Məhkəmə qərarları › İş №2-1(103)-1583/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1583/2022

03.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1583/2022 03.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Aslanova Gülnar Faiq qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ödənilməmiş müavinətin verilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-10402/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddət üçün “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda müharibə veteranları üçün nəzərdə tutulan sosial müavinətin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehlər həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10402/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10402/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müharibə veteranı adının verilməsi AR Nazirlər Kabinetinin 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı, əmək veteranı adlarının verilməsi və şərtləri haqqında Əsasnamə” ilə tənzimlənir. Həmin Əsasnaməyə görə veteranlar üçün güzəştlər vətəndaşa müvafiq icra hakimiyyəti orqanı tərəfindən veteran vəsiqəsi təqdim edildiyi tarixdən həyata keçirilir. Veteranların sosial müavinət almaq hüququnu onların veteran statusu almaq hüququndan fərqləndiməyə ehtiyac vardır. Veteran stausunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq sosoial müavinət almaq hüququ birbaşa statusun alınması ilə yaranır. Həmçinin şikayədə gösərilmişdir ki,müavinəti almaq hüququnun nə vaxtdan yarandığını müəyyən etmək lazımdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişdirlər və gəlməmə səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflər (nümayəndələri) iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya müharibə veteranı vəsiqəsi xx.xx.2017-ci il tarixdə verilmiş və həmin vəsiqəni aldıqdan sonra O, cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən ona müharibə veteranı vəsiqəsi təqdim edilən andan etibarən, yəni xx.xx.2017-ci il tarixdən müavinət təyin olunmuş, ödənişlər həyata keçirilməyə başlanılmışdır. Lakin, əvvəlki üç il müddət üçün müavinətin ödənilməsindən imtina edilmişdir. Buna görə də, iddiaçı əvvəlki üç il üçün müavinətin ödənilməsi öhdəliyin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəldiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etmişdir. Belə ki, İşin araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2017-ci il tarixdə, 032103 nömrəli “Müharibə veteranı” adı və vəsiqəsi verilmişdir. Sosial müavinət vəsiqəni aldığı tarixdən hesablanaraq verilsə də, keçmiş dövr üçün sosial müavinət ödənilməmişdir. Bununla bağlı iddiaçının müraciəti isə cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, **********1 saylı məktubla təmin edilməmişdir. İddiaçı tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən Veteranları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir. Həmin Qanunun 3-cü maddəsinin 1-ci hissə, 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə görə müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteran adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Qanunvericiliyin istinad olunan müddəaları ilə bağlı olaraq məhkəmə kollegiyası qeyd edir ki, ilk növbədə şəxsin müharibə veteranı statusu alması ilə bu statusdan irəli gələn hüquq, güzəşt və imtiyazlardan istifadəsi imkanları fərqləndirilməlidir. Yuxarıda qeyd olunan“Veteranlar haqqında” Qanunun 2-ci maddəsindən də göründüyü kimi veteranlar haqqında qanunvericilik yalnız “Veteranlar haqqında” Qanunun özündən ibarət deyil, o, həmçinin bütün digər başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından da ibarətdir. Bu isə o deməkdir ki, veteranlar həmin statusu əldə etdikdən sonra qanunvericilikdə nəzərdə tutulmuş çoxşaxəli hüquq, güzəşt və imtiyazlardan istifadə imkanları qazanırlar. Müvafiq olaraq sözügedən hüquq, güzəşt və imtiyazlardan da məhz onların təsbit olunduğu qanunvericiliyin müəyyən etdiyi qaydaya uyğun istifadə edə bilərlər. Həmin hüquqi mövqeyinə uyğun olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hazırkı tələbi “Sosial müavinətlər haqqında” Qanundan irəli gələn müavinətin alınması ilə bağlı olduğundan bu tələbin əsaslılığına, o cümlədən əsaslı olduğu halda, müavinətin hansı tarixdən təyin edilməli və hansı dövrlər üzrə ödənilməli olduğuna dair məsələyə “Veteranlar haqqında” Qanunun normalarına görə deyil, məhz həmin sosial müavinətin verilməsi məsələsini həll edən xüsusi qanun kimi çıxış edən “Sosial müavinətlər haqqında” Qanunun normalarına əsasən qiymət verilməlidir. Apellyasiya şikayətinin “Veteran stausunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq sosoial müavinət almaq hüququ birbaşa statusun alınması ilə yaranır” dəlilinə münasibət bildirərək Məhkəmə Kollegiyası qeyd edir ki, müharibə veteranı olmuş şəxsin müharibə veteranı olması faktını təsdiq edən sənədi nə zaman almasından asılı olmayaraq ona ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq “Sosial müavinət haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilməlidir. Belə ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etdiyi üçün “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə uyğun olaraq müharibə veteranı sayılmış və ona bu hüququ təsdiq edən müvafiq vəsiqə verilmişdir. Lakin o, müharibə veteranı kimi hüquqlarını həmin Qanunun 7-ci maddəsinə əsasən veteran vəsiqəsini əldə etdiyi vaxtdan həyata keçirməyə başlasa da, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən müavinətin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsini tələb edə bilər. Nəzərə almaq lazımdır ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə, şəxsin müharibə veteranı statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müharibə veteranı vəsiqəsini aldığı andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o anlama gətirir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilsə də, şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Çünki Qanun birmənalı şəkildə müharibə veteranı vəsiqəsi təqdim edildikdən sonra inzibati orqan tərəfindən hər iki hərəkətin eyni anda birgə aparılmalı olduğunu müəyyən edir – yəni, həm müavinətin ödənilməsinə başlanılması üçün təyinat aparılmalı, həm də əvvəlki üç il üçün ödəmələr edilməlidir. Beləliklə, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi inzibati orqan üçün belə bir vəzifə müəyyən edir ki, o, müavinətin ödənilməyə başlanılmasına əsasən verən təyinatı vəsiqənin alındığı gündən təyin etməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələri aparmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq kollegiya qeyd edir ki, şikayət təmin edilməməli, qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 99.1, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10402/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar