Məhkəmə qərarları › İş №2-1(103)-1585/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1585/2020

22.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1585/2020 22.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aidə Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2020/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsibarədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1988-1990-cı illər arasında hərbi xidmətdə olmuş və xidməti başa vurduqdan sonra 1992-ci ilin yanvar ayının 4-dən etibarən könüllü olaraq Füzuli rayonunun müdafiəsində duran N nömrəli hərbi hissənin batalyonunun hərbi qulluqçuları ilə birlikdə erməni işğalçılarına qarşı vuruşmuş, Qaradağlı, Qarakollu, Məlikcan və Köşbək kəndləri uğrunda gedən döyüşlərdə iştrak etmişdir. 1992-ci ilin mart ayının 8-də döyüşlər zamanı düşmənin açdığı atəş nəticəsində sol üz nahiyəsindən güllə yarası alaraq yaralanmışdır. Həmin vaxt onunla birlikdə vuruşan iki əmisi oğlu hərbi hissənin şəxsi heyət sıralarına daxil edilsələr də, o, bu siyahıya daxil edilməmişdir. Nəticədə cavabdehə müraciəti zamanı nizami hissə üzrə əmrlərdə və 1992-ci ildə nizami hissə üzrə əmrlərdə və N saylı hərbi hissənin yaralananlar qeydiyyat kitabasında onun barəsində məlumat aşkarlanmamış və döyüşlərdə iştirakı cavabdeh tərəfindən tanınmamışdır. Bununla bağlı olaraq 2019-cu ildə döyüşlərdə iştirakı ilə bağlı hüquqi faktın tanınması üçün Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Nizami Rayon Məhkəməsinin 2(007)-2485/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, ərizəsi təmin edilərək xx xxxxxx 1992-ci ildən xx xxxx 1992-ci ilə qədər Füzuli rayon ərazisində erməni işğalçıları ilə döyüşlərdə iştirak etməsi faktı müəyyən edilmişdir. Bu qətnaməyə əsasən yenidən ərizə ilə cavabdehə müraicət edərək ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Bunun üçün lazımi olan bütün sənədləri toplayaraq lazımi qayada cavabdehə təqdim etmişdir. Lakin, xx.xx.2019-cu il tarixli, 1/Ş-16172 saylı məktub ilə ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Belə ki, döyüşlərdə iştirakı barədə fakt məhkəmə qətnaməsi ilə müəyyən edilsə də, cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini nəzərə almayaraq ona zidd olan nəticəyə gəlmişdir. Bu barədə cavab məktubunda “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın” xx.xx.2019-cu il tarixli iclası nəticəsində verilən rəy əsas götürülərək ona veteran adı və vəsiqəsinin verilməsindən imtina edildiyi qeyd olunmuşdur. Lakin, imtinanın hansı səbəblərdən və hallardan irəli gəlməsi ona məlum deyildir. Halbuki, onun döyüşlərdə iştirak etməsi barədə fakt artıq məhkəmə qaydasında öz təsdiqini tapmışdır. Həmin məktubda bununla bağlı qeyddə göstərilir ki, Nizami Rayon Məhkəməsinin 2(007)-2485/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsində Müdafiə Nazirliyinin üzərinə heç bir öhdəlik qoyulmadığına görə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Buna görə də hesab edir ki, cari vəziyyətdə bu öhdəliyin məhkəmə qaydasında cavabdehin üzərinə qoyulması zəruridir. Yuxarıda qeyd olunanları əsas götürərək, pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraicət edir, Nizami Rayon Məhkəməsinin 2(007)-2485/2019 saylı, xx.xx.2019- cu il tarixli qətnaməsinə əsasən, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini qanunauyğun hesab edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2020/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2020/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsinixahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Arxiv tərəfindən Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiyaya təqdim edilmiş və iddiaçıya Müharibə veteranı adı və vəsiqəsinin veriləsindən imtina edilməsi üçün əsas olmuş xx xxx 2019-cu il tarixli arayışın surəti təqdim edilmişdir. Arxiv arayışında N və N nömrəli hərbi hissələrdə xidmət keçməsi və yaralanması barədə məlumat aşkar olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlilini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbi isə təmin olunmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İşdə olan Füzuli rayon Horadiz şəhər xəstəxanası tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli tibbi arayışdan görünür ki, İddiaçı həqiqətən xx xxxx 1992-ci il tarixdən xx xxxx 1992-ci il tarixə kimi Horadiz şəhər xəstanaxasında “Sol üzün güllə yarası” diaqnozu ilə müalicə olunmuş, xx xxxx 1992-ci ildə müalicəsini davam etdirmək üçün 121 saylı göndərişlə Bakı şəhərinə göndərilmişdir. İşdə olan Füzuli rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş göndərişin surətindən görünür ki, xəstə İddiaçı sol üzün dəlib keçmiş güllə yarası diaqnozu ilə MirQasımov adına Respublika Kliniki Xəstəxanasına göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Xəzər Dəniz Gəmiçiliyinin Mərkəzi Dənizçilər Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.1992-ci il tarixli “Xəstənin stasionar-tibbi kartından 1034 saylı Çıxarış”ın surətindən görünür ki, xəstə İddiaçı “üzün sol yarısının dəlib-keçən güllə yarası” diaqnozu ilə xx xxxx 1992-ci ildə müalicə üçün xəstəxanaya daxil olmuş, xx.xx.1992-ci ildə isə evə yazılmışdır. Həmin çıxarışın məzmunundan görünür ki, xəstənin vəziyyəti təsvir edilərkən, onun xx xxxx 1992-ci ildə Füzuli rayonunda döyüşlər zamanı güllə yarası alması, nəticədə üzün sol yarısını dəlib-keçən güllə yarası əmələ gəlməsi, əvvəlcə Horadiz qəsəbəsində yerləşən hospitalda müalicə alması, sonra ixtisaslaşmış müalicə üçün Bakıya köçürülməsi, zəruri müalicə tədbirləri aparıldıqdan sorna xx.xx.1991-ci il tarixdə ambulator nəzarət üçün evə yazıldığı göstərilmişdir. İşdə olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2485/2019 saylı, xx.xx.2019- cu il tarixli qətnaməsinin surətindən görünür ki, ərizəçi İddiaçı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 1992-ci ildə müharibə bölgələrində döyüşlərdə iştirak etməsi ilə bağlı hüquqi faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin həmin qətnaməsi ilə ərizə təmin edilmiş, ərizəçi İddiaçı xx xxxxxx 1992-ci ildən xx xxxx 1992-ci ilə qədər Füzuli rayonu ərazisində erməni işğalçıları ilə döyüşlərdə iştirak etməsi faktı müəyyən edilmiş hesab edilmişdir. İş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2019- cu il tarixli 1/Ş-16172 nömrəli məktubdan görünür ki, iddiaçının N və N saylı hərbi hissələrdə xidməti, yaralanması barədə arxiv sənədlərində məlumat olmadığına və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsində Müdafiə Nazirliyinin üzərinə heç bir öhdəlik qoyulmadığına görə ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Məhkəmə kollegiyası cavabdehin imtinasını əsaslı hesab edir və bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin səkkizinci yarımbəndinin hazırda qüvvədə olan müddalarına əsasən müharibə veteranı adı: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət(yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin qərara dəyişiklik edilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il trixli 422 №-li Qərarına əsasən “Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda” sözləri əlavə edilmişdir. İş materiallarında olan AR Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivin xx.xx.2019-cu il tarixli arayışında qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin mart 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində və N nömrəli hərbi hissənin yaralananlarının qeydiyyatı kitabında iddiaçının yaralanmağı barədə məlumat aşkar edilməmişdir. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Bunları nəzərə alan kollegiya qeyd edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2020/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 99.1, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2020/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ləğv olunsun. İddiaçı iddiası təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Valeh Ağayev Hakimlər Afaq Nuriyeva Aidə Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar