Məhkəmə qərarları › İş №2-1(103)-1582/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1582/2020

14.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1582/2020 14.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseyn sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Valeh Məmməd oğlu Ağayevdən ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “plan və ölçü sənədində koordinatların dəyişdirilməsi, ilkin bölgü sxemində və faktiki yerləşmə yerinə uyğun olaraq torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının torpaq sahəsinin plan və ölçü sənədində göstərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1211/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə və prosessual müddətin bərpasına dair ərizəyə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı adına verilmiş xx.xx.2011-ci il tarixli, AA032368 nömrəli torpaq sahəsinin plan və ölçü sənədindəki koordinatların dəyişdirilməsi, ilkin bölgü sxemindəki vəziyyətinə və faktiki yerləşmə yerinə uyğun olaraq torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının torpaq sahəsinin plan və ölçü sənədində göstərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1211/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə həmin qərardan apelyasiya şikayəti və apelyasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə ərizə verərək, qərarından apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qərar rəsmi alınan zaman “COVİD-19” pandemiyası ilə əlaqədar olaraq sərt karantin rejimində “sms-icazə” sistemi olduğuna görə şəhərə çıxa bilmədiyindən, eləcə də onun səhhətində problemlər olduğundan və xəstəliyi ilə əlaqədar müalicə aldığından qanunvericilikdə nəzərdə tutulmuş vaxtda apelyasiya şikayətinin verilmə müddətini ötürmüşdür. Yəni xx.xx.2020-ci il tarixədək şikayət verə bilərdi. Hazırda “COVİD-19” pandemiyası ilə əlaqədar olaraq sərt karantin rejimi, eləcə də “smsicazə” sistemi xx.xx.2020-ci il tarixdə aradan qaldırılıb, həmçinin müalicəsi bitib və sağlamdır, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1211/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə razı deyil və apelyasiya şikayəti vermək istəyir. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizəni müdafiə edərək izahatında bildirdi ki, mübahisələndirilən qərardan apelyasiya şikayəti vermə müddəti ondan asılı olmayan üzrlü səbəblərdən ötürülmüşdür. Məhkəmə iclasında iştirak edən X2 ərizənin təmin edilməməsini və apelyasiya şikayətinin mümkün hesab edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının müddətin bərpası barədə ərizəsi təmin edilməməli, apelyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Мəcəlləsinin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir. Həmin Мəcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. İş materiallarından görünür ki, mübahisələndirilən qərarın surəti xx xxxx 2020-ci il tarixdə sifarişli-xəbərnaməli poçt vasitəsi ilə tərəflərə göndərilmiş və məhkəmə qərarı xx.xx.2020-ci il tarixdə xəbərnaməyə imza edilərək iddiaçı tərəfindən qəbul edilmiş, iddiaçı tərəfin apelyasiya şikayəti Bakı İnzibati Məhkəməsinə göndərilmək üçün müvafiq poçt müəssisəsinə xx.xx.2020-ci il tarixdə təqdim olunmuş, qərardan verilmiş apelyasiya şikayəti xx.xx.2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. Qeyd etmək lazımdır ki, apelyasiya şikayətinin verildiyi dövrdə (xx.xx.2020-ci il tarixdə) poçt xidmətləri xüsusi karantin dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrindən biri olunmuşdur. Eyni zamanda, “sms-icazə” sisteminin mövcud olması apelyasiya şikayətinin verilməsinə mane olan hal kimi qiymətləndirilməməlidir. Belə ki, iddiaçı icazə aktiv olduğu müddət ərzində də apelyasiya şikayətini müvafiq poçt müəssisəsinə təqdim etmək imkanına malik idi. Sənədlərdən görünür ki, iddiaçı tərəf apelyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən olunmuş 30 günlük müddəti ötürmüşdür. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Prosessual Мəcəlləsinin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. İddiaçının mübahisələndirdiyi qərarın nəticə hissəsində şikayət vermənin qaydası, müddəti (şikayətin 30 gün müddətində verilməsi), şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı dəqiq və konkret qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Мəcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Qanunverici müddət buraxılarkən konkret hansı halların üzrlü olmasını qeyd etməsə də, bu hamıya məlum olan hallarla əlaqədar olur (məsələn, şəxsin xəstəliyi, ailə üzvlərindən hər hansı birinin ölməsi, xidməti ezamiyyətdə olması, təbii fəlakətin baş verməsi və s.) “Üzrlü” sözünün terminoloji təhlilindən görünür ki, həmin söz leksik mənasına görə “səbəbi qəbul oluna bilən” hallarda işlədilir. Hazırkı halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı rəsmi qaydada iddiaçıya təqdim edildiyindən sonuncu tərəfindən apelyasiya şikayəti verilməsi müddəti üzrsüz səbəbdən buraxılmışdır. Ona görə də, ərizə təmin edilə bilməz. İddiaçı ərizəsində ondan asılı olmayan üzrlü səbəbdən vaxtında şikayət verə bilmədiyini qeyd etsə də, bu halı təsdiqləyəcək heç bir sübutu ərizəsinə əlavə etməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti Azərbaycan Respublikası İnzibati Prosessual Мəcəlləsinin 85.1-ci maddəsində nəzərdə tutulmuş prosessual müddət ötürülməklə verildiyindən apelyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir, bu səbəbdən həmin şikayət üzrə apelyasiya mümkün sayılmamalı və şikayətin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24, 85, 87-ci maddələrini rəhbər tutaraq qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1211/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından apelyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə İddiaçı tərəfindən verilmiş ərizə təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1211/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya mümkün sayılmasın və apelyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar