Məhkəmə qərarları › İş №2-1(103)-1584/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1584/2023

07.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1584/2023 07.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlundan və X2 ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı artıq ödənilmiş gömrük rüsumunun geri qaytarılması tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1762/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət Gömrük Komitəsinin İddiaçı MMC barəsində qəbul edilmiş əsassız qərarının ləğv edilməsi, İddiaçı MMC tərəfindən müxtəlif vaxtlarda ödəməyə məcbur edilmiş 17204.24 (on yeddi min iki yüz dörd manat iyirmi dörd qəpik) AZN məbləğində pul vəsaitinin geri qaytarılması, gömrük rəsmiləşdirilməsinin aparılması zamanı nəzərdə tutulan müddətdən artıq gecikməyə səbəb olduğundan, eyni zamanda müştərilər qarşısında İddiaçı MMCnin işgüzar nüfuzunun zədələnməsinə görə 50000 (əlli min) AZN zərərin tələb olunması barədə qərar çıxarılmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC adına Polşa Respublikasından ********** saylı, xx.xx.2020-ci il tarixli dəyəri 25831.26 (iyirmi beş min səkkiz yüz otuz bir tam yüzdə iyirmi altı) EUR olan X7 Qida Əlavələri idxal edilmişdir. Malların gömrük rəsmiləşdirilməsi məqsədi ilə **********5532 sorğu nömrəli gömrük bəyannaməsi tərtib edilmişdir. Tərtib olunmuş bəyannamə Bakı Baş Gömrük İdarəsi tərəfindən sövdələşmə qiymətinə qeyri-qanuni yanaşılma sərgilənmiş, laqeydlik göstərilmiş və geri qaytarılaraq malın qiymətinin (**********5532) sorğu nömrəli gömrük bəyannaməsi) Gömrük tarifı haqqında Azərbaycan Respublikasının Qanununa zidd olaraq alqısatqı müqaviləsi və ödəmə sənədlərində göstərilən sövdələşmə qiyməti ilə deyil, özlərinin təklif etdiyi qanunda göstərilməmiş qaydada qiymətləndirilməsi tələb edilmişdir. O, gömrük əməkdaşlarından dəfələrlə bu barədə ona rəsmi yazılı bildirişlərin verilməsini tələb etmişdir. Lakin cavabdeh müxtəlif bəhanələr gətirirərək sövdələşmə qiymətinin qəbul olunmaması barədə yazılı bildiriş verilməkdən boyun qaçırılmış, süni surətdə qaldırılmış statistik dəyər üzrə gömrük rəsmiləşdirilməsi tələb edilmişdir. Bu səbəbdən də razılıq əldə olunmadığına görə mallar 15 gün daşıma həyata keçirən şirkətin nəqliyyat vasitəsində saxlanılımş və boşaldılmasına icazə verilməmişdir. Nəticədə Şirkəti tərəfindən nəqliyyat şirkətinə əlavə olaraq hər gün üçün 100 (yüz) Avro olmaqla ümumilikdə 1500 (bir min beş yüz) avro - təxminən 3000 (üç min) AZN məbləğində demuraj ödənilmişdir. Aparılan təhqiqat və istintaq prosesi uzadılaraq aprel ayında mallar qanuni gömrük rəsmiləşdirilməsi dəyərindən 8834 (səkkiz min səkkiz yüz otuz dörd) AZN artıq vəsait tələb olunmaqla məcburi surətdə rəsmiləşdirilmişdir. Gömrük buraxılış məntəqəsinin təyin edildiyi vaxtdan gec keçildiyinə görə daşıma şirkəti 340 manat cərimə edilmişdir ki, bu da şirkəti tərəfindən ödənilmişdir. Analoji hal mart ayında növbəti idxal zamanı da baş vermişdir. Belə ki, xx.xx.2021-ci il tarixində bəyan edilmiş məhsulların rəsmiləşdirilməsi (GB **********7776) süni şəkildə uzadılmış və xx.xx.2021-ci il tarixində gömrük rəsmiləşdirilməsinə ödənilməli olan məbləğ 4276.31 (dörd min iki yüz yetmiş altı manat 31 qəpik) AZN olduğu halda 6000.60 (altı min 60 qəpik) AZN gömrük rüsumu ödənilməklə rəsmiləşdirilməsinə məcburi olmuşdur və artıq 1724.29 (bir min yeddi yüz iyirmi dörd manat 29 qəpik) AZN ödəməklə gömrük rəsmiləşdirilməsini həyata keçirmişdir. Süni şəkildə malın rəsmiləşdirilməsi uzadıldığına görə 4 (dörd) gün üçün əlavə olaraq daşıma şirkətinə 400 avro (800 manat) vəsait ödənilmişdir. Bundan başqa eyni analoji hal ilə xx.xx.2020-ci il, GB **********5134 saylı rəsmiləşdirmə zamanı üz-üzə qalmışdır. Belə ki, bu dəfə gömrük rəsmiləşdirilməsinə 5120.05 (beş min yüz iyirmi manat 05 qəpik) AZN ödəməli olduğu halda, əvəzinə 7626 (yeddi min altı yüz iyirmi altı) AZN rüsum ödənilməsi tələb olunmuş və bundan sonra rəsmiləşdirmə icra edilmişdir. Beləliklə o bu gömrük əməliyyatı zamanı da 2505.95 (iki min beş yüz beş manat 95 qəpik) AZN artıq ödəməyə məruz qalmışdır. Ümumilikdə o, cavabdehin qanunsuz davranışları səbəbindən 17204.24 (on yeddi min iki yüz dörd manat 24 qəpik) AZN artıq ödəməyə məcbur olunmuşdur. İddiaçının razılığı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi ilə əvəz edilmişdir. İddiaçı nümayəndəsi X5 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2020-ci il tarixli, **********5532 saylı GB, xx.xx.2020-ci il tarixli, **********5134 saylı GB, xx.xx.2021-ci il tarixli, **********7776 saylı GB üzrə ödənilmiş 17586.24 AZN artıq rüsumun geri ödənilməsinin Bakı Baş Gömrük İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə icraata qəbul edilmişdir. İddiaçı nümayəndəsi X5 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2020-ci il tarixli, **********5532 saylı GB, xx.xx.2020-ci il tarixli, **********5134 saylı GB, xx.xx.2021-ci il tarixli, **********7776 saylı GB üzrə ödənilmiş 17586.24 AZN artıq rüsumun geri qaytarılması barədə müvafiq qərarın və rəyin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə icraata qəbul edilmişdir. Cavabdeh işin birinci instansiya icraatı zamanı iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1762/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli, **********5134 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan mallar üçün artıq ödənilmiş 2567,6 manat, xx.xx.2020-ci il tarixli, **********532 №-li, sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan mallar üçün artıq ödənilmiş 10716,22 manat, xx.xx.2021-ci il tarixli **********7776 №-li sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan mallar üçün artıq ödənilmiş 2625,63 manat məbləğində idxal gömrük rüsumunun geri qaytarılması barədə müvafiq qərarın və rəyin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulmuş, iddia tələbi qalan hissədə rədd edilərək, aparılmış tədqiqatın dəyəri 200 (yüz) manatın 150 (yüz əlli) manatı cavabdeh Bakı Baş Gömrük İdarəsindən, 50 (əlli) manatı İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın qismən iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında müxtəlif qanunvericilik normaları sadalansa da, həmin normalar işin faktiki hallarına düzgün tətbiq edilməmişdir. Belə ki, iş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2021 -ci il tarixli təzminat ödənişi barədə ərizəsində xx.xx.2020-ci il tarixli, **********5532 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan mallar üçün 8834 manat artıq vəsait tələb olunmaqla rəsmiləşdirildiyi qeyd edilmişdir. Lakin, məhkəmə həmin məbləğin 10716,22 manat təşkil etdiyini öz qərarında göstərmişdir. Həmçinin, yuxarıda qeyd edilən ərizədə xx.xx.2021-ci il tarixli, **********7776 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan mallar üçün 1724,29 manat artıq vəsait tələb olunmaqla rəsmiləşdirildiyi qeyd edilmişdir. Lakin, məhkəmə həmin məbləğin 2625,63 manat təşkil etdiyini öz qərarında göstərmişdir. Həmçinin, yuxarıda qeyd edilən ərizədə xx.xx.2020-ci il tarixli, **********5134 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan mallar üçün 2505,95 manat artıq vəsait tələb olunmaqla rəsmiləşdirildiyi qeyd edilmişdir. Lakin, məhkəmə həmin məbləğin 2567,60 manat manat təşkil etdiyini öz qərarında göstərmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilləriini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1762/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2016-ci ildə hüquqi şəxs kimi qeydiyyata alınmışdır (VÖEN: **********). - Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyəti olan İddiaçı xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Qanuni təmsilçisi X4r. - “Prezdsiebiorstwo Farmacueutyczne LEK-AM” Sp.z.o.o ilə İddiaçı arasında olan xx.xx.2020-ci il tarixli, 00045/03/20F nömrəli invoysun surətindən görünür ki, 2 adlı məhsulların dəyəri 6,571.42 EUR müəyyən edilmişdir. - **********5134 №-li, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsinin surətindən görünür ki, "Prezdsiebiorstwo Farmacueutyczne LEK-AM" Sp.z.o.o tərəfindən İddiaçı adına göndərilmiş qida əlavələrinin invoys dəyəri 6571.42 ABŞ dolları, gömrük dəyəri 13350.30 manat, statistik dəyəri 7853.12 ABŞ dolları qeyd olunmaqla gömrük rüsumu 5120.05 AZN hesablanmış və həmin bəyannamə İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə təsdiq edilmişdir. - - **********5134 №-li, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsinin surətindən görünür ki, "Prezdsiebiorstwo Farmacueutyczne LEK-AM" Sp.z.o.o tərəfindən İddiaçı adına göndərilmiş qida əlavələrinin invoys dəyəri 6571.42 ABŞ dolları, gömrük dəyəri 20372.46 manat, statistik dəyəri 11983.80 ABŞ dolları qeyd olunmaqla gömrük rüsumu 7626.97 AZN hesablanmış və həmin bəyannamə üzrə mallar xx.xx.2020-ci il tarixdə buraxılmışdır. - - “Polski Lek” S.A ilə İddiaçı arasında olan xx.xx.2020-ci il tarixli, ********** nömrəli invoysun surətindən görünür ki, 10 adlı məhsulların dəyəri 25831.26 EUR müəyyən edilmişdir. - **********532 №-li, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsinin surətindən görünür ki, "Polski Lek" S.A tərəfindən İddiaçı adına göndərilmiş qida əlavələrinin invoys dəyəri 25831.26 ABŞ dolları, gömrük dəyəri 57635.59 manat, statistik dəyəri 33903.29 ABŞ dolları qeyd olunmaqla gömrük rüsumu 21165.91 AZN hesablanmış və həmin bəyannamə İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə təsdiq edilmişdir. - **********532 №-li, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsinin surətindən görünür ki, "Polski Lek" S.A tərəfindən İddiaçı adına göndərilmiş qida əlavələrinin invoys dəyəri 25831.26 ABŞ dolları, gömrük dəyəri 82283.40 manat, statistik dəyəri 48402.00 ABŞ dolları qeyd olunmaqla gömrük rüsumu 30000.57 AZN hesablanmış və həmin bəyannamə üzrə malların yüklənməsinə xx.xx.2021-ci il tarixdə icazə verilmişdir. - “Polski Lek” S.A ilə İddiaçı arasında olan xx.xx.2021-ci il tarixli, ********** nömrəli invoysun surətindən görünür ki, 3 adlı məhsulların dəyəri 4793,84 EUR müəyyən edilmişdir. - **********7776 №-li, xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsinin surətindən görünür ki, “Polski Lek” S.A tərəfindən İddiaçı adına göndərilmiş qida əlavələrinin invoys dəyəri 4793.84 ABŞ dolları, gömrük dəyəri 11086.02 manat, statistik dəyəri 6521.19 ABŞ dolları qeyd olunmaqla gömrük rüsumu 4311.71 AZN hesablanmış və həmin bəyannamə İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə təsdiq edilmişdir. - **********7776 №-li, xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsinin surətindən görünür ki, "Polski Lek" S.A tərəfindən İddiaçı adına göndərilmiş qida əlavələrinin invoys dəyəri 4793.84 ABŞ dolları, gömrük dəyəri 17000.00 manat, statistik dəyəri 10000.00 ABŞ dolları qeyd olunmaqla gömrük rüsumu 6458.40 AZN hesablanmışdır. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 1400-013/0xx-xx/009146 nömrəli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı MMC-nin ünvanına Polşa Respublikasından 31ABG06/31AYL74 nömrə nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş xx.xx.2020-ci il tarixli, **********5532 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərin orta bazar qiymətinin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin xx.xx.2020-ci il tarixli, 241 saylı ekspert rəyinə əsasən DR VİTT Multivitamin Lollipops 100*8g UA – 1 qutu – 0,3 AZN; DR VİTT İmmunity Lollipops 100*8g UA – 1 qutu- 0,3 AZN; Santrovit Vitamin C 900 mg 28*84g food supplement – 1 qutu – 5,2 AZN; Recovit Vitamin C 900 mg 28*84g food supplement – 1 qutu – 5,2 AZN; Pover Vitamin C 900 mg 28*84g food supplement – 1 qutu – 5,2 AZN; Activemuss Vitamin C 900 mg 28*42g food supplement – 1 qutu – 3,2 AZN; Cevitan Vitamin C 900 mg 25*2*42g food supplement – 1 qutu – 5,2 AZN; C-MAX Vitamin C 900 mg 28*84g food supplement – 1 qutu – 5,2 AZN; Zing Pover 25mg 25*2*40g food supplement – 1 qutu – 5,2 AZN; Vita C Vitamin C 900 mg 28*84g food supplement – 1 qutu – 5,2 AZN müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/5751 nömrəli ekspert rəyinə əsasən 664 qutuda 64400 ədəd DR VİTT Multivitamin Lollipops 100*8g UA – 1 ədədinin qiyməti 0,3 manat, ümumi qiyməyi 19320 manat; 426 qutuda 42600 ədəd DR VİTT İmmunity Lollipops 100*8g UA – 1 ədədinin qiyməti 0,3 manat, ümumi qiyməti 12780 manat; 173 qutuda 4844 ədəd Santrovit Vitamin C 900 mg 28*84g food supplement – 1 ədədinin qiyməti 5,2 manat, ümumi qiyməti 25188,80 manat; 174 qutuda 4872 ədəd Recovit Vitamin C 900 mg 28*84g food supplement – 1 ədədinin qiyməti 5,2 manat, ümumi qiyməti 25334,40 manat; 173 qutuda 4844 ədəd Pover Vitamin C 900 mg 28*84g food supplement – 1 ədədinin qiyməti 5,2 manat, ümumi qiyməti 26188,80 manat; 174 qutuda 4872 ədəd Activemuss Vitamin C 900 mg 28*42g food supplement – 1 ədədinin qiyməti 3,2 manat, ümumi qiyməti 15590,40 manat; 96 qutuda 2400 ədəd Cevitan Vitamin C 900 mg 25*2*42g food supplement – 1 ədədinin qiyməti 5,2 manat, ümumi qiyməti 12480 manat; 163 qutuda 4564 ədəd C-MAX Vitamin C 900 mg 28*84g food supplement – 1 ədədinin qiyməti 5,2 manat, ümumi qiyməti 23732,80 manat; 98 qutuda 2450 ədəd Zing Pover 25mg 25*2*40g food supplement – 1 ədədinin qiyməti 5,2 manat, ümumi qiyməti 12740 manat; 163 qutuda 4564 ədəd Vita C Vitamin C 900 mg 28*84g food supplement – 1 ədədinin qiyməti 5,2 manat, ümumi qiyməti 23732,80 manat, beləliklə tədqiqata təqdim edilmiş 10 adda qida əlavələrinin ümumilikdə xx.xx.2020-ci il orta bazar qiyməti təxminən 196088 manat müəyyən edilmişdir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Tədqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, 00100-0140/21 nömrəli toplanmış materialın istintaq aidiyyatı üzrə göndərilməsi haqqında qərarından görünür ki, İddiaçı tərəfindən 27 noyabr 2020-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********5532 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara görə ödənilməli olan 44657.23 manat gömrük ödənişlərindən yayınma faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 209.1-ci maddəsində nəzərdə tutulan cinayət hadisəsinin əlamətləri olduğundan toplanmış materialları istintaq aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə göndərilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022ci il tarixli, 9/2239 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2020-ci il tarixli, **********5134 nömrəli gömrük bəyannaməsi üzrə iddiaçının təqdim etdiyi invoys qiyməti əsas götürülməklə gömrük ödənişləri 5.059,37 manat, xx.xx.2020-ci il tarixli, **********5532 nömrəli gömrük bəyannaməsi üzrə iddiaçının təqdim etdiyi invoys qiyməti əsas götürülməklə gömrük ödənişləri 19.284,35 manat, xx.xx.2021-ci il tarixli, **********7776 nömrəli gömrük bəyannaməsi üzrə iddiaçının təqdim etdiyi invoys qiyməti əsas götürülməklə gömrük ödənişləri 3.832,77 manat müəyyən edilir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, 1400-012/004- 24/003542 nömrəli və xx.xx.2021-ci il tarixli, 1400-012/0xx-xx/004209 nömrəli məktublardan görünür ki, 29 aprel 2021-ci il tarixli və BG/04-1/29 saylı müraciətinə Bakı Baş Gömrük İdarəsində qanunamüvafiq qaydada baxılmışdır. Nəzərinə çatdırılır ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsinə əsasən gömrük orqanları onlara təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq hüququna malikdir. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Gömrük rəsmiləşdirilməsində baş verən gecikmələr ilə əlaqədar nəzərinizə çatdırırıq ki, gömrük məcəlləsinin 104-cü maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır və malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirilir ki, **********7776 sorğu nömrəli xx.xx.2021-ci il tarixli sərbəst dövriyyə üçün buraxılış gömrük bəyannaməsinin 45-ci qrafalarında göstərilən malların ümumi gömrük dəyəri bəyannaməçi tərəfindən bəyan edilmiş və təsdiq edilmişdir. Həmin gömrük dəyəri əsasında gömrük ödənişləri ödənilmiş, gömrük orqanları tərəfindən gömrük bəyannaməsi təsdiq edilmiş, gömrük rəsmiləşdirilməsi aparılmış və mallar sərbəst dövriyyəyə buraxılmışdır. **********5134 və **********5532 sorğu nömrəli sərbəst dövriyyə üçün buraxılış gömrük bəyannamələrinin 45-ci qrafalarında malların ümumi gömrük dəyəri bəyannaməçi tərəfindən müvafiq olaraq 20372.46 və 82283.4 AZN kimi bəyan edilmiş və təsdiq edilmişdir. Həmin gömrük dəyəri əsasında gömrük ödənişləri ödənilmiş, gömrük orqanları tərəfindən gömrük bəyannaməsi təsdiq edilmiş, gömrük rəsmiləşdirilməsi aparılmış və mallar sərbəst dövriyyəyə buraxılmışdır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 152.3-cü maddəsinə əsasən isə təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, “xx.xx.2020-ci il tarixli, **********5134 nömrəli gömrük bəyannaməsi üzrə gömrük ödənişləri 5.059,37 manat, xx.xx.2020-ci il tarixli, **********5532 nömrəli gömrük bəyannaməsi üzrə gömrük ödənişləri 19.284,35 manat, xx.xx.2021-ci il tarixli, **********7776 nömrəli gömrük bəyannaməsi üzrə gömrük ödənişləri 3.832,77 manat təşkil etdiyi halda iddiaçı tərəfindən **********5134 №-li, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi üzrə 7626,97 manat, **********532 №-li, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi üzrə 30000,57 manat, **********7776 №- li, xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi üzrə 6458,40 manat gömrük rüsumu ödənilmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə xx.xx.2020-ci il tarixli, **********5134 nömrəli gömrük bəyannaməsi üzrə 2567,6 manat (7626,97- 5059,37=2567,6), **********532 №-li, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi üzrə 10716,22 manat (30000,57-19284,35=10716,22), **********7776 №-li, xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi üzrə 2625,63 manat (6458,40-3832,77=2625,63), cəmi 15909,45 manat iddiaçı tərəfindən artıq ödəmə həyata keçirilmişdir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: - 4.1-ci maddəsinə əsasən gömrük qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən, "Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunundan, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanunundan, onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. - 9.0.3-cü maddəsinə əsasən gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq gömrük orqanının hüququdur. - 40.2-ci maddəsinə əsasən gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. - 102.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada aparılır - 102.2-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi və sürətləndirilməsi məqsədi ilə bağlanılan beynəlxalq müqavilələrə uyğun olaraq, bir sıra dövlətlərdə gömrük rəsmiləşdirilməsi üçün nəzərdə tutulan gömrük sənədlərindən istifadə edilə bilər. - 103.1-cü maddəsinin tələbinə görə gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin xüsusiyyətləri aşağıdakılardan asılı olaraq fərqləndirilir: - 103.1.1. gömrük sərhədindən keçirilən malların kateqoriyasına görə; - 103.1.2. gömrük sərhədindən keçirilmə üçün istifadə olunan nəqliyyat vasitəsinin növünə görə; - 103.1.3. malları keçirən şəxsə görə. - 103.2-ci maddəsinə əsasən malların mənşəyindən, göndərilmə və təyinat ölkəsindən asılı olmayaraq, gömrük rəsmiləşdirilməsi eyni qaydada həyata keçirilir. - 104.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. - 146.1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. - 146.2-ci maddəsinə əsasən bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. - 157.1-ci maddəsinə əsasən gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3-cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. - 227.2-ci maddəsinə əsasən gömrük orqanları tərəfindən alınan vergilərin ödəyiciləri, vergilərin hesablanması və ödənilməsi qaydaları, vergilərdən azaedilmə, ödənişlərə möhlət verilmə və onların qaytarıldığı hallar və qaydalar bu Məcəllə və Vergi Məcəlləsi ilə tənzimlənir. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununu Azərbaycan Respublikasında gömrük tarifinin formalaşdırılması və tətbiqi, həmçinin Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra - gömrük sərhədi) keçirilən mallardan gömrük rüsumlarının tutulması qaydalarını müəyyən edir. Həmin Qanunun: - 7.1-ci maddəsinə əsasən malın gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) sistemi beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994- cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) Vİİ maddəsinə, GATT-ın Vİİ maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır və gömrük ərazisinə gətirilən mallara şamil edilir. - 7.2-ci maddəsinə əsasən gömrük tarifinin tətbiqi məqsədi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanunla müəyyən edilir. - 11.1-ci maddəsinə əsasən gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. - 12.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: - 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. - 12.2-ci maddəsinə əsasən malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir Göründüyü kimi malın gömrük dəyərinin müəyyən edilməsi (gömrük qiymətləndirilməsi) sistemi Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan mallara şamil edilir. Həmin normalara əsasən gömrük tarifinin tətbiqi məqsədi ilə malların gömrük dəyəri malların sövdələşmə qiyməti və ya eyni malların sövdələşmə qiyməti ilə, yaxud eynicinsli malların sövdələşmə qiyməti ilə və yaxud dəyərin çıxılması üsulu ilə, habelə dəyərin toplanması və ya ehtiyat üsulu ilə müəyyən edilir. Gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. Gömrük bəyannaməsini və gömrük orqanlarının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Bu zaman nəzərə alınmalıdır ki, bəyannamə yalnız iddiaçı tərəfindən imzalandığı təqdirdə onun iradəsini ifadə edir və onun üçün müvafiq öhdəliklər yaradır. Nəzərə almaq lazımdır ki, gömrük tarifinin formalaşdırılması və tətbiqi, eləcə də Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallardan gömrük rüsumlarının tutulması cavabdeh inzibati orqanın məsuliyyət sferasına aiddir. Bu baxımdan yuxarıda qeyd olunan normalarda təsbit edilmiş malların gömrük dəyərinin müəyyən edilməsi üsulunun seçilməsi və tətbiqi, gömrük ödənişlərinin hesablanması cavabdehin vəzifə səlahiyyətləri daxilindədir. Cavabdeh gömrük dəyərinin müəyyən edilməsi üçün seçdiyi konkret üsulu və hesabladığı gömrük ödənişlərini əsaslandırmağa və bu barədə qanuni qərar qəbul etməyə borcludur. Bu qanunçuluq prinsipindən və cavabdehin fəaliyyətinin qanuna tabe olmasından irəli gəlir. Hazırkı işin faktiki hallarından müəyyən edilir ki, İddiaçı tərəfindən ölkəyə müxtəlif adlı qida əlavələri idxal olunur. **********5134 №-li, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi üzrə gömrük rüsumu 7626,97 manat, **********532 №-li, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi üzrə gömrük rüsumu 30000,57 manat, **********7776 №-li, xx.xx.2021- ci il tarixli gömrük bəyannaməsi üzrə gömrük rüsumu 6458,40 manat hesablanaraq ödəniş edilmişdir. İddiaçı tərəfindən hər üç gömrük bəyannaməsi üzrə ilkin olaraq idxal etdiyi malların sövdələşmə qiyməti (invoys dəyəri) qeyd olunmaqla bəyan edilsə də, sonradan həmin bəyannamələr dəyişdirilmiş, malların qiyməti orta bazar qiymətlərinə istinad edilməklə qeyd edilərək gömrük dəyəri hesablanmışdır. Hazırda iddiaçı hər üç bəyannamə üzrə gömrük rüsumunun artıq ödənilməsini əsas gətirərək artıq ödənilmiş məbləğin ona geri qaytarılmasını inzibati məhkəmə icraatı qaydasında mübahisələndirir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, işin birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən işin obyektiv araşdırılması məqsədilə ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2022-ci il tarixli, 9/2239 nömrəli ekspert rəyi ilə xx.xx.2020-ci il tarixli, **********5134 nömrəli gömrük bəyannaməsi üzrə gömrük ödənişləri 5.059,37 manat, xx.xx.2020-ci il tarixli, **********5532 nömrəli gömrük bəyannaməsi üzrə gömrük ödənişləri 19.284,35 manat, xx.xx.2021-ci il tarixli, **********7776 nömrəli gömrük bəyannaməsi üzrə gömrük ödənişləri 3.832,77 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 29-1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası MPM-nin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyinin məhkəmə üçün məcbur olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Göründüyü kimi hazırki iş üzrə məhkəmə qərardadı əsasında keçirilmiş ekspertiza üzrə alınmış rəydə əks olunan məlumatlar şübhə doğurmamış, bu məlumatların mötəbərliyini təkzib edən hallar cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Cavabdehin etirazında qeyd etdiyi hal isə əsaslı hesab edilə bilməz. Bu səbəbdən ekspert rəyində olan məlumatlar hazırki iddia tələbi üzrə əhəmiyyət kəsb edən sübut qismində çıxış edir. Hazırkı iş üzrə ekspert rəyini iş materialları ilə birlikdə qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2020-ci il tarixli, **********5134 nömrəli gömrük bəyannaməsi üzrə gömrük ödənişləri 5.059,37 manat, xx.xx.2020-ci il tarixli, **********5532 nömrəli gömrük bəyannaməsi üzrə gömrük ödənişləri 19.284,35 manat, xx.xx.2021-ci il tarixli, **********7776 nömrəli gömrük bəyannaməsi üzrə gömrük ödənişləri 3.832,77 manat təşkil etdiyi halda iddiaçı tərəfindən **********5134 №-li, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi üzrə 7626,97 manat, **********532 №-li, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi üzrə 30000,57 manat, **********7776 №- li, xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi üzrə 6458,40 manat gömrük rüsumu ödənilmişdir. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq, iddiaçının xx.xx.2020-ci il tarixli, **********5134 nömrəli gömrük bəyannaməsi üzrə 2567,6 manat, **********532 №-li, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi üzrə 10716,22 manat , **********7776 №-li, xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi üzrə 2625,63 manat, cəmi 15909,45 manat artıq ödəmə həyata etdiyi qənaətinə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh xx.xx.2021 -ci il tarixli təzminat ödənişi barədə ərizədə gömrük bəyannamələri ilə bəyan olunan mallar üçün tələb olunan artıq məbləğin həcminin fərqli göstərildiyini qeyd etsə də, məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi olaraq təqdim edilən ekspert rəyində göstərilən məbləğlərin mötəbərliyini təkzib edən hallar cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1762/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1762/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar