Məhkəmə qərarları › İş №2-1(103)-1580/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1580/2025

21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1580/2025 21.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 7183/2024 nömrəli, 09 dekabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əlilliyinin dayandırıldığı vaxtdan müharibə əlili kimi orqanizmin funsiyalarının pozulmasının 61-80 % dərəcəsi ilə müddətsiz olaraq əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edillməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixindən İddiaçı müharibə əlili kimi orqanizmin funksiyalarının pozulmasının 65-80 % dərəcəsi ilə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1966-cı ildə anadan olmuşdur. O, 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur RHK tərəfindən hərbi xidmətə çağırılmışdır. O, döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci il tarixdə yaralanmış və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Sədərək rayonu mərkəzi xəstəxanasında müayinə və müalicə olunmuşdur. Diaqonoz olaraq isə “keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı davamlı astenonevrotik vəziyyət və kəllədaxili hipertenziya sindromu ilə təzahür edən travmatik ensefalotopiya” qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2008-cı il tarixli 2 nömrəli Qərarında da qeyd olunduğu kimi, “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” Belə ki, 2008-ci, 2009-cu, 2010-cu, 2011-ci, 2012-ci, 2013-cü, 2014-cü, 2015-ci il tarixdə 1 il müddətinə, 2016-cı il tarixdə 2 il müddətində, 2018-ci ildə 5 il müddətində ikinci dərəcəli əlillik təyin edilmişdir, Lakin xx.xx.2021-ci ildə keçirilən müayinə zamanı əlilliyin təyin edilməsindən imtina edilmişdir. Səbəb olaraq isə diaqnozun əlillik əlaməti təyin etməməsi göstərilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, qanunvericilik normalarından görünür ki, cavabdehin imtinası qanunsuzdur və iddiaçıya ikinci dərəcəli əlilliyin təyini bərpa edilməlidir. Qanunvericilikdən müəyyən olunur ki, qanunla əlillik təyini üçün eyni xəstəliklə fasiləsiz və ya son bir il ərzində fasilələrlə 6 aydan çox müddətə müalicənin aparılması, müalicə nəticəsində orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və bu xəstəlik nəticəsində şəxsin əmək fəaliyyətinin mümkün olmaması və ya çətinləşməsi kimi hallar əsas meyarlar kimi çıxış edir. Odur ki, iddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır. Ona görə də iddia əsaslı hesab edilməli və təmin edilməlidir. Bakı İnzibati Məhkəməsinin (hakim Aysev Almazova) e-2-1(112)-7183/2024 nömrəli, 09 dekabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlilliyin (orqanizmin funksiyalarının 65- 80% pozulmasının) təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Bakı 2 X6 Xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Üzvi (İ QM zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, intihar fikirlər, koqnitiv funksiyaların enməsi ilə...Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xüsusi səbəbdən-“Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Ümumi xəstəlik səbəbi ilə əlaqədar Əlillik təyinatına əsas verən xəstəlik (M24.6) qeyd edilməklə yeni göndərişin rəsmiləşdirilməsi məsləhət görülür.” səbəbi ilə imtina verilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyası (bundan sonra-Komissiya) xx.xx.2024-cü il tarixində 25 nəfər vətəndaşın müraciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: Bakı şəhər sakini xx.xx.1966-cı il təvəllüdlü İddiaçı İsmayil oğlunun əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2021-ci il tarixli 2749003AAEAM nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS **********3). Daha sonra əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2022-ci il tarixli İ00045938TXM nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS 3-17-4/3-1-10318/2023). Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2023-cü il tarixli B00147183LGB nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Xüsusi səbəbdən-Diaqnoz əlillik əlaməti təyin etmir, Ümumi xəstəlik səbəbi ilə əlaqədar Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. (ESDAS 3-17-4/3-1-3475/2024).Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). İddiaçının müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2008-ci il tarixli 2 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qapalı kəllə-beyin travması, beyin silkələnməsi ilə nevrasteniya astenik halla. Keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı davamlı astenonevrotik vəziyyət və kəllə daxili hipertenziya sindromu ilə təzahür edən travmatik ensefalopatiya” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində, xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinələrdə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əsa ilə daxil olmuş, kəskin başağrıları, yuxusuzluq, yaddaşsızlıq, əsəbilik, yüksək arterial təzyiqdən şikayətlənmişdir. Anamnestik məlumatlarında ürək damarlarında stend olduğu, əsəbləşən zaman nitqinin pozulduğunu, medikamentoz preparatlardan “Tramadol”, “Fenozepam” qəbul etdiyini qeyd etmişdir. Təqdim olunmuş beyin KT müayinəsinin nəticəsi kəllə-beyin travması təsdiqləməmiş, hal-hazırda aktiv əmək müqaviləsi olduğu müəyyənləşdirilmişdir. Müayinə zamanı sol alında, ənsə və sağ topuq nahiyəsində yumşaq toxuma çapığı izlənilmiş, hər iki dirsək və diz nahiyələrində kiçik psoriatik qabıqlanmış sahələr müşahidə edilmiş, aşağı ətraflarda hərəkətlər tam həcmdə olmuş, hipotrofiya, atrofiya, parez, iflic izlənilməmişdir. Psixi statusunda astenik əlamətlər izlənilmiş, intellektual və nevroloji cəhətdən əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Növbəti dəfə, vətəndaş xx.xx.2024-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Baxış zamanı sağ aşağı ətraf baldırın yuxarı 1/3-nə qədər gipsdə olmuş, müayinə etmək mümkün olmamışdır. Təqdim edilmiş rentgen şəklində sağ aşıq-baldır oynağında vint izlənmişdir. Ümumi xəstəlik ilə əlaqədar keçirilmiş travmatoloji əməliyyatın (sağ-aşıq baldır oynağının artrozu) reabilitasiya dövrünü nəzərə alaraq müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir” kimi qeyd olunmuş, Ümumi xəstəlik ilə əlaqədar Müalicənin davam edilməsi barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına əsa ilə daxil olmuş, başağrıları, yuxusuzluq, yaddaşsızlıq, əsəbilik, infarkt keçirməsindən, 6 il əvvəl Türkiyədə ürəyinə stent qoyulmasından, yüksək arterial təzyiqdən, 1992-ci ildən psoriaz xəstəsi olmasından, bədənində qaşınma hissindən şikayətlənmişdir. Medikamentoz preparatlardan Diazepam, Tramal, Karvazid, Anaprilin, Amlodipin və s. qəbul etdiyini söyləmişdir. Müayinə zamanı arterial təzyiqi 210/140 mm.cv.st, saturasiyası SpO2 98%, nəbzi 107 vurğu olmuş, aritmiya qeyd edilməmişdir. Baxış zamanı hər iki dirsəkdə və sol dizində piqmentasiya ləkələri müşahidə edilmişdir. Alın, ənsə nahiyələrində, sağ topuqda çapıq izlənilmişdir. Sağ pəncədə ~7-8 sm ölçülü əməliyyat çapığı, sağ pəncədə kəskin hərəkət məhdudiyyəti müşahidə olunmuşdur. Nevroloji müayinə zamanı tonus normal, reflekslər D=S orta canlı, əzələ gücü 5 bal alınmışdır. Burun-barmaq sınağını düzgün yerinə yetirmiş, Romberq vəziyyətində dayanıqlı olmuşdur. Psixi statusu: müayinə əvvəlindən məqsədli şəkildə aqressivlik nümayiş etdirmiş, qarğışlar etmişdir. Davamlı Tramal istifadəçisi olduğu anlaşılmışdır. Demonstrativ şəkildə ayaqlarını əsdirmiş, diqqəti yayındıqda unutmuşdur. Aqresivliklə müayinədə rigidlik göstərmişdir. Stasionar müalicələri gündüz şöbəsindən olmuşdur. Mühakiməsi öz maraqları çərçivəsində olmuş, müayinə davam etdikcə hətta kəkələməyə başlamışdır. Təfəkkürü ardıcıl və məntiqli izlənmişdir. Hal-hazırda psixi durumu səbəbilə kənar şəxs qulluğu və nəzarətinə əsas verən patologiya izlənilməmişdir. İşə baxan məhkəmə sırf ekspert rəyinə əsaslanaraq, ekspert qarşısında Azərbaycan Respublikası Ali Məhkəməsinin icmal məktubunda qeyd olunan hallara zidd olaraq qoyulmuş suallar əsasında iddiaçının xeyrinə əsassız və qanunsuz qərar qəbul etmişdir. Həmçinin məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə təqdim edilmiş Əlillik Altsistemindən çıxarışlardan görünür ki: - İddiaçı xx.xx.2008-ci il tarixdən (ilkin) bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Əlilliyin səbəbi - Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik. Diaqnoz: Baş beynin travmatik xəstəliyi nəticəsində əmələ gələn kəskin ifadə olunmuş psixopatabənzər sindirom. - İddiaçı xx.xx.2015-ci il tarixdən (təkrar) bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Əlilliyin səbəbi - Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik. Diaqnoz: Baş beynin travmatik xəstəliyi nəticəsində əmələ gələn kəskin ifadə olunmuş psixopatabənzər sindirom. - İddiaçı xx.xx.2016-cı il tarixdən (təkrar) beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Əlilliyin səbəbi - Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik. Diaqnoz: Baş beynin travmatik xəstəliyi nəticəsində əmələ gələn kəskin ifadə olunmuş psixopatabənzər sindirom. - İddiaçı xx.xx.2021-ci il tarixdə əlilliyin təyinindən imtina edilmişdir. İmtina səbəbi – Diaqnoz əlillik əlaməti təyin etməməsi, diaqnoz əlillik əlaməti təyin etmir. - İddiaçı xx.xx.2022-ci il tarixdə əlilliyin təyinindən imtina edilmişdir. İmtina səbəbi – Diaqnoz əlillik əlaməti təyin etməməsi, diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. - İddiaçı xx.xx.2023-cü il tarixdə əlilliyin təyinindən imtina edilmişdir. İmtina səbəbi – Diaqnoz əlillik əlaməti təyin etməməsi, diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Ümumi xəstəlik səbəbi ilə əlaqədar – Müalicəni davam etdirməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarına əsasən Bakı şəhər sakini xx.xx.1966-cı il təvəllüdlü İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 2749003AAEAM nömrəli xx.xx.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: **********3). Sonradan əlillik vəziyyəti tibb müəssisəsinin İ00045938TXM nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: 3-17-4/3-1- 10318/2023). Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2008-ci il tarixli 2 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qapalı kəllə-beyin travması, beyin silkələnməsi ilə nevrasteniya astenik halla. Keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı davamlı asteno-nevrotik vəziyyət və kəllədaxili hipertenziya sindromu ilə təzahür edən travmatik ensefalopatiya” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əsa ilə daxil olmuş, kəskin başağrıları, yuxusuzluq, yaddaşsızlıq, əsəbilik, yüksək arterial təzyiqdən şikayətlənmişdir. Anamnestik məlumatlarında ürək damarlarında stend olduğu, əsəbləşən zaman nitqinin pozulduğunu, medikamentoz preparatlardan “Tramadol’’, “Fenozepam’’ qəbul etdiyini qeyd etmişdir. Təqdim olunmuş beyin KT müayinəsinin nəticəsi kəllə-beyin travmasını təsdiqləməmiş, hal-hazırda aktiv əmək müqaviləsi olduğu müəyyənləşdirilmişdir. Müayinə zamanı sol alında, ənsə və saq topuq nahiyəsində yumsaq toxuma çapığı izlənilmiş, hər iki dirsək və diz nahiyələrində kiçik psoriatik qabıqlanmıs sahələr müşahidə edilmiş, aşağı ətraflarda hərəkətlər tam həcmdə olmuş, hipotrofiya, atrofiya, parez, iflic izlənilməmişdir. Psixi statusunda astenik əlamətlər izlənilmiş, intellektual və nevroloji cəhətdən əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. X9 xx.xx.2022-ci il tarixli EEQ müayinəsinin nəticəsi Beyinin diffuz tipli dəyişiklikləri (ensefalopatiya əlamətləri, 1992-ci ildə kəllə-beyin travmasını qeyd edir) və paroksizmlərə meyilliyi izlənilir” kimi qeyd olunmuşdur. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli Çıxarışında diaqnoz “Üzvi (müharibə zamanı alınmış qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar fikirləri, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır, (təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir). Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023cü il tarixli 741 nömrəli Həkim Psixiatr Komissiyasının rəyində diaqnoz "Üzvi (müharibə zamanı alınmış qapalı kəllə beyin travması) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar fikirləri, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli 630 nömrəli Ambulator xəstənin tibbi rəyində diaqnoz “Qapalı kəllə beyin travması, beyin silkələnməsindən sonrakı asteno-nevrotik vəziyyət. Posttravmatik ensefalopatiya. Kəllədaxili hipertenziya. Aşağı ətrafların funksional tremoru” kimi qeyd edilmişdir. X9 xx.xx.2023-cü il tarixli Beyin KT müayinəsinin nəticəsi "Beyincik-beyin atrofiyası. Kəllədaxili hipertenziya əlamətləri. Sinusif” kimi qeyd edilmişdir. ATU X3 xx.xx.2023-xx.xx.2023-cü il tarixli Epikrizində diaqnoz “Sağ aşıq baldır oynağının posttravmatik artrozu. Sağ aşıq baldır oynağının artrodez əməliyyatı” kimi qeyd edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına RRM-ə məxsus təkərlikli oturacaqda daxil olmuş, başağrıları, yuxusuzluq, əsəbilik, aşağı ətraflarında hərəki məhdudluqdan şikayətlənmiş, yüksək arterial təzyiqdən əziyyət çəkdiyini bildirmiş, aşağı ətraflarında tremor müşahidə olunmuş, güllə və qəlpə yaraları aldığını söyləmişdir. Hal-hazırda aşağı ətrafında gips olduğunu nümayiş etdirmişdir. Anamnezində kəllə sümüklərində sınıq olduğunu desə də, təsdiqləyici instrumental müayinə təqdim etməmişdir. Medikamentoz preparatlardan Fenozepam, Amitriptilin və s. preparatlar qəbul etdiyini, bu zamanı key kimi olduğunu, lakin yuxusuzluqdan əziyyət çəkdiyini ifadə etmişdir. İsterik kəkələmə sərgiləməyə çalışmış, əsaslı şikayət bildirə bilməmişdir. Baxış zamanı sağ aşağı ətraf baldırın yuxarı 1/3-nə qədər gipsdə olmuş, müayinə etmək mümkün olmamışdır. Təqdim edilmiş rentgen şəklində sağ aşıq-baldır oynağında vint izlənmişdir. Psixi statusunda müayinənin əvvəlində kəkələmə, süst səs tonu ilə danışmış, müayinənin sonunda aqressivlik göstərdiyi zaman kəkələmə itmişdir. Emosional iradi sfera bir qədər disforik olmuş, danışarkən etik qaydalardan kənara çıxmış, spesifik suallardan yayınmış, aqressivliklə cavab verməməyə çalışmışdır. Nümayiş etdirdiyi kəkələmə isterik, nümayişkar xarakter daşımışdır. Kəllə əsasında sınıq olduğunu bildirmiş, səhhətindəki problemləri onunla əlaqələndirmiş, lakin KT müayinəsinin nəticəsi bunu təsdiqləməmişdir. Əhval ruhiyyə fonu maraqlarına uyğun olmuş, qəsdli şəkildə səs-küy salmış, komissiya üzvlərini təhqir etmiş, imtina gəldiyi halda MTN-nə məktub yazacağı ilə hədələmişdir. Mövcud vəziyyət diaqnozu təsdiqləmək məqsədi ilə spesifik suallar verərkən başlamışdır. Hərbi travmanın qalıq əlamətləri əlillik təyinatına əsas verməmişdir. Yanaşı olaraq ümumi xəstəlik ilə əlaqədar keçirilmiş travmatoloji əməliyyatın (sağ-aşıq baldır oynağının artrozu) reabilitasiya dövrünü nəzərə alaraq müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və Ümumi xəstəlik ilə əlaqədar müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X4 xx.xx.2024-cü il tarixli T652/2024 saylı ekspert rəyində qeyd edilir: 1966-cı il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1,5-10. Vətəndaş İddiaçı kifayət qədər tibb müəssisələrində müayinə olunduğundan onun digər tibb müəssisəsindəki mütəxəssisə göndərilməsinə ehtiyac duyulmadı. Onun iş materiallarında olan tibbi sənədlərinə əsasən müvafiq tibb müəssisəsində adına tərtib edilmiş XBT 10 kodu ilə xx.xx.2023-cü il tarixli, B00147183LGB saylı Forma 88 haqqında göndərişdə qeyd edilmiş “T90.5- kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəlləbeyin travmasının qalıq əlamətləri (1992). Ağırlaşmalar: F07.0-üzvi mənşəli şəxsiyyət pozuntusu, asteno-nevrotik vəziyyət, G25.2- tremorun digər dəqiqləşdirilmiş formaları, aşağı ətrafların Pallidar tremoru, İ67.4- hipertenziv ensefalopatiya, posttravmatik ensefalopatiya, G93.2-xoşxassəli kəllədaxili hipertenziya, kəllədaxili hipertenziya. Yanaşı xəstəliklər: M24.5-oynaqların kontrakturası, sağ topuq oynağının kontrakturası; M24.6oynağın ankilozu, sağ incik sümüyünün aşağı hissəsinin qeyri-düzgün bitişmiş sınığı, sindesmozlararası ankilozu; Z95.5-koronar angioplastik implantatın və transplantatm olması, ÜİX, koronar angioplastikadan sonrakı vəziyyət” diaqnoz stasionarda anamnestik, klinik və laborator-instrumental müayinələr əsasında qoyulmuşdur. Odur ki, qeyd edilən xəstəliklərin hazırda onda olmasını tibbi nöqteyi nəzərdən inkar etmək mümkün deyildir. Belə ki, həmin xəstəliklərin hər biri artıq xroniki xəstəliklər qrupuna aiddirlər. 2,3,4. Vətəndaş İddiaçı 04.04-xx.xx.2024-cü il tarixlərdə “Respublika Psixiatriya Xəstəxanası” phş-də “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar (intihar fikirləri, koqnitiv funksiyaların enməsi)” diaqnozu ilə müalicədə olmuşdur. A.l.Baxşəliyevdə aşkar olunmuş kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin qalıq əlamətləri (1992) hazırda özünü “üzvi mənşəli şəxsiyyət pozuntusu, asteno-nevrotik vəziyyət” formasında təzahür etdirir. - Əlilliyin təyini ilə əlaqədar sualın həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 №-li Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyalarının səlahiyyətlərinə aiddir. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunu: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi» Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin: 1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarları»: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında - 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında - 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında - 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə. 7.6.2.baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular F06; üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0. Qiymətləndirmə 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti - Orqanizmin funksiyalarının pozulması faizi 65-80%, Orqanizmin funksiyalarının pozulması müddəti 2 il. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir (Diaqnoz: Baş beynin travmatik xəstəliyi nəticəsində əmələ gələn kəskin ifadə olunmuş psixopatabənzər sindirom). Daha sonra iddiaçıya xx.xx.2015-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir (Diaqnoz: Baş beynin travmatik xəstəliyi nəticəsində əmələ gələn kəskin ifadə olunmuş psixopatabənzər sindirom). Daha sonra iddiaçıya xx.xx.2016-cı il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir (Diaqnoz: Baş beynin travmatik xəstəliyi nəticəsində əmələ gələn kəskin ifadə olunmuş psixopatabənzər sindirom). Daha sonra iddiaçıya xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərində “İmtina səbəbi – Diaqnoz əlillik əlaməti təyin etməməsi, diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə əlilliyin təyinindən imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Əlillik altsistemindən çıxarışlara əsasən iddiaçıya imtina olunan dövrə kimi təyin edilmiş əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, diaqnoz isə Baş beynin travmatik xəstəliyi nəticəsində əmələ gələn kəskin ifadə olunmuş psixopatabənzər sindirom olmuşdur. İş üzrə məhkəmə tibbi ekspertizası keçirilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X4 xx.xx.2024-cü il tarixli T652/2024 saylı ekspert rəyinə əsasən İddiaçı tibb müəssisəsində adına tərtib edilmiş xx.xx.2023-cü il tarixli Forma 88 haqqında göndərişdə qeyd edilmiş «T90.5-kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri (1992). Ağırlaşmalar: F07.0-üzvi mənşəli şəxsiyyət pozuntusu, asteno-nevrotik vəziyyət, G25.2- tremorun digər dəqiqləşdirilmiş formaları, aşağı ətrafların Pallidar tremoru, İ67.4- hipertenziv ensefalopatiya, posttravmatik ensefalopatiya, G93.2-xoşxassəli kəllədaxili hipertenziya, kəllədaxili hipertenziya». diaqnoz stasionarda anamnestik, klinik və laborator-instrumental müayinələr əsasında qoyulmuşdur, qeyd edilən xəstəliklərin hazırda onda olmasını tibbi nöqteyi nəzərdən inkar etmək mümkün deyildir, belə ki, həmin xəstəliklərin hər biri artıq xroniki xəstəliklər qrupuna aiddirlər. İddiaçı 04.04-xx.xx.2024-cü il tarixlərdə “Respublika Psixiatriya Xəstəxanası” phş-də “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar (intihar fikirləri, koqnitiv funksiyaların enməsi)” diaqnozu ilə müalicədə olmuşdur. İddiaçıda aşkar olunmuş kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəlləbeyin travması, baş beyin silkələnməsinin qalıq əlamətləri (1992) hazırda özünü “üzvi mənşəli şəxsiyyət pozuntusu, asteno-nevrotik vəziyyət” formasında təzahür etdirir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2025-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2008-ci il tarixli qərarından görünür ki, Naxçıvan MR Şərur RHK tərəfindən 1991-ci ildə hərbi toplanışa çağırılmış İddiaçı döyüş zonasında hərbi toplanışda olarkən xx.xx.1992-ci ildə aldığı xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Sədərək rayonu Mərkəzi rayon xəstəxanasında müayinə və müalicə olunduğu travma - diaqnoz «Qapalı kəllə-beyin travması, beyin silkələnməsi ilə nevrasteniya astenik halla» və xx.xx.2008-ci ildə Silahlı Qüvvələrin baş nevropatoloqu tərəfindən müayinə olunarkən təyin edilmşi travmanın nəticəsi - diaqnoz «Keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı davamlı astenonevrotik vəziyyət və kəllədaxili hipertenziya sindromu ilə təzahür edən travmatik ensefalopatiya» - Hərbi travma, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır - qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçıda əvvəllər də əlilliyin müəyyən edilməsinə əsas olmuş diaqnozun hazırda da mövcud olması Əlillik altsistemindən çıxarışlarla, səhiyyə müəssisəsinin göndərişi ilə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının müvafiq qərarı ilə, eləcə də iş keçirilmiş məhkəmə tibbi ekspertizanın rəyi ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X4 hazırki iş üzrə ekspert rəyi ilə həmçinin müəyyən edilmişdir ki, iddiaçıda mövcud olan xəstəliklərin hər biri artıq xroniki xəstəliklər qrupuna aiddirlər, bu səbəbdən də qeyd edilən xəstəliklərin hazırda onda olmasını tibbi nöqteyi nəzərdən inkar etmək də mümkün deyildir. Beləliklə, iddiaçının səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş diaqnozu iş materialları ilə öz təsdiqini tapır və həmin diaqnoz şəxsə əlillik təyin edilməsi üçün meyarların müvafiq bəndinə uyğundur. Bu səbəbdən də cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin oxşar işlər üzrə qərarlarında mövqe bu cür əsaslandırılmışdır ki, iddiaçıda olan xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququ qorunmalıdır. Əks halda, həmin xəstəliklərdən əziyyət çəkən, əlilliyi təyin edilən şəxslərlə iddiaçının vəziyyətində olan şəxslər arasında qeyri-bərabər münasibət yaranacaqdır ki, nə qədər ki, iddiaçıya təyin edilmiş əlilliyin ləğvinə dair hər hansı inzibati icraat aparılmamışdır ki, həmin əlilliyin təyinatına uyğun olaraq aparılan inzibati praktikaya, inzibati orqanın hərəkətinə iddiaçının etimad hüququnun qorunması həyata keçirilməli, 2016-cı il tarixdən eyni xəstəliklərdən əlilliyi olan şəxsin reablitasiyası üçün müəyyən edilmiş müddət ərzində sağalmaması nəzərə alınmalıdır (2-1(102)- 1012/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2-1(102)-144/2023 saylı, xx.xx.2023-cü il tarixli, 2- 1(102)-1169/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarlar). Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyət kimi nəzərdə tutulmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7183/2024 nömrəli, 09 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar