Məhkəmə qərarları › İş №2-1(103)-1581/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1581/2025

13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1581/2025 13.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X1 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçın vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11565/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları

1. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 1780 saylı xx.xx.2016-cı il tarixli qərarına əsasən İddiaçı xx.xx.2016-cı il tarixdən 128,99 manat əmək pensiyası təyin edilmişdir.

2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Bakı Şəhər Statistika İdarəsi tərəfindən təqdim edilmiş 220 saylı xx.xx.2016-cı il tarixli arayışa əsasən X4 həqiqətən xx.xx.1984-cü il tarixdən xx.xx.1991-ci il tarixinədək Bakı Şəhər Statistika İdarəsinin Nizami Rayon Statistika Şöbəsində rəis müavini vəzifəsində çalışmışdır. Hal-hazırda həmin vəzifə üzrə aylıq vəzifə maaşı 410 manatdır. İl ərzində aylıq vəzifə maaşı həcmində tutulmuşdur.

3. Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə 99/xx/xx-21389 saylı xx.xx.2016-cı il tarixli arayışa əsasən İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək 2 il 8 ay sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 3338,27 manat pensiya kapitalı var.

4. Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə 88/07/191-11862 saylı xx.xx.2016-cı il tarixli arayışa əsasən İddiaçı qızma ondan ötəri ki, onun (SSN: **********401) xx.xx.2012 tarixdən xx.xx.2016 tarixədək 3 (üç) il, 4 (dörd) ay, sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində xx.xx.2016-cı il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 1962.19 (bir min doqquz yüz altmış iki 19 qəpik) manat pensiya kapitalı vardır.

5. Sığortaedən tərəfindən 2011-ci il üzrə təqdim edilmiş "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatda" (Forma B3) vətəndaşın adı sığortaolunan kimi qeyd olunmadığı üçün həmin il üzrə sosial sığorta stajı və pensiya kapitalı hesablanmamışdır. İddiaçı dair pensiya təyinatı alt sistemindən çıxarışdan görünür ki, pensiya növü yaşa görə, kateqoriyası pensiya təyinatı, pensiya tərkibi yaşa görə, pensiya müddəti müddətsiz, aylıq pensiya məbləği 529,43 manatdır.

6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın 3-17-1/3-7-6645/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı 529,43 manat pensiya məbləği hesablanmışdır. Əvvəlki pensiya məbləği 846,85 manat olmuşdur.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3128/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının pensiyanın yenidən hesablanılması haqqında xx.xx.2023-cü il tarixli 3-17- 1/3-7-6591/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-7743/2023 və xx.xx.2023cü il tarixli 3-17-1/37- 12111/2023 nömrəli qərarları ləğv edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı İddiaçı əmək pensiyasının dayandırılması haqqında qərarının ləğv edilməsi və ona əvvəlki məbləğdə pensiyanın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X3 Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanılması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-6591/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3- 17-1/3- 7-7743/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-12111/2023 nömrəli qərarları ilə İddiaçı əmək pensiyası qanunsuz olaraq dayandırılmışdır. İddiaçı Məhkəməyə müraciət edərək cavabdeh orqanın əmək pensiyasının yenidən hesablanması və dayandırılması haqqında qərarlarının ləğv olunması, eləcə də əmək pensiyasının tam şəkildə ödənilməsi öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3128/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli Qərarı ilə cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının yuxarıda göstərilən hər 3 qərarı ləğv edilərək iddiaçının pensiya ödənişlərinin bərpa edilməsi qərara alınmışdır. Qərardan şikayət verilmədiyi üçün Bakı İnzibati Məhkəməsinin qərarı artıq qanuni qüvvəyə minmişdir. Məhkəmə qərarı ilə iddiaçıya ödənilən 761,55 manat müəyyən edilmiş, sonradan indeksasiya nəticəsində həmin məbləğ artırılaraq 2024-cü il tarixdən etibarən 846,85 manat müəyyən edilmişdir. Bundan sonra cavabdeh xx.xx.2024-cü il tarixli məktubunda bildirmişdir ki, iddiaçının əmək pensiyasının məbləğinin müəyyən edilməsi zamanı orta aylıq əmək haqqı düzgün hesablanmamışdır və nəticədə iddiaçının əmək pensiyasının məbləğini öz mülahizəsi əsasında 2024-cü ilin may ayından etibarən 529.43 manata salmışdır. Hesab edirik ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının olmasına baxmayaraq cavabdehin yenidən öz qanunsuz mülahizələri əsasında iddiaçının əmək pensiyasının məbləğini 529.43 manata salması qanunvericiliyin tələblərinə ziddir. Bu səbəbdən də cavabdehin İddiaçı əmək pensiyasının dayandırılması haqqında qərarı ləğv edilməli və ona əvvəlki məbləğdə pensiyanın ödənilməsi öhdəliyi məhkəmə qaydasında cavabdehin üzərinə qoyulmalıdır.

10. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın 3-17- 1/3-7- 6645/2024 saylı xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi” kimi dəyişdirilmişdir.

11. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçının pensiya işinə aid sənədlərdə ona Fondun Nizami rayon şöbəsi tərəfindən dekabr 2016-cı il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1 -ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Buna görə də müvafiq hesablamalar aparılarkən artıq ödəmə məbləği yalnız (Mərkəzi Filiala 20 fevral 2023-cü il tarixində daxil olmuş ərizəyə əsasən) son üç il üçün müəyyən edilib. Nəticədə məlum olmuşdur ki, 9 dekabr 2016-cı il tarixində iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 295,00 manat, qulluq stajına görə əlavə 28,26 manat olmaqla orta aylıq əmək haqqı 323,26 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11,2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 6 il 10 ay 12 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (323,26 manat) 47 faizi-151,93 manat məbləğində hesablanıb. İddiaçının 6 il 10 ay 12 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 22,78 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən iddiaçının 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 325,00 manat, qulluq stajına görə əlavə 31,14 manat olmaqla orta aylıq əmək haqqı 356,14 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada iddiaçının 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (323,26 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (356,14 manat) arasındakı fərq məbləğinin (32,88 manat) 22,78 faizi-7,49 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanın (151,93 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 159,42 manat məbləğində hesablanıb. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən iddiaçının 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 490,00 manat, qulluq stajına görə əlavə 46,94 manat olmaqla orta aylıq əmək haqqı 536,94 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada iddiaçının 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (356,14 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (536,94 manat) arasındakı fərq məbləğinin (180,80 manat) 22,78 faizi-41,19 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (159,42 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 200,61 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 603,59 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 9004,52 manat artıq pul vəsaiti ödənilib. Ölkə üzrə minimum əmək pensiyalarının məbləğlərinin 1 yanvar 2022-ci il tarixindən artırılması ilə əlaqədar iddiaçının pensiyası həmin tarixdən 240,00 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 603,59 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 4363,08 manat artıq pul vəsaiti ödənilib. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən iddiaçının əmək pensiyası 302,81 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 761,55 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 770,03 manat artıq pul vəsaiti ödənilib. Mərkəzi Filiala iddiaçının əmək pensiyasının pensiya sığorta kapitalına əsasən yenidən hesablanması ilə bağlı 20 fevral 2023-cü il tarixində müraciəti olmuşdur. Belə ki, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə topladığı 6226,76 manat pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada 72 aya bölünməklə (6226,76:72=86,48 manat) qanuni əmək pensiyasının (302,81 manat) üzərinə əlavə edilərək pensiya məbləği 389,29 (302,81+86,48) manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində iddiaçının müvafiq kart hesabına hər ay 761,55 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 491,92 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanları nəzərə alaraq, son üç il üzrə iddiaçıya ümumilikdə 14629,55 (9004,52+4363,08+770,03+491,92) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Tərəfimizdən aparılan araşdırma zamanı iddiaçıya 20 fevral 2020- ci il tarixindən sonrakı dövr üzrə ümumi əsaslarla hesablanan pensiya məbləğinin dövlət qulluqçusu kimi qanunvericiliyə uyğun hesablanmış pensiya məbləğindən yüksək olduğu müəyyən edilib. Bununla əlaqədar iddiaçının əmək pensiyasının kateqoriyası ümumi əsaslarla müəyyən edilərək əmək pensiyası 20 fevral 2020-ci il tarixindən 280,44 manat, 1 yanvar 2021-ci il tarixindən 312,41 manat, 1 yanvar 2022-ci il tarixindən 323,03 manat, 1 yanvar 2023-cü il tarixindən isə 389,63 manat məbləğində müəyyən edilib. Həmçinin iddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə topladığı 6226,76 manat pensiya sığorta kapitalına əsasən pensiyası yenidən hesablanaraq pensiya məbləği 476,11 (389,63+86,48) manat müəyyən edilib. Eyni zamanda, iddiaçının artıq ödəməsi də 14629,55 manat məbləğində deyil, 11205,30 manat təşkil edir. “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsini gücləndirmək məqsədilə 2022- ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq əmək pensiyası məbləğinin (qulluq stajına görə əlavələr nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardımın hər ay onların pensiyasının məbləği ilə birlikdə ödənilib. Aparılan yenidən hesablama nəticəsində pensiya məbləği yalnız sığorta hissəsindən ibarət olmaqla ümumi əsaslarla müəyyən edilib. Bununla əlaqədar iddiaçıya maddi yardım üzrə 2022-ci il ərzində ödənilmiş ümumilikdə 724,31 manat artıqödəmə kimi müəyyən edilib. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçının dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququna yenidən baxılması üzrə inzibati icraata başlanılıb. Bununla əlaqədar, müvafiq inzibati icraatla bağlı mülahizələrinin dinlənilməsi üçün ona qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə 1 may 2024-cü il tarixli məktub göndərilməklə 14 may 2024-cü il tarixinədək Mərkəzi Filiala gəlməyi xahiş edilib. İddiaçı mülahizələrin dinlənilməsi üçün Mərkəzi Filiala gəlməmiş və hər hansı bir mülahizə təqdim etməmişdir. Daha sonra iddiaçının dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası yenidən hesablanaraq 529,43 manat müəyyən edilmişdir. Göründüyü kimi, Mərkəzi Filial tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11565/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı barəsində "Əmək pensiyasının yenidən hesablanması haqqında" 3-17-1/3-7-6645/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarın ləğv edilməsi barədə qərar qəbul edilmişdir.

13. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmışdır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti əsaslandırılmamış, formal olaraq vaxt qazanmaq üçün verilmişdir. Həmçinin, iddiaçıya təyin olunmuş pensiya məbləğinin hesablanması dövlət orqanı tərəfindən həyata keçirildiyindən və etimadın qorunması prinsipindən irəli gələrək həmin məbləğ iddiaçı tərəfindən düzgün hesablanmamış məbləğ kimi qəbul edildiyindən hazırda iddiaçıya artıq ödənilmiş pensiyanın tutulması qanunsuzdur.

c) Proses iştirakçılarının izahatları

16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsinin məhkəmədən xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

18. “Əmək pensiyaları haqqında” Qanununun: 4.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası.

19.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. 39.3.Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 39.4.Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır.

20.“İnzibati icraat haqqında” Azərbaycan Respublika Qanununun: 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

23. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 24.Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) 25.İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 17-21-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

26. Belə ki, hazırki işin hallarından göründüyü kimi, iddiaçıya Fondun Nizami rayon şöbəsi tərəfindən dekabr 2016-cı il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir.

27. İşin mübahisələndirilən halları ondan ibarətdir ki, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə topladığı 6226,76 manat pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada 72 aya bölünməklə (6226,76:72=86,48 manat) qanuni əmək pensiyasının (302,81 manat) üzərinə əlavə edilərək pensiya məbləği 389,29 (302,81+86,48) manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində iddiaçının müvafiq kart hesabına hər ay 761,55 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 491,92 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanları nəzərə alaraq, son üç il üzrə iddiaçıya ümumilikdə 11205,30 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin 11205,30 manat məbləğində təşkil edən artıq ödənilmiş vəsaitin qanunvericiliyə uyğun olaraq razılığı ilə əmək pensiyasından hər ay tutularaq bərpa olunması üçün Fondun müvafiq regional filialına və ya “DOST” Mərkəzlərinə yaxınlaşaraq ərizə ilə müraciət etmək və yaxud həmin vəsaiti Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının hesabına bərpa etmək xahiş edilmişdir.

28. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehin qeyd olunan əvəzləşdirmə ilə bağlı hərəkətlərinə qanunvericiliyin nəzərdə tutduğu imperativ normaları baxımından qiymət verildikdə, müəyyən olunur ki, tamamilə əsassız və qanunsuzdur.

29. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin tələbinə görə əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

30. Qanunun qeyd olunan tələbindən birmənalı olaraq göründüyü kimi, cavabdeh orqan artıq ödənilmiş hesab etdiyi mübahisələndirilən məbləği son üç ilə görə iki əsasla pensiyadan tutmaq hüququna malikdir: 1. Pensiyaçının razılığına aldıqda qəbul etdiyi müvafiq qərarı əsasında; 2.Əgər belə razılıq yoxdursa yalnız məhkəmə qərarı əsasında. Cavabdeh orqan isə Qanunun qeyd olunan imperativ tələblərinə riayət etməyi özünə rəva bilməmiş, özbaşınalıq nümayiş etdirməyi üstün tutmuşdur.

31. İş materiallarına əsasən iddiaçının müvafiq razılığının alındığına dair sənəd-sübut mövcud deyil. Ən azından, əmək pensiyasında baş verən azalmalardan narazı qalan iddiaçı cavabdehə müraciət edərək, azalmanın səbəbləri, artıqödəmə və iddiaçının alacağı pensiya məbləği barədə ətraflı məlumat verilməsini tələb etsə də, cavabdeh orqan tərəfindən heç bir cavab verilməmişdir. Bütün bunlar onun Qanunun qeyd olunan 39.1-ci maddəsində nəzərədə tutulan razılığının mövcud olmadığını sübuta yetirir.

32. Digər tərəfdən, “Əmək pensiyaları haqqında” Qanunun 67.5-ci maddəsinin tələbinə görə maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.

33. Ən azından, qeyd olunan Qanunun 67.6-cı maddəsi nəzərdə tutur ki, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.

34. İddiaçı tərəfindən sadalanan hallardan hər hansı birinə yol verilməmiş və bu barədə cavabdehin apellyasiya şikayətində heç bir əsaslandırma da mövcud deyildir. Ümumiyyətlə, cavabdehin də bununla bağlı heç bir mötəbər dəlil-sübutu məhkəməyə təqdim olunmamışdır.

35. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli əmək pensiyasının yenidən hesablannası haqqında qərar qanunsuz olduğundan həmin qərarın əsasında iddiaçıya hesablanmış 11205,30 manat məbləğində artıqödəməni məhkəmə əsassız hesab edir.

36. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 37.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 38.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11565/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 39.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11565/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar