Məhkəmə qərarları › İş №2-1(103)-1586/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1586/2022

11.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1586/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “şəhid ailəsi vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil Güloğlan qızının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “ona şəhid ailəsi vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3740/2022 saylı 26 yanvar 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 11 may 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriytalı 073105 saylı 18.03.2020-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 03.01.1994-cü il tarixdə ölmüşdür. Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 826/69 saylı 18.09.2020-ci il tarixli arayışdan görünür ki, X9 və X1 nikahı haqqında 16.12.1991-ci il tarixdə 604 №-li akt qeydi tərtib edilmişdir. Ərə Həsənov, arvada isə Həsənova soyadı verilmişdir. Qeyd: X3 ölümü 04.03.1994-cu il tarixli 48 saylı aktla Bakı şəhər Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən qeydiyyata alınmışdır. Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 828/69 saylı 18.09.2020-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 03 avqust 1971-ci il tarixdə Azərbaycan Respublikası Bakı şəhərində anadan olmuş İddiaçı ailə vəziyyətinin müəyyən edilməsi məqsədi ilə 18 sentyabr 2020-ci ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, İddiaçı nikahı haqqında akt qeydi aşkar olunmamışdır. Qeyd: X6 ilə Qaradağ rayon qedyiyyat şöbəsində 05.09.1995-ci il tarixli, 181 saylı aktla nikah və həmin şəxslə nikahın pozulması Qaradağ rayon qeydiyyat şöbəsində 15.03.2013-cü il tarixli 55 saylı aktla qeydə alınmışdır. Bakı şəhəri, Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış Ö-1- 055 saylı 17.08.2020-ci il tarixli məktubdan görünür ki, ona şəhid statusu haqqında arayışın verilməsi barədə rayon icra hakimiyyətinə ünvanlanmış müraciətinə tərəflərindən baxılmışdır. Müraciəti ilə bağlı araşdırma aparılmış və məlum olmuşdur ki, onun mərhum həyat yoldaşı X9 04 mart 1994-cü ildə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Bildirilir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.01.1994-cü il tarixli, 10 saylı Qərarının 4.1-ci bəndinə əsasən şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Lakin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon İdarəsindən daxil olmuş 05.08.2020-ci il tarixli, 936 nömrəli məktubuna əsasən onun mərhum həyat yoldaşı E.N.Həsənov ehtiyatda olan baş leytenant olduğu üçün ona şəhid statusu haqqında arayış verilməsi rayon icra hakimiyyətinin səlahiyyətləri xaricindədir. Şəhid statusu haqqında arayışın verilməsi ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməsi tövsiyyə olunur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 1/Ö-12095 saylı 14.09.2020-ci il tarixli məktubdan görünür ki, Müdafiə Nazirliyində tərtib edilmiş “1997-ci ilin avqust ayının 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş zabit və gizirlərin ümumi Siyahısı”nda olan məlumata əsasən (98-ci bənd) mərhum həyat yoldaşı, N nömrəli hərbi hissənin motoatıcı bölük komandirinin şəxsi heyət üzrə müavini vəzifəsində, leytenant rütbəsində xidmət keçmiş X3 3 yanvar 1994-cü il tarixində Kəlbəcər döyüş zonasında xidməti vəzifələrinin icrası zamanı həlak olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.01.1994-cü il tarixli, 10 saylı Qərarına əsasən X9 Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olduğuna görə şəhid hesab edilir. Həmin Qərarın 4-cü bəndinə əsasən “Şəhid ailəsi statusu”nun verilməsi üçün yaşadığı ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinə müraciət etməyi xahiş olunur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanaqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi tərəfindən iddiaçıya ünvanlanmış **********1 saylı 28.09.2021-ci il tarixli məktubdan görünür ki, şəhid ailəsi üzvü vəsiqəsinin verilməsi ilə bağlı müraciəti 24 sentyabr 2020-ci il tarixində **********7 qeydiyyat nömrəsi ilə 1 saylı Bakı DOST Mərkəzində qeydiyyata alınmışdır. Müraciətində təqdim etdiyi sənədlər əsasında müəyyən olunmuşdur ki, onun 16 dekabr 1991-ci il tarixində X9 ilə nikahı qeydə alınmış və E.Həsənov 03 yanvar 1994-cü ildə Kəlbəcər uğrunda gedən döyüşlərdə həlak olmuşdur. E.Həsənov şəhid olduqdan sonra 05.09.1995-ci il tarixində X6 ilə növbəti nikaha daxil olmuş, 15 mart 2013-cü il tarixində isə həmin nikah pozulmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalan”nın təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı Qərarının 2.1-ci bəndinə əsasən şəhidin arvadı (əri), valideynləri, 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları (əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər), uşaq evlərində tərbiyə olunan qardaşları və bacıları (əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər), qanunla onları saxlayan şəxs yoxdursa babaları və nənələri şəhid ailəsi üzvü hesab olunurlar. İddiaçı X4 ona şəhid ailəsi vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********2 saylı 23.09.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 2-ci yarımbəndinə əsasən şəhidin ailə üzvü, onun arvadı (əri); valideynləri; 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş, 18 yaşından yuxarı əlilliyi olan övladları; qardaşları və bacıları-uşaq evlərində tərbivə olunanlar; babalar və nənələr (qanunla onları saxlayan şəxs yoxdursa) hesab olunur. Eyni zamanda bildirilmişdir ki, yuxarıda qeyd olunan qanunvericilik aktlarına əsasən güzəştlər yalnız şəhidin ailə üzvünə şamil edilir. Belə ki, Ailə Məcəlləsinin tələbinə əsasən ər(arvad) hüquqi statusu yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmış nikah olduqda yaranır. Tərəfindən edilmiş müraciətin araşdırılması nəticəsində onun ikinci dəfə rəsmi nikahda olmağı və ayrılmağı faktı müəyyən edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən qanunvericilikdə onun ikinci nikahının pozulubpozulmadığından asılı olmayaraq birinci dəfə nikahda olduğu şəxsə aid imtiyazlardan istifadə etmək hüququ nəzərdə tutulmamışdır. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona şəhid ailəsi vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 16.12.1991-ci il tarixdə X9 ilə rəsmi nikaha daxil olmuş, birgə nikahdan uşaqları olmamışdır. X9 1992-ci ildə könüllü olaraq hərbi xidmətə getməklə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdərə, Kəlbəcər rayonu və Kəlbəcər rayonu Yanşaq kəndi uğrunda gedən döyüşlərdə iştirak etmiş, 04.01.1994-cü il tarixdə Kəlbəcər rayonu Yanşaq kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. X9 Azərbaycan Respublikasının ərazi bütövlüyü gedən döyüşlərdə qəhrəmancasına həlak olduqdan sonra onun nəşi uzun müddət Kəlbəcər rayonu Yanşaq kəndində qalmış, yalnız 27.01.1994-cü il tarixdə sözügedən ərazi Azərbaycan döyüşçüləri tərəfindən işğaldan azad edildikdən sonra oradan götürülmüş və 28.01.1994-cü il tarixdə həmin dövrdə fəaliyyət göstərən Qaradağ rayon Hərbi Komissarlığına gətirilmişdir. Daha sonra X7 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olduğu üçün şəhid statusu verilmiş, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən 139 saylı tam orta məktəb onun adına əbədiləşdirilmişdir. X9 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olduğu tarixdə o, onun rəsmi nikahlı arvadı statusunda olmuşdur. O, şəhid ailəsi statusunun verilməsi ilə bağlı Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinə müraciət etmiş və sözügedən inzibati orqan tərəfindən yazılı müraciətinə verilmiş əsaslandırılmış cavabda inzibati icraat zamanı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon İdarəsindən daxil olmuş 05.08.2020-ci il tarixli, 936 nömrəli məktubuna əsasən mərhum əri X3 ehtiyatda olan baş leytenant olduğu üçün ona şəhid ailəsi statusunun verilməsinin həmin qurumun səlahiyyətləri xaricində olduğu qeyd edilmiş və bu səbəbdən də göstərilən məsələ ilə əlaqədar Azərbaycan Respublikası Miidafiə Nazirliyinə müraciət etməyi tövsiyyə olunmuşdur. Daha sonra o, göstərilən məsələ ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun tələbi təmin edilməmişdir. Belə ki, Sosial Xidmətlər Agentliyi imtina məktubunda konkret norma göstərmədən Azərbaycan Respublikası Ailə Məcəlləsinə istinad edərək onun ikinci dəfə nikaha daxil olmağını (sonradan ikinci nikahına xitam verilsə belə) əsas gətirərək bu halın ona şəhid ailəsi statusunun verilməsinə əngəl olduğunu qeyd etmişdir. Halbuki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 14.1-ci maddəsinə əsasən ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir. Yəni ki, əgər bu normalara istinad edilsə, o zaman şəhid olmuş şəxslərin hamısının nikahına avtomatik xitam verilmiş sayılır və onların arvadları (ərləri) yenidən nikaha daxil olub-olmamasından asılı olmayaraq həmin şəhidin arvadı (əri) sayılmamalıdır artıq. X9 şəhid olduğu zaman o, onun rəsmi nikahlı arvadı ilə və əgər dövlət orqanları Ailə Məcəlləsinin müvafiq normalarına bu şəkildə istinad edərək ona şəhid ailəsi vəsiqəsinin verilməsindən imtina edirlərsə, onda bütün şəhidlərin arvadlarına şəxs ər öldüyü üçün nikahın xitam olunmasını əsas gətirərək imtina verməli idilər. Göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin bu mövqeyi əsassız və ədalətsiz yanaşmadır. Bu məsələdə heç bir qanuni normaya istinad etmədən ona imtina verildiyinə görə hesab edir ki, bu ona qarşı mənfi diskriminasiyadır və onun hüquqlarını pozmuşdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3740/2022 saylı 26 yanvar 2022-ci il tarixli qərarı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq gösstərilmişdir ki, məhkəmə müraciətini ətraflı araşdırmadan, bu məsələni birbaşa və dəqiqliklə tənzimləyən müvafiq bir normaya istinad etmədən ona şəhid ailəsi vəsiqəsinin verilməsindən əsassız olaraq imtina etmişdir. Məhkəmə isə iddia tələbini rədd edərkən Sosial Xidmətlər Agentliyinin imtina cavabında qeyd olunan hallara istinad etmişdir. Həmin imtina məktubunda konkret norma göstərilmədən cavabdeh Ailə Məcəlləsinə istinad edərək onun ikinci dəfə nikaha daxil olmasını (sonradan ikinci nikahına xitam verilsə belə) əsas gətirərək bu halın ona şəhid ailəsi statusunun verilməsinə əngəl olduğunu qeyd etmişdir. Məhkəmənin gətirdiyi digər əsas budur ki, qanunvericilikdə şəxsin ikinci nikahının pozulub-pozulmadığından asılı olmayaraq birinci dəfə nikahda olduğu şəxsə aid imtiyazlardan istifadə etmək hüququ nəzərdə tutulmamışdır. Məhkəmənin istinad etdiyi analoji norma tamamilə uyğunsuzdur və bu məsələyə aidiyyəti yoxdur. Məhkəmə öz qərarında qeyd edir ki, qanunvericilikdə birbaşa hüquq norması müəyyən edilməsə də, oxşar münasibətləri nəzərdə tutan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 113.2.5-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə xitam verilir. Birincisi, bu norma şəhid ailəsi vəsiqəsinin, statusunun verilməsi ilə oxşar münasibətləri tənzimləyən norma deyil. İkincisi isə, hətta həmin normaya istinad olunsa belə, həmin normada şəxsin yeni nikahına xitam verilib təkrar subay statusu aldıqdan sonrakı dövrdə ona əvvəl verilən imtiyazların bərpa olunub-olunmaması ilə bağlı məsələlər tənzimlənmir. Məhkəmə heç bir əsaslı normaya istinad etməyərək, əksinə yanlış normalara istinad edərək və bununla da, maddi hüquq normalarının tətbiqində kobud pozuntuya yol verməklə onun iddia tələbini rədd etdiyinə görə onun hüquqları pozulmuşdur. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil Güloğlan qızı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onların təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. 11.05.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında caabdeh inzibati orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştrakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 23.09.2021-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınmasını təsdiq edən sübut iş materiallarında mövcud deyildir. İddiaçı hazırki iddia ilə məhkəməyə 12.11.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı tələbi, “ona şəhid ailəsi vəsiqəsinin verilməsi” barədədir. Qeyd olunan tələblə bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun ikinci dəfə rəsmi nikahda olması və ayrılması faktının müəyyən edilməsi, qanunvericilikdə onun ikinci nikahının pozulub-pozulmadığından asılı olmayaraq birinci dəfə nikahda olduğu şəxsə aid imtiyazlardan istifadə etmək hüququnun nəzərdə tutulmaması əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası məhkəmə tərəfindən rədd edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə İddiaçı şəhid X3 vaxtı ilə ailə üzvü hesab olunsa da, 05.09.1995-ci il tarixdə X6 ilə rəsmi nikaha daxil olduğundan onun Elxan Həsənova münasibətdə “arvadı” statusunun itirilərək Elmixan Ömərovun arvadı olmasına və sonuncu ilə də nikahının pozulmasına istinad edərək iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi" Qaydalarının 1.1-ci bəndinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qaydaların 4.1-ci bəndinə əsasən şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Qaydaların 4.2-ci bəndinə əsasən şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1-ci bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir. Hazırki işdən müəyyən olunur ki, İddiaçı 16.12.1991-ci il tarixdə X9 ilə rəsmi nikaha daxil olmuş, sonuncu 04.01.1994-cü il tarixdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş və ona “şəhid” statusu verilmişdir. Bundan sonra iddiaçı həyat yoldaşının “şəhid” statusu alması ilə bağlı ona da “şəhid ailəsi” vəsiqəsinin verilməsi barədə müraciətlər etməmişdir. 05.09.1995-ci il tarixdə iddiaçı X6 ilə nikaha daxil olmuş, 15.03.2013-cü il tarixdə isə həmin şəxslə aralarında bağlanmış nikah pozulmuşdur. Kollegiya hesab edir ki, iddiaçı ilk nikaha girdiyi X3 “şəhid” olması ilə bağlı ikinci dəfə nikaha daxil olanadək ona “şəhid ailəsi” vəsiqəsinin verilməsi ilə bağlı müraciət etməsə də, bu statusu əldə etmə hüququnu o, ikinci dəfə nikaha daxil olanadək saxlamış, sonradan bu hüququnu müraciət etməməsinə görə deyil, 05.09.1995-ci il tarixdə ikinci nikaha daxil olduğuna görə itirmişdir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, qanunvericilikdə şəhid ailəsinin üzvləri sırasında “ər-arvad” nəzərdə tutulmuşdur. Hazırki işdə isə iddiaçı şəhid X3 arvadı ikinci dəfə nikaha daxil olanadək sayılırdı. Nəzərə alınmalıdır ki, qanunvericilik bu zaman şəhid ailəsi kimi güzəştlər əldə etmək hüququnu onun arvadına (və ya ərinə) vermişdir. Başqa sözlə, iddiaçının dediyi kimi, şəxsin ölməsi ilə nikahın onsuz da xitam olunması “şəhid ailəsi” statusunun əldə olunmasına maneə deyildir. İddiaçının apellyasiya şikayətində bu barədə göstərdiyi dəlilə münasibətdə Kollegiya qeyd edir ki, qanunvericilikdə şəxsin (ər və ya arvadın) ölməsi nikahın xitam olunma əsaslarından biri kimi müəyyən edilməklə yanaşı, şəhid ailəsi statusunun verilməsi zamanı müraciət edən şəxsin şəhidlə sağlığında nikahının olması (sonuncu dəfəki nikahın olması) mühüm əhəmiyyət daşıyır. Hazırki işdə iddiaçının ikinci dəfə nikaha daxil olması onun birinci nikahının olduğu şəxsə münasibətdə şəhid ailəsi hesab olunması ilə bağlı vəziyyəti dəyişir. Odur ki, iddiaçının ikinci dəfəki nikahının pozulub-pozulmamasından asılı olmayaraq onun ikinci dəfə nikaha daxil olması faktı birinci dəfə nikaha girdiyi şəxsə münasibətdə şəhid ailəsi hesab olunmasını istisna edir və buna görə də onun şəhid ailəsi vəsiqəsinin verilməsi ilə bağlı tələbi əsassızdır və təmin oluna bilməz. O ki qaldı birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi qənaətinə gələrkən analoji norma kimi Ailə Məcəlləsinin 113.2.5-ci maddəsinə (ehtiyacı olan aliment alan ər və ya arvadın yeni nikaha daxil olduqda aliment ödənilməsinə xitam verilməsi) istinad etməsinə, həmin normanı məhkəmə kollegiyası oxşar münasibətləri tənzimləyən norma kimi qəbul etmir və hesab edir ki, belə normaya istinad olunması məhkəmə tərəfindən düzgün olmasa da, bu hal nəticə etibarilə qəbul olunmuş qərarın qanuniliyinə və əsaslılığına təsir edən amil kimi çıxış etmədiyindən kobud pozuntu kimi də qiymətləndirilmir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə də məhkəmə kollegiyası həmin dəlilləri bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qəbul etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Hazırkı işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslıdır. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə qəbul etdiyi 26.01.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3740/2022 saylı 26 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar