Məhkəmə qərarları › İş №2-1(103)-1580/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1580/2021

08.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1580/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı (xx.xx.1963-cü il tarixdə Qazax rayonunda anadan olmuş, iddia ərizəsinə əsasən ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2-1(112)-1821/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı 22 sentyabr 2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı reyestrdən çıxarışın verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, faktiki olaraq ona məxsus iddia ərizəsində qeyd olunan ünvandakı ev № 2 mənzil 1 saylı 2 ədəd mənzilin birlikdə ilkin alqı-satqıya əsasən başqasına satılmadığının dəqiqləşdirilməsi və həmin 2 mənzilin birlikdə onun adına keçirilməsi və bununla bağlı ona müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 01.10.1982-ci il tarixdə X7 ilə nikahlarını rəsmiləşdirməklə ailə qurub və onların birgə nikahlarından üç uşaqları doğulmuşdur. 16.11.1982-ci il tarixdə X10, 24.09.1984-cü il tarixdə X11 adlı qızları, 03.09.1986-cı il tarixdə isə X12 adlı oğlu doğulmuşdur. O, X2na qarşı nikahın pozulması tələbinə dair Bakı şəhəri Kirov rayon Xalq Məhkəməsində (indiki Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi) iddia qaldırmışdır və həmin məhkəmənin 17 noyabr 1989-cu il tarixli qətnaməsi ilə iddiası təmin edilmişdir. Məhkəmə qətnaməsi 27 noyabr 1989-cu il tarixdə qanuni qüvvəsini aldıqdan sonra X2 ilə aralarında olan nikahın pozulmasına dair Bakı şəhər Kirov rayon VVAQ şöbəsi tərəfindən ona 16.12.1989-cu il tarixdə 1-JQ seriyalı, 465712 nömrəli “Boşanma haqqında şəhadətnamə" verilmişdir. Boşanmadan sonra ona nikaha qədər olan “Əsədova" soyadını yazdırmışdır. X2 ilə nikahları pozulanda adlarını yuxarıda göstərdiyi üç nəfər azyaşlı uşaqları onun yanında və himayəsində qaldıqlarına görə onun tələbi əsasında əri X1 uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün alimentin ödənilməsi məsələsinə də baxılaraq, Bakı şəhəri Kirov Rayon Xalq Məhkəməsinin 04.11.1989-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Sidorov A.D) iddia ərizəsi həmin hissədə də təmin edilərək, üç nəfər adları yuxarıda göstərilən uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 01.11.1989-cu il tarixdən başlayaraq, hər ay X3 bütün növ gəlirlərinin ½ hissəsi miqdarında alimentin onun xeyrinə tutulması qət edilmişdir. Alimentin tutulması ilə bağlı Bakı şəhəri Kirov Rayon Xalq Məhkəməsi tərəfindən 09.11.1989-cu il tarixdə İcra vərəqəsi verilmişdir. X2 ilə nikahda yaşadıqları müddət ərzində onların birgə maliyyə vəsaitləri hesabına və atası Qədir Əsədovun da maliyyə köməkliyi sayəsində qonşuluqa yaşayan və qohumları olan X21 08.12.1987-ci il tarixdə 40.000 (qırx min) rubl ödəməklə 2 yaşayış sahəsini - Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən 15"A" saylı fərdi yaşayış evini və Yusifzadə küçəsi 2-də yerləşən 1 saylı mənzili faktiki olaraq almışdırlar. Aldıqları vaxt həmin ev və mənzil özəlləşdirilmədiyinə görə onlar X18 aralarında bununla bağlı müvafiq akt tərtib edərək, imzalamaqla kifayətlənmişdirlər. Həmin vaxt aktı o, yəni İddiaçı, X2, X27 və onun arvadı X19, Durmanovun yaxın dostu Zəngilan rayonundan olan Musayev Vəkil Abbas oğlu, Durmanovun qohumu X9, atası X23 və qayınatası X6 imzalamışdır. Aktda X20 həm fərdi yaşayış evini, həm də mənzili özəlləşdirəndən sonra onun adına rəsmiləşdirilməli olması, onu başqasına satmaq hüququnun olmaması və mənzillərin ona faktiki olaraq təhvil verildiyi göstərilmişdir. Qeyd edilən hər iki yaşayış sahələrinə X20 gələcəkdə mülkiyyət hüququnu əldə etməsi gözlənilən olduğuna görə onlar bu formada alqı-satqı etməyə razılaşmışlar. Boşanandan sonra keçmiş X2 daimi yaşamaq üçün Rusiya Federasiyasına əvvəlki arvadının yanına çıxıb gedəcəyinə görə Bakı şəhəri Kirov Rayon Xalq Məhkəməsinin 04.11.1989-cu il tarixli qətnaməsi ilə qət edilmiş onun bütün növ gəlirlərinin 1/2 hissəsi miqdarında alimenti tələb etməkdən imtina etməyi əvəzində onunla birgə nikah dövründə ümumi qazancları hesabına əldə etdikləri 2 (iki) yaşayış sahəsini, yəni Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən 15”A" saylı fərdi yaşayış evini və Yusifzadə küçəsi 2-də yerləşən 1 saylı mənzili ona verilməklə adına sənədləşdirilməsinə razılıq vermişdir. Ona görə də o keçmiş ərindən azyaşlı uşaqlarının saxlanması üçün aliment tələbindən birdəfəlik imtina etmişdir və aliment almamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27.01.1997-ci il tarixli H21 nömrəli arayışından da görünür ki, o, aliment tələbi barədə məhkəməyə müraciət etməmişdir və hal-hazırda aliment almaqdan imtina etmişdir. Bakı şəhəri Kirov Rayon Xalq Məhkəməsinin 04.11.1989-cu il tarixli qətnaməsi ilə keçmiş əri X1 təyin edilən alimentin ödənilməsi tələbindən imtina etməyinin əvəzində isə 08.12.1987-ci il tarixdə X15 satın aldıqları Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən 15”A" saylı fərdi yaşayış evinin və Yusifzadə küçəsi 2-də yerləşən 1 saylı mənzilin ona verilməsi ilə razılaşmağı barədə tərəfindən imzalanmış 01.11.1989-cu il tarixli, AE-149 1989 saylı iltizam verilmişdir. Həmin iltizamın doğruluğunu alimentlə bağlı iddia ərizəsinə baxan Bakı şəhəri Kirov Rayon Xalq Məhkəməsinin hakimi A.D.Sidorov imzası ilə təsdiq etmişdir. Qeyd edilən iltizamda yazılmışdır: ”O, İddiaçı X2 ilə birgə nikah dövründə ev almaq üçün toplamış olduqları vəsait hesabına mülkiyyətçi X29 40.000 rubl verib, geri qaytarmağa 2 il vaxt qoyaraq, 08.12.1987-ci il tarixdə satın aldıqları Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 15"A“say 11 mənzil ilə Yusifzadə küçəsi ev 2-də yerləşən 1 saylı 2 ədəd mənzil (verilmiş müddət ərzində X27 tərəfindən geri qaytarılmadığı üçün və o, əri N.V.Sadıqovdan boşandıqdan ondan pul və ev tələbi olduğundan) hər iki mənzil özgəninkiləşdirildikdən sonra onun adına rəsmiləşdirilməli vəziyyətdə ayrıldıqlarına görə əks halda mənzilləri tələb etmə hüququnun olduğu təsdiq olunduğu üçün şikayəti yoxdur və Y.İ.Durmanov mənzili sata bilməz, ona təhvil verilmişdir. İmza - İddiaçı 01.11.1989. Hakim: Sidorov A.D. (imza var və məhkəmənin möhürü ilə təsdiq olunmuşdur”. Həmin vaxt evlər özəlləşdirilmədiyinə görə onların alqı-satqı müqaviləsini notarial qaydada rəsmiləşdirmək mümkün olmamışdır. Mülkiyyətçi Y.İ.Durmanova məxsus yuxarıda adı çəkilən mənzil mülkiyyətçi tərəfindən ona satılmış, məhkəmədə təhvil verilmişdir. Vaxtilə tərəflərə verilmiş iltizamdan görünür ki, Y.İ.Durmanov mənzili digər şəxsə sata bilməz. Çünki satmaq hüququ onun əlindən alınmışdır və əks təqdirdə onun mənzili geri tələb etmək hüququnun olduğu təsdiq olunmuşdur. Y.İ.Durmanov bütün bu qeyd olunanları bilirdi və məhkəmə qarşısında verdiyi sözə görə məsuliyyətini dərk edirdi. Həmin səbəbdən Y.İ.Durmanov ondan sonra heç cür başqa şəxslə alqı-satqı müqaviləsini həyata keçirə bilməzdi və həqiqətən də o, ondan sonra həmin mənzili heç kəsə satmayıb və qeydiyyatdadır. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirərək (dəyişdirərək) məhkəmədən faktiki olaraq ona məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin və ünvan 3 ünvanında yerləşən 1 saylı mənzilin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 30.03.2021-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2-1(112)-1821/2021 nömrəli qərardadı ilə (hakim N.Abıyev) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. 26.04.2021-ci il tarixdə iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2-1(112)-1821/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı izahat verərək, apellyasiya şikayətini müdafiə etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, apellyasiya şikayətinə etiraz etdiyini və onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbini iddiaçıya məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin və ünvan 3 ünvanında yerləşən 1 saylı mənzilin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması təşkil edir. Məhkəmə Kollegiyası qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 06.04.2020-ci il tarixli, **********03 №-li məktubda ünvan 4 ünvanının X16 adına qeydiyyata alındığı və hazırda mülkiyyətində olduğu, ünvan 5 ünvanının X8 adına 01.03.2002-ci il tarixdə qeydiyyata alındığı, lakin **********3 qeydiyyat nömrəli, 18.02.2020-ci il tarixli ərizəyə əsasən mənzilin söküldüyü üçün sözügedən ünvana hüquqların ləğv edildiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının onun adına çıxarışın verilməsini tələb etdiyi ünvan 4 ünvanı üzərində başqa şəxsin hüquqları qeydiyyata alınmış, ünvan 5 ünvanında yerləşən mənzil isə mənzil söküldüyündən sözügedən ünvana hüquqları ləğv edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ünvan 4 ünvanı üzərində başqa şəxsin hüquqları tanındığından və həmin hüquqların ləğv edilməsi və ya iddiaçı tərəfindən mübahisələndirilməsi iş materialları ilə müəyyən edilmədiyindən, ünvan 5 ünvanında yerləşən mənzil isə söküldüyündən qeyd edilən mənzillər üzərində hüquqlarının qeydiyyata alınmaqla onun adına çıxarışın verilməsi barədə tələbi mümkün hesab oluna bilməz. Həmçinin işin apellyasiya icraatı zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin İddiaçı ünvanladığı 03.10.2014-cü il tarixli, **********01 №-li məktubunda iddiaçının 01 oktyabr 2014-cü il tarixli ərizəsinə baxıldığı, bununla əlaqədar olaraq Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küç., ev 2, 1 saylı mənzildə İddiaçı adına qeydiyyatdan keçmiş daşınmaz əmlakın aşkar edilmədiyi və təqdim etdiyi ərizədə əmlakın mülkiyyətçisi tərəfindən hər hansı səlahiyyətin ona etibar edilmədiyi qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış müraciət məhkəməyə təqdim edilməməklə yanaşı, imtina məktubundan göründüyü kimi həmin müraciət 01 oktyabr 2014-cü il tarixdə olmaqla, hazırkı iddia tələbi ilə əlaqəli deyildir. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə Kollegiyasi hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən iddiaçının hazırkı iddia tələbi ilə müraciət etməsi üçün subyektiv hüququ olmadığından birinci instansiya məhkəməsinin iddia tələbinin mümkün sayılmaması barədə gəldiyi nəticə düzgün olmuşdur. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət etməsi iş materialları ilə müəyyən edilmir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddianın mümkün sayılmaması haqqında qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.Buna görə də iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2-1(112)-1821/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar