Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1587/2025 07.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “kompensasiyanın verilməsi” iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11787/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 13 yanvar 2024-cü il tarixində hərbi xidmətdən xəstəliklər cədvəlinin İİ qrafasmın müvafiq maddəsinə əsasən hərbi xidmətə sülh dövründə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilərək ordu sıralarından tərxis olunmağını nəzərə alaraq ona müvafiq olaraq Xidmət dövründə vurulmuş alınmış xəsarətə görə kompensasiyanın verilməsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 05.02 2003-cü ildə doğulmuşdur. 25 oktyabr 2022-ci ildə həqiqi hərbi xidmət keçmək üçün ordu sıralarına yollanmışdır. Xidmət müddətində antiterror əməliyyatlarında iştirak etmişdir. 13 yanvar 2024-cü il tarixdə hərbi xidmətdən xəstəliklər cədvəlinin İİ qrafasının müvafiq maddəsinə əsasən hərbi xidmətə sülh dövründə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilərək ordu sıralarından tərxis olunmuşdur. Göründüyü kimi 15 ay xidmət keçmiş və xidmət müddətində orduya yarasız hesab edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11787/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş, apelyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunlu tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı izahatında apelyasiya şikayətini müdafiə etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu, qərardadın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ünvanlanmış 3-17-1/2-H-24643 saylı xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 1997-ci il 20 may tarixli 296-İQ nömrəli Qanununun 5-ci maddəsinə əsasən sığortaolunanın həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə hərbi xidmətə yararsız hesab edilərək xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində əlilliyinin müəyyən edilməsi, habelə hərbi xidmətdə olduğu zaman ağır, az ağır və yüngül dərəcəli xəsarət alması sığorta hadisələri hesab edilir. Hərbi xidmət dövründə xəstəlik Qanunun 2.1.6-cı maddəsinə görə sığorta ödənişinin verilməsi üçün əsas olan Qanunun 5-ci maddəsi ilə müəyyən edilmiş hər hansı müvafiq hala uyğun gəlmədiyindən, sığorta hadisəsi hesab edilmədiyi üçün sözügedən Qanunun 8.1.3-cü maddəsinə əsasən sizə sığorta ödənişinin verilməsi mümkün hesab edilmir. Hərbi xidmət dövründə xəstələnməyinə görə əlilliyi müəyyən ediləcəyi təqdirdə, dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi məsələsinə baxıla bilər. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (ləğv prosesindədir) tərəfindən İddiaçı ünvanlanmış 65/02-301/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021- ci il 18 may tarixli 1340 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2022-ci il tarixli, 1718 nömrəli Fərmanının (bundan sonra - Fərman) 2-ci hissəsinə əsasən, "Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanının 2.7-ci bəndinin aşağıdakı redaksiyada verilməsi qərara alınmışdır: “Sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi aimaq hüququ olan şəxslərə sığorta ödənişi Şirkət tərəfindən həyata keçirilir” Fərmanın 3-cü hissəsinə əsasən, aşağıdakı məzmunda 2.8-ci bəndin əlavə edilməsi qərara alınmışdır: "sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il yanvarın 1-don etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir." Ərizədə qeyd edilən hadisə 2024-cü il tarixinə təsadüf etdiyindən, Fərmana edilmiş dəyişikliyə əsasən, sizə sığorta ödənişinin verilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilməlidir. Bu səbəbdən sığorta ödənişinin alınması üçün sizə aidiyyəti üzrə Fonda müraciət etmək tövsiyə olunur. İş materiallarında olan iddia ərizəsindən, apelyasiya şikayətindən, həmçinin iddiaçının məhkəmə iclasında verdiyi izahatından məlum olur ki, iddiaçı hər nəqədər xidmət dövründə alınmış xəsarətə görə kompensasiyanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etsə də, iddiaçının hüquqi marağı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin ç) bəndinə qeyd edilən siğorta ödənişinin ona ödənilməsinə yönəlmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz; - orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz; - orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - az ağır xəsarət (yaralanma, travma, kontuziya) — 15 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Göründüyü kimi, hansı hadisələrin sığorta hadisələri hesab edildiyi və hansı hallarda sığorta ödənişlərinin həyata keçirildiyi yuxarda qeyd olunan normalarda öz əksini tapmışdır. İş materiallarında olan 13787 saylı xx.xx.2023-cü il tarixli xəstəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Həmin şəhadətnamədən müəyyən edilir ki, iddiaçının sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab olunmasına əsas, şəhadətnamədə qeyd edilən xəstəlik səbəb olmuş və həmin xəstəlik hərbi xidmət dövründə alınmışdır. Kollegiya bildirir ki, iddiaçı əgər həmin xəstəliyə görə sığorta haqqının ona ödənilməli olduğunu hesab edirsə, ilk növbədə orqanizmin funksiyalarının pozulub-pozulmamasının, pozulduğu təqdirdə həmin pozulma dərəcəsinin müəyyən edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etməlidir. İddiaçının isə belə müraciətinin olması məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının aplyasiya şikayəti formal mülahizlərdən ibarət olduğundan və apelyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qərardadının qanunsuz və ya əsassız olmasına dair hər hansı sübut və ya hal aşkar edilmədiyindən birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11787/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1587/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1587/2025
07.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver