Məhkəmə qərarları › İş №2-1(103)-1582/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1582/2025

23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1582/2025 23.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X1 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 27 noyabr 2024cü il tarixli, 2-1(112)-12652/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1970-ci il tarixdə anadan olmuş, xx.xx.1993-cü il tarixdən həqiqi hərbi xidmətə daxil olmuş və xx.xx.2024-cü il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Ehtiyata buraxılarkən 37 il 4 ay 21 gün ümumi hərbi xidmət illəri mövcud olmuşdur. Hazırda hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası alır. Məlum olduğu kimi, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normalarına əsasən yaşına görə hərbi xidmətdən buraxılanlara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin-2 faizi miqdarında əlavə olunmaqla pensiya hesablanırdı. 2024-cü il yanvarın 1-dən sonra sözügedən norma dəyişdirilmiş və nəticədə ona təyin edilən pensiya məbləği 5% azalmış və sosial təminat hüququ məhdudlaşdırılmışdır. Nəzərə alınmalıdır ki, onun yaşa görə pensiyaya çıxmaq hüququ sözügedən müddəanın qanunvericilikdən çıxarılmasından əvvəl yarandığından hüququnun yarandığı tarixdə qüvvədə olan normalar tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 mart 2014-cü il tarixli Qərarı ilə pensiya təminatı sahəsində formalaşdırmış olduğu hüquqi mövqeyə görə şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır. Ərizəyə əlavə edilmiş sənədlərlə sübut olunur ki, 2024-cü il yanvarın 1-nə qədər iddiaçının (xx.xx.2023-cü il tarixdə) 53 yaşı tamam olmuş və hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Bu səbəbdən ona pensiya təyin edilərkən pensiya hüququnun yarandığı zaman (yəni xx.xx.2024-cü il tarixədək) qüvvədə olan normaların tələbinə uyğun şəkildə pensiya məbləği hesablanmalıdır. Bundan başqa qeyd edir ki, onun hüququ yarandığı tarixdə pensiya təyin edilsəydi təminat xərcliyinin 98,83 faizi məbləğində əmək pensiyası təyin ediləcəkdi. İş apellyasiya instansiyası məhkəməsinin icraatında olan zaman İddiaçı nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, ərizənin məzmununa düzəliş edilməli, belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, bu Qanun 2024-cü il iyulun 1-dən qüvvəyə minmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya dair etirazla məhkəmə müraciət edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 20.14.1-ci maddəsinin xx.xx.2024-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən hərbi xidmətdən buraxılanadək 25 təqvim ili ve daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin - 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əmək pensiyası müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası'nın 5.10-cu bəndinin 1 yanvar 2024-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən, "Əmək pensiyaları haqqında" Qanunun 9.5-ci maddəsində nəzərdə tutulmuş şəxslərə 2017-ci il iyulun 1-dən sonrakı dövrdə əmək pensiyasının təyinatı zamanı Qanunun 20.14.1-ci maddəsinin 1 yanvar 2024-cü il tarixdən qüvvədə olan redaksiyasında nəzərdə tutulmuş qaydada əlavələr müəyyən edilərkən 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) 2017ci il iyulun 1-dək olan dövrünün hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında, həmin tarixdən sonrakı dövrünün isə hər ili üçün (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) 2 faizi (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər istisna olmaqla) miqdarında hesablanır. Mərkəzi Filialın əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X4 qərarlarını, X4 sədrinin sərəncam və əmrlərinı rəhbər tutur. İddiaçı sonuncu xidmət keçdiyi orqandan xx.xx.2024-cü il tarixdə tərxis olunması ilə əlaqədar Mərkəzi Filiala təqdim edilən məlumat vərəqində onun xx.xx.2017-ci il tarixədək 30 il 10 ay 21 gün, xx.xx.2017-ci il tarixdən sonra 6 il 11 ay 3 olmaqla cəmi xidmət müddətinin 37 il 9 ay 24 gün olduğu göstərilmişdir. Belə olan halda iddiaçının əmək pensiyası aşağıdakı qaydada hesablanır: 1. xx.xx.2017- ci il tarixədək 30 il 10 ay 21 gün xidmət müddətinə münasibətdə - 25 il üçün təminat xərcliyinin 65 faizi; 5 il üçün (aylar nəzərə alınmadan (xx.xx.2017-ci il tarixədək təminat xərcliyinin faiz dərəcəsinin müəyyənləşdirilməsi zamanı ayların hesablanması qanunvericilikdə nəzərdə tutulmayıb)) - hər ilə görə 3 faizi miqdarında olmaqla (5x3) təminat xərcliyinin 15 faizi. 2. xx.xx.2017-ci il tarixdən sonra 6 il 11 ay 3 gün müddəti üçün isə -6 il üçün hər ilə görə 2 faizi miqdarında olmaqla (6x2) təminat xərcliyinin 12 faizi; -11 ay üçün təminat xərcliyinin 1,83 faizi. Göstərilənlərə əsasən, iddiaçıya Mərkəzi Filial tərəfindən 4 iyun 2024-cü il tarixdən təminat xərcliyinin (4048,30 manat) 93,83 (65+15+12+1,83) faizi-3798,52 manat məbləğində olmaqla qanunvericiliyin müddəalarına uyğun formada əmək pensiyası təyin edilərək ödənilir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-12652/2024 saylı qərarı ilə (hakim A.Ə.Əhədova) iddia rədd edilmişdir. Birinci instansiyası məhkəməsi qərarını onunla əsalandırmışdır ki, “ ... İddia mahiyyəti üzrə əsassızdır. ... Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.14-cü maddəsinə əsasən bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla;(..). Qeyd edilməlidir ki, 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 20.14.1-ci maddəsində “hər ili” sözlərindən sonra “(il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)” sözləri əlavə edilmiş və “3 faizi” sözləri “2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi)” sözləri ilə əvəz edilmişdir. (Qanun xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir)” ƏMP-na 22 dekabr 2023-cü il tarixli 1074-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 20.14.1-ci maddədə hər üç halda “20” rəqəmləri “25” rəqəmləri ilə, “50” rəqəmləri “65” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddədən “yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi,” sözləri çıxarılmışdır. (Qanun xx.xx.2024-cü il tarixdən qüvvəyə minmişdir). Beləlilkə, iddiaçı ƏPQ-20.14.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək və xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən ona 37 il 09 ay 24 gün xidmət müddətindən xx.xx.2017-ci il tarixədək olan 30 il 10 ay 21 günlük dövr üzrə 20 il üçün yaşına görə hərbi xidmətdən buraxıldığına görə 55%+ xx.xx.2017-ci il tarixədək olan dövr üzrə qalan 10 il üçün hər ilə 3% olmaqla cəmi 30 % (bu zaman aylar nəzərə alınmır, belə ki, xx.xx.2017-ci il tarixədək təminat xərcliyinin fazi dərəcəsinin müəyyənləşdirilməsi zamanı ayların hesablanması nəzərə alınmır, yalnız tam il hesaba alınır) + xx.xx.2017-ci il tarixdən sonrakı dövrə düşən qalan 6 il 11 ay 03 gün üçün hər tam ilə 2 % olmaqla 12% + xx.xx.2017-ci il tarixdən sonra qüvvəyə minmiş natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla 11 ay üçün 1/83 % (11x(2/12) olmaqla cəmi 98,83% məbləğində (85%+13.83%) təminat xərcliyindən pensiyasının hesablanmasını mübahisələndirir. ... işin mübahisələndirilən halı ƏPQ-nun 20.14.1-ci maddəsinə edilmiş və xx.xx.2024-cü il tarixdən qüvvədə olan redaksiyasının iddiaçının pensiya məbləğinin hesablanmasına tətbiq edilib-edilməməsi ilə bağlıdır. İddiaçı onun yaşa görə əmək pensiyası hüququnun hələ 53 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdə yarandığını, həmin tarixdə isə qanunun sözügedən dəyişikliyin qəbul olunmadığını, hərbi xidmətdən buraxılaraq pensiya təyin edildiyi xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixdən qüvvədə olan redaksiyanın tətbiqinin onun vəziyyətini ağırlaşdırdığını əsas gətirərək ona məhz xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş ƏPQ-nun 20.14.1-ci maddəsinin redaksiyası əsasında pensiyasının hesablanmasını mübahisələndirir. Məhkəmə aşağıdakılara əsasən iddiaçının mövqeyi ilə razılaşmır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. xx.xx.2024-cü il tarixdən qüvvədə olan redaksiyada 9.5-ci maddəsinə əsaəsn aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, buraxıldığı günə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48 və daha çox yaşı, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. - 9.6. Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Qeyd edilən normaların göründüyü kimi hərbi qulluqçunun son xidmət yaşı həddinə çatması hələ onun hərbi qulluqçu kimi pensiya hüququnun yaranmasını ehtiva etmir. Yaşa görə hərbi qulluqçu üçün pensiya hüququnun yarandığı tarix məhz onun yaşına görə hərbi xidmətdən tərxis olunduğu gündür, hərbi qulluqçu yaşa görə pensiyasını hüququnu hərbi xidmətdən buraxıldığı gündən təmini tələb də bilər, onun üçün pensiya məbləği hərbi xidmətdən buraxıldıqdan sonra hərbi xidmətdən buraxıldığı günə aldığı təminat xərcliyindən hesablanmaqla təyin olunur. Başqa sözlə, hərbi qulluqçuya pensiya təyin edilməsi üçün hüquqi fakt onun müvafiq xidmət illərinə malik olmaqla hərbi xidmətədən buraxılmasıdır”. İddiaçı Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-12652/2024 saylı qərarını mübahisələndirmiş və apellyasiya şikayətində göstərmişdir ki, məhkəmə birincisi, iddiaçının yaşa görə əmək pensiyası hüququnun yarandığı vaxtı düzgün müəyyən etməmiş, ikincisi, əmək pensiyasına əlavələrin hesablanması qaydalarını müəyyən edən normaları düzgün tətbiq etməmişdir. O cümlədən, birinci hal ilə bağlı qeyd edilir ki, iddia ərizəsində də göstərildiyi kimi, iddiaçının yaşa görə əmək pensiyası hüququ xx.xx.2023-cü il tarixdə, yəni polkovnik rütbəsində hərbi xidmətdə olmağın son yaş həddinə çatdığı (iddiaçının 53 yaşının tamam olduğu vaxt) vaxt yaranmışdır. Məhkəmə qərarında “xx.xx.2024-cü il tarixindən qüvvədə olan redaksiyada 9.5-ci maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır” göstərərək, hesab etmişdir ki, “Qeyd edilən normaların göründüyü kimi hərbi qulluqçunun son xidmət yaşı həddinə çatması hələ onun hərbi qulluqçu kimi pensiya hüququnun yaranmasını ehtiva etmir. Yaşa görə hərbi qulluqçu üçün pensiya hüququnun yarandığı tarix məhz onun yaşına görə hərbi xidmətdən tərxis olunduğu gündür...”. Lakin sözügedən normanın məhkəmənin istinad etdiyi redaksiyası xx.xx.2024-cü il tarixdən deyil, xx.xx.2024-cü il tarixdən qüvvədədir. Belə ki, xx.xx.2024-cü il tarixli, 1172-VİQD nömrəli Qanunla (xx.xx.2024-cü il tarixdə qüvvəyə minmişdir) Əmək pensiyaları haqqında Qanunun 9.5-ci maddəsinə “hərbi qulluqçu kimi" sözlərindən əvvəl “hərbi xidmətdən buraxıldığı gündən" sözləri əlavə olunmuşdur. İddiaçı isə həmin Qanun qəbul olnmazdən əvvəl, yəni xx.xx.2024-cü il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. Həmin normanın müvafiq dəyişikliyə qədər olan redaksiyasına əsasən isə hərbi qulluqçunun yaşa görə əmək pensiya hüququnun yarandığı vaxt onun hərbi xidmətdə olmanın son yaş həddinə çatması ilə müəyyən edilirdi. Göründüyü kimi, məhkəmə hərbi qulluqçu kimi iddiaçının yaşa görə əmək pensiyası hüququnun yarandığını, səhvən, iddiaçının hərbi xidmətdən buraxıldığı xx.xx.2024-cü il tarixi ilə əlaqələndirmişdir. İkinci hal ilə bağlı bildirilir ki, iddiaçının yaşa görə əmək pensiyası hüququ onun hərbi xidmətdən buraxıldığı xx.xx.2024-cü il tarixində deyil, ondan əvvəl, yəni xx.xx.2023-cü il tarixdə (hərbi xidmətdə olmağın son yaş həddi), yaranmışdır, deməli, iddiaçının pensiyasının hesablanması da xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş pensiya qanunvericiliyinə əsasən hesablanmalıdır. Lakin məhkəmə bu halda da maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, iddiaçının pensiya hüququnun yaranmasından (xx.xx.2024-cü il tarixdən) sonra qəbul olunmuş və qüvvəyə minmiş, “Əmək pensiyaları haqqında” və digər qanunlarda dəyişikliklər edilməsi barədə xx.xx.2023-cü il tarixli, 1074-VİQD nömrəli Qanunun “Keçid müddəalarına” (maddə 5) istinad edərək, belə qənaətə gəlmişdir ki, “...ƏPQ-na dəyişiklik edilməsi barədə 22 dekabr 2023-cü il tarixli 1074-VİQD nömrəli Qanunun keçid müddəalarının tələbləri baxımından xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş norma əsasında pensiya təyin edilməsi mümkün hesab olunmur”. Məhkəmə həmin normanı səhv təfsir etmişdir. Digər tərəfdən məhkəmə qərar qəbul edərkən, nəzərə almamışdır ki, cavabdeh özü əmək pensiyasına əlavələri hesablayarkən, iddiaçının xx.xx.2017-ci il tarixinədək malik olduğu 30 il 10 ay 21 gün xidmət müddətinə münasibətdə xidmət ilinin bir hissəsinin- (5 il) hər ilinə görə əlavələri 3% hesabı ilə hesablamaqla, əslində, qismən də olsa iddiçıya münasibətdə xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş pensiya qanunvericiliyinin tətbiq edilməli olduğunu etiraf etmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1-ci maddəsinin xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 20 təqvim ili xidmət etmiş hərbi qulluqçu artıq yaşa görə əmək pensiyası hüququna malik olmuşdur və həmin Qanunun 20.14.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, 20 ildən artıq xidmət ilinin hər ilinə görə 3% olmaqla əlavə hesablanırdı. Göstərilənlərə əsasən iddiaçı məhkəmədən apellyasiya şikayətinin təmin edilərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024- cü il tarixli, 2-1 (112)-12652/2024 nömrəli qərarının ləğv edilib, iddinın təmin ounması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinə dair etirazını məhkəməyə təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı hərbit qulluqçu kimi yaşa görə əmək pensiyası hüququnun hərbi xidmətdə olmanın son yaş həddinə çatması ilə müəyyən edildiyini bildirsə də, qanunvericilikdə buna dair konkret norma mövcud deyildir. Bundan başqa Qanunun 9.5-c maddəsinə “hərbi xidmətdən buraxıldığı gündən” sözləri xx.xx.2024-cü il tarixdən əlavə edilsə də, sözügedən maddənin davamında hərbi qulluqçuların yaşa görə pensiya hüququnun yaranmasının hərbi xidmətdən buraxılmaları ilə müəyyən edildiyi məlum olur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 izahatında məhkəməyə bildirdi ki, birinci instansiya məhkəməsi qərarında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş 2 düzəlişə istinad etmişdir. Ümumiyyətlə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda yaşa görə pensiya hüququnun yaranmasının bir neçə ümumi və xüsusi əsasları vardır. Qanunla müəyyən olunmuş yaş həddinə çatma ümumi əsas kimi qəbul edilir. Şəxsə hərbi qulluqçu olduğu üçün pensiya təyin edilməsi xüsusi və güzəştli əsas kimi nəzərə alınmalıdır. İstər qüvvədən düşmüş, istərdə də, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən iddiaçı yaşından asılı olmayaraq hərbi xidmət müddətinin 20 ili tamam olduğu üçün o, pensiya hüqüqunu artıq əldə etmişdir. İddiaçı hərbi xidmətdən 06 iyun 2024-cü il tarixdə tərxis olunmuşdur. O, hərbi xidmətdən tərxis olunduqdan sonra “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.5-ci maddəsinə əlavələr olunaraq pensiya hüququnun yaranması əsasları konkretləşdirilir. Dəyişikliyə əsasən şəxsin hərbi xidmətdən buraxıldığı gündən etibarən onun pensiya hüququnun yarana bilməsi nəzərdə tutulur. Həmin dəyişiklik 01 iyul 2024-cü il tarxindən etibarən qüvvəyə minmişdir. Yəni, həmin dövrdə artıq iddiaçı hərbi xidmətdən buraxılmışdır. Hətta birinci instansiya məhkəməsi tərəfindən həmin dəyişikliyin qüvvəyə minməsi vaxtı da düzgün qeyd olunmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən, həmçinin qanuna edilən düzəlişin keçid müdəalarına da istinad edilmişdir. İstinad olunan həmin keçid müdəalarına da məhkəmə tərəfindən düzgün şərh verilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Dövlət Sosial Müdafiə Fondu X6 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.5-ci maddəsinin birinci cümləsində “hərbi xidmətdən buraldığı” ifadəsi 01 iyul 2024-cü il tarixindən etibarən qüvvəyə minmiş olsa da, maddənin davamında belə qeyd olunur ki, “Aşağıdakı hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. Hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular, hərbi xidmətdən yaşa görə buraxılmış şəxslər”. Yəni həmin dəyişiklik sonradan qüvvəyə minsə də, imperativ norma kimi maddəni bütövlükdə təvsir olunduğu zaman həmin normanın daha əvvəl də qüvvədə olması görünür. Təkcə müəyyən olunan yaş həddinə çatma iddiaçının tələbinin təmin olunması üçün əsas deyil. Burada mühim məqam yaşa görə hərbi xidmətdən buraxılma məqamıdır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsaslıdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, iş materiallarında olan sənədlər kifayət qədər araşdırılmamış, nəticə etibarilə düzgün olmayan qənaətə gəlinmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir ki, iddiaçıya cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/3-3- 7728/2024 nömrəli qərarı ilə cəmi xidmət illəri 37 il 09 ay, pensiya faizi 93.83 manat olmaqla “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə əsasən hüququn yarandığı xx.xx.2024-cü il tarixdən əmək pensiyası təyin edilmişdir. İddiaçı 53 yaşının xx.xx.2024-cü il tarixədək, yəni xx.xx.2023-cü il tarixdə tamam olduğunu, bununla da həmin vaxtdan hərbi qulluqçu kimi yaşa görə əmək pensiaysı hüququnun yarandığını nəzərə alaraq ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.14.1-ci maddəsinin həmin tarixədək qüvvədə olan redaksiyası əsasında əmək pensiyasının yenidən hesablanmasını xahiş edir. Birinci instansiyası məhkəməsinin mövqeyi ondan ibarətdir ki, hərbi qulluqçunun son xidmət yaşı həddinə çatması hələ onun hərbi qulluqçu kimi pensiya hüququnun yaranmasını ehtiva etmir. Yaşa görə hərbi qulluqçu üçün pensiya hüququnun yarandığı tarix məhz onun yaşına görə hərbi xidmətdən tərxis olunduğu gündür, hərbi qulluqçu yaşa görə pensiyasını hüququnu hərbi xidmətdən buraxıldığı gündən təmini tələb də bilər, onun üçün pensiya məbləği hərbi xidmətdən buraxıldıqdan sonra hərbi xidmətdən buraxıldığı günə aldığı təminat xərcliyindən hesablanmaqla təyin olunur. Başqa sözlə, hərbi qulluqçuya pensiya təyin edilməsi üçün hüquqi fakt onun müvafiq xidmət illərinə malik olmaqla hərbi xidmətədən buraxılmasıdır. Məhkəmə kollegiyası ifadə olunan yanaşma ilə razılaşmır və qeyd etməyi zəruri hesab edir ki, pensiya hüququnun yaranma məqamı - xüsusilə hərbi qulluqçular və xüsusi xidmət sahələrində çalışan şəxslər üçün – həm hüquqi, həm də sosial baxımdan əhəmiyyətlidir. Bu hüququn yaranma anının düzgün müəyyən olunması qazanılmış hüququn qorunması, qanunun geriyə şamil edilməsinin qarşısının alınması, eləcə də məbləğlərin düzgün hesablanması baxımından həlledici rol oynayır. Hüququn yaranma anı – şəxsin müəyyən bir hüquq subyekti kimi tanındığı, yəni qanunvericilikdə müəyyən olunmuş şərtlərin tam yerinə yetirildiyi an deməkdir. Hüquq yalnız bu an formalaşır. Bu formalaşma ilə yanaşı, hüququn reallaşdırılması (məsələn, pensiya üçün müraciət etmək) isə tədbiq mərhələsi hesab olunur və bu iki mərhələ birbirindən kəskin surətdə ayrılır. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununa görə əmək pensiyası hüququnun yaranması üçün şəxs aşağıdakı şərtləri yerinə yetirməlidir: yaş həddinə çatma; müvafiq sığorta və ya xidmət stajına malik olmaq. Xüsusilə hərbi qulluqçular üçün bu məsələni tənzimləyən normativ baza: - Maddə 9.5.1 - 25 (əvvəlki redaksiyada – 20) ildən artıq hərbi xidmət keçmiş şəxslər yaşa görə pensiya hüququ qazanırlar; - Maddə 9.6 - bu pensiya hüququ hərbi xidmətdən buraxıldıqdan sonra reallaşdırılır. Bu iki norma birgə şəkildə başa düşülməlidir. Əgər şəxs 25 (20) ildən artıq xidmət keçibsə və yaş həddinə çatıbsa, artıq pensiya hüququnu qazanmışdır. Onun xidmətdən çıxması isə bu hüququn real istifadəsi üçün prosedur addımdır, lakin hüququn məzmununu dəyişmir. Bu fərq hüququn ümumi nəzəriyyəsində belə izah olunur: Hüququn yaranması – şəxsin hüquq subyekti olaraq qanunla tanındığı və hüquq tələb etməyə başlaya biləcəyi an. Hüququn reallaşdırılması – həmin hüququn maddi və ya təşkilati baxımdan həyata keçirilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının məhkəmə təcrübəsinin vahidliyini təmin edən 08 oktyabr 2020-ci il tarixli, 03/2020 saylı qərardadında qeyd edilmişdir ki, qazanılmış hüquq – yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitiməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsi özündə qazanılmış daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirən mülkiyyət hüququnu qoruyur (İatridis Yunanıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 54; Beyeler İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 100). Bu maddə, həmçinin şəxsin mülkiyyət hüququnun əldə edilməsinə dair “qanuni gözləntisi”ni də müdafiə edir (X3 S.A. və digərləri Belçikaya qarşı işi üzrə qərarı, § 31). Şəxsin ən azından mövcud (və ya qazanılmış) mülkiyyətinin və ya əmlakının, o cümlədən iddialarının reallaşacağına dair "qanuni gözləntisi" olduğunu iddia edə bildikdə, “qanuni gözləntilər” həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər (X2- Adam İİ Almaniyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 83). Sözügedən “gözlənti” mülkiyyətə dair qanunvericilik aktına və ya normalarına əsaslandıqda “qanuni” hesab olunur (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 45-52). Mülkiyyət maraqlarına aid "gözlənti" "qanuni" hesab olunması üçün sadəcə ümidə yox, daha konkret bir xarakter daşımalı və hüquq normasına və ya məhkəmə qərarı kimi digər hüquqi akta əsaslanmalıdır (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 49-50; Sentro Avropa 7 S.R.L. və di Stefano İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 173; Béláné Naqi Macarıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 75). Yuxarıda qeyd olunan hüquqi mövqedən çıxış edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, yaşa görə pensiya hüququ şəxs müəyyən yaş və xidmət müddəti şərtlərini tamamladıqda qazanılmış hüquq olaraq formalaşır. Bu hüquq yalnız texniki olaraq istifadə edilmədiyi üçün onun ləğvi və ya məhdudlaşdırılması hüquqi dövlət prinsiplərinə ziddir. Məhkəmə kollegiyası həmçinin birinci instansiyası məhkəməsinin aşağıdakı qənaəti ilə də razılaşmır: “ ... Göründüyü kimi keçid müddəalarına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa hərbi qulluqçuların pensiya təminatı ilə bağlı yeni dəyişikliyin qazanılmış hüquq konsepsiyasından çıxış edərək hüquqi vəziyyəti ağırlaşdırmamaq məqsədilə yalnız iki kateqoriya qrup şəxslərə tətbiq edilməməsi nəzərdə tutulmuşdur: - xx.xx.2024-cü il tarixədək 20 təqvim ili hərbi xidmət müddətinin tamamlanmasına ən çoxu 3 təqvim ili qalmış hərbi qulluqçulara, - xx.xx.2024-cü il tarixədək 20 il və daha çox xidmət etmiş, lakin 25 təqvim ili hərbi xidmət müddətini tamamlayanadək hərbi xidmətdən buraxılan hərbi qulluqçulara. Hazırkı iş üzrə iddiaçı tərxis olunduğu xx.xx.2024-cü il tarixə 37 il 09 ay 24 gün, xx.xx.2024-cü ilə 37 il 03 ay xidmət müddəti olmaqla yuxarıda sadalanan şəxslər kateqoriyasına da aid deyildir”. Məhkəmə kollegiyası hesab edir ki, bu hissədə birinci instansiyası məhkəməsi tərəfindən gəlinən nəticə qanunvericiliyin məqsədlərinə cavab vermir. Belə ki, keçid müddəalarının sadəcə mətninə deyil, məqsədinə və hüquqi ruhuna uyğun şərh edilməsi vacibdir. Keçid müddəaları – qanunvericilikdə baş verən dəyişikliklər zamanı əvvəlki hüquqi rejimdən yeni rejimə keçid zamanı şəxslərin hüquqi vəziyyətinin necə tənzimlənəcəyini müəyyən edən normativ vasitədir. Onlar hüquqi sabitlik və hüquqi müəyyənlik prinsipini qorumaq məqsədilə tətbiq olunur və şəxslərin qanuni gözləntilərinin pozulmamasına xidmət edir. Müddəaların məzmunundan göründüyü kimi, qanun əksinə həmin yanaşması ilə qanunvericilikdə nəzərdə tutulmuş şərtləri tam həcmdə yerinə yetirməmiş şəxslərin imkanlarını genişləndirmiş və belə olan halda həmin normalara 37 ildən artıq xidmət müddəti olmuş iddiaçının hüquqlarının məhdudlaşdırılması üçün istinad edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, keçid müddəaları ilə qorunan şəxslər “qazanmaq üzrə olan” hüquq sahibləridir. Halbuki, İddiaçı kimi şəxslər artıq qanunla müəyyən olunmuş şərtləri tamamlamış və hüquq subyektinə çevrilmişlər. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsaslıdır və təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, 2-1(112)-12652/2024 saylı qərarı ləğv edilməli, iddia ərizəsi təmin edilməli, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2024cü il tarixədək qüvvədə olan müddəalarının (maddə 20.14.1) tələbləri nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-12652/2024 saylı qərarı ləğv edilsin. İddia ərizəsi təmin edilsin. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2024-cü il tarixədək qüvvədə olan müddəalarının (maddə 20.14.1) tələbləri nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Məhəmməd Rüstəmli Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar