Məhkəmə qərarları › İş №2-1(103)-1582/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1582/2021

23.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1582/2021 23.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Yusifov Cahangir Afər oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı MMC-nin (VÖEN **********, hüquqi ünvan-AZ 1072 , Bakı şəh., Nərimanov ray., Aşıq Alı küç., ev 4, mən. 71, qanuni təmsilçi-X4, dövlət qeydiyyatına alındığı tarix- 13.01.2014-cü il) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2-1(112)-623/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı MMC 04.02.2020-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş 31.01.2020-ci il tarixli, **********196751 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar”ın qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 04.06.2019-cu il tarixli **********184465 nömrəli qərarına əsasən iddiaçı "xxxx" MMC-də may 2016-aprel 2019 hesabat dövrünü əhatə edən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama 07.06.2019-cu il tarixdə başlamış və 20.12.2019- cu il tarixdə bitmişdir. 5 halda yoxlamanın müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilmişdir. Səyyar vergi yoxlamasının nəticəsi 24.12.2019-cu il tarixli **********184570 nömrəli aktla rəsmiləşdirilmiş və həmin aktın əsasında 31.01.2020-ci il tarixli **********196751 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul edilmişdir. Həmin Qərara əsasən iddiaçıya ümumilikdə 144999,49 manat əlavə vergi məbləği hesablanmış və 138100,60 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Aşağıda göstərilənlərə əsasən, iddiaçı barəsində qəbul edilmiş 31.01.2020-ci il tarixli **********196751 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarı tamamilə əsassız və qanunsuz hesab edirlər. Səyyar vergi yoxlamasından göründüyü kimi, iddiaçı "xxxx" MMC yoxlama ilə əhatə olunan dövrlər üzrə mənfəət vergisi və əlavə dəyər vergisi üzrə hesabatlar təqdim edərək vergiyə cəlb edilən dövriyyəsini bəyan etdiyi və ona müvafiq vergiləri hesablayaraq dövlət büdcəsinə ödədiyi halda, vergi orqanı həmin bəyannamələr üzrə faktiki vergidən yayınma halı aşkar edə bilməmiş və əsassız olaraq iddiaçının vergiyə cəlb edilən dövriyyəsini ciddi hesabat blankı sayılmayan və mötəbərliyi şübhə doğuran elektron məlumatlar əsasında Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş şərti rentabellik normasının tətbiq etməklə hesablamış və vergi qanunvericiliyində müəyyən edilən ardıcıllığı pozmuşdur. Cavabdeh vergi orqanı vergi qanunvericiliyində nəzərdə tutulan ardıcıllığı gözləmədən, yəni əlaqəli məlumatları və analoji vergi ödəyicisi barədə uçot və hesabat məlumatlarını əldə elmədən birbaşa Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş qaydaları tətbiq etmişdir. Beləliklə, cavabdeh vergi orqanı səyyar vergi yoxlaması zamanı vergi qanunvericiliyinin tələblərini və iddiaçının qanunla qorunan hüquq və maraqlarını pozaraq sonuncuya əsassız və qanunsuz əlavə vergi məbləği hesablamış və maliyyə sanksiyası tətbiq etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3023/2020 saylı, 17.09.2020-ci il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15.12.2020-ci il tarixli, 9/4330 nömrəli ekspert rəyinə əsasən qeyd edilmişdir ki, Səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə üzrə hesablanmış vergilərin (ƏDV, SV, MV və ÖVM-nin) düzgünlüyü tədqiqatla müəyyən olunmur. Səyyar vergi yoxlaması ilə elektron məlumatlar (“Qara mühasibatlıq”) əsas götürülməklə hesablamaların aparılması qüvvədə olan mühasibat uçotu haqqında və vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Yəni, “qara mühasibatlıq” sənədlərinin mötəbərliyi öz təsdiqini tapmır. Eyni zamanda həmin “Qara mühasibatlıq” sənədlərinin nədən ibarət olması 24.12.2019-cu il tarixli, **********184570 nömrəli Səyyar vergi yoxlaması aktında göstərilməyib. Tədqiqi hissədə göstərildiyi kimi, iş materiallarında olan ilkin mühasibatlıq sənədlərinə, yəni müəssisəyə aid gəlir və gəlirin əldə edilməsi ilə bağlı xərc sənədləri, kassa mədaxil və məxaric qəbzləri, bank reyestrləri, şəxsi hesab vərəqəsi, vergi ödəyicisinin bəyannamə məlumatları, e-qaimə fakturalar, ƏDV Depozit hesabından çıxarış və s. sənədlərə əsasən İddiaçı MMC tərəfindən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr üzrə aparılmış əməliyyatlara görə dövlət büdcəsinə mənfəət, sadələşdirilmiş, əlavə dəyər vergisi və ödəmə mənbəyində tutulan vergilər üzrə dövlət büdcəsinə az hesablama və eyni zamanda “Nağd hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulmasına görə maliyyə sanksiyasının tədbiq edilməsi müəyyən edilmir. İddiaçı MMC tərəfindən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr üzrə aparılmış əməliyyatlara görə dövlət büdcəsinə hesablanmalı olan vergilər vergi ödəyicisinin bəyənnamə məlumatlarında öz əksini tapmışdır. Bakı İnzibati Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2-1(112)-623/2021 nömrəli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmiş, cavabdeh tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 31.01.2020-ci il tarixli, **********196751 saylı qərarı ləğv edilmişdir. 22.04.2021-ci il tarixdə qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki , "xxxx" MMC tərəfindən yoxlamaya təqdim olunmuş müqavilələrdə göstərilən icarə qiymətlərinin hazırkı bazar qiymətlərindən 30 faizdən çox aşağı olmadığı üçün vergilər faktiki təqdimolunma qiymətləri əsasında hesablanmışdır. Yoxlama aktında yoxlanılan dövr üzrə vergi ödəyicisi tərəfindən vergilərin 147082.70 manat (mənfəət vergisi 20240.63 manat, ƏDV 99276.83 manat, ödəmə mənbəyində tutulan vergi 23491.70 manat, sadələşdirilmiş vergi 4073.54 manat) azaldıldığı, 2083.21 manat (sadələşdirilmiş vergi 2083.21 manat) artıq hesablandığı qeyd edilmiş, eyni zamanda Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 63518.15 manat, həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən 52485.86 manat, həmin Məcəllənin 58.4-cü maddəsinə əsasən 22096.59 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Yoxlama ilə cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 104.1-ci, 108-ci, 130.1 və 130.2 maddələrinin tələbləri pozulmuşdur. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri sonuncu məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının vəkili X1 (Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu) apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2-1(112)- 623/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş “Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında” şəhadətnaməyə əsasən İddiaçı MMC 13.04.2014-cü il tarixdə ********** nömrəli VÖEN ilə qeydiyyatdan keçmişdir. - Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 04.06.2019-cu il tarixli **********184465 nömrəli qərarı ilə "xxxx" MMC-də (VÖEN **********) növbədənkənar səyyar vergi yoxlaması (yoxlanılan dövr: may 2016 - aprel 2019) təyin edilmişdir. Yoxlama 07 iyun 2019-cu il tarixdə başlanmış və 20 dekabr 2019-cu il tarixdə başa çatdırılmışdır. Son olaraq yoxlamanın nəticələri 24 dekabr 2019-cu il tarixli **********184570 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Yoxlama aktında yoxlanılan dövr üzrə vergi ödəyicisi tərəfindən vergilərin 147082.70 manat (mənfəət vergisi 20240.63 manat, ƏDV 99276.83 manat, ödəmə mənbəyində tutulan vergi 23491.70 manat, sadələşdirilmiş vergi 4073.54 manat) azaldıldığı, 2083.21 manat (sadələşdirilmiş vergi 2083.21 manat) artıq hesablandığı qeyd edilmiş, eyni zamanda Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 63518.15 manat, həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən 52485.86 manat, həmin Məcəllənin 58.4-cü maddəsinə əsasən 22096.59 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur - cavabdeh inzibati orqan qeyd edilən “Səyyar vergi yoxlaması aktı”-nın əsasında 31.01.2020-ci il tarixli **********196751 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul etmişdir. - Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən keçirilmiş nəzarət tədbirləri zamanı mühasibat uçotuna dair əldə edilmiş elektron məlumatlar əsasında cavabdeh tərəfindən iddiaçıya əlavə vergilər hesablanmış və maliyyə sanksiyaları tətbiq edilmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, “vergi orqanı tərəfindən mübahisələndirilən inzibati aktla iddiaçıya əlavə vergilərin hesablanması zamanı qanunvericilikdə nəzərdə tutulmuş məlumat mənbələrindən hər hansı birinə (və ya bir neçəsinə) istinad edilməsi iş materialları ilə müəyyən olunmur. Belə ki, əlavə vergilərin hesablanmasının əsası kimi mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq, istər mübahisələndirilən inzibati aktda, istərsə də cavabdehin iddiaya qarşı təqdim etdiyi etirazda və ona əlavə edilmiş sənədlərdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən keçirilmiş nəzarət tədbirləri zamanı mühasibat uçotuna dair əldə edilmiş elektron məlumatların məzmununun nədən ibarət olması, bu məlumatların hansı rəsmi maliyyə-uçot sənədləri ilə təsdiq olunması qeyd edilməmiş, ümumiyyətlə iddiaçı tərəfindən həmin məlumatlarda göstərilən əməliyyatların aparılması, eləcə də həmin məlumatların mənbəyi barədə hər hansı rəsmi təsdiqedici sənəd məhkəməyə təqdim edilməmişdir.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: -vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata (83.2.1.); -bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata (83.2.2.); -vergi yoxlaması materiallarına (83.2.3.); -vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara (83.2.4.). Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən yuxarıda qeyd edilən məlumat mənbələrinə əsaslanmamış və nəticədə qanunvericiliyin forma və icraat tələblərini pozmuşdur. Həmçinin işin birinci instansiya icraatı zamanı təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasına uyğun olaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15.12.2020-ci il tarixli 9/4330 nömrəli Ekspert Rəyi ilə cavabdeh tərəfindən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə üzrə hesablanmış vergilərin (ƏDV,SV,MV və ÖMV-nin) düzgünlüyü müəyyən olunmamışdır. Eyni zamanda ekspert rəyinə əsasən səyyar vergi yoxlaması aktında “Qara mühasibatlıq” sənədlərinin (elektron məlumatların) nədən ibarət olması göstərilmədiyi, ilkin mühasibatlıq sənədlərinə, yəni müəssisəyə aid gəlir və gəlirin əldə edilməsi ilə bağlı xərc sənədləri, kassa mədaxil və məxaric qəbzləri, bank reyestrləri, şəxsi hesab vərəqəsi, vergi ödəyicisinin bəyannamə məlumatları, e-qaimə fakturalar, ƏDV Depozit hesabından çıxarış və s. Sənədlərə əsasən İddiaçı MMC tərəfindən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr üzrə aparılmış əməliyyatlara görə dövlət büdcəsinə mənfəət, sadələşdirilmiş, əlavə dəyər vergisi və ödəmə mənbəyindən tutulan vergilər üzrə dövlət büdcəsinə az hesablama və eyni zamanda “Nağd hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulmasına görə maliyyə sanksiyasının tədbiq edilməsi müəyyən edilmədiyi göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin 31.01.2020-ci il tarixli, **********196751 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar”ı əsassız olmuşdur. Göstərilən hal iş materiallarında olan ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, səyyar vergi yoxlaması aktında və mübahisələndirilən qərarda iddiaçı tərəfindən vergi qanunverciliyinin pozulması faktı əsaslandırılmadığından və iddiaçının təqsiri sübuta yetirilmədiyindən, eləcə də işin birinci instansiya və apellyasiya icraatları zamanı cavabdeh tərəfindən hər hansı sənəd-sübut təqdim edilmədiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2-1(112)-623/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2-1(112)-623/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar