Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1587/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalına qarşı iş üzrə QƏRARİ (Açar sözlər:“güzəştlişərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı, onun vəkili (nümayəndəsi) X2, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14126/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1962-ci il təvəllüdlüdür.
2. НЗ ******* №-li hərbi biletə əsasən iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur (2 il, 14 gün)
3. ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı: 6.07.1983-cü ildən xx.xx.1983cü ilə qədər 31 №-li Cəlilabad Təmir Tikinti Sahəsində işləmişdir (3 ay, 5 gün), xx.xx.1984-cü ildən 4.09.1985-ci ilə qədər 31 №-li Cəlilabad Təmir Tikinti Sahəsində işləmişdir (1 il, 7 ay, 25 gün), 7.05.1986-cı ilə qədər xx.xx.1987-ci ilə qədər “Azelektrikquraşdırma” tresində işləmişdir (10 ay 19 gün), 2.02.1988-ci ildən xx.xx.2001-ci ilə qədər 2 №-li Bakı Çörək-Qida Kombinatında işləmişdir (13 il, 8 ay, 18 gün), 1.12.2004cü ildən xx.xx.2007-ci ilədək Heydər Əliyev adına Bakı X3 Avtomobil və dəmir yolu nəqliyyatı üzrə 15 №-li sexin dəmir yolunun istismarı üzrə sahədə qatar tərtibçisi işləmişdir (2 il, 10 ay, 23 gün), 1.03.2008-ci il tarixdən xx.xx.2008-ci ilə qədər "xxxx" MMC-də maşinist köməkçisi işləmişdir (5 ay, 1 gün) 1.08.2008-ci ildən 1.10.2009-ci ilə qədər "xxxx" MMC-də teplovoz maşinisti vəzifəsində işləmişdir (1 il, 2 ay, 1 gün) xx.xx.2012-ci ildən hal-hazıradək Heydər Əliyev adına Bakı X3 Avtomobil və dəmir yolu nəqliyyatı üzrə 15 №-li sexin dəmir yolunun istismarı üzrə sahədə qatar tərtibçisi işləmişdir. (xx.xx.2023-cü il tarixədək 11 il, 5 ay, 13 gün).
4. Cavabdehin 4 oktyabr 2023-cü il tarixli məktubuna əsasən iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun 1.01.2006-cı il tarixinədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 17703,29 manat (xx.xx.2023-cü il tarixinə), həmin tarixdən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 35659,03 manat olmaqla cəmi pensiya kapitalı 53362, 32 manat təşkil edir.
5. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
6. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Mərkəzi Filiala təqdim etdiyiniz SOCAR-ın Heydər Əliyev adına “X6”nun sizə dair 14 iyul 2023cü il tarixli 14-2-27/2-1371/2023 nömrəli arayışında 1.12.2004-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində və xx.xx.2012-ci il tarixindən hazıradək sözügedən idarənin Dəmiryolun istismarı üzrə və 15 nömrəli sahədə qatar tərtibçisi vəzifəsində şlədiyiniz qeyd olunub. İşlədiyiniz yuxarıda adı çəkilən zavodun fəaliyyət sahəsi sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadaları sahəsinə aid deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanmaqla yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).
8. İşin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, 6.07.1983-cü ildən əmək fəaliyyətinə başlamış, 1981-1983-cü il tarixlərində Sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini bitirdikdən sonra əmək fəaliyyətini davam etdirmişdir. Əmək fəaliyyətinin əsas hissəsi “Dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” siyahısına uyğun olan sahəyə aiddir. Belə ki, hal-hazırda Heydər Əliyev adına X3 “qatar tərtibçisi” vəzifəsində işləyir. Əmək fəaliyyətinin vəzifəsi sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarının 21 “Nəqliyyat bölməsinin, Dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” bəndinin, 21.4-cü yarımbəndinə əsasən qatar tərtibçisi vəzifəsi, zərərli əmək şəraiti hesab edilir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır.
9. Cavabdeh tərəfindən iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etirazın dəlilləri imtina məktubu ilə eyni məzmunludur.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14126/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2022-ci il tarixdən hazırkı dövrə qədər yaranmış fərqin hesablanıb ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.
11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçının işlədiyi dəmir yolun istismarı üzrə və 15 nömrəli sahədə qatar tərtibçisi vəzifəsində işlədiyi vəzifənin dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadaları sahəsinə aid olmaması barədə mövqeyi əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” adlanan 21.4-cü bölməsində qatar tərtibçiləri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlər kimi təsbit edilmişdir.
Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
12. Qərardan cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 14126/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar olmaqla onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısf’nın nəqliyyat bölməsinin (XXVİİİ) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçiləri bəndində (23001000—18726) qatar tərtibçisi nəzərdə tutulmuşdur. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısTnın nəqliyyat bölməsinin dəmiryol nəqliyyatı, aəmiryoi lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçiləri bəndində (21.4) qatar tərtibçisi nəzərdə tutulmuşdur.İddiaçının işlədiyi “SOCAR”ın Heydər Əliyev adına X4 fəaliyyət göstərdiyi sahə sözügedən arayışda istinad olunan dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadaları sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Belə ki, Siyahıda peşə və vəzifələr məhz müəyyən sahələr üzrə təsnifləşdirilmişdir. Bu isə o deməkdir ki, peşənin zərərli hesab olunması onun aid olduğu sahədəki fəaliyyətin xüsusiyyətləri ilə müəyyən edilir və hansısa peşə məhz istehsalatın konkret müəyyən olunmuş sahəsində zərərli əmək şəraitinə aid edilə bilər. Məsələn, kimya istehsalında zərərli iş kimi nəzərdə tutlmuş peşə, digər bütün sahələrdə də (tikinitdə və ya yüngül sənayedə) zərərli hesab oluna bilməz. Qeyd olunanları nəzərə alaraq İddiaçı qanunvericiliyin tələblərinə əsasən güzəştli iş stajı olmadığından ona tələbi üzrə 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. 28 aprel 2022-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı həmin maddəsinin 20-ci bəndinə görə yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin (forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş) arayışına əsasən müəyyən edilir. Müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır.
d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
e) Prosses iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iddiaçı, onun vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı omayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı trəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərrtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən) 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.
18. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (xx.xx.2022-dək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; ... 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
21. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
23. İddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası qeyd edir ki, tətbiq edilən hüquq normalarına əsasən (Bu Qərarın 17-18-ci bəndləri) iddia tələbi haqlı olaraq təmin edilmişdir.
24. Belə ki, sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün dörd element birlikdə mövcud olmalıdır: a) İddiaçının xx.xx.2022-ci ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının xx.xx.2022-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması; c) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi; d) iddiaçı pensiya təyinatına imkan verən yaş həddinə çatması
25. İddiaçının pensiya yaşına çatması, ümumi iş stajı ilə bağlı şərti ödəməsi və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi cavabdeh tərəfindən mübahisələndirilməmişdir.
26. Cavabdehin mübahisə etdiyi məsələ iddiaçının güzəştli iş stajının olmaması ilə bağlıdır.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir.
28. İş üzrə iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Bu arayışda iddiaçının çalışdığı peşələrin və istehsalat sahələrinin siyahıda göstərilən hansı bölməyə və hansı bəndə aid olması konkret olaraq göstərilmişdir.
29. Belə ki, “SOCAR”ın Heydər Əliyev adına X4 24 oktyabr 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçıya güzəştli şərtlərlə pensiya almaq hüququ verən peşə haqqında arayışı aşağıda qeyd edilən cədvəl üzrə təqdim edilmişdir:
1. xx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixədək Avtomobil və dəmiryolu nəqliyyatı üzrə 15 №-li sahə, dəmir yolunun istismarı üzrə sahə, Qatar tərtibçisi - zərərli iş şəraitinin müəyyən edilməsinə əsas Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı (2-ci siyahı) Şifrə 23001000-18726, XXVİİİ bölmənin 1-ci yarımbölməsi.
2. xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək Avtomobil və dəmiryolu nəqliyyatı üzrə 15 №-li sex, dəmir yolunun istismarı üzrə sahə, Qatar tərtibçisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 21.4. Nəqliyyat bölməsi.
3. xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək Avtomobil və dəmiryol nəqliyyatı üzrə 15 №-li sahə, dəmir yolunun istismarı üzrə xidmət sahəsi, Qatar tərtibçisi.
4. xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək Dəmiryol istismarı üzrə 15 №-li sahə, Qatar tərtibçisi - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 21.4. Nəqliyyat bölməsi.
30. Arayışda qeyd olunmuşdur ki, iddiaçının işlədiyi qatar tərtibçisi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı (2-ci siyahı) Şifrə 23001000-18726, XXVİİİ bölmənin 1-ci yarımbölməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 21.4. Nəqliyyat bölməsi ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr siyahısındadır. Vəzifə təlimatına əsasən aşağıdakı peşə funksiyalarını yerinə yetirir: Vəzifəsi: TSE-İSO-EN 9001, TSE-İSO-EN 14001, İSG-OHSAS TS 18001 beynəlxalq və milli standartların tələblərinə, təlimatlarına Keşlə stansiyasında sifarişçinin teplovozunun manevri işlərində iştirak etməkdən ibarətdir. Əsas iş prinsipləri: Sifarişçinin teplovozun teplovozunun Keşlə dəmiryol stansiyasında manevri üzrə işləri təlimatlara müvafiq qaydada dəqiq və vaxtında yerinə yetirmək. 1.1. Manevr işinin aparılmasında iştirak edən bütün işçilərin düzgün yerləşdirilməsini və onların plana əsasən qarşılıqlı fəaliyyətini müəyyən etmək. 1.2 Qatarı texniki İstismar qaydalarının, "xxxx" QSC-nin əlaqədar təlimatlarının və göstərişlərinin tələblərinə uyğun tərtib etmək. 1.3. Dalan dəmiryolunda dayanmış vaqonların özbaşına hərəkətinə yol verməmək üçün onları müvafiq qaydada və sayda tormoz başmaqları ilə bərkitmək. 1.4. Vaqonların bir-birinə və teplovoza açılıb-bağlanması işlərini yetirmək. 1.5.Teplovozun hərəkəti zamanı ayaq üstə dayanaraq maşinistə yolda olan vəziyyət və maneələr barədə məlumat vermək, qatarın dayandırılmasına maşinist tərəfindən fəaliyyət olmadıqda, qadağanedici işarəni keçməmək üçün tədbir görmək. 1.6.Birinci sinif təhlükəli yüklə (partlayıcı maddələr) dolu vaqonlarla manevr işlərini xüsusi ehtiyatla aparmaqdan ibarətdir.
31. Təqdim edilən məktuba əsasən iddiaçının 14 il, 4 ay, 6 gün güzəştli stajının olması müəyyən edilir (arayışın verildiyi xx.xx.2023-cü il tarixədək).
32. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçının işlədiyi dəmir yolun istismarı üzrə və 15 nömrəli sahədə qatar tərtibçisi vəzifəsində işlədiyi vəzifənin dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadaları sahəsinə aid olmaması barədə mövqeyi əsassızdır.
33. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” adlanan 21.4-cü bölməsində qatar tərtibçiləri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlər kimi təsbit edilmişdir.
34. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, iddiaçının xx.xx.2004-xx.xx.2007-ci il tarixlərdə və xx.xx.2012-ci il tarixindən hazıradək sözügedən idarənin Dəmiryolun istismarı üzrə və 15 nömrəli sahədə işlədiyi qatar tərtibçisi vəzifəsinin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifə olması və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” adlanan 21.4-cü bölməsində nəzərdə tutulmuş qatar tərtibçiləri bəndinə uyğun olması işlədiyi “SOCAR”ın Heydər Əliyev adına X4 tərəfindən verilmiş arayışda və həmin müəssəsi tərəfindən məhkəməyə təqdim edilmiş məktubda da öz əksini tapmışdır.
35. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddiaçının işlədiyi iş yerinin adında dəmiryol sözündən əlavə avtomobil sözünün də olmasını göstərərək cavabdehin məhz bu əsasa görə iddiaçının işlədiyi yerin güzəştli peşə saymadığını bildirmişdir.
36. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçının işlədiyi peşə Qatar tərtibçisi olmuş və onun gördüyü iş avtomobil ilə bağlı olmamışdır. Cavabdeh iddiaçının işlədiyi peşənin zərərli (ağır) olmasını araşdırmaqla bağlı inzibati icraat aparmaq əvəzinə, iddiaçının işlədiyi yerin adında “avtomobil” sözünün də yazılması kimi formal əsasa söykənərək iddiaçının konstitusion hüququ olan pensiya hüququndan məhrum etmişdir.
37. İşin hallarına əsasən, qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun xx.xx.2022-ci ilədək ümumilikdə 25 ildən çox əmək stajı vardır və qanunla müəyyən edilmiş 12 il 6 aydan artıq müddət ərzində o güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşələrdə işləmişdir.
38. Məhkəmə Kollegiyası iddia tələbinə etirazın dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olduğunu, həmin dəlillərə isə yuxarıda hüquqi qiymət verildiyini qeyd etməklə, odur ki, prosessual qənaət prinsipindən çıxış edərək həmin dəlillər üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa zərurət görmür və cavabdehin apellyasiya şikayətinə münasibətdə bir daha qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas təşkil etmir.
39. Yuxarıda ifadə olunan mövqeyə əsaslanaraq məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd edir ki, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq fərqli müəssisələrə aid dəmiryollarında, eləcə də bilavasitə Dəmiryolun istismarı üzrə və 15 nömrəli sahədə işlədiyi qatar tərtibçisi vəzifəsi üzrə qanunla nəzərdə tutulmuş digər şərtlər daxilində iddiaçının imtiyazlı pensiya hüququ tanınmalıdır.
40. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14126/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14126/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.