Məhkəmə qərarları › İş №2-1(103)-1581/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1581/2021

29.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1581/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızınıın katibliyi , İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1955-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X5) “çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2-1(112)-1181/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı 25.06.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “İddiaçı təsərrüfat hesablı 47 saylı sənaye malları mağazasında hüquqi varisliyini – mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməsi barədə, hüquqi varisi olan kooperativ mülkiyyətinə 04.07.2017-ci il tarixində yalan məlumatlar yazılaraq qanunsuz hərraca çıxarmaları nəticəsində X2 adına 24.08.2017-ci il tarixli, 112623 nömrəli çıxarışın etibarsız sayılıb ləğv edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 11.02.1988-ci ildən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, Mənzil Tikinti Kooperativinin 13 saylı yaşayış binasının qeyri-yaşayış sahəsində yerləşən Təsərrüfathesablı 47 saylı sənaye malları mağazasının müdiri olmuşdur, SSRİ dağıldıqdan sonra isə Dövlət əmlakının özəlləşdirilməsi haqqında Dövlət Proqramına əsasən və eyni müəssisədə 7 ildən çox əmək stajına malik olduğuna görə 01.01.1995-ci ildən özəl obyektin hüquqi varisi müəyyən edilmişdir. Hüquqi varis olduğu üçün 1995-ci ildə ona texniki pasport verilmişdir. Çıxarış almaq üçün sənədləri 2013-cü ildə təkrarən cavabdehə göndərmişdir. Sənədlər DƏDRX-də olduğu halda digər şəxsə çıxarış verilməsi qanunsuzdur. Belə ki, İXMİM sənədləri saxtalaşdırmış, 25.11.2016-cı ildə işçilərin sayı yoxdur kimi yalan məlumat verərək obyekti hüquqi varissiz göstərib hərraca çıxarılması üçün ƏMDK-ya göndərmişdir. Obyekt həmişə fasiləsiz olaraq hüquqi varisin sahibliyində olmuşdur. İddiaçı müəssisəni heç vaxt heç kəsə təhvil verməmişdir. ƏMDK kooperativ mülkiyyətin hüquqi varisin sahibliyində olması faktına göz yummuş, araşdırma aparmamış və yalan məlumatlar yazılmış sənədləri Hərracların Təşkili üzrə Auksion Mərkəzinə göndərmişdir. Bu qanunsuzluq nəticəsində İddiaçı hüquqi varisi olduğu kooperativ mülkiyyət 1 kv metri 150 manata olmaqla X2 adına rəsmiləşdirilmişdir. 29.06.2021-ci il tarixdə məhkəmə tərəfindən iddiaçıya Azərbaycan Respublikası İPMnin 13-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. 21.07.2020-ci il tarixdə iddia ərizəsinə əlavə təqdim edərək işin mahiyyətinin əvvəl başdan araşdırılmasını, hüquqi varisinin mülkiyyət hüququnun təsdiq edilməsi və hüquqi varisə çıxarış verilməsi barədə, hüquqi varisin əmlakının heç bir əsas olmadan cinayət yolu ilə hərraca çıxarılmasının təsdiq edilməsi barədə, qanunsuz keçirilmiş hərrac nəticəsində X2 adına verilmiş 24.08.2017-ci il tarixli, № ******* çıxarışın etibarsız hesab edilib ləğv olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 04.08.2020-ci il tarixdə iddiaçı vəsatət təqdim edərək, Nərimanov Rayon Məhkəməsinin İcra və Probasiya şöbəsinin icra məmurunun icra sənədini ƏMR 27M-i İXMİM-nə geri qaytararaq 09.03.2018-ci il tarixli qətnamədə olduğu kimi icrasının təmin etməsi barədə, Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, "xxxx" y/s, Mənzil-Tikinti Kooperativinin 13 saylı binasının qeyri-yaşayış sahəsi olan 47 saylı mağazanın hüquqi varisi İddiaçı adına ƏMDK yanında DƏDRX-dən mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməsi barədə, Hərracın nəticəsinin ləğvi barədə, yəni məhkəmə çəkişməsi ərəfəsində 04.07.2017-ci il tarixində qanunsuz keçirilən hərrac nəticəsində X4 verilmiş 24.08.2017-ci il tarixli №1126263 çıxarışın ləğvi barədə, ƏMDK-nin məmurlarının hərracın izini itirmək üçün X1 adına 15.03.2018-ci il tarixli, № ******* və X2 adına 06.04.2018-ci il tarixli, № 12464751 çıxarışların ləğvi barədə, X2 və X1 ona və xüsusi mülkiyyətinə vurduqları maddi mənəvi ziyana görə hər birinin 10 (on) min manat kompensasiya ödəmələri barədə, ƏMDK-nin və onun sədr müavini Rafiq Cəlilovun, Hərracların Təşkili üzrə Auksion Mərkəzinin direktoru Faiq Məlikovun, ƏMDK İXMİM-nin baş direktoru Məhəmməd İmanovun, nümayəndə Şəfa Muradovun, DƏDRX-nin qanunsuzluqlar etməklə ona vurduqları maddi mənəvi ziyana görə hər birinin ona 5 milyon evro kompensasiya ödəmələri barədə, ƏMDK-nin sədr müavini Rafiq Cəlilov, Hərracların Təşkili üzrə Auksion Mərkəzinin direktoru Faiq Məlikov, ƏMDK İXMİM-nin baş direktoru Məhəmməd İmanov, İXMİM-nin nümayəndəsi X3 və DƏDRX-nin rəisinin etdikləri qanun pozuntularına görə istintaqa cəlb olunmaları barədə və intizam qaydalarını pozan məhkəmə hakimləri barədə məlumatların Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi barədə qərardad tərtib edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 22.09.2020-ci il tarixdə iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, Saxta çıxarışların qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilib və ya dövriyyədən çıxarılıb silinib, məhv edilməsi barədə, ünvan 2 ünvanında verləşən 47 saylı mağazanın yerləşdiyi Mənzil Tikinti Kooperativinin qeyri-yaşayış sahəsinin hüquqi varisi İddiaçı adına mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməsi barədə, Abdullayev İ.T. və Qurbanov B.F-nın hüquq varisə vurduqları maddi-mənəvi ziyana görə hər birinin 10 min manat kompensasiya ödəmələri barədə, ƏMDK-nin və onun sədr müavini Rafiq Cəlilovun, Hərracların Təşkili üzrə Auksion Mərkəzinin direktoru Faiq Məlikovun, ƏMDK İXMİM-nin baş direktoru Məhəmməd İmanovun , nümayəndə Şəfa Muradovun, DƏDRX-nin rəisi Hikmət Mustafayevin, Bakı şəhər ərazi idarəsinin ona vurduqları maddi mənəvi ziyana görə hər birinin 5 milyon evro kompensasiya ödəmələri barədə, xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. 05.10.2020-ci il tarixdə iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, saxta çıxarışların dövriyyədən çıxarılıb ləğv edilməsi barədə, saxta çıxarışlar əsasında qəbul edilmiş qərardad, qətnamə və qərarların və onların icrasının ləğv edilməsi barədə, hüquqi varis İddiaçı mülkiyyət hüququnun təsdiq edən çıxarışın verilməsi barədə, xüsusi kooperativ mülkiyyətinin hüquqi varisi İddiaçı özünə geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 05.10.2020-ci il tarixli, 2-1(112)-5271/2020 saylı qərardadı ilə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X5 cəlb olunmuşdur. 19.10.2020-ci il tarixdə iddiaçı vəsatət təqdim edərək, Nərimanov Rayon İcra və Probasiya şöbəsinin ədliyyə müşavirinin xitam verdiyi icra sənədini ƏMR27M-İ tərtib edən İXMİM-nin baş direktoru Məhəmməd İmanova geri qaytararaq icra olunan Bakı Apellyasiya Məhkəməsinin MK-nın 09.03.2018-ci il tarixli, iş № 2(103)-2426 2018 qətnamədə olduğu kimi icrasının təmin etməsi barədə, hüquqi varisin əmlakına cinayət yolu ilə verilmiş bütün çıxarışların dövriyyədən çıxarılıb, ləğv edilməsi barədə, saxta çıxarışlar əsasında qəbul edilmiş qərardadların, qətnamələrin, qərarın və icrasının ləğv edilməsi barədə, Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, ”D" y/s, Mənzil-Tikinti Kooperativinin 13 saylı binasının qeyri-yaşayış sahəsi olan 47 saylı mağazanın hüquqi varisi İddiaçı adına ƏMDK yanında DƏDRX-nin Bakı şəhər 1 saylı Ərazi İdarəsindən mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməsi barədə, X2 və X1 ona və xüsusi mülkiyyətinə vurduqları maddi və mənəvi ziyana görə hər birinin 10 min manat kompensasiya ödəmələri barədə, ƏMDK-nin və onun sədr müavini Rafiq Cəlilovun, Hərracların Təşkili üzrə Auksion Mərkəzinin direktoru Faiq Məlikovun ƏMDK İXMİM-nin baş direktoru Məhəmməd İmanovun, nümayəndə Şəfa Muradovun, DƏDRX-nin və Bakı şəhər 1 saylı Ərazi İdarəsinin qanunsuzluqlar etməklə ona vurduqları maddi mənəvi ziyana görə hər birinin ona 5 milyon evro kompensasiya ödəmələri barədə qərar qəbul edilməsini xahiş etmişdir. 22.10.2020-ci il tarixdə iddiaçı cavabdehlərin və iddia tələblərinin dəqiqləşməsi barədə və iddia ərizələri təqdim edərək, ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə sorğu verilməsi və ekspertiza təyin edilməsi barədə, hərracın ləğvi barədə, hüquqi varisin kooperativ mülkiyyətinə verilmiş bütün çıxarışların ləğvi barədə, hüquqi varis İddiaçı adına ƏMDK yanında DƏDRX- nin Bakı şəhər 1 saylı Ərazi İdarəsindən mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməsi barədə, X2 və X1 ona və xüsusi mülkiyyətinə vurduqları maddi və mənəvi ziyana görə hər birinin 10 min manat kompensasiya ödəmələri barədə, ƏMDK-nin və onun sədr müavini Rafiq Cəlilovun, Hərracların Təşkili üzrə Auksion Mərkəzinin direktoru Faiq Məlikovun, ƏMDK İXMİM-nin baş direktoru Məhəmməd İmanovun, mərkəzin nümayəndəsi Şəfa Muradovun, DƏDRXnin Bakı şəhər 1 saylı Ərazi İdarəsinin qanunsuzluqlar etməklə ona vurduqları maddi və mənəvi ziyana görə hər birinin ona 5 milyon evro kompensasiya ödəmələri barədə qərar qəbul edilməsini xahiş etmişdir. 24.11.2020-ci il və 07.12.2020-ci il tarixlərində iddiaçı yekun dəqiqləşmə və konktretləşdirmə təqdim edərək, "Hərrac”ın ləğvi barədə, hərracdan sonra bu günə qədər verilmiş bütün çıxarışların ləğvi barədə, həmin çıxarışlar əsasında qəbul edilən bütün qərardad, qətnamə və qərarın həmçinin onların icrasının qüvvədən düşmüş elan edilməsi və ləğvi barədə, İddiaçı adına Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, D y.s, bina 13, qapı 1, 2, 3. qeyri-yaşayış sahəsinə DƏDRX-nin Bakı 1 saylı ərazi İdarəsindən mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməsi barədə, X2 və X1 ona və xüsusi mülkiyyətinə vurduqları maddi mənəvi ziyana görə hər birinin 50 min manat kompensasiya ödəmələri barədə, ƏMDK-nin və onun sədr müavini Rafiq Cəlilovun, Hərracların Təşkili üzrə Auksion Mərkəzinin direktoru Faiq Məlikovun ƏMDK İXMİM-nin baş direktoru Məhəmməd İmanovun, İXMİM-nin nümayəndəsi Şəfa Muradovun, DƏDRX-nin qanunsuzluqlarına görə ona dəymiş maddi mənəvi ziyana görə hər birinin ona 5 milyon evro kompensasiya ödəmələri barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2-1(112)-1181/2021 nömrəli qərardadı ilə (hakim M.Hacıbəyova) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “İddiaçı təsərrüfat hesablı 47 saylı sənaye malları mağazasında hüquqi varisliyini – mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməsi, hüquqi varisi olan kooperativ mülkiyyətinə 04.07.2017-ci il tarixində yalan məlumatlar yazılaraq qanunsuz hərraca çıxarmaları nəticəsində X2 adına 24.08.2017-ci il tarixli, ******* nömrəli çıxarışın etibarsız sayılıb ləğv edilməsi” barədə iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı 02.04.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2-1(112)-1181/2021 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. İşin apellyasiya icraatı zamanı 14.06.2021-ci il tarixdə apellyasiya şikayətinə əlavə təqdim etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. İşin apellyasiya icraatı zamanı məhkəmə prosesinin gedişində sədrlik edən tərəfindən iddiaçıya ərizə və vəsatətlərində işlətdiyi uyğun olmayan bəzi ifadələrdən çəkinməsi barədə xəbərdarlıq etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişlər, Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməklə, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İş materiallarından göründüyü kimi iddiaçının ilkin tələbi İddiaçı təsərrüfat hesablı 47 saylı sənaye malları mağazasında hüquqi varisliyini – mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməsi barədə, hüquqi varisi olan kooperativ mülkiyyətinə 04.07.2017-ci il tarixində yalan məlumatlar yazılaraq qanunsuz hərraca çıxarmaları nəticəsində X2 adına 24.08.2017-ci il tarixli, 112623 nömrəli çıxarışın etibarsız sayılıb ləğv edilməsi olmuş, daha sonra o, müxtəlif tarixlərdə iddia tələbinin dəqiqləşdirilməsi məzmununda ərizələr təqdim etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbində və qeyd edilən ərizələrdə iddiaçının tələbi fərqli məzmunlarda olsa da, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının bu ərizələrinə (vəsatətlər) münasibət bildirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatında iddiaçının tələbinin konkret nədən ibarət olduğunun göstərilməsi imperativ olaraq tələb olunur. Bu işin hallarının araşdırılması prinsipinin tətbiqində mühüm rol oynayır. Məhkəmə kollegiyası hesab edir ki, işin yenidən birinci instansiya icraatı zamanı iddiaçının qeyd edilən ərizə-vəsatətlərinə, iddia ərizəsinə əlavəsinə, yekun dəqiqləşməsinə və konktretləşdirməsinə münasibət bildirilməklə, ona məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi təklif edilməlidir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iradə ifadəsini nəzərə alaraq və çatmaq istədiyi məqsədə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə yekun ərizəsini məhkəməyə təqdim etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2-1(112)-1181/2021 nömrəli qərardadı ləğv edilərək, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası İPM-in 82 və 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2-1(112)-1181/2021 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “İddiaçı təsərrüfat hesablı 47 saylı sənaye malları mağazasında hüquqi varisliyini – mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməsi barədə, hüquqi varisi olan kooperativ mülkiyyətinə 04.07.2017-ci il tarixində yalan məlumatlar yazılaraq qanunsuz hərraca çıxarmaları nəticəsində X2 adına 24.08.2017-ci il tarixli, 112623 nömrəli çıxarışın etibarsız sayılıb ləğv edilməsi” tələbinə dair inzibati iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar