstərilən halları məhkəmə tərəfindən qanunvericiliyin tələblərinə görə düzgün qiymətləndirilsə də yekunda iddia tələbinin təzminat məbləğinə 209 000 manat əlavə edilməməsi hissəsi bir qədər ədalətsiz olmuşdur. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya ona məxsus torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə bağlı məsələnin araşdırılması üçün sakinləri qəbul edən “Daşınmaz əmlakın alınması qrupu”na, o cümlədən qiymətləndirməni həyata keçirən müstəqil qiymətləndirici "xxxx" MMC-nin fəaliyyət göstərdiyi ünvana müraciət edilməsi tövsiyə olunsa da, yalnız yazılı məktublarla müraciət etmişdir. Torpaqların dövlət ehtiyacları üçün alınması məsələlərini tənzimləyən həmin qanunun müddəalarından görünür ki, torpağın qiymətləndirilməsi üçün vacib olan prosedurlardan iri torpağın alınması qrupunun və qiymətləndirmə komissiyasının alınmasının təsirinə məruz qalan şəxslərlə kompensasiya ilə bağlı həm yazılı, həm də şifahi danışıqların aparılmasıdır ki, iddiaçı bunu etməkdən birmənalı imtina etmişdir, yalnız alan orqana və digər dövlət orqanlarına çoxsaylı məktubların göndərilməsi ilə kifayətlənmiş və sonda birbaşa məhkəməyə müraciət etmişdir. Məhkəmə "xxxx" MMC-nin ekspert rəyini mötəbər sübut kimi qəbul edərkən yanlış nəticəyə gəlmişdir. Ekspert rəyi hansı əsaslarla mübahisəli torpaq sahəsinin 1 kv.m sahəsini 2500 manat olaraq qiymətləndirilməsi göstərilməmişdir. "xxxx" MMC tərəfindən Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinə mütəxəssisin iştirakının təmin edilməsinə dair xx.xx.2019-cu il tarixdə məktub ünvanlanmış, lakin məktuba cavab verilməmişdir. Həmin məktub isə ekspertiza təyin edilməsi barədə qərardaddan 8 ay əvvəl yazılmışdır. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin Azərbaycan Respublikası Maliyyə Nazirinə ünvanladığı xx.xx.2010-cu il tarixli məktuba əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın qiymətləri ilə bağlı mübahisələrə baxılarkən daşınmaz əmlakın qiymətləndirilməsi prosesində iştirak etmək üçün Maliyyə Nazirliyinin ekspert və ya mütəxəssislərinin iştirakı təmin edilməlidir. Qanunvericiliyin tələblərindən görünür ki, bazar qiyməti müəyyənləşdirilərkən yaxınlıqda olan torpaq sahələrinin bazar qiyməti əsas götürülür. Həmin torpaq sahəsinin digər payçılarının mülkiyyətlərində olan torpaq sahələrinin hər 1 kv.m. sahəsi 500 manat məbləğində qiymətləndirilərək həmin şəxslərlə alqı-satqı müqaviləsi bağlanaraq onlara kompensasiya ödənilmişdir. Birinci instansiya məhkəməsi mübahisə predmeti olan torpaq sahəsinə görə kompensasiya hesabladığı zaman qərarında qanunun 56.1.1 və 56.1.6-cı maddələrinə istinad edərək kobud pozuntuya yol vermişdir. Qanunun həmin maddələri kompensasiya hesablanmasında alınmanın təsirinə məruz qalmış şəxslərin yaşayış evlərini tərk etmək məcburiyyətində qaldıqları üçün keçirdikləri narahatlıq və xərclərin bərpa olunması prinsiplərinə əsaslanmasını nəzərdə tutur. Lakin iddiaçının mülkiyyətində fərdi yaşayış evinin deyil, yalnız torpaq sahəsi olduğu halda torpaq sahəsinin qiymətləndirilməsi zamanı sözügedən qanunun qeyd edilən maddələrinə istinad edilməsi yolverilməzdir. Məhkəmə qərarı həm maddi, həm də prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Apellyasiya və kassasiya instansiya məhkəməsində əvvəlki icraatlar: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 267/2021 nömrəli, 12 fevral 2021-ci il tarixli qərarı ilə (hakimlər A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, V.M.Ağayev və A.B.Nuriyeva) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 4 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilərək iddiaçıya 275.000 manat kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. İddia qalan hissədə təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti təmin olunmamışdır. İddiaçı kasasiya şikayəti verərək həmin qərarın “275.000 manat məbləğində və iddia qalan hissədə təmin edilməsin” hissəsində dəyişdirilməsi, yəni “493.257 manat məbləğində və iddia tam təmin edilsin” hissələri ilə əvəz edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi, işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1170/2021 nömrəli, 14 iyul 2021-ci il tarixli qərarı ilə (hakimlər: R.S.Nəbizadə /sədrlik edən və məruzəçi/, B.M.Məmmədli və Z.M.Quliyev) kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-267/2021 nömrəli, 12 fevral 2021-ci il tarixli qərarı ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsinin göstərişləri belə olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan sübutlarla bağlı tam və hərtərəfli araşdırma aparmalı, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalı, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun torpağın bazar qiymətini müəyyən etməlidir. Belə ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi dövlət ehtiyacları üçün geri alınsa da, ona müvafiq kompensasiya ödənilməmiş, onun torpaqdan istifadə və üzərində sərəncam vermək imkanı itirilmiş və beləliklə də həm milli, həm də beynəlxalq qanunvericiliklə müdafiə olunun mülkiyyət hüququna müdaxilə edilərək hüquqları pozulmuşdur. Cavabdeh torpaq sahəsinin bazar qiyməti ilə bağlı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələb etdiyi qaydada məhkəmələrə hər hansı mötəbər sübut təqdim etməmişdir. Cavabdeh şikayətində həmin ünvanda digər şəxslərlə bağlanmış torpaq sahəsinin alqı-satqı müqaviləsinə istinad edərək qiymətləndirmə rəyi ilə razılaşmadığını bildirmişdir. Məhkəmə kollegiyası “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.1 və 58.2-ci maddələrinə istinad edərək bildirmişdir ki, bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Cavabdehin istinad etdiyi alqı-satqı müqaviləsi və razılaşma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.1-ci və 58.2-ci maddələrinin tələblərinə cavab vermədiyindən hazırkı işdə sübut kimi qəbul edilə bilməz. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-236/2022 nömrəli, 07 oktyabr 2022-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 666/2020 saylı 4 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilərək, iddiaçıya 275.000 manat kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 274/2023 nömrəli, 14 mart 2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-236/2022 nömrəli, 07 oktyabr 2022-ci il tarixli qərar ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsinin göstərişləri belə olmuşdur ki, təkrar apellyasiya baxışı zamanı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin müddəalarının tələbləri, buradan, həm də İPM-in 12.1, 12.2, 58.7, 82 və 96.11-ci maddələrinin tələbləri təmin olunmalıdır. Belə ki, məhkəmə kollegiyası qərarında qeyd etmişdir ki,apellyasiya instansiyası məhkəməsində sonuncu icraat zamanı işə əlavə edilmiş alğı-satqı müqavilələri də torpaqların dövlət ehtiyacları üçün alınması qaydasında mülkiyyətçilərlə Cavabdeh arasında bağlandığından, Ali Məhkəmənin yuxarıda istinad edilən qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, həmin növ müqavilələr “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.1 və 58.2-ci maddələrinin tələblərinə cavab vermədiyindən hazırkı işdə sübut kimi qəbul edilə bilməzlər. İşdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin qərarında qeyd olunan hüquqi mövqeni nəzərə alaraq “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin müddəalarının tələblərinin təmin olunması məqsədi ilə Yasamal rayounun ərazisində fəaliyyət göstərən 12 və 23 saylı Notariat Ofislərinə müvafiq sorğularala müraciət etsə də (iş v. 165, 166), həmin sorğuların icra olunduğuna və bunun nəticələoinə dair işdə hər hansı məlumat yoxdur. Torpağın bazar qiymətinin torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilməli olduğu “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.2-ci maddəsində imperativ olaraq təsbit olunduğuna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi həmin normanın tələbini təmin etməmiş, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun məqsədləri üçün torpağın bazar qiymətini həmin Qanunun 58.2-58.4-cü maddələrinin tələblərinə uyğun qaydada müəyyən etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə təkrar qiymətləndirmə ekspertizasının təyin edilməsi barədə tərəflərin vəsatət verdiklərinə, bu səbəblə də qiymətləndirmə ekspertiza təyin etməsinə və həmin qiymətləndirmənin nəticələrinə istinadı da vəziyyəti dəyişmir və məhkəməni “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun məqsədləri üçün torpağın bazar qiymətinin müəyyən edilməsi ilə bağlı həmin Qanunun 58.2-58.4-cü maddələrinin tələblərinə əməl etmək vəzifəsindən azad etmir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə4 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayətləri qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayətlər birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçilərin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək Bakı İnzibati Məhkəməsinin 4 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilməli, iddiaya 275.000 manat kompensasiyanın ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də qismən əsaslı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : “İnzibati icraat haqqında” Qanun: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Mülki Məcəllə: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Maddə 211. Mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Maddə 157. Mülkiyyətin müdafiəsi (-). 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. (-). 246.3. torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. (-). 246.5. bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı, həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da daxildir. (-). 246.7. torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 №li Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun: Maddə 3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. (-). Maddə 4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə 5. Alına bilən torpaqlar 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; (-). Maddə 23. Alınan torpağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; (-). 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; (-). Maddə 58. Bazar qiyməti 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Məhkəmə kollegiyası işdə olan materiallara nəzər yetirir: - Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2635/08 saylı, xx.xx.2008-ci il tarixli qərardadından görünür ki, ünvan 3 ünvanında yerləşən 110 kv.metr torpaq sahəsi xx.xx.2006-cı il tarixli borc müqaviləsi əsasında yaranmış 350 000 ABŞ dolları borcun əvəzinə verilmiş və məhkəmə mübahisəsi zamanı xx.xx.2008-ci il tarixli «Barışıq razılaşması haqqında» Müqavilə tərtib edilməklə, məhkəmə qərardadı ilə təsdiq edilmişdir. -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li, xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 110 kv.m. torpaq sahəsinin mülkiyyətçisi İddiaçıdur. -«Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 №-li, xx.xx.2018-ci il tarixli Qərarından görünür ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 382 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:1. Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzaga Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri Cavabdeh müəyyən edilsin. 2. Bakı şəhəri Cavabdehnə tapşırılsın ki, bu qərarın 1-ci hissəsində göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim etsin. -"xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, 73/5 №-li məktubundan görünür ki, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun 916 №-li və 917 №-li, xx.xx.2019-cu il tarixli məktublara aşağıdakı cavablar verilir: tələb və təklif metoduna uyğun olaraq qeyd olunan ərazidə orta bazar dəyəri qiymətləndirmə aparıldığı tarixdə 1 kv.m. torpaq sahəsi 500 manatdan aşağı olmuş; Daşınmaz Əmlakın Alınması Qrupuna heç bir sənəd təqdim olunmadığına görə İddiaçı heç bir qiymət təklif olunmamışdır. -1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5061/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı əsasında təyin olunmuş "xxxx" MMC-nin ƏEM/D 49 1029/19 saylı, xx.xx.2019-cu il tarixli ekspert rəyindən görünür ki, mübahisələndirilən torpaq sahəsinin 1 kv.m.-nin bazar qiyməti 2500 manat olmaqla, 110 kv.m. torpaq sahəsinin xx.xx.2019-cu il tarixə bazar dəyəri 275 000 manat təşkil edir. - Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 76 №-li, xx.xx.2011-ci il tarixli Sərəncamından görünür ki, Bakı şəhərinin Baş Planının icrasının təmin edilməsi məqsədilə Mirzəağa Əliyev və bir sıra digər küçələrinin əhatəsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrindən əhalinin köçürülməsi işlərinin həyata keçirilməsi Bakı şəhər İcra Hakimiyyətinə tapşırılmış; Qeyd olunan işlərin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə əldə olunmuş razılığa və həmin ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin qiymətləndirilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2011-ci il tarixli, **********27 saylı məktubunda göstərilən ünvanda yerləşən mülkiyyətçilərə məxsus yaşayış və qeyri yaşayış sahələrinin hər kv.m. üçün 1500 manat məbləğində müəyyən edilmişdir. - “Disput.az” internet saytından və “Bina.az” internet saytından çıxarılmış elanlardan görünür ki, “Sovetskaya” küçəsində 20 sot torpaq sahəsi 7 650 000 manata, Bakı şəhəri, Mikayıl Müşfiq küçəsində 4,5 sot torpaq sahəsi 1 500 000 manata satılır. - Bakı şəhəri, Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 502/d №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 572 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektlərinin Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi çərçivəsində yaşayış və qeyri-yaşayış sahələrinə görə kompensasiyanın ödənilməsi üçün qiymətləndimə müqayisəli metodu ilə aparılmış, araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələr nəzərə alınaraq aparılır. - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 10 iyul 2020-ci il tarixli, DX-03/01-03-827 №-li məktubdan görünür ki, Xidmətdə Cavabdeh tərəfindən İddiaçı adına hesablanmış kompensasiyanın məbləği barədə hər hansı bir məlumat və Yasamal rayonu, X9 küçəsi, dalan 2, ev 9 ünvanında yerləşən 110 kv.metr torpaq sahəsinə dair mülkiyyət hüquqlarını təsdiq edən sənəd olmadığından məktubda göstərilən məsələyə münasibət bildirilməsi imkan xaricindədir. - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 10 iyul 2020-ci il tarixli, DX-03/01-03-827 №-li məktubdan görünür ki, X5 Ərəbov hal-hazıradək Cavabdehndə fəaliyyət göstərən “Daşınmaz əmlakın alınması qrupu”na müraciət etməmiş, bu səbəbdən ona kompensasiya hesablanmamış və ödənilməmişdir. Onunla eyni ünvanda qeydiyyatda olmaqla mülkiyyət hüquqları olan X2, X1, X3, X4 onlara məxsus torpaq sahəsinin hər kv.metri üşün qiymətləndirici şirkət tərəfindən müəyyənləşdirilmiş 500 manat məbləğində kompensasiya ödənilmişdir. X5 Ərəbovun Cavabdehndə fəaliyyət göstərən “Daşınmaz əmlakın alınması qrupu”na müraciət etməsi məqsədəmüvafiq hesab olunur. -"xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin xx.xx.2021-ci il tarixli ekspert rəyində iddiaçının mülkiyyətində olmuş ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin 2018-ci il üçün 1 kv.m dəyəri 2315 manat olmaqla ümumi dəyəri 254600 manat, 2019-cu il üçün 1 kv.m dəyəri 2420 manat olmaqla ümumi dəyəri 266200 manat, 2020-ci il üçün 1 kv.m-nin dəyəri 2500 olmaqla ümumi dəyəri 275000 manat olduğu qeyd edilmişdir. Apellyasiya şikayətlərinin dəlillərinə münasibət: İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli Qərarının təsirinə düşmüşdür. Dövlət ehtiyacları üçün satın alınma layihəsi ilə bağlı keçirilmiş tenderin qalibi olmuş olunmuş mənzillərin əsas və köməkçi sahələrinin hər kv.m. üçün son hədd əlavələr də nəzərə alınmaqla 1500 manat və digər sahələr üzrə isə 1 kv.m. üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq ***-**** manat arasında, torpaq sahəsinin hər kv.m.-i üçün son hədd əlavələr də nəzərə alınmaqla 500 manata qədər qiymətləndirilir. İddiaçıya məxsus torpaq sahəsi onun istifadəsindən çıxsa da, bu vaxta qədər ona kompensasiya ödənilməmiş, təklif olunana kompensasiya məbləği ilə də razılaşmamışdır. İddiaçı məhkəmədə iddia qaldıraraq ona müvafiq kompensasiya ödənilməsini tələb etmiş, müxtəlif qiymətləndirmə şirkətləri tərəfindən sözügedən sahədə yerləşən torpaq sahəsinin 2019-2020-ci illərdə 1 kvm-nin 2500 manat olması barədə rəylər verilmişdir. Təkrar apellyasiya baxışı zamanı məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin yuxarıda sadalanan qərarlarındakı göstərişlərə müvafiq olaraq araşdırma həyata keçirmişdir. Belə ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun kompensiya məbləğinin müəyyən edilməsi istiqamətində araşdırma aparılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə, Dövlət Notariat Arxivinə, 12 saylı Notariat Ofisinə, 23 saylı Notariat Ofisinə, 41 saylı Notariat Ofisinə yazılı sorğular ünvanlanaraq 2017-2018-ci illərdə Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi ünvanında yerləşən torpaq sahələrinə dair bağlanan alqı-satqı müqavilələrinin təsdiq edilmiş surətləri tələb edilmişdir. Məhkəmə sorğularına müvafiq olaraq verilmiş cavablar ondan ibarət olmuşdur ki, sözügedən ünvan üzrə məhkəməyə təqdim edilən alqı-satqı müqavilələrinin bir neçəsi mənzillərə dair olmuş, bir müqavilə isə məhz Cavabdeh ilə bağlanmış alqı-satqı müqaviləsi olmuşdur. Kassasiya instansiya məhkəməsinin göstərişini nəzərə alan məhkəmə kollegiyası qeyd edilən alqı-satqı müqavilələrinin heç birini sübut qismində qiymətləndirmir. Belə olan halda məhkəmə kollegiyasının qənaəti ondan ibarət olmuşdur ki, nə qədər ki, iddiaçı bir mülkiyyətçi kimi müvafiq sübutlar təqdim edərək ədalətli kompensasiya ödənilməsini tələb etmiş və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun məhkəmə araşdırması hərtərəfli aparılsa da, müvafiq araşdırma nəticə verməmiş, belə olan halda həmin Qanunun 23.1.5-ci maddəsinin tələblərinə uyğun məhkəmə kollegiyasının qərardadı ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilərək mübahisəli ünvanda yerləşən torpaq sahəsinin 1 kvm-nin 2018-ci il tarixə və hazırki bazar qiymətinə uyğun qiymətləndirilməsinin aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/27xxxx/2714 nömrəli, 31 may 2024-cü il tarixli rəyin nəticə hissəsində qeyd edilmişdir ki, tədqiq olunan Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi dalan 2, ev 9 ünvanında yerləşən 110 kvm torpaq sahəsinə yaxın ərazilərdə yerləşən analoji torpaq sahələrinin mövcud orta bazar dəyəri təqribən 275000,00 ( 110 kvm x 2500 man) manat müəyyən edilir. Ekspert rəyinin sübuti əhəmiyyəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88- ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcburi olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununu qiymətləndirmək hüququnun olması kimi başa düşülür. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrıayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, sözügedən ekspert rəyi daha əvvəlki icraatlar zamanı keçirilmiş qiymətləndirmə rəyləri ilə eynilik təşkil etdiyindən, onun mötəbərliyini şübhəyə alan məqamlar mövcud deyildir. Məhkəmə kollegiyası həm iddiaçının, həm də cavabdehin apellyasiya şikayətlərinin dəlillərini və məhkəməyə təqdim etdikləri sübutlarla bağlı qənaətini onunla əsaslandırır ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 23.1.5-ci maddəsinə əsasən dövlət ehtiyacları üçün alınan torpağa görə kompensasiya məbləği müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyənləşdirilməli olduğundan iddiaçı tərəfindən təqdim edilmiş internet saytlarından əldə edilmiş məlumatların və cavabdehin təqdim etdiyi alınan torpaq sahəsinin yerləşdiyi ərazidə dövlət ehtiyacları üçün alınmış daşınmaz əmlaklarla bağlı bağlanmış alqı-satqı müqavilələrinin iddiaçıya ödənilməli olan kompensasiya məbləği müəyyən edilərkən ekspert rəyindən üstün hüquqi qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. - 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. - 111.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər inzibati məhkəmə icraatının iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Xərclər üzrə qarşılıqlı hesablaşmanın aparıldığı hallarda, hər tərəf məhkəmə xərclərinin yarısını ödəyir, zəruri xərclər isə tərəflərin öz hesabına ödənilir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. İddia tələbi qismən təmin edildiyindən məhkəmə kollegiyası hesab edir ki, ekspertiza xərcinin 50 manatı iddiaçının üzərinə, 50 manatı isə cavabdeh orqanın üzərinə qoyulmalıdır. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, İddiaçı 275.000 manat kompensasiyanın ödənilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-666/2020 saylı 4 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilsin. İddiaçı 275.000 manat kompensasiyanın ödənilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat İddiaçı, 50 (əlli) manatı isə Cavabdehndən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər Günel Abbasova Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-158/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-158/2024
20.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver