Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1587/2021 29.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2-1(112)-143/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vergilərin hesablanması barədə 17.04.2018-ci il tarixli **********626700 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, iddia ərizəsində göstərilmiş cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin əvəzinə Azərbaycan Respublikası Vergilər Nazirliyi Lokal Vergi Departamentinin (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi və bundan sonra mətndə Bakı şəhəri LGBİ) qəbul olunmasını xahiş etmiş, məhkəmə tərəfindən əsl olmayan cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi əsl cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz olunmuşdur. Daha sonra iddiaçı-İddiaçı MMC yenidən məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri LGBİ-nin vergilərin hesablanması barədə 03.09.2018-ci il tarixli **********452100 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cəmiyyət 2005-ci il tarixdən dövlət qeydiyyatına alınaraq, fəaliyyətə başlamışdır. Bu illər ərzində müxtəlif malların idxalı ilə məşğul olaraq satışını da təşkil edə bilmişdir. Bunun müqabilində də qanuna müvafiq qaydada hesablanmış mənfəət vergisini də dövlət büdcəsinə ödəmişdir. Lakin təxminən 2014-cü ildən etibarən kommersiya fəaliyyətində müxtəlif səbəblərdən durğunluq müşahidə olunaraq şirkətin gəlirləri kəskin şəkildə aşağı düşmüşdür. Nəticə etibarı ilə şirkətin demək olar ki, heç bir mənfəəti olmamışdır. Cəmiyyətin maliyyə çətinlikləri səbəbindən mühasibi olmadığından, 2017-ci ildə qanunla müəyyən olunmuş müddətdə vergi hesabatlarını təqdim edə bilməmişlər. Bu səbəbdən vergi orqanı tərəfindən 2017-ci il üzrə cəmiyyətdə kameral vergi yoxlaması keçirilmiş və cəmiyyətə 97.793,28 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Həmin mənfəət vergisi cavabdeh tərəfindən qanunda nəzərdə tutulmamış qaydada müəyyən edilərək, hesablanmışdır. 2019-cu ilin iyun-iyul aylarında 97.793,28 manat mənfəət vergisi və həmin verginin ödənilməməsinə görə 4.568 manat cərimənin heablanmasına dair qəbul olunmuş qərarlardan inzibati qaydada verilmiş şikayətlərinə əsasən Nazirlik tərəfindən aparılmış araşdırmanın nəticəsində onlara bildirilmişdir ki, bir neçə sənəd təqdim olunmadığına görə 03.10.2018-ci il tarixli 12408080 nömrəli qərarla (məktub) icraat müvəqqəti olaraq dayandırılmışdır. Məktubda göstərilmişdir ki, kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2017-ci il üçün “Mənfəət vergisinin bəyannaməsi”nin Vergi Məcəlləsi ilə müəyən edilmiş müddətdə təqdim olunmadığı müəyyən olunmuş, bu hal gəlirlərin vergidən yayındırılması kimi qiymətləndirilmişdir. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə vergi orqanı tərəfindən 13.04.2018-ci il tarixli **********264900 nömrəli “Vaxtında təqdim edilməmiş bəyannamənin təqdim edilməsi barədə xəbərdarlıq göndərilmiş, vergi orqanının Vergi Məcəlləsinin 38.3.1-ci maddəsinə əsasən vaxtında təqdim olunmamış vergi bəyannamələrinə görə növbədənkənar səyyar vergi yoxlaması keçirmək və Vergi Məcəlləsinin 83-cü maddəsinə uyğun olaraq əlaqəli məlumatlara əsasən vergiləri hesablamaq olduğunu bildirilmişdir”. Vergi ödəyicisi tərəfindən 2017-ci il üçün “Mənfəət vergisinin bəyannaməsi” təqdim edilmədiyindən vergi orqanı tərəfindən müvafiq dövr üzrə 97.793,28 manat mənfəət vergisi hesablanmış və “Vergilərin hesablanması barədə” 17.04.2018-ci il tarixli **********626700 nömrəli qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Daha sonra cavabdehə 09.10.2018-ci il tarixli inzibati şikayətlə yenidən müraciət olunsa da heç bir qərar qəbul olunmamışdır. 17.04.2018-ci il tarixli **********626700 nömrəli qərar qanunsuzdur, vergi qanunvericiliyinə ziddir və ümumiyyətlə hər hansı bir sübuta əsaslanmır. Qərarda göstərilir ki, 2017-ci ilin nəticələri üçün “Mənfəət vergisinin bəyannaməsi” verilmədiyinə görə AR Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə təqdim olunmadığı müəyyən olunmuş, bu hal gəlirlərin vergidən yayındırılması kimi qiymətləndirilmişdir. 17.04.2018-ci il tarixli qərar rəsmi qaydada Cəmiyyətə təqdim olunmamışdır. Daha sonra 17.04.2018-ci il tarixli **********626700 nömrəli qərarın vergi orqanı tərəfindən 03.09.2018-ci il tarixli **********452100 nömrəli qərarla əvəzləşdirildiyi müəyyən olunmuşdur. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən 2017- ci ilin mənfəət vergisi bəyannaməsi təqdim edilmədiyindən, Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən 17.04.2018-ci il tarixdə 2017-ci ilin mənfəət vergisi üzrə 97.793,28 manat əlavə vergi məbləği hesablanmış və iddiaçıya 17.04.2018-ci il tarixli **********626700 nömrəli “Vergilərin hesablanması barədə” qərar göndərilmişdir. Uçotbaza məlumatlarına əsasən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, vergi ödəyicisi tərəfindən əvvəlki, yəni 2016-cı il üzrə təqdim olunmuş “Mənfəət vergisinin bəyannaməsi”nin 1 №li Əlavəsinin (Hüquqi şəxslər üçün) 1-ci (Cəmi aktivlər) sətrinin “Hesabat dövrü sonuna” sütununda əks etdirilmiş 4.392.617,58 manat məbləğ+ cari il üzrə təqdim etdiyi bəyannamənin 1 №li Əlavəsinin eyni sətrinin “Dövr ərzində daxil olmuşdur” sütununda əks etdirilmiş 0 manat məbləğ-“Təqdim edilmiş, silinmiş və ləğv edilmişdir” sütununda əks etdirilmiş 0 manat məbləğlərin fərqi ilə “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş 0 manat məbləğ arasında 4.392.617,58 manat məbləğində fərq müəyyən edilmişdir. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə 17.05.2018-ci il tarixli **********756800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” elektron uyğunsuzluq məktubu göndərilmişdir. Lakin vergi ödəyici tərəfindən qeyd edilən məktuba heç bir əsaslı münasibət bildirilmədiyi üçün kameral vergi yoxlaması aparılaraq, 2017-ci il mənfəət vergisi bəyannaməsi üzrə 97.793,28 manat vergi məbləği hesablanmış və vergi ödəyicisinə vergi orqanının 13.06.2018-ci il tarixli **********983900 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən 13.07.2018-ci il və 28.07.2018-ci il tarixlərdə yenidən dəqiqləşdirilmiş bəyannamələr təqdim edilmiş və kameral hesablama aparılmış vergi məbləği bərpa edilərək, vergi ödəyicisinə 03.09.2018-ci il tarixli **********452100 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Vergi Məcəlləsinin 37.4, 67.1 və 83.2-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2017-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə vergi ödəyicisinin əvvəlki il üzrə təqdim etdiyi bəyannamə nəzərə alınmaqla, 97.793,28 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə 17.04.2018-ci il tarixli **********626700 nömrəli “Vergilərin hesablanması barədə” qərar göndərilmişdir. Vergi ödəyici tərəfindən iddia ərizəsində vergilərin əsassız hesablanması qeyd edilsə də, bu hal əsaslandırılmamış və vergi ödəyicisi tərəfindən vergi orqanının haqlı mövqeyini təkzib edən hər hansı sənəd təqdim edilməmişdir. Halbuki, vergi ödəyicisinə müvafiq məktubla həmin sənədlərin təqdim edilməsi bildirilmişdir. Bakı İnzibati Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2-1(112)-143/2021 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı MMC barəsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qəbul etdiyi “Vergilərin hesablanması barədə” 03.09.2018-ci il tarixli **********452100 nömrəli qərar ləğv edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə etirazla eyni formada əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, 03.09.2018-ci il tarixli **********452100 nömrəli qərar 04.09.2018ci il tarixdə vergi ödəyicisinə elektron qaydada təqdim edilmiş və vergi ödəyicisi tərəfindən həmin tarixdə oxunmaqla qəbul edilmişdir. İddia qaldırmaq üçün iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmüş və müddətin bərpası üçün hər hansı müraciət edilməmişdir. Vergi orqanının 17.05.2018-ci il tarixli **********756800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” elektron uyğunsuzluq məktubuna cavab olaraq iddiaçı tərəfindən hər hansı sübut vergi orqanına təqdim olunmamış və iddiaçının məhkəməyə təqdim etmiş olduğu iddia ərizəsində iddiaçıya məxsus yol tikinti texnikalarının saxlanca verilməsindən bəhs edilməmişdir. Hazırda sübut qismində qiymətləndirilən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Yol tikinti texnikasının müvəqqəti saxlanca götürülməsi barədə” məktubunda həmin yol tikinti texnikalarının adları, dəyəri, dövlət qeydiyyatı nişanları, malların hansı müddətə saxlanaca verilməsinə dair məlumatlar əks olunmamış, habelə dəfələrlə saxlanc müqaviləsinin və ya faktiki sahiblikdə qalan malların siyahısını məhkəməyə və ya vergi orqanına təqdim edilməsi təklif edilsə də, belə bir müqavilə (siyahı) təqdim edilməmişdir. Vergi orqanı tərəfindən mübahisələndirilən qərar qəbul edilərkən qanunvericiliyin bütün tələbləri gözlənilmiş və hər hansı maddi və ya prosessual pozuntuya yol verilməmişdir. Apellyasiya şikayətinə etirazın dəlilləri: Cavabdeh tərəflər arasında vergi ödəyicisi ilə yazışmaların elektron qaydada aparılmasına dair bağlanmış müqaviləyə istinad edərək hesab edir ki, iddiaçı qəbul edilmiş qərardan elektron məlumatlandırma yolu ilə xəbərdar olunmuşdur və həmin məlumatın oxunması ilə təsdiq olunur. Vergi Məcəlləsinin hazırkı redaksiyada olan “vergi ödəyiciləri ilə yazışmalara dair” 70.2, 70.2-1 və 70.2-1.3-cü maddələrinə istinad edilə bilməz. 01 yanvar 2019-cu il tarixədək Vergi Məcəlləsinin qüvvədə olan 70.2-ci maddəsində göstərilmişdir ki, vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı bildiriş və ya digər sənəd adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Sənədlər vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana zərfin qəbul edildiyinə dair bildiriş yazılan sifarişli məktubla çatdırıldıqda və ya şəxsən verildikdə lazımi qaydada vergi ödəyicisinə verilmiş sayılır. Hazırkı münasibətlər 2018-ci ildə baş verdiyi üçün Vergi Məcəlləsinin 70.2-ci maddəsinə edilmiş və 01.01.2019-cu il tarixdən qüvvəyə minmiş müddəalara istinad edilməsi yol verilməzdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd edilməlidir ki, prosessual qanunvericiliyin tələblərinə görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Bu şərtlər mübahisələndirmə haqqında iddia növünə də aiddir. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olub-olmaması və müddətlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndlərində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. “İnzibati icraat haqqında” Qanunun 62-ci maddəsinə əsasən: 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibat aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. 62.3. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. İddiaçı tərəfindən 03.09.2018-ci il tarixli **********452100 nömrəli qərar mübahisələndirilmişdir. 01 yanvar 2019-cu il tarixədək Vergi Məcəlləsinin qüvvədə olan 70.2-ci maddəsində göstərilmişdir ki, vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı bildiriş və ya digər sənəd adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Sənədlər vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana zərfin qəbul edildiyinə dair bildiriş yazılan sifarişli məktubla çatdırıldıqda və ya şəxsən verildikdə lazımi qaydada vergi ödəyicisinə verilmiş sayılır Məhkəmə kollegiyası qeyd edir ki, iddianın predmeti olan cavabdehin qərarının iddiaçıya təqdim edilməsi işdə olan sübutlarla təsdiqini tapmamışdır. Qərarın vergi ödəyicisinə çatdırılması ilə bağlı məsələni tənzimləyən Vergi Məcəlləsinin 49.4-cü maddəsinə görə vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. Lakin cavabdeh iddiaçıya sözügedən qərarı sifarişli məktubla (poçt vasitəsi ilə) göndərməmişdir. Odur ki, mübahisə predmeti olan qərarın iddiaçıya Vergi Məcəlləsinin 49.4-cü maddəsi ilə müəyyən edilmiş qaydada təqdim edilməsini təsdiq edən hər hansı bir sübut mövcud deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddianın xüsusi mümkünlük şərti olan iddia müddəti ötürülməmişdir. Hazırkı işin hallarından görünür ki, Bakı şəhəri LGBİ-nin 17.04.2018-ci il tarixli **********626700 nömrəli Qərarına əsasən İddiaçı MMC-yə (VÖEN **********) 2017-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə, bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 97.793,28 manat mənfəət vergisi hesablanmışdr. Bakı şəhəri LGBİ tərəfindən İddiaçı MMC-yə ünvanlanmış “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” **********756800 №li 17 may 2018-ci il tarixli məktubda göstərilmişdir ki, 16 may 2018-ci il tarixində təqdim olunmuş bəyannamə üzrə aşağıda göstərilən səbəbdən (səbəblərdən) kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır. Səbəblər: 1) Cəmiyyət tərəfindən əvvəlki il üzrə təqdim olunmuş “Mənfəət vergisinin bəyannaməsi”nin və ya təqdim olunmuş sonuncu “Sadələşdirilmiş verginin bəyannaməsi”nin 1 №li Əlavəsinin (Hüquqi şəxslər üçün) 1-ci (cəmi aktivlər) sətrinin “Hesabat dövrü sonuna” sütununda əks etdirilmiş 4.392.617,58 manat məbləğ + cari il üzrə təqdim edilmiş bəyannamənin 1 №li Əlavəsinin eyni sətrinin “Dövr ərzində daxil olmuşdur” sütununda əks etdirilmiş 0 manat məbləğ –“Tədim edilmiş, silinmiş və ləğv edilmişdir” sütununda əks etdirilmiş 0 manat məbləğlərin fərqi ilə “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş 0,00 manat məbləğ arasında 4.392.617,58 manat məbləğində fərq müəyyən edilmişdir. 2) Cəmiyyət tərəfindən əvvəlki il üzrə təqdim olunmuş “Mənfəət vergisinin bəyannaməsi”nin və ya təqdim olunmuş sonuncu “Sadələşdirilmiş verginin bəyannaməsi”nin 1 №li Əlavəsinin (Hüquqi şəxslər üçün) 2-ci (Cəmi kapital və öhdəliklər) sətrinin “Hesabat dövrü sonuna” sütununda əks etdirilmiş 4.392.617,58 manat məbləğ + cari il üzrə təqdim olunmuş bəyannamənin 1 №li Əlavəsinin eyni sətrinin “Dövr ərzində daxil olmuşdur” sütununda əks etdirilmiş 0 manat məbləğ – “Təqdim edilmiş, silinmiş və ləğv edilmişdir” sütununda əks etdirilmiş 0 manat məbləğlərin fərqi ilə “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş 0,00 manat məbləğ arasında 4.392.617,58 manat məbləğində fərq müəyyən edilmişdir. Bununla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün aşağıdakı zəruri sənədlərin (məlumatların) təqdim olunması tələb olunmuşdur: Həmin dövr üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi. Bakı şəhəri LGBİ-nin 13.06.2018-ci il tarixli **********983900 nömrəli Qərarına əsasən İddiaçı MMC-yə 2017-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə, kameral qaydada həmin dövr üzrə anoloji qaydada 97.793,28 manat məbləğində əlavə vergi hesablanmışdr. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri LGBİ-yə ünvanlanmış 3/05-4917 №li 06 avqust 2018-ci il tarixli “Yol tikinti texnikasının müvəqqəti saxlanca götürülməsi barədə” məktubda göstərilmişdir ki, İddiaçı MMC-yə məxsus olan xüsusi mexaniki texnikanın saxlanıldığı yer üzürlü səbəbdən ləğv edilmişdir. Bununla əlaqədar olaraq, qarşılıqlı razılığa əsasən, ümumilikdə 21 (iyirmi bir) ədəd müxtəlif adda xüsusi texnika müvəqqəti olaraq Agentlik tərəfindən məsuliyyətli saxlanca götürülmüşdür. Hal-hazırda qeyd olunan texnikalar tərəflərindən saxlanılır. Bakı şəhəri LGBİ-nin 03.09.2018-ci il tarixli **********452100 nömrəli Qərarına əsasən İddiaçı MMC-yə 2017-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 97.793,28 manat məbləğində vergi müəyyən edilmiş və vergi ödəyicisinə 97.793,28 manat məbləğində əlavə vergi hesablanmışdr. Bakı şəhəri LGBİ tərəfindən İddiaçı MMC-yə ünvanlanmış sənədlərin təqdim edilməsi barədə məktubda sonuncuya bildirilmişdir ki, 2016-cı il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin araşdırılması zamanı qeyd olunan hesabat dövrünün sonuna 2.651.057,96 manat dəyərində mal qalığının olduğu, eyni zamanda 06.04.2017-ci il tarixdə 28.820,00 manat (ƏDV-siz) dəyərində bulduzer üçün ehtiyat hissələrinin idxal edildiyi müəyyən edilmişdir. Cəmiyyətin səlahiyyətli nümayəndəsinin araşdırmaya təqdim etdiyi 01.01.2017-ci il tarixə olan mal qalığının siyahısının araşdırılması zamanı həmin malların dəyərinin böyük hissəsinin maşın və mexanizm, nəqliyyat vasitələri və onun ehtiyat hissələri təşkil etdiyi müəyyən edilmişdir. Lakin həmin malların hansı ünvanda və hansı əsasla saxlanılması barədə məlumat verilməmiş, eyni zamanda mülkiyyətdə olan əmlakla bağlı əmlak vergisi bəyannaməsi təqdim edilməmişdir. Eyni zamanda Cəmiyyətin səlahiyyətli nümayəndəsinin araşdırmada təqdim etdiyi izahatında 01.01.2017-ci il tarixə olan mal qalığının istifadəsiz olaraq saxlanıldığını bildirməsinə baxmayraq, həmin malların dəyərinin böyük hissəsini təşkil edən maşın və mexanizmin,nəqliyyat vasitələrinin istifadəsini təsdiq edən göstəricilər barədə məlumatlar araşdırmaya təqdim edilməmişdir. İddiaçı MMC tərəfindən təqdim olunmuş Qeydiyyat şəhadətnamələrinin surətlərindən və 28-30 mart 2017-ci il və 15 avqust 2017-ci il tarixli təhvil-təslim aktlarından müəyyən olunmuşdur ki, 21 (iyirmi bir) ədəd müxtəlif adda xüsusi texnika (Yükləyicilər və Buldozerlər) iddiaçı Cəmiyyət tərəfindən Azərbaycan Avtomobl Yolları Dövlət Agentliyinə təhvil verilmiş və sonuncu tərəfindən təhvil alınmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Cavabdeh vergi orqanı tərəfindən iddiaçı Cəmiyyət barəsində 03.09.2018-ci il tarixli qərar qəbul olunarkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37-ci maddəsinin tələblərinə əməl olunmamış, vergi ödəyicisi tərəfindən təqdim olunmuş əlavə məlumat və sənədlər nəzərə alınmadan, əlavə vergilərin hesablanması barədə əsaslandırılmamış nəticəyə gəlinmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabddehin 03.09.2018-ci il tarixli qərarı maddi-hüquqi baxımdan da qanuni olmamış, qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələrindəki məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 67.15-ci maddəsinə əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Həmin Məcəllənin 67.9-cu maddəsinə əsasən əlaqəli məlumatlara əsasən hesablanmış vergilərə dair bəyannamələr vergi orqanına təqdim edildikdən sonra, hesablanmış vergilər bəyannamələr nəzərə alınmaqla yenidən hesablanır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı cəmiyyətə mübahisələndirilən vergilərin hesablanmasına əsas olmuş texnikalar (avadanlıqlar) sonuncu tərəfindən saxlanılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə təhvil verilmiş, vergi ödəyicisi və Agentlik tərəfindən bu barədə vergi orqanına qanunla müəyyən olunmuş qaydada rəsmi məlumat verilsə də vergi orqanı tərəfindən bu hal nəzərə alınmadan iddiaçıya kameral qaydada əlavə vergi hesablanmışdır. Cavabdeh vergi orqanı İddiaçı MMC-yə kameral vergi yoxlaması ilə əhatə olunan hesabat dövrü üzrə 97.793,28 manat mənfəət vergisinin hesablanmasına əsas olan hər hansı mötəbər sübut təqdim edə bilməmiş və həmin hesablamanın əsaslı olmasını sübuta yetirə bilməmişdir, əksinə iş materiallarına əlavə edilmiş sənədlər əsasında iddiaçı cəmiyyət tərəfindən yoxlama ilə əhatə olunan hesabat dövrü ərzində dövlət büdcəsinə ödənilməli olan vergilərin düzgün hesablandığı və hər hansı kənarlaşmaya (vergilərin az hesablanması hallarına) yol verilmədiyi müəyyən edilmişdir. Cavabdeh inzibati orqan kameral vergi yoxlamasının nəticələrinə dair 03.09.2018-ci il tarixli **********452100 nömrəli qərarın hüquqi əsasını və hesablanmış verginin qanuniliyini və əsaslılığını sübuta yetirə bilməmiş və qeyd edilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2-1(112)-143/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-1587/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1587/2021
29.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver