Məhkəmə qərarları › İş №2-1(103)-1582/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1582/2023

31.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1582/2023 31.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X11 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X6 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik hüquqi şəxsin Xüsusi X1rşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10177/2022 saylı, 07 dekabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik hüquqi şəxsin Xüsusi X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019- cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh 09 iyun 2022-ci il tarixli məktubla ona imtina verərək onunla əsaslandırılmışdır ki, 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən azdır (15 il, 3 ay, 2 gün (xx.xx.1982xx.xx.1983-cü il və xx.xx.1983-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər)). Bu da iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, xx.xx.2017-ci il tarixinədək qüvvədə olan “X10” Qanuna əsasən ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Çünki iddiaçı tələb olunan ən azı 10 il xüsusi, 20 il ümumi stajı xx.xx.2017-ci il tarixədək qazanmışdır. İddiaçı xx.xx.1967-ci ildə anadan olmuş, xx.xx.1982-ci ildə 69 nömrəli X13 Məktəbinə daxil olaraq, xx.xx.1983-cü ildə “əyirici” ixtisası üzrə tam əyani formada bitirərək ona Dövlət İmtahan Komissiyasının 06 sentyabr 1983-cü il tarixli qərarı ilə 1817 nömrəli attestat verilmişdir (10 ay, 18 gün ümumi staj). İddiaçıya məxsus əmək kitabçasının surətinin və X8 filialının xx.xx.2022-ci il tarixli arayışının əslinin məlumatlarına əsasən xx.xx.1983-cü ildən xx.xx.1997-ci ilədək X2 əyirici istehsalatında əyirici peşəsində işləmişdir (14 il, 1 ay, 19 gün güzəştli staj). xx.xx.2011-ci ildən hal-hazıradək 70 yaşına çatmış qaynanası X4 qulluq edir (xx.xx.2017-ci ilədək 6 il, 5 ay, 27 gün ümumi staj). Göründüyü kimi, xx.xx.2017-ci il tarixədək iddiaçının ümimi iş stajı 21 il, 9 ay, 4 gün təşkil edir. Həmin 21 il, 9 ay, 4 gün əmək stajının yarıdan çoxunu, yəni 14 il, 4 ay, 19 günü iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Belə ki, iddiaçının xx.xx.1983-cü ildən xx.xx.1997-ci ilədək 14 il, 4 ay, 19 gün işlədiyi “əyirici” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarına 2 nömrəli əlavədə təsbit olunmuş və sonradan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda, “32. Toxuculuq istehsalatı” bölməsinə daxil edilmişdir. İddiaçının zərərli əyirici peşəsində işlədiyi X3 ləğv olunduğuna görə, iddiaçının güzəştli arayış almağı mümkün deyil. İddiaçı “X10” Qanuna edilmiş dəyişikliyədək 21 il, 9 ay, gün ümumi, 14 il 4 ay, 19 gün xüsusi stajını qazandığına görə, işinə Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş tələbinə uyğun baxılmalıdır. Cavabdeh iddia tələbinə yazılı etirazını onunla əsaslandırmışdır ki, iddia tam əsassızdır və təmin edilməməlidir. Ərizəçinin müraciətinə baxılaraq xx.xx.2022-ci il tarixli **********5 nömrəli imtina məktubu ilə qanunvericiliklə tələb olunan sosial sığorta stajı və müvafiq ilə münasibətdə fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq vətəndaşa münasibətdə kifayət qədər mövcud olmaması səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün hesab edilmədiyi bildirilmişdir. Azərbaycan Respublikasının “X10” Qanununun: 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunan maddənin dispozisiyasından aydın olduğu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün üç şərt tələb olunur: şəxsin qanunla müəyyən edilmiş pensiya yasına çatması: qanunda göstərilmiş sosial sığorta stajına malik olması; fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi: 9.8-ci madddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün Qanunda göstərilmiş iki sərt ödənilməlidir: 1) 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajının 20 il olması; 2) 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajının 10 il olması. Lakin İddiaçı münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində müəyyən edilmiş şərtlər ödənilmir. Belə ki, filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən, İddiaçı 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 20 ildən az (15 il 3 ay 2 gün (xx.xx.1982-xx.xx.1983-cü il və xx.xx.1983-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan əlavə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 32480,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 12403.60 manat təşkil edir. Eyni zamanda İddiaçı xx.xx.1941-ci il təvəllüdlü 70 yaşına çatmış ahıl qaynanası X4 qulluq etdiyi dövrlərin (xx.xx.2011-ci tarixdən xx.xx.2017-ci il tarixədək 6 il 5 ay 27 gün) sosial sığorta stajına daxil edilməsini xahiş etmişdir. İddiaçı 70 yaşına çatmış ahıl qaynanasına qulluq etdiyi dövrün sosial sığorta stajına daxil edilməsi üçün həmin qulluq etdiyi dövrlər xx.xx.2006-cı il tarixədək müəyyən edilməli idi. Lakin İddiaçı xx.xx.2011-ci il tarixdən etibarən 70 yaşına çatmış ahıl qaynanasına qulluq etməyə başlamışdır. Bu səbəbdən də onun 01 yanvar 2006-cı il tarixədək sosial sığorta stajı 20 ildən az (15 il 3 ay 2 gün) təşkil edir. Belə olan halda iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10177/2022 saylı, 07 dekabr 2022-ci il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyini cavabdeh orqanın üzərinə qoymuşdur. Lakin iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan pensiya yaşı (55 yaş) xx.xx.2019-cu ildə tamamlanmır. Belə ki, 2019-cu ildə qüvvədə olan “Əmək X9”un 9.1-ci maddəsində güzəştli şərtlərlə pensiya təyini üçün aşağıdakı 4 şərt ödənilməlidir. 1) ümumi iş stajının 20 il olması; 2) güzəştli iş stajının 10 il olması; 3) tələb olunan pensiya kapitalının olması; 4) pensiya yaşına (55 yaş) çatması. Göründüyü kimi İddiaçı iddiasının təmin edildiyi xx.xx.2019-cu il tarixdə ilk növbədə tələb olunan pensiya yaşına çatmamışdır. Bundan başqa digər şərtlərdən biri də tələb olunan pensiya kapitalının olması tələbidir ki, bu da iddiaçıya münasibətdə 32480,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 12403,60 manat təşkil edir. Əlavə olaraq İddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən peşə sahəsində işləməsinə dair güzəştli arayış təqdim etməmişdir. Birinci instansiya məhkəməsi qərarında iddiaçının ümumi və güzəştli iş stajını 2017-ci il 1 iyul tarixədək tamamlandığını və həmin dövrdə qüvvədə olan “Əmək , X9”un 9.1-ci maddəsinə əsasən qadınlar üçün pensiya yaşının 52 yaş olması eyni zamanda pensiya kapitalı tələbinin olmamasını əsas gətirmiş və iddianı təmin etmişdir. Lakin birinci instansiya məhkməsi qərar qəbul edərkən istinad etdiyi "Əmək X9”un müvafiq bəndi 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuşdur və iddiaçının tələb olunan 52 yaşı həmin dövrdə tamamlanmamışdır. İddiaçının 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdə artıq qadınlara münasibətdə tələb olunan pensiya yaşı 55 yaş təşkil etmişdir. Qeyd olunanlara baxmayaraq birinci instansiya məhkəməsi qanunazidd olaraq iddianı təmin etmişdir. Qeyd olunan yaş tələbindən başqa İddiaçı iddianın təmin olunduğu dövrdə tələb olunan pensiya kapitalı tələbini də ödəmir. Digər tərəfdən imtinada mübahisələndirilən digər məsələ ümumi iş stajıdır ki, İddiaçı 70 yaşına çatmış ahıl qaynanası X4 qulluq etdiyi dövrün sosial sığorta stajına daxil edilməsi üçün həmin qulluq etdiyi dövrlər xx.xx.2006-cı il tarixədək müəyyən edilməli idi. Lakin İddiaçı xx.xx.2011-ci il tarixdən etibarən 70 yaşına çatmış ahıl qaynanası L.Ə.Salmanovaya qulluq etməyə başlamışdır. Bu səbəbdən də onun 01 yanvar 2006-cı il tarixədək sosial sığorta stajı 20 ildən az (15 il 3 ay 2 gün) təşkil edir. Eyni zamanda qayınanasına qulluq etdiyi dövrlərə dair qanunvericilikdə nəzərdə tutulmuş qaydada qulluq aktı tərtib edilməli idi. Lakin birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza, apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassızdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq Məhkəmə kollegiyası qeyd edir ki, qərar maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : İddia tələbindən və iş üzrə araşdırmadan aydın olur ki, iddia tələbinin qanuni əsasını “X10” Qanunun 01 iyul 2017-ci ilə qədər qüvvədə olan 9.1-ci maddəsi təşkil edir. Belə ki, iddiaçı məhz 52 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. “X10” Qanunun 9.1-ci maddəsinə əsasən (1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyada) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “X10” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “X10” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; - 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. Əmək kitabçası; 3.2.2. Əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; - 4.1.9. Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; - 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; - 4.1.11. 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Sadalanan qanunvericilik normalarının təhlilindən göründüyü kimi, Qanunun 9.1-ci maddəsinin (1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyada) tətbiqinə əsasən hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) iddiaçının qanunla tələb edilən pensiya yaşına – 52 yaşına çatması; 2) iddiaçının qanunla tələb edilən zəruri staja (20 il ümumi və 10 il güzəştli) sahib olması (xx.xx.2017-cı il tarixədək); 3) iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilməsi. “X10” Qanunun 21.1-ci maddəsinə əsasən Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti. Apellyasiya şikayətinin dəlillərinə münasibət Cavabdeh apellyasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarətdir: - Tələb olunan pensiya yaşının xx.xx.2019-cu ildə tamamlanmaması, - 01 yanvar 2006-cı il tarixədək sosial sığorta stajının 20 ildən az olması, - iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşə sahəsində işləməsinə dair güzəştli arayışın təqdim edilməməsi. Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, iddiaçının xx.xx.2017-ci ilədək ümumi və xüsusi stajı mövcud olmuşdur. Belə ki, iddiaçıya məxsus İT-İ № ******* nömrəli, 14 sentyabr 1999-cu il tarixli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1983-cü ildən (Əmr 345/k, xx.xx.1983) xx.xx.1997-ci ilədək (əmr 113/kş, xx.xx.1998) X2 əyirici istehsalatında əyirici peşəsində işləmişdir. Həmçinin, Azərbaycan Respublikası X8 filialının xx.xx.2022-ci il tarixli T-131 saylı məhkəmə sorğusuna cavab olaraq arxiv arayışı ilə bildirilmişdir ki, filialda mühafizə olunan arxiv fondu Toxuculuq Kombinatının şəxsi heyət üzrə əmr kitablarında və əmək haqqı cədvəllərində H.F.Səlimova qeyd edilmişdir. Kombinatın 05 avqust 1983-cü il tarixli 345/k saylı əmrinə əsasən 69 saylı Peşə məktəbinin tələbəsi X12. xx.xx.1983-cü il tarixdən sərbəst işə əyrici keçirilmiş (F.№ 192, siy. № 8, sax/vah. № 247, vərəq № 298), kombinatın 30 aprel 1998-ci il tarixli 113/kş saylı əmrinə əsasən xx.xx.1997-ci il tarixdən işdən azad edilmişdir (F.Ns 192, siy. № 8, sax/vah. № 558, vərəq № 76. 2-ci). Əyrici sexinin 1993-1997-ci illərin əmək haqqı cədvəllərində X5 əmək haqqı hesablanmışdır. Bundan əlavə, iddiaçı xx.xx.2011-ci il tarixindən xx.xx.2017-ci il tarixinə kimi birlikdə yaşadığı 70 yaşına çatmış ahıl qaynanası X4 6 il, 5 ay, 27 gün qulluq etmişdir ki, həmin dövr də sığorta stajına daxil edilir. Göründüyü kimi iddiaçı xx.xx.1983-cü ildən xx.xx.1997-ci ilədək X2 əyirici istehsalatında əyirici peşəsində (14 il, 1 ay, 19 gün) işləməklə və xx.xx.2011-ci il tarixindən xx.xx.2017-ci il tarixinə kimi birlikdə yaşadığı 70 yaşına çatmış ahıl qaynanası X4 6 il, 5 ay, 27 gün qulluq edərək, ümumilikdə, 20 il ,7 ay, 16 gün iş stajını toplamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li siyahısına əlavədə “Toxuculuq istehsalatı dəzgah və maşınlarında çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların və peşələrin Siyahısı”nda, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda, “32. Toxuculuq istehsalatı” bölməsində əyirici peşəsi öz əksini tapmışdır. Beləliklə də, iddiaçı xx.xx.1983-xx.xx.1997-ci illərdə X2 əyirici istehsalatında əyirici peşəsində (14 il, 1 ay, 19 gün) işləməklə ümumilikdə tələb olunandan da artıq güzəştli iş stajını tamamlamışdır. Kollegiya həmçinin qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən iddiaçının işlədiyi peşə güzəştli şərtlə pensiya hüququ verən vəzifə sayıldığından və iddiaçının iş yeri olmuş X3 mövcud olmadığından hazırki vəziyyətdə belə arayışın tələb olunmasına zərurət yaranmamışdır. Lakin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məhz 52 yaşdan ona pensiya təyin edilməsini xahiş etdiyindən, yuxarıda sadalanan qanunvericilik normalarından aydın olduğu kimi, iş üzrə tələb olunan bütün şərtlər ödənilmir. Belə ki, iddiaçının 52 yaşı xx.xx.2017-ci il tarixədək tamamlamadığından cavabdehin apellyasiya şikayəti qeyd edilən hissədə əsaslıdır. Aydın olduğu kimi iddiaçının 52 yaşının tamamlandığı xx.xx.2019-cu il tarixində artıq yeni qanun norması qüvvədə olmuşdur. Belə ki, “X10” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixdən sonrakı redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, sözügedən qanun normasına əsasən xx.xx.2017-ci il tarixdən sonra iddiaçının pensiya yaşı 55 olmaqla xx.xx.2022-ci ildə tamamlanır. Həmin tarixdə pensiya təyinatı üçün ümumi və xüsusi stajla yanaşı, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına malik olmalıdır. İş üzrə apellyasiya icraatı zamanı müvafiq sorğular əsasında iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 14138,95 manat olduğu, həmin tarixdən sonrakı dövr üçün fərdi hesabın sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığı müəyyən edilmişdir. Halbuki, iddiaçıya münasibətdə tələb olunan pensiya kapitalı 32480 manat olmuşdur. Birinci instansiya məhkəməsi iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyini cavabdeh orqanın üzərinə qoymuşdur. Lakin həmin dövrdə qüvvədə olan qanun normasına əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan pensiya yaşı (55 yaş) xx.xx.2019-cu ildə tamamlanmır. Beləliklə, Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərdən biri olan pensiya yaşı xx.xx.2019-cu il tarixdə tamamlanmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilməz. Məhkəmə kollegiyası həmçinin, diqqətə çatdırır ki, xx.xx.2006-cı il tarixdən qüvvəyə minən “X10” AR Qanununun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Qanunvericilik normalarından göründüyü kimi, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçı xx.xx.2006-cı il tarixədək 20 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməlidir. Hansı ki, iş üzrə araşdırma nəticəsində yuxarıd qeyd edilənlərdən aydın olur ki, iddiaçının xx.xx.2006-cı ilədək cəmi 14 il, 1 ay, 19 gün ümumi iş stajı olmuşdur. Göründüyü kimi, qeyd edilən qanun normasının da hazırki iddia tələbinə tətbiqi mümkünsüzdür. Beləliklə, iş üzrə araşdırma nəticəsində qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, qərar ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10177/2022 saylı, 07 dekabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik hüquqi şəxsin Xüsusi X1rşı “52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar