Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1580/2022 28.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsində olması nəzərə alınmaqla kirayə haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9705/2021 saylı, 28 dekabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi RİH-ə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, hal-hazırda yaşayış yeri üzrə güzəştli əsaslarla ehtiyatda olan zabit kimi Binəqədi RİH-də mənzil növbəsində olmasını nəzərə alıb, yaşayış sahəsi ilə təmin olunanadək ona kirayə haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə birlikdə hal-hazırda qeydiyyatda olduğu yer üzrə Bakı şəhəri Binəqədi RİH başçısının müvafiq sərəncamı ilə güzəştli əsaslarla ehtiyatda olan zabit kimi 23 dekabr 2002-ci il tarixdən mənzil növbəsindədir. Pasport qeydiyyatında olduğu ünvandakı ev qohumuna məxsus olduğundan, sadəcə həmin ünvana qeydiyyat hüququ var, lakin orada yaşamır, uzun müddətdir ki, kirayədə yaşayır. İddiaçı 10 ildən çox olaraq nəzərdə tutulan bu güzəştindən istifadə etmiş, ehtiyyatda olan zabit kimi mənzil növbəsinə götürülmüş, kirayə pulu ilə təmin olunmuşdur. Lakin sonradan haqsız olaraq, naməlum səbəblərdən Binəqədi RİH-in müvafiq şöbəsinin səhlənkarlığı səbəbindən onun adı aidiyyəti nazirliyə təqdim olunmadığından, kirayə pulunun verilməsi kəsilmişdir. İddiaçı 15 ildən artıq Silahlı qüvvələrdə xidmət keçmiş və 4 iyun 2002-ci ildə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Bu da kifayət edir ki, o, “ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi” qaydasının müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 nömrəli 6 avqust 2012-ci il tarixli qərarına əsasən mənzillə təmin olunanadək kirayə pulu ilə təmin olunsun. Binəqədi RİH tərəfindən onun müraciətinə verilən 27 iyul 2021-ci il tarixli cavabda isə qeyd olunur ki, onun 15 il silahlı qüvvələrdə xidmət etməsi, rəsmi olaraq ehtiyyata buraxılması, hal-hazırda da bunun nəticəsi olaraq 1-ci qrup əlil olması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 nömrəli 6 avqust 2012-ci il tarixli qərarında qeyd olunan güzəştlərdən istifadə etməsinə əsas vermir. Bakı İnzibati Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2-1(112)-9705/2021 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, birinci insatansiya məhkəməsi öz qərarında “İnzibati icraat haqqında” AR Qanununun 12.2-ci maddəsinə istinad etmişdir. Bu maddəyə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən onun müraciətinə verilən 27 iyul 2021-ci il tarixli cavabda isə İddiaçı 15 il silahlı qüvvələrdə xidmət etməsinə, bunun nəticəsi olaraq 1-ci qrup əlil olmasına, rəsmi olaraq ehtiyyata buraxılmasına deyil, “xidmət müddəti başa çatdığına görə” ifadəsinə istinad olunaraq imtina verilmişdir. Halbuki o və ailəsi hal-hazırda qeydiyyatda olduğu yer üzrə Binəqədi rayon İcra Hakimiyyətində müvafiq sərəncam ilə güzəştli əsaslarla ehtiyatda olan zabit kimi 23.12.2002-ci il tarixindən mənzil növbəsindədir, qohum evində qeydiyyatdadır, lakin uzun müddətdir ki, kirayələrdə yaşayır. Beləliklə, 15 ildən artıq Silhalı qüvvələrdə xidmət etməsi və 04.06.2002-ci ildən hərbi xidmətdən ehtiyata buraxılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən mənzil iə təmin olunanadək kirayə pulu ilə təmin olunması üçün əsasdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilib iddia təmin olunmalıdır. İnzibati işdən müəyyən olunur ki, İddiaçı 01.11.1985-ci il tarixdən 06.11.1987-ci il tarixədək SSRİ SQ-da əsgər, 27.05.1989-cu il tarixdən 28.10.1989-cu il tarixədək SSRİ SQ-də gizirlər məktəbində kursant , 01.12.1989-cu il tarixdən 10.01.1993-cü il tarixədək SSRİ və RF SQ-də, 23.01.1993-cü il tarixdən 04.06.2002-ci il tarixədək Azərbaycan Respublikası SQ-da gizir qismində həqiqi hərbi xidmət keçmişdir. AR Müdafiə Nazirliyinin 4 iyun 2002-ci il tarixli əmri ilə «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 156-cı maddəsinin “a” bəndinə əsasən (xidmət müddəti başa çatdığına görə) ehtiyata buraxılmışdır. Yasamal Rayon İcra Hakimiyyətinin 23.12.2002-ci il tarixli 722 saylı sərəncamı ilə güzəştli əsaslarla mənzil növbəsinə götürülmüşdür. Bakı şəhəri Binəqədi RİH-in 20 fevral 2013-cü il tarixli 60 saylı sərəncamı ilə İddiaçı Yasamal Rayon İcra Hakimiyyətində olan mənzil növbə sənədləri yaşayış yeri üzrə Binəqədi Rayon İcra Hakimiyyətinə köçürülməsi, mənzil növbəsi güzəştli əsaslarla ehtiyatda olan zabit kimi yaşayış sahəsilə təmin olunacaq ailələrin siyahısına 23.12.2002-ci il tarixdən daxil edilməsi qərara alınmışdır. O, mənzil növbəsində olan ehtiyata buraxılmış hərbi qulluqçu kimi mənzillə təmin olunanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün aylıq kirayə xərci ödənilməsi ilə bağlı cavabdeh Bakı şəhəri Binəqədi RİH-ə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina ehtiyata buraxılma səbəbinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” AR Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 saylı qərarının 1-ci bəndində mənzil kirayə haqqının ödənilməsi üçün nəzərdə tutulmuş ehtiyata buraxılma əsaslarından olmadığı ilə əsaslandırılmışdır. Birinci instansiya məhkəməsinin qərarı onunla əsaslandırılmışdır ki, İddiaçı hərbi xidmətdən ehtiyata yaşa, xəstəliyə, ailə vəziyyətinə, 5 təqvim ili xidmət etməklə ştatların ixtisarına görə deyil, “xidmət müddəti başa çatdığına görə” buraxılmışdır. Odur ki, iddiaçı AR Nazirlər Kabinetinin 174 nömrəli 2012-ci il 6 avqust tarixli 174 nömrəli qərarının 1-ci bəndi üzrə müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün aylıq kompensasiya məbləğləri verilməsi nəzərdə tutulan şəxslərin dairəsinə aid edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, qərar maddi hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Hərbi qulluqçuların statusu haqqında” AR Qanununun 12-ci maddəsinin 2-ci bəndinin 1-ci abzasına əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin bəndin 4-cü abzasına görə, ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 06.08.2012-ci il tarixli 174 nömrəli qərarının 1-ci bəndinə əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində – 55 manat. Qərarın 2-ci bəndi ilə müəyyən edilmişdir ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Məhkəmə kollegiyası qüvvədə olan normativ hüquqi aktın tələblərini rəhbər tutaraq, qeyd etmək istəyir ki, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edilirlər. Yaşayış sahəsi və ya yaşayış sahəsi alana kimi kirayə haqqı yalnız o halda verilir ki, vətəndaşın mülkiyyətində hər hansı bir əmlak mövcud olmasın və vətəndaşın kirayədə yaşaması ilə bağlı müvafiq sənədlər olsun (kirayə müqaviləsi). İddiaçının hazırki iddia tələbi üzrə təqdim etmiş sənədlərdən də göründüyü kimi, iddiaçı Binəqədi rayon icra Hakimiyyətinin Başçısının sərəncamı əsasında güzəştli əsaslarla ehtiyatda olan zabit kimi yaşayış sahəsilə təmin olunacaq ailələrin siyahısına 23.12.2002-ci il tarixdən daxil edilmiş və onun və ailə üzvlərinin adına hər hansı bir mülkiyyət aşkar olunmamışdır. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı güzəştli əsaslarla mənzil növbəsində olduğundan, həmçinin onun adına hər hansı bir əmlak olmadığından, o, cümlədən iddiaçı hazırda kirayə müqaviləsi əsasında ailəsi ilə birlikdə mənzildə yaşadığından, mənzil ilə təmin olunanadək, kirayə xərcləri verilməlidir. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, tələbi ilə bağlı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ilindən çox xidmət etmiş iddiaçı tərəfindən sübut olunur, lakin bu inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmir (İPM-14.3), “Hərbi qulluqçuların statusu haqqında” AR Qanununun cavabdehə səlahiyyət verən normalarının dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9705/2021 saylı, 28 dekabr 2021-ci il tarixli qərarı ləğv edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9705/2021 saylı, 28 dekabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsində olması nəzərə alınmaqla kirayə haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-1580/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1580/2022
28.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver