Məhkəmə qərarları › İş №2-1(103)-1588/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1588/2022

11.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1588/2022 11.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2-1(112)-2847/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona qanunvericiliyə uyğun olaraq güzəştli şərtlərə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Zəngilan rayonu, Sobu kəndində anadan olmuşdur. xx.xx.1978-ci il tarixdə Azərbaycan Dövlət Dəmir Yolu 9 saylı Mincivan yol distansiyasına yol montyoru qəbul olunmuş və xx.xx.1981ci il tarixdə işdən azad olunmuşdur. 1981-ci il 16 noyabr tarixdən 15 dekabr 1983-cü il tarixə kimi hərbi xidmətdə olmuşdur. 1984-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi Zəngilan rayon 59 saylı Zəngilan rayon X3 işləmişdir. xx.xx.1994-cü il tarixdən Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətində əmək fəaliyyətinə başlamışdır. Xüsusi ağır iş şəraitində uzun müddət işləmişdir. İşlədiyi iş şəraiti iddiaçıya güzəştli şərtlərə əmək pensiyası hüququ verir. Hazırda da güzəştli şərtlərlə əmək stajı davam edir. İddiaçının işlədiyi iş şəraiti xüsusi ağır və zərərli iş şəraitidir. Lakin ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi barədə müraciət etməyinə baxmayaraq pensiya təyin edilməmişdir. İddiaçının xüsusilə ağır iş şəraiti və zərərli iş şəraiti ilə işləməyini nəzərə almayaraq ona pensiya təyin edilməsindən imtina edilmişdir. Ərizəyə əlavə edilmiş təkcə Bakı Metropalitenində işlədiyi zərərli və xüsusilə ağır iş şəraitində əmək stajı 17 il 09 ay 25 gün təşkil etmişdir. Ümumi iş stajı isə 41 il təşkil edir. Nəzərə almaq lazımdır ki, iddiaçı artıq 2006-cı ilə kimi qanunvericilikdə nəzərdə tutulmuş 25 il ümumi əmək stajını və 12 il 6 ay güzəştli stajı toplamışdır. Ona görə də iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina edilməsi əsassızdır. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair 21 may 2020-ci il tarixli, **********6 saylı yazılı etirazda iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********9 saylı imtina məktubunda qeyd edilənlər göstərilmişdir. Bakı İnzibati Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2-1(112)-2847/2020 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2019-cu il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Məhkəmə qərarından cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 sentyabr 2021-ci il tarixli, 2-1(103)-815/2021 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2847/2020 saylı, 19 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 119/2022 saylı, 18 yanvar 2022-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 sentyabr 2021-ci il tarixli, 2-1(103)-815/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin olunmamışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtinanın və iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış, qeyd olunmuşdur ki, məhkəmə tərəfindən iddiaçının iş stajının müəyyənləşdirilməsi zamanı səhvə yol verilmişdir. Məhkəmənin mövqeyinə görə işdə olan "xxxx" QSC tərəfindən məhkəməyə ünvanlanmış 40N-10/3-933 saylı 15 sentyabr 2020-ci il tarixli məktuba əsasən iddiaçı fasiləsiz olaraq metropolitendə elektromexanika sahəsində xx.xx.1994-cü ildən xx.xx.2006-cı ilədək müddət ərzində ağır və xüsusilə ağır iş şəraitində işləməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 N-li qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahı”sı üzrə 11 il, 11 ay güzəştli iş stajını toplamışdır. Məhkəmə iddiaçının işlədiyi vəzifəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin sözügedən 2 nömrəli siyahısının 28-ci, yəni “Nəqliyyat” fəslinin “metropolitenlər” bölməsində 2300200a şifri altında, a) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr peşəsinə uyğun gəldiyini təsbit etmişdir (barəsində şikayət verilən qərarın 6-cı vərəqinin 7-ci abzası). Lakin həmin fəsildə, həmin bölmədə və həmin şifr altında qeyd edilən vəzifələr siyahısında iddiaçının xx.xx.1994-cü ildən xx.xx.2006-cı ilədək işlədiyi elektrik çilingəri vəzifəsi qeyd olunmamışdır. Məhkəmə hər hansı formada iddiaçının işlədiyi vəzifəni Nazirlər Kabinetinin sözügedən 2 nömrəli siyahısının 28-ci “Nəqliyyat” fəslinin “metropolitenlər” bölməsinin 2300200a şifri altında a) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr peşəsinə uyğunlaşdırmışdırsa, həmin vəzifənin yalnız gecə vaxtlarında yeraltı tunellərdə və qurğularda yerinə yetirilməsini dəqiqləşdirməli idi. Buna baxmayaraq, məhkəmə bu istiqamətdə hər hansı araşdırma aparmamış, görülən işin yalnız gecə vaxtlarında yerinə yetirilib-yetirilməməsini müəyyənləşdirməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, "xxxx" QSC tərəfindən apellyasiya instansiyası məhkəməsinə göndərilmiş 2021-ci il 25 iyul tarixli məktubda işəgötürən iddiaçının əmək fəaliyyətini “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində nəzərdə tutulan “elektrik çilingərləri”nə, yaxud “Nəqliyyat” bölməsində nəzərdə tutulan (2.Metropoliten) “yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr”ə aid etdiyini qəti olaraq müəyyən etməmişdir. Nəzərə alınmalıdır ki, vəzifə və ya peşənin uyğunluğu barədə nəticə, - məktubda qeyd olunduğu kimi, - məqsədəuyğunluğa görə deyil, normanın imperativ tələbinə əsaslanmalıdır. Təqdim olunan məktuba görə, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün “avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingərləri (çilingərlər)” kodunun uyğun gəlməsi yetərli olduğu halda, bunun digər peşəyə və ya vəzifəyə (“yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr”) uyğunlaşdırılmasının məqsədəuyğunluğu ilə bağlı işəgötürənin qənaəti iddiaçının faktiki çalışdığı peşənin, əslində, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün yetərli hesab olunan “avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingərləri (çilingərlər)” peşəsinə aid olduğuna dair qənaəti də şübhə altına alır. Oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında ifadə etdiyi mövqeyə uyğun olaraq qeyd edir ki, iddiaçının əmək fəaliyyətinə dair məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. İşəgötürən tərəfindən məhkəməyə təqdim olunmuş məktubda qeyd olunduğu kimi, - işəgötürən işçinin öz vəzifələrini icra etdiyi əmək şəraitini ağır və ya zərərli hesab edərək həmin işçi barəsində əmək qanunvericiliyində nəzərdə tutulmuş hallarda və qaydada müəyyən güzəştlər tətbiq edə bilər. Lakin “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddələrinin məqsədləri üçün həmin peşə və vəzifələr yuxarıda qeyd olunan Siyahılarda bilavasitə təsbit olunanlara uyğun olmalıdır. Beləliklə, məhkəmənin araşdırmalı olduğu hal, iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğun (eyniliyin) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilməsidir. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Hazırkı halda, vəzifə təlimatına uyğun olaraq iddiaçının əmək fəaliyyətinin (faktiki icra etdiyi vəzifənin, peşənin) “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində nəzərdə tutulan “avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingərləri (çilingərlər)”nə və ya “Nəqliyyat” bölməsində nəzərdə tutulan “yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr”ə (yəni, onlardan hər hansı birinə) aid olub-olmadığı müəyyən edilməlidir. Hazırki işin hallarından görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuş, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Milli Orduda xidmət etmiş, 13/OK saylı, xx.xx.1994-cü il tarixli əmrə əsasən xx.xx.1994-cü ildə elektromexanika xidmətində xüsusilə ağır əmək şəraitində 3-cü dərəcəli çilingər elektrik vəzifəsinə qəbul edilmiş, 42/OK saylı, xx.xx.1995-ci il tarixli əmrə əsasən xx.xx.1995-ci il tarixdən ağır əmək şəraitinə keçirilmiş, 116/Ok saylı, xx.xx.1996-cı il tarixli əmrə əsasən xx.xx.1996-cı il tarixdən ağır əmək şəraitində 4-cü dərəcəli çilingər-elektrik təyin edilmiş, 49/KŞ saylı, xx.xx.2000-ci il tarixli əmrlə xx.xx.2000-ci il tarixdən xüsusilə ağır əmək şəraitində 5-ci dərəcəli çilingərelektrik təyin edilmiş, 98/KŞ saylı, xx.xx.2003-cü il tarixli əmrə əsasən xx.xx.2003-cü il tarixdən ağır iş şəraiti ilə 5-ci dərəcəli çilingər vəzifəsinə keçirilmiş, 30/KŞ saylı, xx.xx.2005-ci il tarixli əmrə əsasən xx.xx.2005-ci il tarixdən xüsusilə ağır iş şəraiti ilə 5-ci dərəcli elektrik çilingəri su təchizatı sahəsinə keçirilmiş, xx.xx.2014-cü il tarixdən K-36 saylı, xx.xx.2014-cü il tarixli əmrə əsasən 2 saylı Elektromexanika distansiyasına xüsusi ağır və zərərli iş şəraiti ilə 5-ci dərəcəli elektrik çilingəri peşəsinə qəbul edilmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" İnstitutu MMC-dən məhkəməyə daxil olmuş 384 saylı, 23 sentyabr 2020-ci il tarixli məktubda bildirilmişdir ki, İddiaçı ‘”Azəravtoyol” Dövlət Şirkətinin Cəbrayıl şəhər 2 saylı Yol İstismar Təmir idarəsinin Zəngilan şəhər 59 saylı X2 əmək fəaliyyəti barədə Arxiv sənədlərinin saxlanılması və informasiya şöbəsi tərəfindən arxiv sənədləri əsasında araşdırma aparılmışdır. Müəyyən olunmuşdur ki, sözügedən İdarə tərəfindən 1984-1994-cü illərə aid heç bir sənəd İnstitutun arxivinə təhvil verilməmişdir Bu səbəbdən İddiaçı 1984-1994-cu illər üzrə "xxxx" Dövlət Şirkətinin Cəbrayıl şəhər 2 saylı Yol İstismar Təmir İdarəsinin Zəngilan şəhər 59 saylı X3 işə qəbul edilməsi və işdən azad edilməsi barədə əmrlərin surətinin tərəfimizdən Sizə təqdim edilməsi mümkün deyil. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məhkəməyə daxil olmuş xx.xx.2020-ci il tarixli, 1-2-118/6442-20 saylı məktubda bildirilmişdir ki, "xxxx" Dövlət Şirkətinin Cəbrayıl şəhər 2 saylı Yol İstismar Təmir İdarəsinin Zəngilan şəhər 59 saylı X4 sənədləri nazirliyin Mərkəzi Arxivinə təhvil verilməmişdir. Respublikanın kənd rayon və şəhər nəqliyyat müəssisələrinin sənədləri idarənin özündə saxlanılır və ya aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Arxivinin rayon, şəhər filiallarına təhvil verilir. Bu səbəbdən tələb olunan arxiv arayışlarının verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsindən xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2020-ci il tarixli, 5-1672 saylı məktubda bildirilmişdir ki, Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi səbəbindən sözügedən inzibati ərazi vahidləri çərçivəsində fəaliyyət göstərmiş idarə, müəssisə və təşkilatların dövlət mühafizəsində olan arxiv sənədləri işğal zonasında qalmışdır. Yuxarıda qeyd edilən səbəbə görə sorğunuzu icra etmək qeyri mümkündür. Zəngilan rayon dövlət arxivi tərəfindən məhkəməyə ünvanlanmış 15 saylı, xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, Zəngilan rayonu 1993-cü ilin oktyabr ayının 29-da erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş, Zəngilan rayon dövlət arxivinin həmin tarixədək olan sənədləri işğal bölgəsində qalmışdır. "xxxx" Dövlət Şirkəti Cəbrayıl şəhər 2 saylı Yol İstismar Təmir İdarəsi Zəngilan şəhər 59 saylı İstehsalat Sahəsinin 1997-ci ilə dair sənədləri arxivə daxil olmadığı üçün sorğu cavablandırıla bilmir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Zəngilan Rayon Dövlət Arxivi tərəfindən verilmiş 14 saylı, xx.xx.2019-cu il tarixli arayışda da göstərilmişdir ki, Zəngilan rayonu 1993-cü il oktyabr ayının 29-da erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş, Zəngilan Rayon Dövlət Arxivinin həmin tarixədək olan sənədləri işğal zonasında qalmışdır. Qeyd edilən səbəbdən rayonun heç bir idarə müəssisəsinin, o cümlədən, Zəngilan Rayon “59 saylı” yol istismar idarəsinin sənədləri Arxivə daxil olmadığı üçün sorğunun cavablandırıla bilmədiyi göstərilmişdir. "xxxx" QSC tərəfindən məhkəməyə ünvanlanmış 40N-10/3-933 saylı, 15 sentyabr 2020-ci il tarixli məktubda göstərilmişdir ki, İddiaçı İmran oğlunun 01 yanvar 2006-cı ilədək "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Elektromexanika xidmətində əmək fəaliyyəti aşağıdakı kimidir: xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilədək "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Elektromexanika xidmətində xüsusi ağır iş şəraiti ilə (Əmr 13/ok xx.xx.1994cü il), xx.xx.1995-ci ildən xx.xx.2000-ci ilədək ağır iş şəraiti ilə (Əmr 42/ok 01,05.1995-ci il, Əmr 116/ok xx.xx.1996-cı il), xx.xx.2000-ci ildən xx.xx.2003-cü ilədək xüsusi ağır iş şəraiti ilə (Əmr 49/kş xx.xx.2000-ci il), xx.xx.2003-cü ildən xx.xx.2005-ci ilədək ağır iş şəraiti ilə (Əmr 98/kş xx.xx.2003-cü il), xx.xx.2005-ci ildən xx.xx.2006-cı ilədək xüsusi ağır iş şəraiti ilə (Əmr 30/kş xx.xx.2005-ci il) elektrik çilingəri peşəsində işləmişdir. İddiaçı İmran oğlunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın XXVİİİ fəsil 2 nömrəli (Metropoliten) 2300200a bəndinə əsasən güzəştli şərtlərlə əmək stajı 5 il 08 ay təşkil edir. "xxxx" Dövlət Şirkəti Cəbrayıl şəhər 2 saylı Yol İstismar Təmir İdarəsi Zəngilan şəhər 59 saylı İstehsalat Sahəsi tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli, 19 saylı arayışda göstərilmişdir ki, İddiaçı 1984-cü ildən Zəngilan rayon 47 nömrəli Yol Sahəsində işləmişdir. xx.xx.1994-cü ildən işdən azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 4 şərtə birlikdə əməl olunmalıdır: 1)nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı; 2)ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olmalı; 4) güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışın izibati orqana təqdim edilməlidir “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. Əmək kitabçasına görə iddiaçının fəaliyyət göstərdiyi dövr 1984-xx.xx.1994-cü il və xx.xx.1994-cü il tarixdən hazırki vaxtadək olan dövrü əhatə edir. İddiaçının 1984-1992-ci ilədək işlədiyi dövrdə qüvvədə olmuş SSRİ Nazirlər Sovetinin xx.xx.1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci bəndinin a) yarımbəndinə görə əmək kitabçası iş stajını təsdiq edən sübut kimi qəbul edilmişdir. İddiaçının 1992-ci ildən 2005-ci ilədək işlədiyi vaxt qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin Qanunun 70-ci maddəsində qeyd edilir ki, pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 10-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir. Bu qayda “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-cı il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1 -ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır İddiaçının 1984-cü ildən xx.xx.1994-cü ilədək (10 ilə yaxın) Zəngilan rayon 47 nömrəli Yol Sahəsində işləməsi faktı isə nəinki onun əmək kitabçasında qeyd edilmiş, həmçinin "xxxx" Dövlət Şirkəti Cəbrayıl şəhər 2 saylı Yol İstismar Təmir İdarəsi Zəngilan şəhər 59 saylı İstehsalat Sahəsi tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli 19 saylı arayışı ilə də təsdiq olunduğundan, bu faktı təsdiqləyəcək əlavə arxiv arayışının da alınmasına zərurət yaranmır (bu barədə müvafiq orqanlara birinci instansiya məhkəməsi tərəfindən göndərilən sorğu məktublarına əsasən həmin arxiv arayışının alınması mümkün olmamışdır), buna görə də həmin illər də o dövrdə qüvvədə olmuş yuxarıda sadalanan qanunvericilik aktlarına əsasən iddiaçının qazanmış hüququ olduğu üçün onun iş stajına daxil edilməlidir. Məhkəmə kollegiyası iddiaçının güzəştli şərtlərlə iş stajı ilə bağlı aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Həmin Qaydaların 4.1.11-ci bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1 əsasən şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı. İş materiallarında olan Azərbaycan Dəmir Yolu 9 saylı Mincivan yol distansiya tərəfindən verilmiş 148 saylı, xx.xx.1993-cü il tarixli arayışdan da müəyyən edilir ki, İddiaçı 94 saylı əmrlə xx.xx.1978-ci il tarixdə Azərbaycan Dəmir Yolu 9 saylı Mincivan yol distansiyasına yol montyoru vəzifəsinə qəbul olunmuş, 141 saylı əmrlə xx.xx.1981-ci ildən işdən azad edilmişdir. Torpaqların işğalı ilə əlaqədar 1993-cü ilə qədər bütün sənədlər, o cümlədən, maliyyə sənədləri işğal ərazisində qalmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 28-ci, yəni “Nəqliyyat” fəslinin “1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” bölməsində 23001000—19825 şifri altında magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları peşələri təsbit olunmuşdur. Birinci instansiya məhkəməsinin qənaətinə görə, Azərbaycan Dəmir Yolu 9 saylı Mincivan yol distansiya tərəfindən verilmiş 148 saylı, xx.xx.1993-cü il tarixli arayışda iddiaçının nəqliyyat sahəsində işlədiyi yol montyoru vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın müvafiq şifrinə ekvivalent olması ilə əlaqədar qeydiyyat aparılmasa da, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilənlərə əsasən və yuxarıda şərh edilmiş sübuta ehtiyacı olmayan hamıya bəlli olan faktlar nəzərə alınaraq həmin arayış, həm də, iddiaçının güzəştli iş stajını təsdiq edən sənəd kimi qəbul edilməlidir. Qısacası, həmin arayışa əsasən iddiaçı 03 il 02 ay 05 gün müddətində də güzəştli peşələrdə işləmişdir. Bununla yanaşı, qeyd edilməlidir ki, cavabdeh apellyasiya şikayətində iddiaçının nəinki kifayət qədər (25 ildən artıq) ümumi iş stajının olduğunu, həmçinin xx.xx.1978-ci ildən xx.xx.1981-ci il tarixədək olan 3 il 2 ay güzəştli iş stajının olduğunu mübahisələndirməmişdir. İddiaçı xx.xx.1994-cü il tarixdən hal-hazıra qədər işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, 23 yanvar 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahılarında əks olunmuş güzəştli şərtlərlə əmək pensiyasına çıxmağa əsas verən peşələrdə işləməsinə dair müvafiq olaraq kod və bənd göstərilməklə güzəştli arayışın və eyni zamanda şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) 1 və 2 nömrəli Siyahılarda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, 23 yanvar 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”da hansı vəzifəyə uyğun gəlməsi barədə arayışın təqdim edilməsi məqsədilə Azərbaycan Respublikası "xxxx" QSC-yə sorğular göndərilmişdir "xxxx" QSC-nin vəkil sorğusuna 40N10/3-541 saylı, 28 aprel 2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı İmran oğlu xx.xx.1994-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək Elektromexanika xidmətində xüsusi ağır iş şəraiti ilə (Əmr 13/ok xx.xx.1994-cü il), xx.xx.1995-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək ağır iş şəraiti ilə (Əmr 42/ok xx.xx.1995-ci il, Əmr 116/ok xx.xx.1996-cı il), xx.xx.2000-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək xüsusi ağır iş şəraiti ilə (Əmr 49/kş xx.xx.2000-ci il), xx.xx.2003-cü il tarixindən xx.xx.2005-ci il tarixinədək ağır iş şəraiti ilə (Əmr 98/kş xx.xx.2003-cü il), xx.xx.2005-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək xüsusi ağır iş şəraiti ilə (Əmr 30/kş xx.xx.2005-ci il) elektrik çilingəri peşəsində işləmişdir. xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək xüsusi ağır və zərərli iş şəraiti ilə (Əmr K-36, xx.xx.2014-cü il), xx.xx.2015-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək ağır və zərərli iş şəraiti ilə (Əmr Ş-5309, xx.xx.2015-ci il, Əmr Ş-4600, xx.xx.2016-cı il), xx.xx.2017-ci il tarixindən hal-hazıradək xüsusi ağır və zərərli iş şəraiti ilə (xx.xx.2017-ci il tarixli ştat cədvəlinə dəyişiklik) elektrik çilingəri peşəsində işləyir. İddiaçı güzəştli şərtlərlə əmək stajına və yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir, onun xüsusilə zərərli əmək şəraitində işlədiyi peşə üzrə iş stajı 20 il 02 ay 01 gün təşkil edir. İddiaçı çalışdığı elektrik çilingəri peşəsi fəhlə kateqoriyasına aiddir və fəhlə peşələri və işlərin vahid tarifixtisas sorğu kitabçası (hissə 56-2) Bakı metropoliteni bölməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 aprel 1995-ci il tarixli 93 nömrəli “Fəhlə peşələri və qulluqçu vəzifələrinin ümumrespublika təsnifatının və fəhlə peşələri və qulluqçu vəzifələrinin vahid tarif-ixtisas sorğu kitabçalarının işlənib hazırlanması haqqında” qərarının icrası olaraq yenidən hazırlanmış Metropoliten sahəsinə aid olan fəhlə peşələri və işlərin Vahid Tarif- İxtisas Sorğu kitabçasında metropolitenin stansiya və tunel avadanlığına xidmət göstərilməsi və elektrik çilingəri adı altında göstərilmişdir. İddiaçı çalışdığı elektrik çilingəri peşəsi hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29-cu Bina, qurğu və digər obyektlərin inşası, yenidənqurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər maddəsinin “a” (avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingərləri (çilingərlər)) bəndi ilə tənzimlənir ki, bu da qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 saylı qərarın 22900000 XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin 22901000 1.Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər maddəsinin 2290100a-19931 (avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingərləri (çilingərlər)) koduna aiddir. Xüsusi ağır və zərərli iş şəraitində (gecə vaxtı) işlədiyi üçün İddiaçı çalışdığı elektrik çilingəri peşəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.5. Metropolitenlər (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) bəndinə aid etmək məqsədəuyğundur ki, bu da xx.xx.1993-cü il tarixli 320 saylı qərarın 23000000 XXVİİİ. Nəqliyyat bölməsinin 23002000 2. Metropolitenlər bəndinin 2300200a a) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr kodu altında göstərilmişdir. Gecə saatlarına görə (2330-dan 0530-dək) İddiaçı əmək haqqına 40 %, xüsusi zərərli iş şəraitində işlədiyinə görə 20 % əlavə ödənc hesablanır, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 (altı) təqvim günü verilir. Apellyasiya baxışı zamanı məhkəmə tərəfindən ünvanlanmış sorğuya “ünvan 4 və vəkil sorğusuna 40N10/3-710 saylı, 06 iyun 2022-ci il tarixli cavab məktublarında qeyd olunmuşdur ki, İddiaçı Elektromexanika xidmətinin 3 saylı Elektromexanika distansiyasının 2-ci su təchizatı sahəsində elektrik çilingəri peşəsində işləyir. İddiaçı çalışdığı elektrik çilingəri peşəsi fəhlə kateqoriyasına aiddir və fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçası (hissə 56-2) Bakı metropoliteni bölməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 aprel 1995-ci il tarixli 93 nömrəli “Fəhlə peşələri və qulluqçu vəzifələrinin ümumrespublika təsnifatının və fəhlə peşələri və qulluqçu vəzifələrinin vahid tarif-ixtisas sorğu kitabçalarının işlənib hazırlanması haqqında” qərarının icrası olaraq yenidən hazırlanmış Metropoliten sahəsinə aid olan fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçasında metropolitenin stansiya və tunel avadanlığına xidmət göstərilməsi və elektrik çilingəri adı altında göstərilmişdir. İddiaçı çalışdığı elektrik çilingəri peşəsi hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29-cu Bina, qurğu və digər obyektlərin inşası, yenidənqurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər maddəsinin “a” (avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingərləri (çilingərlər)) bəndi ilə tənzimlənir ki, bu da qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 saylı qərarın 22900000 XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin 22901000 1.Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər maddəsinin 2290100a-19931 (avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingərləri (çilingərlər)) koduna aiddir. Qeyd: Su təchizatı sahəsinin elektrik çilingəri peşəsinin əsas vəzifə və funksiyaları su təchizatına aid olan texnoloji proses cədvəlində nəzərdə tutulmuş bəndlərin yerinə yetirilməsi, o cümlədən boru kəmərlərində, kanalizasiya xətlərində və digər aidiyyatı avadanlıqlarda baş vermiş qəza hadisələrin aradan qaldırılması və s. işlərdən ibarətdir. Su təchizatı sahəsinin elektrik çilingəri sahədə olan su və kanalizasiya xətlərinin, avadanlıqların fasiləsiz və qəzasız işinə, texnololi proses cədvəlinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə, həmçinin obyektlərin sanitar vəziyyətinə görə cavabdehlik daşıyır. Təqdim edilmiş arayışlardan göründüyü kimi İddiaçı çalışdığı elektrik çilingəri peşəsi fəhlə kateqoriyasına aiddir və fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçası (hissə 56-2) Bakı metropoliteni bölməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 aprel 1995-ci il tarixli 93 nömrəli “Fəhlə peşələri və qulluqçu vəzifələrinin ümumrespublika təsnifatının və fəhlə peşələri və qulluqçu vəzifələrinin vahid tarif-ixtisas sorğu kitabçalarının işlənib hazırlanması haqqında” qərarının icrası olaraq yenidən hazırlanmış Metropoliten sahəsinə aid olan fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçasında metropolitenin stansiya və tunel avadanlığına xidmət göstərilməsi və elektrik çilingəri adı altında göstərilmişdir. İddiaçı çalışdığı elektrik çilingəri peşəsi hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29-cu Bina, qurğu və digər obyektlərin inşası, yenidənqurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər maddəsinin “a” (avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingərləri (çilingərlər)) bəndinə, o cümlədən qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 saylı qərarın 22900000 XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin 22901000 1.Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər maddəsinin 2290100a- 19931 (avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingərləri (çilingərlər)) koduna aiddir. Kollegiya qeyd edir ki, işəgötürən tərəfindən təqdim edilmiş əvvəlki arayışlarda iddiaçının işlədiyi peşələr üzrə güzəştli iş stajı ayrı-ayrı dövrlər üzrə qeyd edilsə də, məhkəmənin İddiaçı xx.xx.1994-cü il tarixdən hal-hazıra qədər işlədiyi vəzifələrin güzəştli iş stajına aid olub-olmaması barədə ünvanlanmış sorğusuna "xxxx" QSC-nin 40N10/3-851 saylı sonuncu cavab məktubunda İddiaçı çalışdığı elektrik çilingəri peşəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarının 22900000 XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin 22901000 1.Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər maddəsinin 2290100a-19931 (avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingərləri (çilingərlər)) koduna aid etmişdir. Məhkəmə kollegiyası “ünvan 4 məktubunu iddiaçının güzəştli iş stajını təsdiq edən mötəbər sübut kimi qəbul edir. Beləliklə, iddiaçının 12 il 6 aydan artıq güzəştl iş stajının olması iş materialları ilə öz təsdiqini tapır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Cavabdehin mübahisələndirdiyi digər məsələ isə “iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minumu məbləğindən aşağı olması” ilə bağlıdır. İddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ xx.xx.2006-cı ilədək yarandığı üçün və xx.xx.2017-ci ilədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən ona bu şərtlərlə pensiya təyin edilməsi üçün həmin dövrdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsinə dair şərt tələb edilmirdi. Belə bir tələb qanuna xx.xx.2017-ci il tarixdən sonra daxil edilmişdir. Müvafiq olaraq da həmin tələb xx.xx.2017-ci ildən sonra yaranmış münasibətlərə tətbiq edilə bilər. İddiaçı isə xx.xx.2006-cı ilədək ona güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün tələb olunan ümumi və xüsusi staja malik olmuşdur. Beləliklə, Qanun dəyişənədək iddiaçı artıq güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün hüquq əldə etmişdir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericiliyin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya xx.xx.2019-cu il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Beləliklə kollegiya qeyd edir ki, iddiaçı 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən onun 57 yaşdan (xx.xx.2019-cu il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2-1(112)-2847/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar