Məhkəmə qərarları › İş №2-1(103)-1580/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1580/2020

29.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1580/2020 29.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Cəmilova Xəyalə Nəbi qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi ilə, Cavabdehin nümayəndələri X13 və X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-324/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-324/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci tarixli qərarı ilə iddia qismən təmin edilmiş, dəymiş maddi ziyana görə 1015,40 manat məbləğində pul cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətindən tutularaq İddiaçı verilmiş, iddia digər hissədə təmin edilməmişdir. Qərardan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməklə dəyişdirilməsi, iş üzrə cavabdeh tərəfin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi təyin edilməklə iddiaçıya dəymiş maddi zərərin ödənilməsinin Ədliyyə Nazirliyinə həvalə edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə Bakı- İstanbul aviareysi ilə uçan Azərbaycan Respublikasının vətəndaşı İddiaçı üç uşağı ilə birlikdə saat 21:10-da özünün və yetkinlik yaşına çatmayan övladlarının pasportlarını həmçinin 2 nömrəli «ASAN xidmət»də övladların atası X7 tərəfindən verilmiş razılıq ərizəsini «sənədlərin yoxlanışı» sərhəd naryadına təqdim etmişdir (uçuşa 40 dəqiqə qalmış). Sərhəd naryadında olan nəzarətçi gizir Vüsalə Cavadova vətəndaş İddiaçı və övladlarının sənədlərini rəsmiləşdirdikdən sonra razılıq ərizəsinin İAMAS-da mövcudluğunu, həqiqiliyini və «xitam» verilib-verilmədiyini yoxlamaq məqsədilə (DSX rəisinin xx.xx.2016-cı il tarixli müvafiq əmrində göstərilmişdir ki, xx.xx.2015-ci il tarixdən etibarən verilən razılıq ərizələrinin həqiqiliyinin yoxlanılması üçün İAMAS-a qoşulmuş Ədliyyə Nazirliyinin «Attorney» pəncərəsini açıb razılıq ərizələrində olan ştrix-kodlar proqrama daxil edilsin. Həmin proqramda razılıq ərizələrinin saxtalığı və etibarlılıq müddətləri yoxlanılsın. Status yerində «xitam edilib» məlumatı olan razılıq ərizələri qüvvədən düşdüyü üçün həmin razılıq ərizələri ilə gedən yetkinlik yaşına çatmamış uşaqlar dövlət sərhədindən buraxılmasın) ərizənin ştrix-kodunu İAMAS-a inteqrasiya olunmuş Ədliyyə Nazirliyinin «Attorney» proqramına daxil etmişdir. Lakin İAMAS-da razılıq ərizəsi barədə məlumat tapılmadığı üçün sistemin digər iş yerlərində də yoxlamalar keçirilmiş və nəticə uğursuz olmuşdur. Bununla əlaqədar həmin gün saat 21:23-də Ədliyyə Nazirliyinin əməkdaşı Zaur Həsənovun istifadəsində olan ***-***-**-** nömrəli mobil operatorla əlaqə saxlanılması mümkün olmamışdır. Yalnız saat 21:29-da Z.Həsənovla telefon əlaqəsi yaradılmış və o, İAMAS-a inteqrasiya olunmuş Ədliyyə Nazirliyinin «Elektron notariat» sisteminin şəbəkə avadanlığının sıradan çıxması ilə bağlı baş vermiş nasazlığın 20-25 dəqiqədən sonra aradan qaldırılacağını bildirmişdir. Z.Həsənovdan digər vasitələrlə İddiaçı övladlarına atası tərəfindən verilmiş razılıq ərizəsini yoxlamaq xahiş olunmuşdur. Saat 21:58-də Z.Həsənovdan razılıq ərizəsinin həqiqiliyini təsdiq edən məlumat alındıqdan sonra vətəndaş İddiaçı reysə buraxılmışdır. Lakin uçuş saat 21:50-də olduğu üçün vətəndaş reysə gecikmişdir. Vətəndaş İddiaçı yetkinlik yaşına çatmayan üç uşağı ilə birgə xx.xx.2019-cu il tarixdə «Şıxlı» buraxılmış məntəqəsindən Azərbaycan Respublikasından Gürcüstan istiqamətində ölkəni tərk etmişdir. Qeyd olunanlarla əlaqədar xx.xx.2019-cu il tarixdə saat 21:00-dan saat 22:05-dək Ədliyyə Nazirliyinin tərtib etdiyi elektron razılıq ərizələrinin yoxlanılması üçün «Attorney» proqramının müvəqqəti olaraq funksiyasının fəaliyyətinin dayanması, yalnız saat 22:16 radələrində Ədliyyə Nazirliyi tərəfindən nasazlığın aradan qaldırılması və «Attorney» proqramının işlək vəziyyətə gətirilməsi barədə Sərhəd Nəzarətinin əməkdaşları tərəfindən akt tərtib edilmişdir. Sərhəd Nəzarəti tərəfindən Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş idarəsinə xx.xx.2019-cu il tarixdə 33/4271 nömrəli məktub ünvanlanaraq qeyd olunan tarixdə Ədliyyə Nazirliyinin «Elektron notariat» sisteminin şəbəkə avadanlığında baş vermiş nasazlıq səbəbindən yetkinlik yaşına çatmayan övladları ilə hərəkət edən vətəndaşların dövlət sərhədindən buraxılışında ləngimələrin olması bu səbəbdən də aviareyslərdə gecikmələrin olması bildirilərək gələcəkdə bu kimi halların baş verməsinin qarşısının alınması məqsədilə İAMAS-a inteqrasiya olunmuş Ədliyyə Nazirliyinin «Elektron notariat» sistemində baş verə biləcək nasazlıqların vaxtında aradan qaldırılması məqsədilə Ədliyyə Nazirliyinin «Elektron notariat» sisteminin qaynar xəttinin və bu sistemi tənzimləyən əməkdaşlar üçün növbəli xidmətin təşkil edilməsi məsələsinə baxılması xahiş olunmuşdur. Sözügedən müraciətə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə 05/4417-14 nömrəli məktubla cavab verilərək müraciətə baxılması və «24/7 Texniki dəstək» xidməti yaradılmaqla (012) ***-**-** nömrəli telefon xətti ilə fəaliyyətə başlaması barədə məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh inzibati orqanın nümayəndələri qərarın ləğv edilməklə dəyişdirilməsi, iş üzrə cavabdeh tərəfin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi təyin edilməklə iddiaçıya dəymiş maddi zərərin ödənilməsinin Ədliyyə Nazirliyinə həvalə edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfin izahatını dinləyib, iş mаtеriаllаrını yохlаyаrаq və аpеlyаsiyа şikаyətini аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi və iddiaçı tərəfindən iddianın təmin edilməmiş hissəsi ilə bağlı apelyasiya şikayəti verildmədiyi üçün kollegiya qərarın qanuniliyini iddia tələbinin təmin edildiyi hissədə yoxlayır. İşdən görünür ki, X7 tərəfindən 2 saylı Bakı «ASAN xidmət» mərkəzində X4, X5, X6, X3 anası İddiaçı istənilən xarici ölkəyə getməsinə xx xxxx 2019-cu il tarixli reyestr nömrəsi 8İ/28685 olan razılıq ərizəsi verilmişdir. Həmin ərizə qüvvədədir, ləğv edilməmişdir. Ərizə haqqında məlumat reyestr jurnalında və «Elektron notariat» X1 qeyd edilmişdir. İddiaçı 3 azyaşlı uşağı ilə birlikdə Türkiyə Respublikasının İstanbul şəhərinə getmək üçün dövlət sərhədini keçərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən buraxılmamış, səbəb kimi Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən bir neçə dəfə ərizəçinin övladlarına atası tərəfindən verilən razılıq ərizəsinin həqiqiliyini və “xitam” verilib-verilmədiyini yoxlamaq cəhdlərinin sistemdə baş vermiş nasazlıq səbəbindən mümkün olmaması bildirilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli 05/H-106-13 saylı məktubdan görünür ki, ərizəçinin övladları ilə birgə ölkədən çıxışına dair notariat qaydasında təsdiqlənmiş razılıq ərizəsinin “Elektron notariat” informasiya sistemində aşkar edilməməsi əsası ilə Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən təyyarəyə gecikdirilməsi barədə şikayəti araşdırılmışdır. Bildirilmişdir ki, “Elektron notariat” informasiya sistemi vasitəsilə sənədlərin üzərində yerləşdirilmiş QR kod ilə onların həqiqiliyinin yoxlanılması imkanından (yoxlanılması qaydası sənədin üzərindəki qeyddə göstərilir) istifadə edilməmişdir. Aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, ərizəçidə müvafiq razılıq ərizəsinin əsli olmuş və onun həqiqiliyinin yoxlanılması imkanı mövcud olmuş, razılığı verən şəxsin həmin vaxt ərizəçinin yanında olmasına baxmayaraq, hava limanında yerləşən “Elektron ədliyyə köşkü”ndən istifadə olunmamışdır. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli K/1146/33/H-146x saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən öz valideynlərinin və ya qanuni nümayəndəsinin notarius tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş razılığı ilə gedə bilər. Saxta razılıq ərizələri ilə yetkinlik yaşına çatmayan vətəndaşların ölkədən çıxarılmalarının qarşısının alınması məqsədilə razılıq ərizələrinin həqiqiliyi Ədliyyə Nazirliyinin “Elektron notariat” sistemində yoxlanılır. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən bir neçə dəfə ərizəçinin övladlarına atası tərəfindən verilən razılıq ərizəsinin həqiqiliyini və “xitam” verilib-verilmədiyini yoxlamaq cəhdləri sistemdə baş vermiş nasazlıq səbəbindən mümkün olmamışdır. Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə müraciət edilməsi xahiş olunmuşdur. Bundan sonra İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Sərhəd Xidməti və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən ona dəymiş maddi zərərə görə 977 manat, mənəvi zərərə görə isə ona və 3 azyaşlı uşaqlarına hər birinə 5.000 manat, ümumillikdə 20.000 (iyirmi) manat, 8 gün üçün 958,94 manat və məhkəmə xərclərinə görə 20,40 manat pulun ödənilməsinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh qismində yalnız Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətini göstərməklə, cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətindən ona dəymiş maddi zərərə görə 977 manat, mənəvi zərərə görə isə ona və 3 azyaşlı uşaqlarına hər birinə 5.000 manat, ümumillikdə 20.000 manat, 8 gün üçün 958,94 manat və məhkəmə xərclərinə görə 20,40 manat pulun ödənilməsinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh qismində yalnız Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətini göstərməklə, cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətindən ona dəymiş maddi zərərə görə 977 manat, 38,40 manat pulun, 8 gün üçün 958,94 manat, mənəvi zərərə görə isə ona və 3 azyaşlı uşaqlarına hər birinə 5.000 manat, ümumillikdə 20.000 manat və məhkəmə xərclərinə görə 20,40 manat pulun ödənilməsinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən iddianın qismən təmin edilməsi ilə həll edilmişdir. Kollegiya məhkəmə qərarının hazırki apelyasiya icraatı üzrə yoxlanılan hissəsində razılaşır. Hazırki işdə olan sənədlərdən müəyyən olunur ki, 2 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat ofisi tərəfindən ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli 2987 nömrəli məktubdan görünür ki, 2 saylı Bakı «ASAN xidmət» mərkəzində fəaliyyət göstərən notariat ofisində xx xxx 1977-ci il təvəllüdlü X7 tərəfindən X4, X5, X6, X3 anası İddiaçı müşayiəti və nəzarəti altında Azərbaycan Respublikasından kənara çıxmasına dair razılıq ərizəsi vermişdir. Ərizənin nüsxəsi notariat arxivində saxlanılmır. Ərizənin bir nüsxəsi olur, vətəndaşa verilir. X7 2 saylı Bakı «ASAN xidmət» mərkəzində X4, X5, X6, X3 anası İddiaçı istənilən xarici ölkəyə getməsinə xx xxxx 2019-cu il tarixli reyestr nömrəsi 8İ/28685 olan ərizə verilmişdir. Həmin ərizə qüvvədədir, ləğv edilməmişdir. Ərizə haqqında məlumat reyestr jurnalında və «Elektron Notariat» X1 qeyd edilir. Sərhəd giriş-çıxış məlumatlarından görünür ki, xx.xx.2019-cu il tarixdə İddiaçı İstanbul istiqamətində apardığı uşaqların atadan verilmiş razılıq ərizəsi bazadan çıxmadığı üçün uçuşdan imtina etdiyi üçün dövlət sərhədindən buraxılmamışdır, İddiaçı xx.xx.2019cu ildə İstanbul istiqamətində çıxmış və xx.xx.2019-cu ildə Bakıya qayıtmışdır. İş materiallarına əlavə edilmiş elektron çıxarışdan görünür ki, İddiaçı, Hüseynova Hüsniyya, Hüseynova Jamila və Hüseynova Nuriyyanın adlarına Bakı-İstanbul və İstanbul- Bakı reysi üçün biletlərə xx.xx.2019-cu il tarixdə 977,08 manat ödənilmişdir. Həmçinin xx.xx.2019-cu il tarixli qaimə fakturadan görünür ki, iddiaçı yük daşınmasına görə 38,40 manat pul ödəmişdir. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Qeyd edilən maddələrin məzmununa görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. İşin faktiki halları ilə müəyyən olunur ki, X7 tərəfindən 2 saylı Bakı «ASAN xidmət» mərkəzində X4, X5, X6, X3 anası İddiaçı istənilən xarici ölkəyə getməsinə dair xx xxxx 2019-cu il tarixli reyestr nömrəsi 8İ/28685 olan ərizə verilmiş, iddiaçı həmin ərizəni Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarət məntəqəsinə təqdim etmiş, sonuncu isə sistemin işləmədiyini, notariat kontoru tərəfindən uşaqların anası ilə getməsinə razılıq ərizəsinin həqiqliyini yoxlaya bilmədiyini əsas gətirərək dövlət sərhədini keçməyə imkan verməmişdir. Cavabdeh baş vermiş ləngimənin “Elektron notariat” sisteminin şəbəkə avadanlığında baş vermiş nasasızlığı səbəbindən yarandığını qeyd etməklə əsl cavabdehin Ədliyyə Nazirliyinin olmasını bildirsə də, kollegiya cavabdehin bu mövqeyi ilə razılaşmır. Belə ki, işdən müəyyən olunur ki, təqdim olunan ərizəni yoxlayarkən cavabdeh “Elektron notariat” informasiya sistemi vasitəsilə sənədlərin üzərində yerləşdirilmiş QR kod ilə onların həqiqiliyinin yoxlanılması imkanından (yoxlanılması qaydası sənədin üzərindəki qeyddə göstərilir) istifadə edilməmişdir. Cavabdeh sistemdə baş vermiş nasazlığın aradan qaldırılmasına bilavasitə yönəlik hərəkət etməmişdir. Halbuki, vətəndaşın sərhədi keçərkən lazımi sənədlərə malik olubolmaması, sərhədi keçmə faktının lazımı qaydada və vaxtında icra olunmasını təmin etmək bilavasitə cavabdeh Dövlət Sərhəd Xidmətinin məsuliyyət dairəsinə aiddir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli, 823 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamənin 9.6-cı bəndinə görə Dövlət Sərhəd Xidməti “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” və “Sərhəd mühafizə orqanları haqqında” Azərbaycan Respublikasının Qanunları ilə müəyyən edilmiş qaydada dövlət sərhədindən buraxılış məntəqələrindən şəxslərin buraxılışının həyata keçirilməsini təmin edir; 9.10-cu bəndinə əsasən Azərbaycan Respublikasının dövlət sərhədindən keçən şəxslərin Azərbaycan Respublikasına gəlmək və ya Azərbaycan Respublikasından getmək hüququna dair sənədlərin yoxlanılmasını, həmin sənədlərdə müvafiq qeydlərin edilməsini, qanun pozuntusu aşkar edildiyi hallarda qanunvericiliklə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsini təmin edir. İşdən görünür ki, iddiaçı nəzarət məntəqəsində uzun müddət saxlanılmış və qeyd olunan nasazlığın araşdırılaraq aradan qaldırılması imkanı olmuşdur. Bu əsasdan kollegiya cavabdehin bilavasitə təqsirli hərəkətləri nəticəsində səfərin baş tutmadığını, iddiaçıya ziyan dəymə faktı ilə cavabdehin hərəkətləri arasında bilavasitə səbəbli-nəticə əlaqəsinin olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı baş tutmayan səfərə görə dəymiş maddi zərərin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərarı yoxlanılan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-324/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci tarixli qərarı yoxlanılan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: İkram Şirinov Hakim: Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar