Məhkəmə qərarları › İş №2-1(103)-1582/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1582/2022

26.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1582/2022 26.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X14 Hüseynin sədrliyi və məruzəsi ilə, İlham Əziz oğlu Kərimli və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı “adın, soyadın və ata adının dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2- 1(112)-11307/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun ad, ata adı və soyadının “İddiaçı”ndan “X8”na dəyişdirilməsi öhdəliyinin cavabdeh 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində bildirilmişdir ki, o, müəyyən zəruri səbəblərdən ötrü 2015-ci ildə ad, soyad, ata adını dəyişdirmişdir. Bu fakt 24 aprel 2015-ci il tarixli Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında Şəhadətnamədə öz əksini tapmışdır. Bu dəyişiklikdən əvvəlki ad, soyad, ata adı X8 idi. Üzləşdiyi bir sıra problemlərə görə indiki ad, soyad, ata adını (İddiaçı) dəyişdirib əvvəlki ad, soyad, ata adına (X9) qayıtmaq istəyi ilə əlaqədar 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə müraciət etsə də onun vəziyyəti, əsaslı səbəbləri nəzərə alınmadan müraciətinə imtina cavabı verilmişdir. İmtina cavabı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 saylı Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları”nın 6.3-cü bəndində qeyd olunmuş məhdudiyyətlər ilə əsaslandırılmışdır. Nəticədə, bir vətəndaş kimi onun hüquqları pozulmuşdur. Məhz bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. O, ad, soyad, ata adı dəyişikliyi ilə əlaqədar bu illər ərzində xeyli problemlərlə üzləşməli olur. Bu məsələdən yaranan narazılıqlara görə mərhum anası ondan küsülü halda dünyasını dəyişmişdir, qardaşları hələ də onunla küsülüdürlər, həyat yoldaşı X7 ilə boşanmalı olmuşlar. Eyni səbəbdən birgə nikahdan olan qızları X6 və X3 da ata adı və soyad qeydiyyat məlumatlarında göründüyü kimi fərqlilik vardır. Bu ad, soyad, ata adı dəyişikliyi onunla və ailəsi ilə bağlı bütün sənəd məsələlərində qarışıqlıq yaradır, müxtəlif problemlərə səbəb olur. Belə ki, dövlət orqanları, xəstəxanalar və digər qurumlarda qızlarının onunla və birbiri ilə qohumluq əlaqələri vaxtında və düzgün təsdiq oluna bilmir. Övladlarının gələcəyini düşünən bir ata kimi gələcəkdə qızlarının bu soyad-ata adı fərqliliyinə görə bacı olaraq qohumluq əlaqələrində problem yaşamamalarını və ondan sonra vərəsəlik işlərində sənədləşmə əngəlləri ilə üzləşməmələrini istəyir. Həmçinin bu səbəbdən ondan ayrılmış həyat yoldaşının da barışıq və yenidən nikaha daxil olmaq üçün qoyduğu şərt, məhz onun indiki ad, soyad, ata adını dəyişdirib əvvəlki ad, soyad, ata adına qayıtmağıdır. Bundan əlavə, göründüyü kimi hazırkı tarixdə onun heç bir borc, zaminlik öhdəliyi və məhkumluğu yoxdur. Yəni ad, soyad, ata adını dəyişdirib yenidən əvvəlki ad, soyad, ata adına qayıtmaq istəməyinin heç bir qeyri-qanuni səbəbi yoxdur. Bakı İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2-1(112)-11307/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2-1(112)-11307/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 aprel 2015-ci il tarixli, AZ-İ 012481 nömrəli adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1975-ci il təvəllüdlü X5 adı, soyadı, ata adı “X8”ndan “İddiaçı”na dəyişdirilmiş, bu barədə soyadın, adın, ata adının dəyişdirilməsi haqqında akt qeydləri kitabında 24.04.2015-ci il tarixdə 37 nömrəsi ilə qeyd edilmişdir. AZE seriyalı 00****** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci ildə Saatlı rayonu, Oktyabrabad kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən 01.11.2021-ci il tarixli, 05Q-4696/13 nömrəli məktubla göndərilmiş İddiaçı ad, ata adı və soyadının “X8”ndan “İddiaçı”na dəyişdirilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətindən görünür ki: 17.12.1990-cı il tarixli doğum haqqında bərpa akt qeydinə əsasən X8 xx.xx.1975-ci ildə Saatlı rayonu, Oktyabrabad kəndində anadan olmuş, atası X10, anası X4r. 30.01.2015-ci il tarixdə verilmiş AZ-İİİ 479692 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X8 xx.xx.1975-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 17.12.1990-cı il tarixdə 100 nömrəsi ilə qeyd edilmişdir. AZE seriyalı 13993446 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X8 xx.xx.1975-ci ildə Saatlı rayonu, Oktyabrabad kəndində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. Səbail Rayon Polis İdarəsinin 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə ünvanladığı vətəndaş X1, adının və ata adının dəyişdirilməsinin mümkünlüyü ilə əlaqədar yoxlamanın nəticəsi barədə 15 aprel 2015- ci il tarixli rəydə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 9 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının, adlarının və ata adlarının dəyişdirilməsi ilə əlaqədar vəsatətlərə baxılma qaydası haqqında” Əsasnaməyə uyğun olaraq BPQM-nin Qeydiyyat və şəsiyyət vəsiqəsi şöbəsi tərəfindən X1, adının və ata adının İddiaçı yazılması barəsində 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə müraciət etmişdir. 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsindən daxil olmuş material əsasında müvafiq yoxlamalar aparılmışdır. Ərizəçinin şəxsiyyəti ətrafında, eləcə də soyadının istintaqdan, məhkəmədən yayınmaq məqsədi ilə, yaxud digər məqsədlər üçün dəyişdirilməsinin mümkünlüyü ilə əlaqədar aparılan yoxlamanın nəticələrinə əsasən müəyyən edildi ki, daxili işlər orqanlarında vətəndaş X5 barəsində təqsirləndirici material yoxdur. 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin X5 adının, ata adının və soyadının dəyişdirilməsi haqqında 23.04.2015-ci il tarixli rəyindən müəyyən olunur ki, X8 öz arzusuna əsasən adı, soyadı və ata adının “X8”ndan “İddiaçı”na dəyişdirilməsinə 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən icazə verilmişdir. 25 aprel 2015-ci il tarixdə verilmiş AZ-İİİ 524138 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, İddiaçı xx.xx.1975-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 17.12.1990-cı il tarixdə 100 nömrəsi ilə qeyd edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin iddiaçıya ünvanladığı 28.09.2021-ci il tarixli, 05Q/-88/55 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 12 may 2011-ci il tarixli 79 saylı Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları”nın 6.1-ci bəndinə əsasən “Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir”. Qaydaların 6.3-cü bəndinə əsasən isə “Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir”. Soyadınızı, adınızı və ata adınızı “İddiaçı”ndan “X8”na dəyişdirmək istəyiniz ilə bağlı bildirilir ki, sizin soyadınız, adınız və ata adınız 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş 24.04.2015ci il tarixli 37 №-li adın, ata adının və soyadın dəyişdirilməsi haqqında akt qeydinə əsasən “X8”ndan “İddiaçı”na dəyişdirilmişdir. Soyadınızın, adınızın və ata adınızın yenidən dəyişdirilməsi üçün Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş halların heç biri sizdə olmadığından ərizənizin təmin olunması imkan xaricindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsində göstərilmişdir ki, fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın: -6.1-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir; -6.2-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir; -6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ərarvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir; -6.24-cü bəndinə görə ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur; -6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar; -6.26-cı bəndinə görə hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir; -6.27-ci bəndinə görə valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir; -6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Qanunvericilik fiziki şəxsin ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı rəsmi sənədlərinin onun müvafiq ad, soyad və ata adına uyğun dəyişdirilməsi və onun nəticələrinin riskini bilavasitə fiziki şəxsin özünə aid etmişdir. Yetkinlik yaşına çatmış şəxslərin isə valideyninin adının, ata adının və soyadının dəyişdiyi halda öz ərizələri əsasında müvafiq olaraq akt qeydlərində dəyişiklik edilməsini tələb etmək hüququ mövcuddur. Ad, soyad və ata adının təkrar dəyişdirilməsi üçün ilk dəfə dəyişdirilmədən fərqli olaraq bir qədər məhdudlaşdırıcı qayda müəyyən etmişdir. Belə ki, adın, soyadın və ata adının növbəti dəfə dəyişdirilməsinə ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla, yalnız yuxarıda qeyd edilən Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı adın, soyadın və ata adının dəyişdirilməsi ilə bağlı qanunvericiliyin ona verdiyi hüquqdan artıq bir dəfə istifadə etmişdir. Ad, soyad və ata adının növbəti dəfə dəyişdirilməsi isə yalnız Qaydaların yuxarıda sadalanan 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş konkret hallardan birinin olduğu halda mümkün hesab edilə bilər ki, hazırkı iş üzrə iddiaçıya münasibətdə həmin hallar mövcud deyildir. İddiaçının adın, soyadın və ata adının dəyişdirilməsi barədə müraciətinin təmin edilməsindən cavabdehin imtinası qanunazidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir Beləliklə, cavabdehin imtinası əsaslıdır və birinci instansiya məhkəməsi haqlı olaraq iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2-1(112)-11307/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar