Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1582/2024 16.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazı Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçılar İddiaçı, X9 və X10 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı “iddiaçılara məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12476/2023 nömrəli, 04 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı “xx.xx.2005-ci il təvəllüdlü X9 və xx.xx.2006-cı il təvəllüdlü X12 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan İddiaçı, X9 və X15 məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, İddiaçı, X9 və X10 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1974-cü il tarixdə Şuşa şəhərində doğulmuş, 1991-ci ildə 1 nömrəli orta məktəbi orada bitirib, Şuşa rayon Hərbi komissarlığı tərəfindən müvafiq qaydada şəhadətləndirilsə də, digər sakinlər kimi ona məxsus ilkin hərbi qeydiyyat sənədi işğal zamanı Şuşa şəhərində qalmışdır. 1992-ci ildə Şuşa şəhərinin işğal olunması ilə əlaqədar olaraq, ailə üzvləri ilə birlikdə məcburi köçkün düşmüşlər. İddiaçı həyat yoldaşı, digər iddiaçılar X9 və X10 anası T.Əbdülova da 1992-ci ildə Şuşa şəhərindən məcburi köçkün düşərək hazırda yaşayış yeri üzrə Şuşa şəhəri, Pənahxan küçəsi, ev 1, mənzil 5 ünvanında qeydiyyatdadır və məcburi köçkün statusuna malikdir. 1992-1999-cu illər ərzində məcburi köçkün kimi aylıq ərzaq müavinətləri ilə təmin olunmuşdur. 1999-cu ilin avqust ayında isə xidməti işi ilə əlaqədar yaranmış zərurətə görə Bakı şəhərinə qeydiyyata düşmüşdür. Lakin onun Bakı şəhərinə qeydiyyata düşməyi məcburi köçkün statusunun ləğv olunması və onun məcburi köçkün hesab olunmağının əsası ola bilməz. İddiaçı 2003-cü ildə X3 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X9 və xx.xx.2006-cı il təvəllüdlü X15 doğulmuşdur. İddiaçılara məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi barədə ərizə ilə cavabdehə müraciət edilsə də, cavabdeh tərəfindən imtina edilmişdir. Hazırda iddiaçılar cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12476/2023 nömrəli, 04 noyabr 2023-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı, İddiaçı, X4 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və məcburi köçkün vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə dəqiqləşdirilmə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi məhkəməyə təqdim edilmiş iddiaya qarşı yazılı etirazda bildirilir ki, İddiaçı “özünə və övladları X6, X12 məcburi köçkün vəsiqəsinin verilməsi” barədə Komitəyə daxil olmuş müraciəti Komitənin 2023-ci il 22 fevral tarixli 01/912 nömrəli məktubu ilə cavablandırılaraq bildirilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi üçün işğal vaxtı Şuşa rayonunda hərbi qeydiyyatda olduğunu təsdiq edən arayışı və digər sənədlərini Komitənin Nəsimi rayon sektoruna təqdim edilməlidir. Aidiyyəti üzrə sənədlər təqdim olunduqdan sonra iddiaçıya məcburi köçkün statusunun verilib-verilməməsi məsələsinə baxıla bilər. Digər iddiaçılar X6 və X12 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsi tərəfindən araşdırılan zaman müəyyən olunmuşdur ki, X4 və X10 atası İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olmamışdır və yaşayış yeri üzrə ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. X4 və X10 anası X3 isə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olaraq ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. X4 və X10 atası İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olmadığından və yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından - “Bakı şəhəri” olduğundan, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, X6 və X12 məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Belə ki, Qaydaların 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün’’ statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün’’ statusu və onu təsdiq edən vəsiqə verilir. Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, 2-1(112)-12476/2023 saylı qərarı ilə (hakim M.Hacıbəyova) iddia qismən təmin edilmiş, iddiaçılar xx.xx.2005-ci il təvəllüdlü X9 və xx.xx.2006-cı il təvəllüdlü X12 “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqələrinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmuş, iddia tələbi İddiaçı “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi hissəsində rədd edilmişdir. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12476/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və iddiaçılar X6 və X12 “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi” barədə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqanın apellyasiya şikayəti iddia ərizəsinə verilmiş etiraza uyğun əsaslandırılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, şikayətin təmin olunmaması, Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, 2-1(112)-12476/2023 saylı qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdeh inzibati orqana lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, 2-1(112)-12476/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin materialları ilə müəyyən edilir ki, iddiaçılar tərəfindən öz iddia tələbinin əsaslarını təsdiq edən sübut qismində məhkəməyə Şuşa rayon İcra Hakimiyyəti başçısının 24 yanvar 2023-cü il tarixli, 22/32 nömrəli və 24 yanvar 2023-cü il tarixli, 22/31 nömrəli arayışlarının surəti, Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli, 01/912 nömrəli, xx.xx.2023-cü il tarixli, 3-36/2-Ə-1543/2- 48/2023/3398 nömrəli məktublarının surəti, İddiaçı məxsus XXİV - ЖГ 657340 nömrəli Sovet Sosialist Respublikaları İttifaqını vətəndaşının pasportunun surəti, ona məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, ona məxsus AZ-İ 054379 nömrəli nikah haqqında şəhadətnamənin surəti, digər iddiaçılar X9 və X10 malik olduqları AA ******* nömrəli və AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələri, İddiaçı həyat yoldaşı, digər iddiaçıların anası X2 məxsus AA seriyalı, 090768 nömrəli məcburi köçkün vəsiqəsi, ona məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi təqdim edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçılar xx.xx.2005-ci il təvəllüdlü X9 və xx.xx.2006-cı il təvəllüdlü X12 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Həmçinin müəyyən olunmuşdur ki, İddiaçı həyat yoldaşı, digər iddiaçıların isə anası X1 şəhərindən məcburi köçkün düşmüşdür, məcburi köçkün statusuna malik olan şəxsdir. İddiaçı isə digər iddiaçıların atası olmaqla iddiaçılara məcburi köçkün statusunun verilməsi barədə cavabdeh orqana müraciət edilsə də, cavabdeh orqan iddiaçıların xahişini təmin etməkdən imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün işin faktiki hallarını aydınlaşdırmış, sübutlara düzgün qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və qərarda göstərilən nəticələr işin hallarına uyğundur. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 1-ci maddə. Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Başqa ölkədəki daimi yaşayış yerini bu maddənin birinci hissəsində göstərilən əsaslara görə tərk etməyə məcbur olub Azərbaycan Respublikasına gəlmiş Azərbaycan Respublikası vətəndaşına müvafiq icra hakimiyyəti orqanının qərarı ilə məcburi köçkün statusu verilə bilər. Həmin Qanunun 1-ci maddəsində göstərilən, müvəqqəti və ya daimi məskunlaşma yerinə gəlmiş şəxs qaçqın və ya məcburi köçkün statusu almaq üçün müvafiq dövlət orqanlarına müraciət edir. Müvafiq orqanlar onları dərhal qeydə alıb qaçqınlara üç aydan, məcburi köçkünlərə bir aydan gec olmayaraq qaçqın və ya məcburi köçkün statusu barədə müvafiq sənəd verir. Üzrlü səbəb olduqda (bədbəxt hadisə baş verməsi, xəstələnmə, nəqliyyat vasitəsinin olmaması və başqa hallar) bu müddət həmin orqanın qərarı ilə artırıla bilər. Qaçqın statusu beş il müddətinə verilir. 9-cu maddə. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli Fərmanına əsasən: -“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin ikinci hissəsində, 10-cu maddəsinin birinci hissəsində (ikinci halda), 12-ci maddəsinin birinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi həyata keçirir. - “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ına əsasən (dövlət qeydiyyatına 2013-cü ildə **********0001 nömrə ilə alınmışdır): -Valideynlərdən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. İşin faktiki hallarına əsasən, iddiaçılar X9 və X10 anaları X3 yaşayış yeri üzrə Şuşa şəhərində qeydiyyatdadır, xx.xx.2004-cü ildə, “Məcburi köçkün” vəsiqəsini almış, lakin X6 və X12 “Məcburi köçkün” statusunun verilməsindən imtina edilmişdir. Halbuki, yuxarıda göstərilmiş qanunun normalarına uyğun olaraq iddiaçılar X9 və X10 da “Məcburi köçkün” statusunu almaq hüquqları vardır. Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ına əsasən: - “Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi (bundan sonra Komitə) qəbul edir. - 1.2. məcburi köçkünlər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə və bu qaydalarla müəyyən edilmiş müddətdə “məcburi köçkün” statusu almaq hüququna malikdirlər. - 4.2. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir: 4.2.1. İşğal zamanı həmin rayonlarda işləyən, lakin sakini olduğu işğal olunmamış şəhərdə (rayonda) pasport qeydiyyatında olan şəxslərə. 4.2.2. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış şəhər (rayon) sakini ilə nikahda olmuş, lakin sakini olduğu işğal olunmuş rayondan pasport qeydiyyatından çıxmayan qadınlara və onların uşaqlarına. 4.2.3. “Məcburi köçkün” statusu olmayıb, “məcburi köçkün” şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə. 4.2.4. Sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan, səfərbərlikdən boyun qaçıran və fərariliyə görə barəsində amnistiya aktı tətbiq olunan şəxslərə. 4.2.5. Sakini olduğu rayonun işğalından sonra “məcburi köçkün” statusu olan şəxslər tərəfindən himayə və qəyyumluğa götürülmüş “məcburi köçkün” statusuna malik olmayan şəxslərə. 4.2.6. “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına. İşin həqiqi hallarından göründüyü kimi, iddiaçılar X9 və X12 münasibətdə sözügedən Qaydaların 4.2-ci maddəsində sadalanan “Məcburi köçkün” statusunun verilməsini istisna edən halların heç biri mövcud deyil. Həmçinin, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-1887/2021, 2- 1(102)-942/2022 saylı qərarlarından görünür ki, “valideynlərindən yalnız birinin məcburi köçkün statusu olduğu və işğal olunmuş rayonda qeydiyyatı olduğu halda uşaqlara məcburi köçkün statusunun verilməsi barədə iddialar əsaslı hesab edilmişdir. Analoji işlər üzrə formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq məhkəmə hesab edir ki, övladların yaşayış və qeydiyyat ünvanının valideynlərlə eyni olmalı olduğu və işğaldan azad edilmiş torpaqlara məcburi köçkün olan valideynləri ilə birgə köçürülmə ehtimalı olduğundan valideynlərindən ən azı biri “məcburi köçkün” statusuna malik olan uşaqlara bu statusun verilməsindən imtina oluna bilməz”. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdeh orqanın apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12476/2023 nömrəli, 04 noyabr 2023-cü il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1582/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1582/2024
16.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver