Məhkəmə qərarları › İş №2-1(103)-1583/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1583/2021

22.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1583/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “cavabdehin yol verdiyi qanun pozuntusuna əsasən cəzalandırılması və s.” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(112)-1903/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı cavabdehin yol verdiyi qanun pozuntusuna əsasən cəzalandırılması və cavabdehin qanuni mövqeyini rəsmən bildirməsinin cavabdehin üzərinə qoyulması tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(112)-1903/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 10 dekabr 2019-cu ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin chairma Elektron ünvan elektron ünvanına müraciət göndərmişdir. Həmin müraciətdə Azərbaycanda ərasizində əmək fəaliyyəti ilə məşğul olmaq üçün Mersedes Sprinter 316 markalı mühərrik həcmi 2,500, qiymət 3.500 (üç min beş yüz) ABŞ dolları, 2010-cu il istehsalı olan avtomobili Azərbaycanda gömrük rəsmiləşdirilməsinin qiymətini və Qarabağ müharibəsinin iştirakçısı kimi güzəşt tətbiqi barədə suallar ünvanlamışdır. Lakin bu vaxta qədər ona heç bir cavab verilməyib. Mübahisəli qərardadında qeyd edilir ki, iddia ərizəsi cavabdehin yol verdiyi qanun pozuntularına görə cəzalandırılması və cavabdehin müraciətimə cavab verilməməsi ilə əlaqədar olub. Məhkəmə öz qərardadında bu mübahisənin inzibati məhkəməsinə aid olmadığını qeyd etsə də, dövlət orqanlarının vətəndaşlarının rəsmi müraciətlərinə cavab verilməsi qaydası Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsində, həmçinin Azərbaycan Respublikasının “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Qanunun müvafiq maddələrində əks edilib. Dövlət orqanlarının vətəndaşının müraciətinə cavab verilməsi kimi vəzifəsi vardır. Bu vəzifə yerinə yetirilmədikdə, vətəndaş inzibari məhkəməyə müraciət edərək qeyd olunan vəzifənin cavabdehin üzərinə qoyulmasının tələb edə bilər. Məhkəmənin qərardadı bu hissədə tam qanunsuz və əsassızdır. Bundan əlavə, məhkəmə qərardadı tamamilə təhrif olunub. Belə ki, o dəqiqləşdirmə ərizəsini məhkəməyə xəbərnamə məktubla göndərmiş, lakin məhkəmə iclasının tarixi və vaxtı barədə heç bir məlumat almamışdır. Bu səbəbə görə məhkəmədə iştirak edib öz arqumentlərini məhkəmənin diqqətinə çatdırmaqdan məhrum olunmuşdur. Doqquz ay ərzində davam edən bu məhkəmə qanunsuz və əsassız qərardadının qəbulu ilə nəticələnmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2- 1(112)-1903/2021 saylı qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Birinci instansiya məhkəməsi iddianı mümkünsüz hesab edərkən qərardadını belə əsaslandırmışdır ki, cavabdehin cəzalandırılmasına dair iddia inzibati mübahisə qaydasında baxılan iddia deyildir. Odur ki, hazırkı iddia ərizəsinə iddia tələbi çərçivəsində baxılması mümkün olmadığından, həmçinin iddia tələbi dəqiqləşdirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. İddiaçı cavabdehin yol verdiyi qanun pozuntusuna əsasən cəzalandırılması və qanuni mövqeyini rəsmən bildirməsinin inzibati orqanın üzərinə qoyulması barədə tələblə məhkəməyə müraciət etsə də, işdə olan cavabdehə ünvanlanmış müraciət ərizələrindən görünür ki, iddiaçı Azərbaycan Respublikasının silahlı qüvvələrinin hərbi birləşmələrinin quru qoşunlarında, xidmətdə X1 istiqamətində 2001-2002-ci illərdə hücum zamanı xəsarət alaraq əlil olduğunu bildirmiş və bununla əlaqədar Azərbaycan ərazisində əmək fəaliyyəti ilə məşğul olmaq üçün Mersedes Sprinter 316 markalı, mühərrik həcmi 2500, qiyməti 3500 ABŞ dolları qiyməti və 210-cu il istehsallı olan avtomobili Azərbaycanda gömrük rəsmiləşdirilməsindən keçmək üçün güzəşt tətbiqli mövqeyinin bildirilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım haqqında məktub ünvanlanaraq, iddia tələbinin dəqiqləşdirilməsi təklif edilsə də, məhkəmə iclasını ağlabatan müddətə təxirə salmamış, iddiaçının hüquqlarını məhdudlaşdırmış, məhkəmə tərəfindən iddiaçının tələbinə düzgün qiymət verilməmiş və AR İPM-nin 13-cü maddəsində müəyyən edilmiş hüquqi yardım göstərilməsi ilə bağlı vəzifəni yerinə yetirməmiş, iddia ərizəsinə baxan birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunun yuxarıda qeyd edilən imperativ tələblərinə əməl edilməmiş, iddiaçının dinlənilmə hüququ pozulmuşdur. Bundan başqa qeyd edilməlidir ki, iddiaçıya 25.01.2021-ci il tarixli hüquqi yardım haqqında məktub ünvanlansa da, həmin məktubda məhkəmə iclasının vaxtı və yeri barədə hər hansı məlumat öz əksini tapmamışdır. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, 17.02.2021-ci il tarixdə iddianın mümkün sayılmaması barədə qərardad çıxarıldıqdan sonra iddiaçı tərəfindən 03 fevral 2021-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə 17.02.2021-ci il tarixdə poçt təqdim edilmiş, 22.02.2021-ci il tarixdə ərizə məhkəməyə daxil olmuşdur. Belə olan halda məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyası prosessual hüquq pozuntusu kimi qiymətləndirir və hesab edir ki, göstərilən qaydaların məhkəmələr tərəfindən pozulması son nəticədə məhkəməyə müraciət etmək hüququnun qeyri-mütənasib şəkildə məhdudlaşdırılmasına gətirib çıxara bilər. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. AR İnzibati-Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12, 13 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin yardım etmək vəzifəsi” ilə bağlı tələblər pozulmuşdur”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(112)-1903/2021 saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Aida Hüseyn Hakimlər Səadət Bəktaşi Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar