Məhkəmə qərarları › İş №2-1(103)-1583/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1583/2025

02.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1583/2025 02.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “ödənişin dayandırılması və artıq tutulmuş ödənişlərin geri qaytarılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X5 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “ödənişin dayandırılması və artıq tutulmuş ödənişlərin geri qaytarılması” tələbinə dair iddiası üzrə ünvan 4 21 oktyabr 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 02 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019- cu il Fərmanının tətbiq edilməsi, halhazırda aylıq müavinətindən çıxan 50% 181.94 (yüz səksən bir manat doxsan dörd qəpik) ödənişin dayandırılması və artıq tutulmuş ödənişlərin geri qaytarılması haqqında öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2013-cü il tarixdə 48 ay müddətinə illik 28 faiz ödəməklə 3800 USD məbləğində "xxxx" Kommersiya Bankı ASCdən kredit verilmişdir. Qrafik üzrə 1460 USD məbləğində ödənişlər etmiş, lakin müəyyən səbəblərə görə öhdəlik götürdüyü borcun ödənişlərində gecikmələr yaranmışdır. Binəqədi rayon Məhkəməsinin 2(001)-12803/2016 nömrəli xx.xx.2016-cı il tarixli qərarına əsasən ümumilikdə 2339,72 USD məbləğ "xxxx" Kommersiya Bankı ASC-nə ödənilməsi barədə qərar verilmişdir. 2018-ci ilin may ayının əvvəlində “BOA” şirkətinə dəvət olunaraq "xxxx" Kommersiya Bankı ASC-nə ödənilməli olan borcun qalan hissəsini gücü çatacaq qədər bu şirkətə ödəniş etməsini bildirmişlər. Şirkətdən Unibanka olan borcun hansı səbəblə şirkətə ödəməsi ilə bağlı sual verdikdə, rəsmi sənəd tələb etdikdə şirkət nümayəndəsi bunun tam rəsmi şirkət olduğunu və rəsmi sənədin ünvanına göndərilməsi ilə bağlı söz verilmişdir. xx.xx.2018-ci il tarixdən “BOA” şirkətinə ümumilikdə aylıqlarla 1153.7 USD məbləğində ödənişlər etmişdir. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin “Problemli kreditlərin həlli ilə bağlı krediti olan şəxslərə müəyyən güzəştlər edilməsi və borcun müəyyən hissəsinin silinməsi ödənilmiş artıq pulun hesablanıb geri qaytarılması ilə bağlı fərman imzalamışdır. Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərman restruktruziyasiya imtiyazlarından nə üçün yararlana bilmədiyi və hansı əsaslarla qeyd olunan şirkətə ödəniş etməyi ilə bağlı verilən suallara rəsmi cavab ala bilmədiyi üçün ödənişləri dayandırmışdır. xx.xx.2024-cü il tarixində “BOA” şirkətinin Binəqədi rayon İcra Probasiya şöbəsinə ünvanlandığı məktub əsasında müavinətinin 50 faizi (181 manat 94 qəpik) tutularaq “BOA” şirkətinə ödənilir. Bu barədə ona və onun ailə üzvlərinə rəsmi və ya qeyri-rəsmi məlumat verilməmişdir. xx.xx.2024-ci il tarixində "xxxx" Kommersiya Bankı ASC-nin baş offisinə və BOA şirkətinə məktub ünvanlamışdır, ünvanlanan məktublara cavab gəlməmişdir. xx.xx.2024-ci il tarixində Mərkəzi Bankın sədrinə məktub ünvanlanmış (imtina məktubun sürəti əlavə olunur), ünvanlanan məktuba rədd cavabı gəlmişdir. ünvan 4 21 oktyabr 2025-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, ünvan 4 21 oktyabr 2025-ci il tarixli qərardadının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları xx.xx.2025-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi X4 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Əvvəla qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Normaların məzmunundan da göründüyü kimi, inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur.Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (bənd 5.1). Hazırki işdə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı tələbi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanının tətbiq edilməsi, hal-hazırda aylıq müavinətindən çıxan 50% 181.94 (yüz səksən bir manat doxsan dörd qəpik) ödənişin dayandırılması və artıq tutulmuş ödənişlərin geri qaytarılması haqqında öhdəliyin cavabdehin üzərinə qoyulması” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının hazırki tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməməsinə əsaslanaraq iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4949/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı cavabdehlər Bakı şəhər “Unibank" ASC-nin Baş Ofisi və "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. "xxxx" X9 Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı ünvanlanmış İMŞİEŞ/04129-2024 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, "xxxx" Kommersiya Bankı ASC-də xx.xx.2013-cü il tarixində 14790nkADJ/13 saylı müqavilə üzrə 48 ay müddətinə 3.800 USD məbləğində nağd kredit rəsmiləşdirilmişdir. Rəsmiləşdirilmiş kredit müqaviləsi və təqdim edilmiş ödəniş şərtləri razılaşdırılaraq imza ilə təsdiqlənmişdir. Ona məxsus kredit müqaviləsi üzrə gecikmələrin olması səbəbi və ödənişlərdə yaranmış çətinliklərin aradan qaldırılması məqsədi ilə 2019- cu il tarixində zənglər daxil olunmuşdur. **********39 nömrəyə xx.xx.2019-cu il tarixində restrukturizasiya ilə bağlı sms bildirişi göndərilmişdir. Buna baxmayaraq güzəştlə bağlı filiala yaxınlaşma aşkar olunmamışdır. "xxxx" ASC və "xxxx" KB ASC arasında bağlanmış kreditlərin qaytarılması üzrə xidmət göstərilməsi haqqında olan müqaviləyə əsasən, 14790nkADJ/l 3 saylı kredit müqaviləsi xx.xx.2021-ci il tarixində 2085,42 AZN qalıq borcla agentliyə güzəşt edilmişdir. Hazırda qeyd olunan müqavilə ilə bağlı "xxxx" ASC-yə müraciət etmək tövsiyə olunur. "xxxx" X9 Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ünvanlanmış BOA-HD/05 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, icraatda olan borclu İddiaçı Astana qızının tələbkar Unibank KB ASC-nin xeyrinə kredit borcunun tutulmasına dair Binəqədi rayon Məhkəməsinin 2(001)-12803/2016 saylı xx.xx.2016-cı il tarixdə icra sənədi vardır. Hal-hazırda İddiaçı qalıq borcu 1153.76 AE dolları təşkil edir. Lakin borclu məhkəmə qərarının icrasından qərəzli şəkildə yayınır, bu səbəbdən borclu barəsində qanunamüvafiq tədbirlərin görülməsini Binəqədi Rayon Məhkəməsinin 2(001)- 12803/2016 saylı xx.xx.2016-ci il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi üçün borclunun təqaüdündən 50% həcmində tutulmasına köməklik göstərilməsi xahiş edilmişdir. Tutulacaq məbləğ göstərilən hesab nömrəsinə köçürülməlidir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İddiaçı ünvanlanmış 6-1-26/2- M-91xx-xx-14555/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasına fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli Fərman (Fərman) imzalanmışdır. Fərmanın 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə 7 mart 2019-cu il tarixində "Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğ hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası" (Qayda) təsdiq edilmişdir. Sözügedən Fərmana əsasən fiziki şəxslərə müvafiq kompensasiyalar yalnız devalvasiyaların baş verdiyi günə (xx.xx.2015-ci və ya xx.xx.2015-ci il tarixlərə) banklar və digər kredit təşkilatlarında əsas kredit borcları üzrə qalıq məbləğləri cəmi 10.000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada ifadə olunan məbləğdə) olduğu təqdirdə verilir. Bundan başqa, həmin Fərmanda 01 mart 2019-cu il tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditləri üzrə vaxtı keçmiş kredit borclarının, yəni 360 gündən çox gecikdirilmiş borcların restrukturizasiya olunması nəzərdə tutulmuşdur. Kreditlər üzrə həmin devalvasiyaların baş verdiyi tarixlərə ümumi qalıq borcu 10.000 ABŞ dollarından (və ya eyni ekvivalentdə digər xarici valyutada ifadə olunan məbləğdən) artıq olduğu üçün kompensasiyaların hesablanması hissəsində Fərmanın əhatə dairəsinə düşməmişdir. Bu məlumatlar pk.cbar.az saytında məxsus şəxsi səhifədə əks olunmaqdadır. Fərmandan yararlanacaq şəxslər “Problemli kredit məlumatlarının sorğulanması" xidmətindən (https://pk.cbar.az/az/kompensasiya#) istifadə etməklə ona hesablanmış kompensasiya məbləği və restrukturizasiya edilməsi təklif olunan kreditlər barədə məlumat əldə edə bilərlər. Eyni zamanda “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019cu il tarixli Fərmanı çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq borclar Mərkəzləşdirilmiş Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanmışdır. Hazırda iddiaçının 3 tələbi mövcuddur:

1. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il fərmanının tətbiq edilməsi,

2. hal-hazırda aylıq müavinətindən çıxılan 50% 181.94 (yüz səksən bir manat doxsan dörd qəpik) ödənişin dayandırılması;

3. artıq tutulmuş ödənişlərin geri qaytarılması haqqında öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi. Məhkəmə kollegiyası iddiaçının ilk tələbinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən:

1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.

2. Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin.

3. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: 3.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etsin; 3.2. bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin.

4. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsinə əsasən bir fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği 5 000 (beş min) ABŞ dollarının manat ekvivalentindən çox olmamalıdır.

5. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki: 5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; 5.2. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin; 5.3. bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin.

6. Banklara tövsiyə edilsin ki: 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Göründüyü kimi, yuxarıda adı çəkilən Fərman fiziki şəxslərin xarici valyutada olan borcları ilə bağlı iki istiqamət müəyyən edir, ödənilmiş borc üzrə kompensasiya alacaq şəxslərə kompensasiyaların ödənilməsi və banklara tövsiyə edilmişdir ki, Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. İşin hallarından görünür ki, iddiaçının devalvasiyaların baş verdiyi tarixlərə ümumi qalıq borcu 10.000 ABŞ dollarından (və ya eyni ekvivalentdə digər xarici valyutada ifadə olunan məbləğdən) artıq olduğuna görə ona kompensasiyanın hesablanması təmin edilməmişdir, belə ki, hüquq münasibətinin adı çəkilən Fərmanın əhatə dairəsinə düşmədiyi müəyyən olunmuşdur. Digər tərəfdən, Binəqədi Rayon Məhkəməsinin 2(001)-12803/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi əsasında İddiaçı qalıq borcu 1153.76 AE dolları təşkil etsə də, borc ödənilmədiyi üçün borclu barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Binəqədi Rayon Məhkəməsinin 2(001)-12803/2016 saylı xx.xx.2016-ci il tarixli icra sənədi üzrə borclunun təqaüdündən 50% həcmində tutulma həyata keçirildiyi müəyyən olunur. Həmin tutma yuxarıda da göstərildiyi kimi, mülki məhkəmə qərarının icrası ilə bağlı həyata keçirilmişdir. Bu səbəbdən qeyd olunan tutmanın dayandırılması və tutulmuş məbləğlərin geri qaytarılması inzibati məhkəmə icraatı qaydasında tələb oluna bilməz. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir (bənd 3.1). İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır (bənd 4). Hazırki işdən görünür ki, iddiaçının tələbləri mülki xarakter daşımaqla yanaşı, inzibati məhkəmə icraatı qaydasında baxılmalı tələblər sırasına aid deyil. Belə olan halda hazırkı işə mülki xarakterli mübahisə kimi inzibati məhkəmə icraatı qaydasında baxılması da mümkün deyil. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasını qeyri-mümkün saymaqla bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin 2-1(112)-13519/2024 saylı 21 oktyabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. ünvan 4 21 oktyabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova X7 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar